Omikron

“Vaksin olunanlar niyə ”Omikron”a yoluxur” sualına cavab

Baxış sayı: 509

Dünya ölkələri “Omikron” ştamı ilə bağlı sərt tədbirlər görməsə də, müəyyən məhdudiyyətlər qoyuldu. Azərbaycanda ciddi qapanmalar olmasa da, epidemioloji vəziyyətə uyğun addımlar atıla bilər. Bu ştamın sürətlə yayılması artıq göz qabağındadır. Yoluxanların sayının rekord həddə çatmasını görürüksə, nə qədər qeydiyyata düşməyən xəstələr də var. Ona görə, real rəqəmlər əslində çoxdur.

Epidemioloji vəziyyət pisləşərsə, müəyyən qapanmalar ola bilər? Kütləvi tədbirlərə, toylara və yaslara müəyyən məhdudiyyətlər qoyulmalıdırmı? Çünki insanlar bir neçə saat həmin məclislərdə iştirak edirlər.

Bu arada, fevralın 15-dən 3-cü doza vaksin vurdurmayanlar  ictimai iaşə müəssisələri (kafe, restoran və s.), mehmanxanalar, iri ticarət mərkəzləri, idman və sağlamlıq-bərpa obyektləri, toy və ya digər şənliklər, ali təhsil müəssisələri və kolleclərə buraxılmayacaq.

Mövzu ilə bağlı Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin mütəxəssisi Könül İsmayılova bağlı bunları dedi: “İnfeksiyaya gündəlik yoluxmada artım yalnız Azərbaycanda deyil, bir çox Avropa və postsovet ölkələrində müşahidə edilir. ”Omikron” ştamının yoluxduruculuğu bir neçə dəfə yüksək olduğu üçün infeksiyanın dünya ölkələri arasında daha geniş yayılması müşahidə olunur. Klinik gedişat “Delta” ilə nisbətdə daha mülayim xarakterlidir. “Omikron” ştamının simptomları çox vaxt kəskin respirator infeksiya simptomlarına bənzəyir. Yeni ştam əsasən yuxarı tənəffüs yollarına – burun və boğaza təsir edir, koronavirus infeksiyasının digər ştamlarına nisbətən ağciyərlərə daha az yayılır. “Omikron”un ən çox qeydə alınan simptomları – baş ağrısı, burun axması və boğaz ağrısıdır.

Lakin xəstəliyin daha yüngül gedişatlı olması, səhiyyə yükünü xəstəxanalardan götürüb, ambulator həlqəyə ötürür. Hədsiz yüksək yoluxma tezliyi  səbəbindən  xəstələnmə hallarını artırmasına görə  xəstəxanalar yüklənə bilər. Gündəlik hospitalizasiya olunan xəstələrin sayı-epidemiya zamanı ən vacib göstəricilərdən biridir. Bizim ölkəmizdə də artan yoluxma sayı izlənilir, lakin Nazirlər Kabinetinin 30 dekabr, 2021-ci il 419 nömrəli qərarına əsasən, COVİD pasportlarının müddətində dəyişikliklərin icrası nəzərdə tutulub. Kritik durum yarandığı halda gündəlik yoluxma hallarının monitorinqi, epidemioloji məlumatların təhlili, statistik göstəricilərin nəzərə alınmasına əsasən, mövcud  vəziyyətlə  bağlı  müvafiq yeni qərarların  qəbulu  Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən  bir daha nəzərdən keçirilə bilər”.

Yeri gəlmişkən, Rusiyada COVİD-19-a rekord yoluxma qeydə alınıb. Ölkədə son sutka ərzində daha 125 836 nəfər yeni növ koronavirusa yoluxub, bununla da, Rusiyada COVID-19-a yoluxanların sayı 11 986 913 nəfərə çatıb.

Bu arada, rusiyalı alim, molekulyar biologiya mütəxəssis Konstantin Severinov “vaksin olunanlar niyə ”Omikron”a yoluxur”  sualına cavab verib. O qeyd edib ki, genomunda çox sayda dəyişikliyə malik olduğuna görə, “Omikron” peyvənddən və ya xəstəlikdən sonra müdafiəni keçə bilir: “Anticisimlər ”Omikron”un S-proteinini daha pis tanıyır və buna görə də virusun bu versiyasını daha pis neytrallaşdırır. Digər ştamlarla müqayisədə “Omikron”un daha yüngül keçməsi insanların daha çox immunitet qazanması ilə bağlıdır”.

Təhsil müəssisələri iki-üç həftəlik bağlanmalıdır, yoxsa...”- infeksionistdən xəbərdarlıq

Mövzu ilə bağlı həkim-infeksionist Nicat Əzimli də fikirlərini bildirdi: “Koronavirusun ”Omikron” variantının yüksək yoluxuculuq xüsusiyyəti və digərləri ilə müqayisədə daha az öldürücü olması daima vurğulansa da, buna arxayınlaşmaq doğru deyil. Bu o demək deyil ki, “Omikron” öldürmür. “Omikron” nə qədər yüngül gedişli olsa da, risk qruplarında olan şəxslərdə ağırlaşmalar bəzən ölümlə də nəticələnə bilir. Xüsusilə hiperkontaqioz infeksiya olduğu üçün yüksək sayda gündəlik yoluxmalar içində belə ağırlaşma hallarına daha çox rast gəlinir. O ki qaldı qapanmaların olub-olmayacağı məsələsinə, epidemik vəziyyət səhiyyə və digər sektorlara çox kəskin təsir göstərsə, qapanma ola bilər. Belə olduqda Operativ Qərargah müvafiq qərar qəbul edəcək. Vaksinasiya, gigiyena qaydalarına riayət, maskanın taxılması və sosial məsafənin saxlanılması bu ştama yoluxmanın qarşısını nisbətən ala bilir. Buster dozanın vurulması, xəstəliyin yüngül keçirilməsinə səbəb olur”.

 

Afaq MİRAYİQ




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir