SEVGİ

Ailə xoşbəxtliyi kimdən və nədən asılıdır?

Baxış sayı: 161

“Bütövlükdə xoşbəxtlik yoxdur. Xoşbəxt anlar, saatlar, günlər var”. Bu fikirlər sənətşünaslıq üzrə fəlsəfə doktoru Zəminə Axundovaya məxsusdur.

Z.Axundovanın fikrincə, xoşbəxtlik nisbi anlayışdır və onun ümumi düsturunu müəyyən etmək çətindir: “Düşünürəm ki, insan özünü xoşbəxt sayırsa, sevdiklərini xoşbəxt görürsə, deməli xoşbəxtdir. Ola bilsin ki, insan özünü xoşbəxt hiss etsin, amma kənardan xoşbəxt görünməsin. Odur ki, vacib olan insanın özünün nə hiss etməsidir. Şəxsən mənim üçün ailə xoşbəxtliyi övladlarımın xoşbəxtliyidir”.

Z.Axundova deyir ki, insanlar xoşbəxtlik üçün bir neçə meyarı sıralayırlar: “Kimisi üçün ailə xoşbəxtliyi sevgidən, bir başqası üçün isə puldan, yaxud da hörmətdən asılıdır. Adətən insanlar bu 3 anlayışı sıralayır və öz xoşbəxtlikləri üçün ən önəmli olanını qeyd edirlər. Mən bu sıralama ilə razılaşmıram. Bütövlükdə ailə xoşbəxtliyi üçün hər üçü-sevgi, pul və hörmət lazımdır. Əslində hansını daha önəmli olduğunu müəyyən etmək şəraitdən asılıdır. Elə bir vəziyyət yaranar ki, o anda sevgiyə daha çox ehtiyac olar və xoşbəxtlik üçün sevgi birinci sıraya keçər. Başqa bir situasiyada isə daha çox pul zəruri olar və ailə xoşbəxtliyi o anda puldan asılı olar, beləcə sevgi əhəmiyyətini itirər. Ona görə xoşbəxtlik üçün pulun, sevginin və hörmətin öz yeri var. Hər üçün gərəkdir”.

sevgi

Axundova həmçinin ailə xoşbəxtliyi üçün güzəştin də vacibliyini qeyd edir:  “Güzəşt də önəmli məsələdir. Ailə üzvləri bir-birinə güzəştə getməyi, səhvləri bağışlamağı bacarmalıdır. Övladının da, həyat yoldaşının da xətalarını əfv etməyi öyrənmək lazımdır. Mən ailə xoşbəxtliyi üçün hətta dözümü də əlavə edərdim. Dözməyi də bacarmaq gərəkdir. Yoxsulluğa da dözmək lazımdır”.

SEVGI

Mövzu ilə bağlı fikirlərini bölüşən psixoloq Arzu Quliyeva isə bildirdi ki, ailə xoşbəxtliyi üçün pul önəmli deyil: “Mən pulun rolunu qabartmağın əleyhinəyəm. Xoşbəxtlik pulla olsaydı, o zaman bütün zəngin ailələr xoşbəxt olardı. Halbuki təcrübəmizdə belə olmadığının şahidi oluruq. Əgər desək ki, xoşbəxtlik üçün pul önəmlidir, o zaman bizi dinləyən kasıb insanlar nə düşünərlər? Fikirləşərlər ki, yoxsul olduğumuz üçün sevə, xoşbəxt ola bilmərik? Azərbaycanda yoxsul ailədə yaşayıb, amma bir-birini sevən, dəyər verən və xoşbəxt olan o qədər insanlar var ki. Mənə görə ailə xoşbəxtliyi qarşılıqlı anlayışdan asılıdır. Səni olduğun kimi qəbul edə biləcək və sevəcək insanla həyatını birləşdirməlidən. Əslində hər kəsin xoşbəxtlik anlayışı fərqlidir. Azərbaycan qadını ailəsi ilə xoşbəxt olur. Bir qadın üçün həyatının xoşbəxtliyi övladından asılıdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir