Arı sancması ölümlə də nəticələnə bilər?

Baxış sayı: 4. 392

Uçan həşəratlar ailəsinə aid olan arıların dünyada 20 mindən artıq növü var. Arılara Atraktidadan başqa dünyanın istənilən yerində rast gəlinir. İnsan üçün xeyri olan balı düzəldən arıların südü də hədsiz faydalıdır. Arının hətta zəhəri belə müalicəvi məqsədlərlə təbabətdə geniş istifadə olunur. Lakin bu müsbət amilllərə baxmayaraq, arıların sancması təhlükəlidir.

Adətən arılar bir səbəb olmadan insana hücum edib sancmırlar. Onları qıcıqlandırdıqda, həyatlarının təhlükədə olduğunu hiss etdikdə sancırlar.

Arıçılıqla məşğul olan Fuad Şərifovun sözlərinə görə, arılar insan üçün əvəzsiz xeyirli olan məhsul istehsalat edən yeganə həşərat olsalar da, onların sancması insan üçün zərərlidir: “Buna qarşı allergiyası olanlarda isə ölümlə nəticələnə bilər. Bu səbəbdən də evin yaxınlığında, damında arı yuvası tapmısınızsa, bunu zərərsizləşdirməyə çalışın. Bunun üçün qaranlığın düşməsini gözləmək lazımdır. Əks halda arılar yuvalarına yaxınlaşdıqlarını görüb hücuma keçəcəklər. Ona görə gecə arılar yatdıqdan sonra yuvanı zərərsizləşdirmək lazımdır. Bunun üçün böyük plastik paket götürüb yuvanı içərisinə qoyub paketi möhkəm bağlayın. Paket bir sutka ağzı bağlı qaldığı halda, onun içərisində arılar ölür”.

F.Şərifov qeyd edib ki, bağ yerlərində arılardan can qurtarmaq üçün onların yuvasını tapıb zərərsizləşdirmək mümkün olmursa, müxtəlif üsullarla onlara tələ qurmaq olar: “Misal üçün, plastik butulkanın yuxarı hissəsi kəsilir və içərisinə şirin mürəbbə əlavə olunur. Butulkanın kəsilən yuxarı hissəsi butulkanın aşağı hissəsinə ağzı aşağı qoyulur. Arılar mürəbbənin iyinə butulkanın içərisinə dolur və sonra çıxa bilmirlər. Belə butulkalar arıların çox uçuşduğu yerlərə qoyulur. Butulkalardakı mürəbbə vaxtaşırı yenilənir”.

Bundan başqa, mağazada həşəratlar əleyhinə xüsusi yapışqan tələlər də satılır. Onları müxtəlif yerlərdən asdıqda arı, milçək və s. həşəratlar yapışqandakı dərmanın iyinə gəlib yapışqan lentdə yapışıq qalırlar. Bütün bu vasitələr həşəratların törətdiyi narahatlıqdan yaxa qurtarmağa kömək edir.

Mütəxəssis arıların sancmasından qorunmaq üçün bağ yerinə, meşəyə gəzintiyə gedəndə, qoca və içərisi dəlik olan ağacların yanından keçməməyi məsləhət görür: “Yaşıl otlu, güllü çəmənliklərlə də ayaqyalın qaçmağa tələsməyin, belə otluqlarda adətən arılar olur. Eləcə də, çayda, bulaqda çiməndən sonra bədəni yaxşı qurulamaq lazımdır. Bədəndəki nəm həşəratları cəlb edir. Tər, müxtəlif ətirlərin iyi də arı və başqa həşəratların başınızın üstündə uçuşmasına səbəb ola bilər”.

Təbiətdə piknik təşkil etmək çox zövq versə də, süfrədə şirin içkilər içmək arıları cəlb etdiyi üçün təhlükəli ola bilər. Bu səbəbdən süfrədə içkilərin ağzını açıq qoymaq, şirin meyvələri baxmadan yemək də məsləhət deyil. Şirin içkilər və meyvələr uzaq məsafədən ətri ilə arıları cəlb edir.

Çox əlvan rəngli geyim də həşəratları cəlb edir. Xüsusilə də, sarı, narıncı, al qırmızı rənglər həşəratlar tərəfindən gül kimi qəbul olunur. “Əgər ətrafınızda arılar uçuşursa, sakit qalın. Əl-qolunuzu yelləməklə aqressiyalarına səbəb ola bilərsiz”.

Arı sancdıqda həmin nahiyədə şişkinlik, qızartı, qaşıntı yaranır. Ağrı bir neçə saata, şişkinlik isə allergiyası olanlarda ertəsi günə keçir.

Arı sancdıqda ilk olaraq, onun iynəsi bədəndən çıxarılmalıdır. Yara sabunlu su ilə yuyulmalıdır. Sancılan nahiyəyə buz qoymaqla allergik reaksiyanı azaltmaq olar.

Qeyd edək ki, arının sancmasının insan üçün xeyri də böyükdür. Arı zəhəri təbabətdə geniş şəkildə istifadə olunur. Təbabətdə arı zəhəri natural şəkildə bilavasitə arı sancması ilə müxtəlif preparatlar şəklində istifadə edilir. Son vaxtlar arı zəhəri oynaq revmatizminin və sinir xəstəliklərinin radikulit və üçlü sinirin nevralgiyasının müalicəsində yaxşı nəticə verir.

Arı zəhəri apitoksin qan yaradıcı sistemlərə yaxşı təsir edərək hemoqlabinin miqdarını çoxaldır, qanın yaxıcılığını və laxtalanmasını azaldır, erotrisitlərin çökmə reaksiyasını aşağı salır, ümumi və yerli leykositozu artırır. Arı zəhəri bir çox sağalmayan yaraların müalicəsində istifadə olunur.

Eləcə də, arı zəhəri ürək əzələsinin işini nizamlayır, qan təzyiqini aşağı salır və maddələr mübadiləsini yaxşılaşdırır.

Terapevt Həsən Bağırovun sözlərinə görə, arı və başqa həşəratların sancmasına olan allergiya ən təhlükəli allergiyalardan hesab olunur. Ağır hallarda arı sancmasına allergiya varsa, bədəndə, dişləm olan nahiyələrdə şişkinliklər, səp yaranır. İshal, qusma da ola bilər. Əgər şəxsə vaxtında tibbi kömək göstərilməsə, bədənin şişməsi nəticəsində boğulub ölə bilər. Bu səbəbdən də həşərat dişləmlərinə qarşı allergiyası olanlar çox ehtiyatlı olmalı, təhlükəsizlik qaydalrına əməl etməlidir.

Allergiyası olmayan insanı belə arılar çox və ya nəfəs borusuna yaxın yerdən sancıbsa, çox təhlükəlidir. H.Bağırovun dediyinə görə, yaz-yay vaxtlarında belə adamlar özü ilə allergiyaya qarşı dərman vaasitələrini götürməlidirlər ki, ehtiyac olduqda dərmanı içib özünü qorusunlar. Dişləmlərə qarşı xüsusi mazlar, kremlər və antiprespirantlar da var. Onları bədənə çəkdikdə həşəratlar yaxın durmur.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir