Aydan Memmedova 2

Sevgi: ehtiyacdır, yoxsa duyğu?

Baxış sayı: 579

İnsan doğulduğu andan sevilməyə, toxunulmağa, qəbul olunmağa ehtiyac duyur. Bu, onun psixoloji inkişafı üçün həyati vacibdir. Əgər körpə sevilməzsə, sadəcə emosional olaraq yox, fiziki olaraq da inkişafdan geri qala bilər. Deməli, sevgi ilkin olaraq psixoloji bir ehtiyacdır. Bu, Maslowun ehtiyaclar iyerarxiyasında da öz yerini tapır: sevgi və aidiyyət hissi insanın təhlükəsizlik ehtiyacından sonra gələn əsas tələbatıdır.

Amma ehtiyacın olması o demək deyil ki, hər kəs sevgini eyni şəkildə yaşayır. Sevgi duyğuya çevrildikdə fərqli formalarda təzahür edir: bəzən həyəcan, bəzən qorxu, bəzən də dərin sakitlik və güvən şəklində. Yəni sevgi duyğu olaraq içimizdə formalaşır – ehtiyac isə bu duyğunu yaradan səbəbdir.

Əgər sevgi yalnız duyğu olsaydı, hər həyəcan hiss etdiyimiz şəxsə aşiq olardıq. Əgər yalnız ehtiyac olsaydı, kimdən sevgi alsaq, ona bağlanardıq. Amma belə olmur. İnsan bəzən onu sevənlərə bağlanmır, bəzən isə heç sevgisini göstərməyən birinə bağlanır. Bu, onu göstərir ki, sevgi həm dərin ehtiyaclarımızın, həm də şəxsi duyğularımızın qarışığıdır.

Məsələn, bir gənc sevgi yaşamaq istəyir. O, bu hissi axtarır, çünki tənha hiss edir. Bu, ehtiyacdır. Amma eyni zamanda, birinə baxanda ürəyi titrəyirsə, bu da duyğudur. Əgər ehtiyac yönlü sevirsə, bu münasibət təhlükəli ola bilər. Çünki insan yalnız içindəki boşluğu doldurmaq üçün sevgi axtarırsa, qarşı tərəfə yüklənəcək, onu itirdikdə isə çökəcək. Əgər duyğu yönlü sevirsə, bəlkə də içində olan hisslərə yönələcək, amma yetkin bağlanma olmayacaq.

Ən sağlam sevgi – həm ehtiyacın, həm də duyğunun balansda olduğu sevgidir. Yəni insan öz dəyərini bilir, tək qalmaqdan qorxmur, amma eyni zamanda sevdiyində içində gözəl hisslər yaşayır və bu hissləri bölüşmək istəyir.

Beləliklə, sevgi həm ehtiyacdır, həm də duyğudur. Ehtiyac olduğu üçün axtarırıq, duyğu olduğu üçün hiss edirik. Ancaq onu yaşamaq və davam etdirmək üçün şüurlu münasibət, daxili yetkinlik və özümüzlə bağ qurmaq vacibdir.

Sevginin ehtiyac yoxsa duyğu olduğunu ayırd etmək üçün bunlara diqqət edə bilərik.

– Əgər sevgini tək qalmaq qorxusundan, boşluq hissindən yaşayırıqsa, bu ehtiyac yönümlü sevgidir.

– Əgər sevgini paylaşmaq, birlikdə inkişaf etmək və qarşılıqlı anlayış üçün yaşayırıqsa, bu duyğu əsaslı və sağlam sevgidir.

– Ehtiyac sevgidə “məni tamamla” deyir, duyğu isə “bir yerdə tam olaq” deyir.

Yəni sevgi bizi gücləndirirsə, duyğudur. Əksinə zəiflədirsə, ehtiyaca çevrilmiş ola bilər.

Özünü yox, hissini yoxla. Orda cavab var.

 

Psixoloq Aydan Məmmədova




5 şərh “Sevgi: ehtiyacdır, yoxsa duyğu?

  1. Tahirə Sultanova

    Bu yazını oxuyarkən çox düşündüm. Sevginin ehtiyac və duyğu arasındakı balansı necə qurmağın vacibliyi mənim üçün aydın oldu. Əslində, insanlar çox vaxt ehtiyaclarını duyğu kimi qəbul edirlər, amma bu yazı göstərir ki, ehtiyacla duyğu arasındakı fərqi ayırd etmək çox önəmlidir. Sevgi təbii bir hissdir, amma eyni zamanda özümüzlə barışıq və yetkinliklə də əlaqədardır. Sağlam sevgi mənim üçün çox vacibdir, buna görə də həm ehtiyacları, həm də duyğuları tanımaq lazım olduğunu düşünürəm

    Cavabla
  2. Xaliq Sadıqov

    Mən də bəzən həyatımda duyğularımla, ehtiyaclarım arasında qarışıqlıq hiss etmişəm. Özəlliklə ‘məni tamamla’ cümləsi çox düşündürücüdür, çünki biz bir çox halda sevgini başqa insanlarda özümüzü tamamlanmış hiss etmək üçün axtarırıq. Amma əslində hər şey özümüzdə başlayır. İnsan özünü tamamlamadan sevgi də sağlam ola bilməz.

    Cavabla
  3. Səbinə

    Çox yaxşı mövzuya toxunmusunuz. Əksər psixoloji yazılar kimi adamı yormur. Təşəkkür edirəm.

    Cavabla
  4. Mədinə Ağazadə

    Sevginin sadəcə duyğu olmasından daha çox bir ehtiyac olduğunu və bu ehtiyacın zamanla yanlış münasibətlərə gətirib çıxara biləcəyini yazıda çox yaxşı açıqlamısınız. Mənim də həyatımda belə bir dövr olub ki, sevgi axtarışı boşluq hissini doldurmaq məqsədinə çevrilmişdi. Bu da nəticədə mənə zərər verdi. Yazı çox önəmlidir, çünki doğru sevgini necə yaşamaq lazım olduğunu göstərir.

    Cavabla
  5. Kamilə

    Sevgi haqda çox düşündüm bu yazını oxuyandan sonra. Əslində, sevgi təbiət etibarilə həm ehtiyacdır, həm də duyğu. Mən də bir çox hallarda sevginin necə qarışdığını hiss edirəm. Bu yazı göstərir ki, sağlam sevgi, həm özünə, həm də başqasına hörmətlə yanaşan bir münasibətdir. Bunu tapmaq və yaşamaq istəyirəm.Yazınız çox təsiredici və düşündürücüdür. Təşəkkürlər

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir