emek_kitabcasi

Bəs Sizin əmək müqaviləniz var?!

Baxış sayı: 450

Şübhəsiz, günümüzün ən ciddi problemlərindən biri əmək hüququnun pozulmasıdır. İşlədilərək əmək haqqının, ödənişin verilməməsi, əməyin düzgün qiymətləndirilməməsi, qanunda nəzərdə tutulmuş iş saatından artıq işlədilmə, iş öhdəliklərinin pozulması, əmək müqaviləsi olmadan qanunsuz şəkildə işlədilmə bu mənada ən xarakterik problemlərdir.

Bu materialda əmək hüququ və əmək müqaviləsi barədə danışacağıq.

Əmək hüququnun predmetini təşkil edən münasibətlər arasında işçilərlə işəgötürən arasındakı muzdlu əmək münasibətləri əsas yer tutur. Əmək qanunvericiliyinə uyğun olaraq bu münasibətlər, işçilərin əməyinin təşkilinə dair müəssisələrdə əmələ gələn iradəvi sosial münasibətləri özündə əks etdirir. İşçilərin işəgirmə, başqa işə keçmə və işdən azad olunma qaydaları məhz əmək hüququ ilə müəyyən edilir. Bundan əlavə, əmək hüququ əmək haqqı, iş vaxtı, istirahət vaxtı, əmək intizamı, həvəsləndirmə tədbirləri, intizam məsuliyyəti, əmək mübahısələri və onların həlli qaydası kimi vacib zəruri məsələləri nizamlayır.

Hal-hazırda əmək münasibətlərinin iki əsas qrupu göstərilir: əmək müqaviləsi üzrə işləyənlərin muzdlu əmək münasibətləri və əmək proseslərində iştirak etmək üçün müəssisənin əmlakının mülkiyyətçilərinin iştirak etdikləri münasibətlər.

Qeyd etmək lazımdır ki, işçilər işə daxil olduqda iş prosesində onunla işəgötürən(təşkilat, sahibkar) arasında əmək münasibətləri yaranır. Əmək münasibətləri ilə sıx sürətdə bağlı olan digər münasibətlər də əmələ gəlir. Bu cür münasibətlərə əmək münasibətləri ilə sıxsürətdə bağlı olan digər münasibətlər deyilir.

Əmək münasibətlərində 2 tərəf iştirak edir: işçi və işəgötürən. Onlar arasında olan münasibətlər əvəzlidir.

Əmək müqaviləsi nədir və nəyə xidmət edir?

Əmək müqaviləsi (kontraktı) dedikdə, işəgötürənlə işçi arasında fərdi qaydada bağlanılan, əmək münasibətlərinin əsas şərtlərini müəyyən edən yazılı sənəd başa düşülür.

Əmək müqaviləsinin elementləri dedikdə, onun tərkib hissələri başa düşülür. Subyekt tərkibi əmək müqaviləsinin əsas elementlərindən biridir. Əmək müqaviləsinin subyekt tərkibi müqaviləni bağlayan tərəflərdən ibarətdir. Əmək müqaviləsində 2 tərəf iştirak edir:işçi; işəgötürən.

Işçiləri işə qəbul etmək, işçilərə iş vermək və onlarla əmək müqaviləsi bağlamaq hüququna malik olan şəxslərə işəgötürən deyilir. Bu rolda həm təşkilatlar, həm də sahibkar statusu olan fiziki şəxslər çıxış edə bilər.

Əmək müqaviləsinin digər tərəflərindən biri isə işçidir. Işçi dedikdə, işəgötürənlə fərdi qaydada yazılı əmək müqaviləsi bağlayaraq müvafiq iş yerində haqqı ödənilməklə çalışan şəxs başa düşülür. Işçi rolunda yalnız fiziki şəxslər çıxış edə bilərlər. Işçi kimi əmək müqaviləsi bağlayan şəxsin 15 yaşına çatması tələb olunur.

Əmək müqaviləsinin məzmunu onun elementlərindən ibarətdir. Tərəflərin razılığa gəldikləri müqavilə şərtləri əmək müqaviləsinin məzmununu təşkil edir. Bu şərtlərdə tərəflərin hüquq və vəzifələri nəzərdə tutulur. Müqavilə şərtləri 2 cür olur:

Əsas müqavilə şərtləri odur ki, onların olması əmək müqaviləsini bağlanmış hesab etmək üçün kifəyətdir.

15 yaşından 18 yaşınadək olan şəxslərlə əmək müqaviləsi bağlanan zaman onlarin valideynlərindən birinin hökmən razılıq verməsi tələb olunur. Razılıq yazılı formada olmalıdır. Əmək müqaviləsi imzalandığı gündən qüvvəyə minir.

 

Əmək məcəlləsi nə deyir?

«Bu Məcəllənin 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş şərtlərdən hər hansı biri göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya yenidən tərtib edilməsi tələbi qoyula bilər.»

Söhbət hansı şərtlərdən gedir? Gəlin 43-cü maddənin bütün bəndlərini nəzərdən keçirək. İlk üç bənd tamamilə aydındır, bu bəndlərə əsasən müqavilədə işçinin adı və soyadı, işəgötürənin adı, işçinin iş yeri göstərilməlidir. Bu məlumatlarsız heç bir razılaşma və ya müqavilə ola bilməz.  Əmək müqaviləsinin sonrakı hissəsini daha diqqətlə oxumaq lazımdır.

Məcəllənin «ç» və «d» bəndləri əmək müqaviləsinin qüvvədə olduğu müddətin dəqiq göstərilməsini nəzərdə tutur. Yəni müqavilənin hansı gündən qüvvəyə mindiyi və hansı gündən qüvvədən düşdüyü müqavilədə dəqiq yazılmalıdır. Bu bəndlərin nə qədər vacib olduğunu izah etməyə yəqin ki, ehtiyac yoxdur.

“e” bəndi işçinin əmək funkasiyası ilə bağlıdır. Sadə dildə desək, sizdən əmək müqavilənizdə qeyd olunmayan işi görməyinizi tələb etsələr, nəzakətli şəkildə etiraz edə bilərsiniz, buna sizin tam haqqınız var. Məsələn, siz mağazada satıcı işinə götürülmüsünüz. Amma bir gün iş vaxtı anbara yük daşımağınızı istəyirlər. Siz sakit halda müqavilənizi çıxara, öhdəliyinizin nədən ibarət olduğunun qeyd edildiyi hissəni taparaq, sizdən tələb olunan əlavə işi yerinə yetirməkdən imtina edə bilərsiniz. Əmin olun ki, məhkəmə sizin tərəfinizdə olacaq.

“ə” bəndi ən vacib bənddir, burada «işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması» göstərilməlidir. Bunlar müqavilədə son dərəcə detallı, aydın şəkildə izah olunmalıdır. Müqavilədə əməkhaqqının veriləcəyi vaxtın da dəqiq göstərilməsi pis olmazdı. Yoxsa işəgötürən işçinin əməkhaqqını yalnız istədiyi vaxt ödəyəcək.

“f” və “g” bəndləri tərəflərin qarşılıqlı öhdəlikləri və qoya biləcəkləri əlavə şərtlər barədədir. Bunlar da vacib bəndlərdir. Siz müqavilənin mətnini diqqətlə oxumasanız, bir gün  gözləmədiyiniz öhdəlikləri yerinə yetirməli olduğunuzu görərsiniz.

 

 

Əmək müqavilələrinin hazırlanması zamanı ən çox buraxılan səhvlər

Əməkhaqqının ödənilməsi şərtləri göstərilmir (maaşın ölçüsü, tarif həddi, ruhlandırıcı ödəmələr və mükafatlar) İşçi ən yaxşı halda əməkhaqqının minimal həddinə ümid edə bilər
Əməkhaqqının ödənilməsi tarixi göstərilmir İşçi əməkhaqqını işəgötürənin istədiyi, işəgötürənə sərf edən vaxt alar
İş rejimi göstərilmir (iş gününün başlandığı və qurtardığı vaxt, nahar saatı, iş və istirahət günləri) İşəgötürən işçini istənilən gün işdə olmadığı üçün qova bilər
İşçinin işi-peşəsi, öhdəliyi göstərilmir İşçi onun peşəsi və öhdəliyinə heç uyğun olmayan işlərə cəlb oluna bilər
İşçinin dərəcəsi göstərilmir (sinif, kateqoriya) İşçinin əməkhaqqı veriləndə onun dərəcəsi nəzərə alınmaya bilər (AR Əmək Məcəlləsinin 57-ci maddəsi)
İşəgötürən haqqında dəqiq məlumat verilmir Əmək müqaviləsi pozularsa, işçi məhz kimə işlədiyini, kiminlə razılaşma imzaladığını sübut edə bilməz

 

_________________________

Bu yazı ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən və Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı Nümayəndəliyi tərəfindən icra edilən “Azərbaycanda potensialların artırılması və texniki dəstək vasitəsilə insan alverinə qarşı mübarizənin səmərəliliyi üçün əməkdaşlığın gücləndirilməsi – IV Faza” proqramı çərçivəsində “168 saat” qəzeti  və “Xeberle.com” saytı Konsorsiumunun həyata keçirdiyi “Sumqayıt şəhəri və yaxın regionlarda insan alverinə qarşı mübarizə sahəsində ictimai dəstəyin gücləndirilməsinə yönəlmiş tədbirlər” layihəsi çərçivəsində dərc olunur. “Gencaile.az” saytı layihə çərçivəsində hazırlanmış materialların daha geniş auditoriyaya çatdırılmasına dəstək verir. 

Məqalələrdə ifadə edilmiş fikirlər müəlliflərə məxsusdur və ABŞ Dövlət Departamenti və BMqT-nin mövqeyini əks etdirmir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir