ders

Yayda təhsil, yoxsa tətil?

Baxış sayı: 696

Ümumtəhsil müəssisələrində “Yay məktəb”i təşkil olunacaq. Buna Təhsil Nazirliyinin “Yay məktəbi”nin keçirilməsi ilə bağlı start verdiyi sorğunun nəticəsindən sonra qərar verilib. Belə ki, pandemiya səbəbi ilə 2020-2021-ci tədris ilinin əhəmiyyətli hissəsinin distant (məsafədən) formada təşkili nəzərə alınaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi məqsədilə 16 iyun 2021-ci il tarixindən etibarən iki həftə müddətinə ümumtəhsil müəssisələrində “Yay məktəbi”nin təşkili nəzərdə tutulur. Nazirliyin verdiyi məlumata görə, “Yay məktəbi” ödənişsiz və könüllü əsaslarla təşkil olunacaq. “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək”.

Yay məktəbi (Summer school) ümumiyyətlə, 2 həftə və ya daha çox davam edən bir proqramdır. Bu müddətdə iştirakçılara müəyyən fənlər üzrə sinifdənkənar fəaliyyətlərlə birlikdə intensiv təhsil təklif olunur. Adından da göründüyü kimi, bu kurslar ənənəvi olaraq yayda məktəb və ya universitetlərin şərtləri əsasında təşkil edilir.

ders

Yay məktəbləri və yay düşərgələri şagirdlərdə ünsiyyətin yüksək səviyyədə inkişafı, təhsil prosesindən kənar düşməməsi, tədris ili müddətində öyrəndikləri sinifdənxaric oxu materiallarını daha dərindən öyrənmək, istehsalat və peşə fəaliyyəti ilə yaxından tanış olmaq üçün fəaliyyət göstərir. Bu, bütün dünyada mövcud olan prosesdir.

“Təhsil haqqında” qanunda da şagirdlərin asudə vaxtlarının dəyərləndirilməsi və ondan səmərəli istifadəsi üçün dərs olmayan zamanda məktəbdənkənar təşkilat və müəssisələrdə müəyyən tədbirlər və əlavə dərslərin təşkil edilə biləcəyi qeyd edilir. Ekspertlər də təcrübə kimi yay məktəblərində təhsil bacarıqlarının inkişafı üçün münbit şərait olduğunu qeyd edirlər. Belə ki, yay məktəbinə qəbul olmaq əlavə dərslərlə şagirdin məktəbdə öyrəndiyi bilikləri möhkəmləndirməyə və yeni biliklər əldə etməsinə kömək edə bilir. Bu tip məktəblər dünyanın hər yerində sırf istirahət və praktik cəhətdən öyrənmək məqsədi daşıyır. İstirahət, əyləncə, ekskursiyalar vasitəsilə şagirdlərin sosiallaşmasına kömək edir. Şagirdlər bir növ tədris prosesində öyrəndikləri nəzəri məlumatları praktiki olaraq həyata keçirir, əlavə biliklər qazanırlar.

ders 1

Təhsil Nazirliyi Yanında İctimai Şuranın sədr müavini Nadir İsrafilov hesab edir ki, yay məktəbinin təşkili ilə bağlı keçirilən sorğunun nəticələrindən asılı olmayaraq, belə məktəbin təşkili nəinki lazımdır, hətta vacibdir: “Uzun müddətli pandemiya belə bir addımın atılmasını xüsusilə zəruri edib. Məktəbin ödənişsiz və könüllü əsasda təşkil olunması isə yəqin ki, çoxlarının ürəyincə olacaq. Kim istəməz ki, belə bir imkanın yaradılmasından lazımınca yararlanmasın və ya kim istəyər ki, pandemiyanın fəsadları üzündən bilik və bacarıqlarında yaranan boşluqları bərpa etmək fürsətini əldən versin. Pandemiyanı bir kənara qoyub, həyatın normal axarına düşsək belə, yay məktəblərinin daha geniş spektrdə əhatə olunması barədə düşünməli, bir vaxtlar, o qədər də uzaq olmayan keçmişdə fəaliyyət göstərən və pioner düşərgələri adlandırılan məktəblilərin yay toplantılarının yeni formatda təşkili ilə bağlı əməli işlər görməliyik”. Ekspertin fikrincə, məktəbin vəzifəsi öz yetirmələrinə təkcə bir ovuc bilik verməkdən ibarət deyil. İl boyu davam edən gərgin tədris prosesindən sonra hər bir şagirdin istirahət etmək və asudə vaxtını səmərəli şəkildə keçirmək hüququ var: “Baxmayaraq ki, artıq müəyyən müddət keçib, bununla belə, bu kimi düşərgələrin uşaqların asudə vaxtının təşkili, təlim-tərbiyəsi, zərərli meyllərdən uzaqlaşması, məşğulluğu və səmərəli fəaliyyətə qoşulması baxımından çox böyük və müstəsna əhəmiyyəti hələ də danılmaz olaraq qalmaqdadır. Orada şagirdlər özlərinə dost tapırdılar, qayıdandan sonra öz təəssüratları barədə inşa yazırdılar, idman və hərbiyə dair bacarıq və vərdişlərə yiyələnirdilər, nizam-intizama alışırdılar. Əgər kiminsə şəhərdən kənara çıxmağa imkanı yox idisə, orta məktəblərdə şəhər tipli düşərgələr təşkil olunurdu. İstirahət, kollektivçilik, təşkilatçılıq, birgəyaşayış prinsipləri yüksək əhval-ruhiyyəyə, təhsilin səmərəliliyinə və keyfiyyətinə müsbət təsir göstərən amillərdir. Təhsil Nazirliyinin yay məktəbinin təşkili ilə bağlı təşəbbüsü yaxın gələcəkdə bu istiqamətdə işlərin daha geniş miqyasda davamı və inkişaf etdirilməsi üçün stimul ola bilər”.

kitab

2020-ci ilin mart ayından ölkəmizdə pandemiyanın hökm sürməsinin xüsusən orta təhsil müəssisələrinin ibtidai siniflərinin zəruri bilik və bacarıqlarının formalaşmasına mənfi təsir göstərdiyini deyən təhsil eksperti Kamran Əsədovun fikrincə, həm onlayn qaydada tədrisin həyata keçirilməsi, həm internetdəki məhdudiyyətlər onların müəyyən bilikləri əldə etmələrinə mane olub: “Nəzərə alsaq ki, pandemiya bir ildən çox sürdü və tədris prosesində məsafələr yarandı, xüsusən də ara məsafənin olması, onlayn rejimdə müəyyən fənlərin tədrisinin mümkünsüzlüyü, kimya-fizika, təbiət elmləri, ibtidai siniflərdə şagirdlərə oxuma və yazma vərdişlərinin formalaşdırılması mümkün deyildi. Ona görə zəruri biliklərin adaptasiya olması üçün mütləq şəkildə şagirdlər əlavə tədrisə cəlb edilməlidirlər. Bunun üçün yeganə üsul əlavə tədris həftəsinin həyata keçirilməsidir. Yəni normal tədris başa çatdıqdan sonra şagirdlər arasında monitorinq imtahanları həyata keçirilməlidir ki, onlar tədris ili ərzində hansı mövzuları zəif mənimsəyiblərsə, o bilikləri əldə etmək üçün imkan əldə etsinlər. Bunun üçün onlar əlavə yay məktəblərinə cəlb edilməlidirlər. Bunu nəzərə alsaq, nazirliyin təşkil etmək istədiyi yay məktəbləri müsbət addımdır”. K.Əsədovin fikrincə, yay məktəbi dövründə şagirdlər əldə etməli olduqları bilikləri yenidən öyrəncəklər. Belə ki, onlar bir ildən çox vaxt ərzində proqramdan tam kənarda qalıblar: “Şagirdlər mövzu mənimsəmə baxımından çətinlik çəkiblər. Yay məktəbi dövründə keçirilməyən mövzuların dərinləşdirilmiş proqramla öyrənilməsinə ehtiyac var. Əgər  şagirdlər bu sinifdə zəruri bilikləri əldə etməsələr, yuxarı siniflərdə bu, onlar üçün ciddi problem yaradacaq. Özəl məktəblər tərəfindən yay məktəbləri ödənişli həyata keçirilir və sosial vəziyyəti aşağı olan valideynlər bundan yararlana bilmirlər. İndi isə nazirlik bu məktəbləri özü təşkil edəcək. Bu da şagirdlər üçün təhsilin əlçatanlığına, eyni zamanda, keyfiyyətin artmasına müsbət təsir göstərəcək. Bu baxımdan, Təhsil Nazirliyi tərəfindən təşkil olunacaq yay məktəbini müsbət qiymətləndirirəm”.

mekteb

Təhsil eksperti Qoşqar Məhərrəmov da həmkarları kimi yay məktəblərinin fəaliyyətini vacib hesab edir. “Dünyanın bir çox yerində 3 ay müddətində yay tətilinin olması müzakirə mövzusudur. Bu tətil müddəti əslində dərsdən qopma, şagirdin bir il ərzində öyrəndiklərinin bir çoxunu unutması deməkdir. Əgər valideynlər yay tətilində uşaqları ilə məşğul olmayıb, onları sərbəst buraxıblarsa, öyrənilən bilgilərin çoxu həmin müddətdə itir. Yay tətilində iki həftəlik yay məktəbinin olması isə təqdirəlayiq haldır. Proqramda ümumi təkrar, öyrənilən məzmunun təkrarlannması üçün suallar, kuiz tapşırıqları, iş dəftəri və iş kitablarının yazılması ola bilər. Bu, dünyada olan təcrübədir. Sadəcə, yay məktəbidirsə, bunu yalnız yay məktəbi formatında etmək lazımdır”. Ekspert hesab edir ki, mümkün səviyyədə, proqramda əyləncə də olmalıdır. Dövlətin ayırdığı büdcəyə uyğun yay məktəblərinin keçirildiyi məkanlar yemək və içməklə təmin edilməli, oyunlar təşkil olunmalıdır. Yalnız belə olarsa, bu ideya nəticə verər”. Q.Məhərrəmov məktəblərin soyutma sistemlərinin nəzərə alınmasını da vacib hesab edir: ”Bu, məktəblərdə problemdir. Xüsusən aran zonasında buna ehtiyac var. Əgər iki həftə boyunca dərslər yalnız sinif otaqlarında keçiriləcəksə, soyutma sistemi, şagirdlərin əylənmələri üçün əlavə tədbirlər olmayacaqsa, bu, xeyirdən daha çox ziyan gətirər. Şagirdləri bir az da dərsdən soyudar. Hesab edirəm ki, bu təhsil formasını sərbəst etmək olar. Müəllimlərə icazə vermək olar ki, məktəblərin həyətyanı sahəsində, təbiətin qoynunda dərslər keçirilsin, şagirdlər üçün ekskursiyalar təşkil olunsun və s”.

mekteb

Yay məktəblərinin əsas məqsədi təhsil müddətində olan çatışmazlıqları aradan qaldırmaqdır. Sadəcə, prosesi genişləndirməyə, əhatəliliyi artırmağa ehtiyac var. Nəzərə alsaq ki, Azərbaycanda 4500-ə yaxın məktəb var, yay məktəbinin bütün ümumtəhsil müəssisələrini əhatə etməsi də mümkünsüz görünür. Yəni əvvəlki illərdəki kimi, bir neçə məktəbi və müəyyən sayda şagirdləri əhatə edə bilər. Artıq prosesə start verilib. Vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər. “Yay məktəbi”nin hansı regionları və nə qədər şagirdi əhatə edəcəyi müraciətlərin sayından asılı olacaq. Çox güman ki, əlavə tədrisdən yararlanmaq istəyənlər az olmayacaq.

 

Təranə Məhərrəmova

Foto Tapdıq Abdullayev / Global Media Group




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir