zibil

Dünyanın ən varlı ZİBİLYIĞANI: bu şəhərin bütün sakinləri ZİBİL TOPLAYIR

Baxış sayı: 1. 298

Hər gün zibil atarkən onun sonrakı taleyi haqda düşünürsünüzmü? Yəqin ki, yox. Bəzən isə küçələrdəki böyük zibil qutularında özü üçün gərəkli əşya seçməyə çalışan insanlar görürük. Bəs, təsəvvür edə bilirsinizmi dünyada elə bir şəhər var ki, oranın sakinlərinin yeganə peşəsi zibil yığmaqdır?

Beləliklə, zibilyığanlar şəhəri Zabbalin haqda yazını təqdim edirik:

Əslində xəritədə axtarsanız, bu adda şəhər tapa bilməyəcəksiniz. Zabbalin Misirin paytaxtı Qahirənin şəhərətrafı qəsəbəsidir. Artıq iki əsrdir ki, bu qəsəbənin sakinlərinin bir şərəfli peşəsi var – zibil toplamaq. Onların pulu zibildən çıxır desək, yanılmarıq. Zabbalinin sakinləri yaşından cinsindən asılı olmayaraq zibilləri daşıyır, çeşidləyir, təmizləyir və xüsusi nmaşınlarda yenidən emal edirlər. 1 ton zibil 12 nəfəri işlə təmin edə bilir.

Bəs zibil nəyə çevrilir?

Zabbalin sakinlərinə ən çox gəlir gətirən sahə zibilin plastikə çevrilməsidir. Bu sahə ilə yalnız şüşə və metalın emalı müqayisə edilə bilər.

Onlar öncə plastik qabları təmizləyir, sonra xüsusi maşınlarda toza çevirirlər. Bu maşınları əldə etmək üçün şəhər əhalisi düz 1 il pul toplayırlar. Sonra plastik tozu Qahirəyə göndərilir. Orada isə bu məhsuldan plastik qaşıq, çəngəl və birdəfəlik istifadə üçün nəzərdə tutulmuş digər əşyalar hazırlanır. Zabbalinlilərə ən çox gəlir gətirən sahələrdən biri də şüşə toplayıb, emal etməkdir.

Zibillikdən tapılmış malların bazarı

Zabbalinlilər tez-tez zibilliklərdən qapağı açılmamış, dekorativ kosmetika qutuları və kremlər tapırlar. Yerli əhali bu tapıntıları “brend” adlandırırlar. Bu brendlər təmizləndikdən sonra şəhərin bazarında satışa qoyulur.

Dünyanın ən qədim xristianları


Zabbalin əhalisi özlərini koptlara aid edirlər. Koptlar dünyanın ən qədim xristianlar hesab olunur. Zabbalinlilər düşünürlər ki, İsa peyğəmbərin dövründə əcdadları necə yaşayıblarsa, onlar da bugün o yolla getməlidirlər. Günah işlətmədən, qəlb qırmadan sülh və əminamanlıq içərisində ömürlərini başa vurmalıdırlar.

Zabbalinə nə polis, nə də hakim qüvvələr buraxılmır. Onlar bütün problemlərini özləri birgə həll edirlər. Misir dövləti isə şəhər əhalisinin bu hərəkətini anlayış və təmkinlə qarşılayır.

Şəhəri əsasən “ağsaqqalar şurası” idarə edir. Cinayət törədələrin də cəzasını onlar kəsir. İkinci hakim qüvvə isə, şəhərin meri sayılır. Şehato Əl Məhədiz adlı bu şəxs həmçinin şəhərin ən varlı insanıdır. Deyilənə görə, bu var-dövlət ona şüşətoplayan atasından qalıb.

İş günü

Zabbalin sakinləri 7 yaşdan sonra işləməyə başlayırlar. Maddi durumu nisbətən yaxşı olan ailələr isə, övladlarının 14 yaşını tamamalamaqlarını gözləyirlər.
İş günü səhər saat 4-də başlayır. Hər bir işçi qrupu Qahirəyə gedib, onlar üçün nəzərdə tutulmuş qutulardan zibil toplayır və Zabbalinə qayıdırlar. Daha sonra zibillər çeşidlənir, təmizlənir və lazımı yerlərə yollanılır.

Zabbalində istirahət və əyləncə

Zabbalinlilər çox vaxt zibil qutularından tapdıqları qəhvə, çay və ya ərzaqları təmizləyib, axşam süfrə açırlar. Domino oynayır, qəlyan çəkirlər.

Qanda zibilin miqdarı, faydası və zərəri

Zabbalinli kişilər çox vaxt bel ağrılarından əziyyət çəkirlər. Çünki çox ağır yük daşıyırlar. Onlar inanırlar ki, gün ərzində orqanizmlərinə daxil olan bakteriyalar, immunitetlərini gücləndirir. Şəhərin meri deyir ki, bəlkə də vücudunda bu qədər bakteriya toplanmasaydı, belə sağlam olmazdı. Maraqlıdır ki, buranın sakinlərinin dişləri inci kimi bəyaz və təmizdir.

Zabbalinlilərin sevimli yeməyi

Zibilyığanlar şəhərinin əhalisinin ən çox sevdiyi yemək göyərçin ətidir. Onlar öz həyətlərində çox vaxt göyərçin saxlayırlar. Zabbalinlilərin iştahını nə ətrafdakı zibil yığını, nə də xoşagəlməz qoxular poza bilər.

Təəccüblüdür ki, dünyanın bir çox ölkəsində “zibilyığanlar” şəhəri var. Bəlkə də məhz onlar dövlətin sənayesinin inkişafında xüsusi rol oynayırlar.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir