Hamile

Azərbaycanda hər 10 ailədən 1-i sonsuzdur – Süni mayalanma gizlədilir

Baxış sayı: 1. 549

2019-cu ilin 6 ayında ölkədə 8 324 boşanma qeydə alınıb. Rəsmilər boşanma səbəbləri sırasında sonsuzluğun artdığını vurğulayır. Məsələ burasındadır ki, valideynlər qızını ərə verməyincə, oğlunu evləndirməyincə, onda hansısa ginekoloji, androloji xəstəliklərin inkişafından xəbəri olmur. Mütəxəssislər erkən diaqnoz qoyulmasını sonsuzluğun qarşısının alınmasında mühüm rol oynadığını vurğulayırlar.

Bəzi valideynlər “qız uşağının ultra səs müayinəsində (USM) nə işi var?”, “həkimə apararam, qızımı ginekoloji masaya çıxarar” düşüncəsiylə övladında olan hansısa narahatlıqların müalicəsi üçün həkimdən imtina edirlər. Əgər 13-14 yaşlı övladımızın qaraciyər, böyrək, ürəyində yaranan narahatlıqdan dolayı həkimə aparıb, USM aparatında müayindən keçiririksə, niyə qız uşaqlarının ginekoloji orqanlarının müayinəsindən qorxuruq? Niyə “ayıbdır”, “uşağa ziyan olar” deyib ərə gedəndən sonra “sonsuz” diaqnozu qoyulmasını gözləyirik?…

sonsuzluq

Uşaqların xəstəlik tarixçəsində hər şey qeyd olunmur

Respublika Perinetal Mərkəzinin direktoru Sevinc Məmmədova bildirir ki, hər yenidoğulan poliklinikada qeydiyyata götürülməli və həkim müayinəsinə cəlb olunmalıdır:

“Həmin uşaq ildə bir dəfə “cek-up” müayinəsinə cəlb edilməlidir. Aşkar olunan xəstəliklər müalicə olunmalıdır. Uşaq 17 yaşına çatanda kartı yeniyetmə kabinetindən böyüklər üçün nəzərdə tutulmuş poliklinikaya verilir. Uşaq davamlı müayinədə olursa, onun kartında bütün xəstəlik tarixçəsi qeyd edilir. İndiki zamanda uşaqlar xəstələnəndə analar onları ya ara həkimlərinə, ya da özəl klinikalara aparırlar. Buna görə də uşaqların xəstəlik tarixçəsini izləmək mümkün olmur”.

“Analar qızlarını ərə verəndə xəstəliklərini gizlədir”

S.Məmmədova qeyd edir ki, nikah yaşındakı övladında hər hansı xəstəlik olduğunu bilən valideynlər çox vaxt bunu gizlədirlər:

“Nikaha girmək istəyənlər dövlət tərəfindən müəyyənləşmiş məcburi həkim müayinəsindən keçir. Amma valideyn aparıb övladının ürəyini, ağciyərini, qaraciyərini və s. yoxlatdırmır. Hətta övladının xəstə olduğunu bilən də 90 faiz hallarda bunu qarşı tərəfdən gizlədir. “Toyu olsun, sonrasına baxarıq” deyir. Qız da gedir hamilə qalır, ondan sonra baxırsan ki, iş işdən keçib. Ümumiyyətlə, ana çox hallarda ərə verilən qızın hansı ginekoloji problemləri olduğunu bilmir”.

sonsuzluq

Qızın ginekoloqa getməsi…

Direktorun sözlərinə görə, sonsuzluq əlamətləri erkən yaşlarda müəyyən ediləndə onu aradan qaldırmaq daha asan olur:

“Qanunla qızlar 14 yaşından başlayaraq, yeniyetmə ginekoloqunun nəzarətində olmalıdır. Ginekoloqa getmək o demək deyil ki, həkim ona hansısa müdaxilələr edəcək. Sadəcə, həkim sual-cavab əsasında, USM vasitəsilə həmin uşaqda ginekoloji problemlərin olub-olmadığını müəyyən edə biləcək. Neqativ hal müəyyən olunanda həmin uşaq qan müayinəsinə cəlb olunmalıdır. Amma edirikmi?”

sonsuzluq

USM qız uşaqlarına zərərlidir?

Həkim bəzi anaların “qız uşağını da USM-yə apararlar?”, “USM şüadır, ziyan olar” fikirlərinə də münasibət bildirib:

“Uşağın qaraciyəri, böyrəyi, dalağı ehtiyac olanda ultra səs müayinəsindən keçirilirsə, cinsi orqanlarının müayinəsindən niyə qorxmalıyıq? O da daxili orqandır, yoxlanış zamanı orqana hansısa zərər dəymir. Qızları USM-yə aparanda yeganə tələb bu olur ki, çoxlu maye qəbul etsin, vəssalam. Ginekoloqa getmək o demək deyil ki, onu dərhal stola qaldıracaqlar. Axı kimin nəyinə lazımdır? Həkim qaraciyərinə, böyrəyinə baxdığı kimi, digər orqanlarına da baxacaq. Təəssüf ki, valideynlər bunu bilmir, ya da bilmək istəmir. Odur ki, sonsuzluq diaqnozu qoyulanda əl-ayağa düşürlər”.

hamile

Sonsuzluq və səbəbləri…

Sonsuzluq – nizamlı şəkildə 1 il cinsi əlaqəyə girilməsinə baxmayaraq, hansısa  qorunma üsulu istifadə olunmdan hamiləliyin gerçəkləşməməsinə deyilir. Gənc cütlüklərdə müalicə üçün gözləmə müddəti daha uzun ola bilər. Lakin qadının yaşı 35 və ondan çoxdursa, müalicə dərhal başladılmalıdır.

S.Məmmədova qeyd edir ki, sonsuzluğun bir neçə səbəbi var:

“Birinci səbəb endokrinoloji, hormonların pozulması sonsuzluğudur. 15-16 yaşında hormon pozğunluğunu müəyyənləşdirib korrektə etmək olar ki, gələcəkdə böyük fəlakətə çevrilməsin. Bunun üçün də qızları elə erkən yaşlarından müayinəyə cəlb etmək vacibdir.

Sonsuzluğun ikinci səbəbi, cinsiyyət üzvlərində anadangəlmə qeydə alınan anomaliyalardır. Erkən müayinə zamanı valideyn biləcək ki, onun qızının uşaqlığı, yumurtalığı inkişaf etməyib və s. Artıq gələcək üçün qarşıya çıxa biləcək problemlərin həllini düşünəcək. Hətta qızı ilə ailə qurmaq istəyən oğlana, ailəsinə də bunu deməlidir, yəni “razısansa al, razı deyilsənsə alma. Aparıb uşağı olmayanda, bədbəxt edib, psixoloji travma verib üsümə qaytaracaqsansa, evlənmə qızımla”.

Üçüncü səbəb, immunoloji səbəbdir. Əgər sağlam xanım, sağlam bəylə ailə qurubsa və bir ildən artıq müddətdə övladı olmursa, onlarda immunoloji uyğunsuzluğunu yoxlayırıq. Amma 90 faiz hallarda sonsuzluğun səbəblərini nikahdan əvvəl müəyyən etmək olar”.

hamile

10 ailədən 1-i sonsuzdur, süni mayalanma ilə doğanlar bunu gizlədir

Mərkəz rəhbəri sonsuzluqla bağlı statistikaya da aydınlıq gətirdi:

“İllər boyu dünyada da, ölkəmizdə də sonsuz nikahlar bütün nikahların təxminən 25 faizini təşkil edib. Sadəcə 15 il əvvəl diaqnostika belə yüksək inkşaf etməmişdi, süni mayalanma yox idi. Ona görə də sonsuzluq o qədər də insanların diqqət mərkəzində deyildi. İndi respublikada süni mayalanma həyata keçirilir, avadanlıqlarımız, mütəxəssislərimiz var, klinika-laborator diaqnostikamız yaxşılaşıb. 15 il əvvəldən fərqli olaraq indi sonsuzluq olub-olmadığını ayırd edə bilirik. Əvvəl çoxu həkimə müraciət etmirdi deyə, rəqəmləri də ayırd etmək olmurdu. Amma indi olur ki, ailə qurandan 2-3 ay sonra gəlirlər ki, “uşağım olmur”. Hazırda sonsuzluğun aşkarlanması yaxşılaşıb. Demək olmaz ki, sonsuzluq ilbəil artır. Sadəcə, aşkarlanma və müalicə yaxşılaşıb.

Azərbaycanda rəsmi olaraq hər 10 ailədən 1-i sonsuzluqla bağlı müraciət edir. Amma süni mayalanma ilə uşaq dünyaya gətirənlərin statistikası toplanmır. Kimisi xaricdə elətdirir, kimisi özəl klinikada və s. Onların çoxu uşağının süni mayalanma ilə doğulduğunu bildirmir. Ailə sirri olduğu üçün həkimin bu məlumatları açıqlamağa ixtiyarı yoxdur. Ona görə də biz dəqiq deyə bilmərik ki, nə qədər ailə sonsuzluğa görə müraciət edib, onlardan neçəsi süni mayalanma ilə valideyn olub və s. Biz bu rəqəmləri açıqlaya bilmirik. Çünki pasiyentlər istəmir. Azərbaycan mentaliteti hələ buna hazır deyil. Amma aradan qaldırıla biləcək sonsuzluq aşkarlandıqda qadınların 50 faizi müalicə ilə hamilə qalır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir