aile

Ailə münaqişəsi zəminində cinayətlərin artma səbəbləri

Baxış sayı: 1. 702
2016-cı ilin 9 ayı ərzində paytaxtda 9137 (ötən ilin müvafiq dövründə 8706) cinayət qeydə alınıb. Onların 82,7 faizi az ağır və böyük ictimai təhlükə törətməyən, 17,3 faizi isə ağır və xüsusilə ağır növlər olub. Cinayətlərin 13 faizi və ya hər səkkizincisi ailə məişət münaqişəsi zəminində baş verib.
Göründüyü kimi, son zamanlar ailə münaqişəsi zəminində baş verən cinayət hallarının sayı artıb. Hətta vəziyyət o həddə çatıb ki, heç bir səbəb olmadığı halda valideyn öz övladının canına qıyır və ya əskinə.
Psixoloq Dəyanət Rzayev bu gərginliklərin daha da artacağını təxmin edir: “Öz qanından, canından olan birini öldürən adam affekt vəziyyətində olur. O ayılandan sonra anlayır ki, öz balasını qətlə yetirib, onu necə öldürdüyünü isə bəlkə də xatırlamaz. Bu çox kəskin keçən bir emosiyadır. Ancaq bu insanlar ruhi baxımdan xəstə olmur, sağlamdılar. Düzdür, ruhi xəstələr də bu cür cinayətlərə əl ata bilər. Bu barədə həmin şəxsi görmədən, hadisəni bilmədən nəsə demək olmaz. Ailə münaqişəsi zəminində cinayətlərin artması cinayətin qarşısını almaq üçün heç bir fəaliyyətin olmaması ilə bağlıdır. Cinayət baş vermədən əvvəl onun qarşısını almaq olar. Bunun üçün profilaktika tədbirləri görmək lazımdır. Sahə müvəkkili, müəllimlər bunun qarşısını almalıdır. Sovet vaxtı hər ailədə nə baş verirdisə, sahə müvəkillərinin, müəllimlərin xəbəri olurdu ki, məsələn, bu uşağın atası narkomandır, uşağı incidir və sairə. Belə ailələrlə sahə müvəkkili gəlib tez-tez maraqlanırdılar. Gəlib adamı işləməyə məcbur edirdilər ki, boş-bekar oturmasın”.
Psixoloqa görə, son zamanlar bu cinayətlərin artması sosial-iqtisadi problemlərlə də bağlı ola bilər:“İnsanlar devalvasiya ilə bağlı çox gərgindirlər. Bir kişi pul qazana bilmir, öz ailəsini dolandıra bilmirsə, onun özünə qarşı qiyməti aşağı düşübsə, belə bir vəziyyətə gəlib çıxıb ki, artıq onun psixikası özünü idarə edə bilmir. Cinayət törədir, hesabat da vermir ki, mən neynəmişəm. Çünki bu gün o insanın sinir sistemi o qədər gərgindir ki, artıq o dözülməz vəziyyətə gəlib çıxır. Ona görə də cinayətlərin artması məntiqlidir. Sovet vaxtı iş olduğu üçün bunun qarşısını almaq mümkün idi. İndi iş yerləri də yoxdur, insanlar çox gərgindir. Maddi duruma görə nə qədər insanlar gərgindir, nə qədər ailələrdə gərginlik var. Bu problemlər həll edilməlidir. Bu gün məmurlarla vətəndaşlar arasında uçurum var. Belə şeylər artıb elə vəziyyətə çata bilər ki, yolda getdiyiniz yerdə kimsə sizi vura, təhqir edə bilər. Ailələrdə də gərginlik çoxalacaq, intiharların, cinayətlərin sayı artacaq. Hələ bu başlanğıcdır”.
Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, diqqəti məsələnin kökünə çəkmək lazımdır: “Yerdə qalanları metastaz vermək kimi hallardır. Məsələ ondadır ki, min illərdir bütün elmi nəzəriyyələrdə, dini kitablarda yazılır, müdrik insanların hamısı deyir ki, bir cəmiyyətdə ki, maddi dəyərlər mənəvi dəyərlərdən daha öncül rol oynamağa başlayır, orada daha çox gərginlik yaranır, daha çox problem üzə çıxır. Bu problemlər də müxtəlif variantlarda üzə çıxa bilər. Bu gün özünəqəsd olacaq, sabah kimsə kimisə öldürəcək, kimsə kimisə aldadacaq. Ona görə də biz bu gün özümüzü aldatmayaq ki, nə etsək, bu halların qarşısını ala bilərik. Bunun qarşısını almaq mümkün deyil. Cəmiyyətin öz qanunları var və bu qanunları insanlar idarə etmir. Cəmiyyətin də qanunu odur ki, maddi dəyərlər gün keçdikcə öz hegemonluğunu artırdıqca hökmən fəsadlar çoxalır. Bu gün biz əsas diqqəti ona yönəltməliyik ki, bizim cəmiyyətdə mənəvi dəyərlərə diqqət artırılsın. Bizdə istər qanunvericilik bazasından, istər başqa maarifləndirmə sahəsində bu məsələlərə diqqət artırılmalıdır. Çalışmalıyıq ki, insanlar bu gün bir-biri ilə ailə daxilində, küçədə, işdə mənəvi dəyərlərə görə öz üstünlüklərini nümayiş etdirsinlər. Belə olan təqdirdə, mənəvi dəyərlər önə keçəndən sonra  avtomatik olaraq cəmiyyətdə tənzimləmə yaranır və gərginlik ortadan götürülür, ahəng yaranmağa başlayır. Başqa şeylərdən danışmaq vaxt itkisidir. Azərbaycan kiçik ölkədir və burada heç 10 milyona çatmayan bir əhali var. Onun da bir hissəsi qocadır, uşaqdır, xaricdədir. Ortada 2-3 milyon aktiv əhali var. Onlara da təsir etmək, davranış formalarını dəyişmək çox asandı. Bütün diqqətimizi buna yönəltməliyik”.
 
Günel MANAFLI



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir