oturmaq

Uzun müddət oturmaq hansı xəstəliklərə səbəb ola bilər?

Baxış sayı: 510

Uzun müddət fasiləsiz oturmaq sağlamlıq üçün ciddi risklər yarada bilər.

Mütəxəssislər bildirirlər ki, xüsusilə masa arxasında çalışan insanların hər 20 dəqiqədən bir qısa müddət ayağa qalxaraq hərəkət etməsi orqanizm üçün faydalıdır.

Araşdırmalara əsasən, qısa fasilələrlə ayağa qalxmaq və bir neçə dəqiqə hərəkət etmək qan dövranını yaxşılaşdırır, qan şəkəri və insulin göstəricilərinin daha sabit qalmasına kömək edir. Bu vərdiş eyni zamanda əzələlərin gərginliyini azaldır, bel və boyun ağrılarının qarşısını almağa kömək edir.

Belə kiçik dəyişikliklər uzunmüddətli perspektivdə sağlamlığın qorunmasına və iş məhsuldarlığının artırılmasına müsbət təsir göstərə bilər.

Masa arxasında çalışan insanlar gün ərzində bu riskləri azaltmaq üçün nələrə diqqət etməlidirlər?

Bu barədə danışan həkim-terapevt Şahvələd Məmmədov bildirir ki, uzun müddət oturaq həyat tərzi keçirən insanlar ürək-damar xəstəliyi yaşayırlar: “Ümumiyyətlə, oturaq həyat tərzi keçirən insanlar arasında ən çox yaşlı insanlara rast gəlinir. Bugünkü gün 35-40 yaşdan sonrakı insanlar yaşa dolduqca çox ciddi problemlərlə üzləşirlər.

Uzun müddət kreslo arxasında oturan insanlar, məsələn, vəzifə insanları, adinamiya olan insanların əksəriyyəti ürək-damar riskləri yaşayırlar. Erkən insult, erkən infarkt, şəkərli diabet, insulin rezistentliyi ilə üzləşirlər. Aşağı ətrafların baldır damarlarında tromboflebit, varikoz kimi digər fəsadlarla qarşılaşırlar.

Ona görə masa arxasında çalışan insanlar üçün bu riskləri azaltmaq məqsədilə, kimliyindən asılı olmayaraq, həftə ərzində günaşırı olsa da, işdən sonra, yaxud səhər tezdən 1 saat yerimək lazımdır. Bu da sağlamlığa çox yaxşı təsir göstərir və oturaq işin fəsadlarının qarşısını almağa xeyli kömək edə bilər”, – deyə Şahvələd Məmmədov vurğulayıb.

 

Günel Həsənova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir