almara Melikova

Almara Məlikova: “Azərbaycanda 50 mindən çox autizmli uşaq var”

Baxış sayı: 1. 556

Həmsöhbətimiz “Psixososial Reabilitasiya və İnkişaf” İctimai Birliyinin nəzdində yaradılmış PRİM – “Psixoloji Reabilitasiya və Autizm Mərkəzi”nin direktoru,  psixoloq Almara Məlikovadır.

Qeyd edək ki, bu Mərkəz 2012- ci ildə yaradılıb və əsas fəaliyyəti autizmdən əziyyət çəkən uşaqlara və onların valideynlərinə dəstək olmaq, psixokorreksiya işlərinin təşkili, aparılması və onlarda yaranmış komplekslərin korreksiyası istiqamətində tədbirləri təşkil etməkdir.

“Bizim mərkəzimizdə bütün psixoloji problemlərlə üzləşən insanlara, uşaqlara, gənclərə, yeniyetmələrə, gənc ailələrə, eləcə də təşkilat və şirkətlərə peşəkar psixoloq, psixoterapevt, pedaqoq və sosial işlər üzrə mütəxəssislər tərəfindən yardım göstərilir və insanlara düşdükləri çətin situasiyalarda dəstək olmağa çalışırıq.Məhz psixi sağlamlıq durumunda insan öz daxili potensialını, aktivliyini həyata keçirə bilər. İstər ailədə, istər iş yerində, istərsə də məktəbdə və ya dostları arasında insanın mənəvi, psixi vəziyyəti qorunmalıdır. Uşaqların psixoloji inkişafı, ətrafdakılarla münasibətdə psixoloji durumu, emosional vəziyyəti, əhval ruhiyyəsi, intellektual potensialı hamısı psixi sağlamlıq deməkdir», – deyə Mərkəzin sədri söhbətə başlayır.

A.Məlikova bildirir ki,autizm XXI əsrin ən aktual psixoloji problemidir və autizm sindromlu uşaqlar dünyada olduğu kimi ölkəmizdə də çoxluq təşkil edir. Autizm erkən yaş dövründə başlayan, sosial münasibətlər və ünsiyyət sferasında problemlərin olması ilə özünü göstərən ümumi inkişaf prosesidir. Autizmin əlamətləri əsasən iki yaşından etibarən özünü göstərməyə başlayır. Autizm-özünəqapanma, real həyatdan uzaqlaşma kimi təzahür edir. Təxminən min uşaqdan beş nəfərində autizm müşahidə olunur. Hal-hazırda autizmin yaranmasının dəqiq səbəbləri məlum deyil. Lakin mütəxəssislər belə hesab edirlər ki, autizmin yaranması həm irsi, həm də doğuşdan əvvəlki, doğuş zamanı və sonradan qazanılmış bir sıra inkişafa təsiredici faktorlarla, hamiləlik zamanı baş verən narahatlıqlar, eləcə də uşaqlıqda edilən peyvəndlərlə əlaqədar ola bilər. Müasir tədqiqatçılar autizmi əsasən əsəb sisteminin patologiyası ilə əlaqələndirirlər. Bu isə bir sıra səbəblərlə əlaqədar ola bilər: maddələr mübadiləsinin anadangəlmə pozulması və ya orqanik zədələnməsi, hamiləlik dövründə və doğuş zamanı yarana bilər, epilepsiya sindromu ilə və yaxud bir sıra uşaq xəstəliklərinin (məs, qızılca, məxmərək və s.) kəskinləşməsi ilə meydana gələ bilər.

Autizmin spektr pozuntuları: autizm, asperger sindromu, rett sindromu, uşaqlıq dezinteqrativ pozuntusu, atipik autizmdir.

Almara xanımın sözlərinə görə, autizmli uşaqlar başqalarına qarşı maraqsız olur, göz təmasından qaçır, başqaları ilə ünsiyyət qurmur, istəklərini başqalarının əllərindən istifadə edərək ifadə edir, digər uşaqlarla oynamır, uzun müddət ərzində eyni mövzu üzərində danışır, səbəbsiz olaraq ağlayır, gülür və qəribə davranışlar nümayiş etdirir, mənasız sözləri ardıcıl təkrarlayır. Autizmli uşaqların digər xüsusiyyətləri odur ki, predmetləri davamlı olaraq çevirməkdən xoşları gəlir, yaradıcılıq tələb edən oyunları oynaya bilmir, hər şeyin eyni olmasını istəyir, dəyişikliklərə həddindən artıq reaksiya verir, hər hansı bir yenilik onlar üçün qorxulu və qeyri-müəyyən olur. Davamlı olaraq eyni oyunları oynayır, ağrıya qarşı laqeyddir, səslərə qarşı həddindən artıq həssaslıq və ya həddindən artıq laqeyddir.

Belə uşaqlar tək qalmağı xoşlayır, təmasdan və qucağa alınmaqdan xoşu gəlmir, ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, danışmaq əvəzinə hərəkətlərlə ehtiyaclarını ifadə etməyə çalışır, həddindən artıq hərəkətlilik ya da həddindən artıq hərəkətsizlik nümayiş etdirir.

“Onlarda özünə inamsızlıq, həmyaşıdlarla bağlı problem, fobiyalar, hiperaktivlik, aqressiv davranış, şəxsiyyətlərarası münasibətlərdə yaranan problemlər, ünsiyyət çatışmazlığı və s. kimi problemlər daha çox olur. Sosial vərdişlər, valideyn-övlad münasibətləri və s. kimi problemlərlə də əlaqədar valideynlər bizə müraciət edirlər», – deyə o bildirir.

“Valideynlər uşaqlarında qeyd etdiyim bu xüsusiyyətlərin bir necəsini müşahidə edərsə, vaxt keçirmədən  psixoloqa müraciət etməlidir. Çünki ilkin diaqnoz çox önəmlidir. Valideynlərin uşağın davranışlarını müşahidə etməsi, müqayisəsi, bəzi problemləri erkən fərq edə bilmələri çox əhəmiyyətlidir. Onu da qeyd edək ki, körpədə autizmin olmasını hamiləlik dövründə müəyyən etmək mümkün deyil. Autizmin diaqnozu uşaq psixoloqları tərəfindən də qoyula bilər. Öncə uşağın inkişaf pillələrini, oyun şəkillərini, yaşıd əlaqəsini, maraq sahələrini, şifahi və emosional ünsiyyətini müayinə etməli, valideynləri ilə müsahibə apararaq, uşağın inkişafında əsas diqqəti çəkən problemləri öyrənmək, doğuş və sonrakı dövrləri uşağın özünəməxsus xüsusiyyətləri haqqında hərtərəfli informasiya almaq, daha sonra lazım olan bütün testlər edilməlidir.

Autistik uşaqların inkişafının ümumi qanunauyğunluğu ondan ibarətdir ki, onların təfəkkürünün inkişafında əks olunan bəzi psixoloji funksiyalar irəliləyə, bəziləri isə geriləyə bilər. Autistik uşaqların zəkalarına gəldikdə onların bəziləri çox üstün riyaziyyat bacarıqları və əzbərləmək kimi xüsusi qabiliyyətlərə sahib ola bilər.

A.Məlikova qeyd edir ki, rəhbərlik etdiyi Mərkəzdə psixoloji müayinələr və psixodiaqnostika, ailə psixoterapiyası, ailədaxili problemlər, boşanma – ayrılıq, komplekslər, özünə inamsızlıq hallarının tənzimlənməsi, stress və distress hallarının aradan qaldırılması və s. məsələlərlə bağlı xidmətlər göstərilir.

Hımçinin, yeni nəsil “Alfa 7»cihazı vasitəsilə enurez və enkoprez hallarının, panik atak və kəkələmə hallarının korreksiyası, təşviş, həyəcan, gərginlik hallarının aradan qaldırılması, müxtəlif tipli fobiyalar, qorxu, yuxu pozuntularının korreksiyası, art-terapiya, fizioterapiya, NTP və s. yardımlar edilir.

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST)-ün verdiyi statistik məlumatlara əsasən son 10 ildə dünyada autist insanların sayı 1000 dəfə artmışdır. Əgər 10 il əvvələ qədər dünyada hər on min nəfərdən bir nəfəri autizmə düçar olurdusa, hal-hazırda hər 76 nəfərdən bir uşaq autizmlə dünyaya gəlir.

Hazırda Azərbaycanda autist uşaqların sayı təxminən 50 min nəfərdən çoxdur. Bu uşaqların bir hissəsi autist olaraq əlaqədar dövlət qurumları tərəfindən qeydə alınıb. Amma onların psixoloji, sosial və iqtisadi cəhətdən problemlərinin həlli  üçün hamısının qeydə alınması və lazımi qayğının göstərilməsi vacibdir.

“Autizmli uşaq hər bir digər uşaq kimi şəxsiyyətdir. Buna görə də ümumi tövsiyələrdən  istifadə edərkən, uşağın spesifik reaksiyalarını nəzərə almaq lazımdır. Autizmli uşaqlar böyüyərkən uşaqlıqlarında aludə olduqları sahə üzrə işləyə bilərlər. Məsələn, rəqəmlər ilə maraqlanan uşaq, gələcəkdə mühasib və ya vergi müfəttişi ola bilər. Valideynlərə tövsiyəm budur ki, bu xəstəlikdən əziyyət çəkən uşaqlarla hər gün məşğul olsunlar. Əvvəlcə 5 dəqiqədən başlamaq lazımdır və tədricən məşğələnin vaxtını gün ərzində 2-3 saata uzatmaq, əlbəttə ki, fasilələr ilə uşağa “dayan” sözünü öyrətmək lazımdır. Bu uşaqların müxtəlif fobiyaları olur, onlar real təhlükəni görməyə bilərlər: maşın yolunu baxmadan keçmək, isti əşyalara toxunmaq. Əgər uşaq “dayan” sözünü bilsə, bu onu travmalardan qoruya bilər. Bunu belə etmək olar: birdən hər hansı bir hərəkəti dayandırıb möhkəm “dayan” demək, tədricən uşaq ondan nə istədiyini başa düşəcək.

Autist uşaqlar adətən televizora baxmağı xoşlayırlar, lakin onlara məhdudiyyət qoymaq lazımdır. Digər uşaqlar ilə ünsiyyətdən qaçmaq lazım deyil, yaxşı olardı ki, belə uşaqlar uşaq bağçasına getsinlər. Uşaq bağçasına gün ərzində 2-3 saatlıq da gedə bilərlər.Uşaqla çox söhbət etmək və yadda saxlamaq lazımdır ki, autist uşağın digər uşaqlardan da daha çox ünsiyyətə ehtiyacı var.Uşağa “gizli” guşə yaratmaq lazımdır. Bu belə bir yer olmalıdır ki, uşaq burda öz fikirləri ilə təkbətək qala bilsin və ona heç kim mane olmasın.

Autizmi olan uşaqlar adətən yelləncəyi xoşlayırlar, bu marağı həvəsləndirərək, vestibülyar aparatın inkişafına nail olmaq olar.Uşağın ev heyvanları ilə ünsiyyətinə ehtiyatla yanaşın, çünki autist uşaqlar heyvanlara qarşı səbəbsiz aqressiv ola bilərlər. Ev heyvanını evdə saxlamaqdan əvvəl uşağa ev heyvanı- yumşaq oyuncaq hədiyyə etmək olar. Uşaqları müxtəlif inkişafetdirici mərkəzlərə aparın. Məhz bu mərkəzlərdə siz uşağınızla necə düzgün işləmək barəsində məlumat əldə edə bilərsiniz.Siz uşağınızı onun özündən də yaxşı başa düşməyi öyrənməlisiniz. Ən əsası, uşağı olduğu kimi qəbul etmək lazımdır. Unutmayaq ki, tarixdə iz qoymuş dahi şəxsiyyətlərin əksəriyyəti autizmli insanlar olublar”, – deyə psixoloq A.Məlikova valideynlərə tövsiyə verir.




8 şərh “Almara Məlikova: “Azərbaycanda 50 mindən çox autizmli uşaq var”

  1. Sevda Məmmədli

    Ətraf mühit, xəstəliklər, stress, ailədaxili və cəmiyyətdə problemlər sonradan da autistik pozuntu yarada bilər.

    Cavabla
  2. Psixoloq Aynur

    Davamlı depressiya, psixi reaksiyaların dəyişməsi nəticəsində insan qapanır, sosial bağları qoparır, ünsiyyətdən qaçır, heç kimi arzulamır, sosialfobiya yaranır – beləcə həqiqi autizm yox, onun ikincili təzahürü baş verir. Belə hallar anadangəlmə autizmə nisbətdə çox uğurla müalicə olunur. Bu gün uşaqlarda da autizmin cinsə görə fərqli olduğu məlumdur. Hətta oğlan uşaqlarında autizm daha çox rast gəlinir, nəinki qızlar.

    Cavabla
  3. Arif Mahmudov

    Autizm doğuş zamanı və ya doğulduqdan sonra başlayır və ömür boyu da davam edir. Autizm fərdin öyrənmə qabiliyyətinə və insanlarla münasibətinə də təsir edir. Autizmi olan iki nəfər bir-birinə bənzəmir. Bu baxımdan hən valideynlər, həm də mütəxəssislər üçün çətindir bu proses

    Cavabla
  4. Gunel Nemət

    Autizm diaqnozunu bir deyil, bir neçə mütəxəssis qoymalıdır: Bəzən yalnış yerə uşaqlara autist adı verilir. Bu, cəmiyyətin onlara qarşı davranışını da dəyişir. Fikrimcə, valideynlər bu xəstəlik olduğunu şübhələnirlərsə, ilk olaraq, mütəxəssislə məsləhətləşsinlər. Sonra isə müəyyən müalicə proqramlarından istifadə etsinlər. Autizmli uşaqlara müalicədən daha da əhəmiyyətli əvvəl valideynlərinin, sonra isə cəmiyyət üzvlərinin anlayış və diqqət göstərməsidir. Mənəvi dəstək, ünsiyyət onlar üçün daha xeyirlidir.

    Cavabla
  5. Azad Selimov

    Cox aktual bir movzudur dovrumuz ucun. Belə hessas meseleye yer verdiyiniz ucun sayta ve psixoloq xanıma tesekkur dusur

    Cavabla
  6. Şahnaz Əliyeva

    Əksər ailələr erkən diaqnoz və erkən müdaxilə proqramlarından məlumatsızdır. Xüsusilə də uşaq məktəb yaşına çatdıqda valideynin narahatlığı daha çox artır, övladının cəmiyyətə inteqrasiyası çətinləşir. Odur ki, mütəxəssislərə böyük iş düşür. Almara xanıma da minnətdarıq.

    Cavabla
  7. Gulnar Azimova

    Bu uşaqlarda normal insanlardan fərqli olaraq əlavə istedad var. Amma bu bacarığın ölməməsi, üzə çıxarılması üçün çalışmaq lazımdır. Xaricdə belə uşaqlardan alimlər yetişir. Lakin laqeyd yanaşdıqda bu uşaqlar dəyərsiz kabus kimi formalaşırlar. Almara xanımın fəaliyyətini alqışlayıram. Düzü, tanımırdım, “Psixoloji Reabilitasiya və Autizm Mərkəzinin rəhbəri olduğunu saytdakı yazıda gördüm. Uğurlar diləyirəm.

    Cavabla

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir