Sükutun içində bir qışqırıq var — heç kim eşitmir, amma o səssiz səs hər gün bir qadının ürəyində parçalanır.
Zorakılıq təkcə bədənə vurulan yara deyil, ruhun yandırılmasıdır.
O qadın bəlkə də bu gün işə gülümsəyərək gedir, amma evə dönəndə qorxunun soyuq nəfəsi onu yenidən bürüyür.
Qorxu divarları -Bu divarlar daşdan deyil. Onlar sözlərdən, baxışlardan, qınaqlardan tikilib.
“Sus, ailə işidir.”
“Qadın dözməlidir.”
“Bütün kişilər belədir.”
Bu cümlələr bir qadının azadlığını əlindən alır, onun səsini boğur. Amma unutmamalıyıq — heç bir divar əbədi deyil.
Sən bir addım atanda, səninlə birlikdə yüzlərlə qadın cəsarət tapır.
Səsini qaldır, çünki sənin səsin gücdür:
Səsini qaldırmaq zəiflik deyil. Bu, qorxunun üzərinə işıq salmaqdır.
Bu, “mən də insanam” deməkdir.
Bəzən bir qadının səsi, başqa bir qadının qurtuluşudur.
Sənin sükutun, zorakının silahıdır.Amma sənin sözün — azadlığın qapısını açan açardır.
Cəmiyyətin gözləri açılmalıdır: Biz illərlə qadınların yaralarını görmədik, çünki baxmaq istəmədik.
Halbuki hər biri bizdən biridir — bacımız, anamız, qızımız…
Zorakılığa biganə qalmaq, zorakının tərəfini tutmaq deməkdir.
Hər “mənə aid deyil” deyəndə, bir qadının həyatı daha da qaralır.
Bütün ağrılara baxmayaraq, qadın yenə də dirənir, yenə də yaşayır, yenə də sevir.
O, qaranlıqda belə işıq tapmağı bacarır.
Çünki qadın olmaq — yenidən doğulmağın adıdır.
Artıq susmaq vaxtı deyil.
İndi səsini qaldırmaq, qorxunun divarlarını yıxmaq vaxtıdır.
Qadın zorakılığına son qoymaq üçün biz hamımız bir səs, bir ürək, bir mübarizə olmalıyıq.
Qorxunun bitdiyi yerdə qadının azadlığı başlayır.
Səsini qaldır — çünki sükut qurban yaradır, səs isə dəyişiklik!
Psixoloq Günel Maarifqızı












































































































































































