BALQABAQ SIRNIYYATI

Balqabaq şirniyyatını belə hazırlayın – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 762

Ana vətəni Amerika olan bir bostan bitkisindən bəhs edəcəyik: Zoluşka nağılında faytona çevrilən, müxtəlif ölkələrdə cadugərlər bayramının simvolu olan, yarımkürə şəkilli və narıncı rəngli balqabaqdan.

Balqabaq qədim dövrlərdən bəri müalicəvi əhəmiyyətə malikdir: bədəndən lazımsız mayeni çıxarır, sinir sistemini stimullaşdırır, mədə xorası, qastrit və yoğun bağırsağın iltihabını çəkir və s. Balqabağın tumları qurda qarşı əla vasitə, artıq çəkidən qurtulmaq istəyənlərə fayda və dəri üçün bərpaedici xüsusiyyətə malikdir.

İnsan orqanizmi üçün çox xeyirli olan balqabaq bir çox xalqların mətbəxinə daxil olub. Azərbaycanda da iqlim şəraitinə uyğunlaşan və sevilərək həm çiy, həm bişmiş yeyilən, eyni zamanda şirəsi içilən bir nemətdir.

Balqabaq qutabdan şirniyyata qədər bir çox yeməklərdə istifadə olunur. Bu məhsulu plova qataraq da bişirmək olur. Lakin çoxumuz balqabağı şirniyyat kimi daha çox sevirik. Balqabağı belə bişirdikdə öskürək zamanı yaxşı təsir edir.

“Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında balqabaq şirniyyatının reseptini təqdim edirik.

Balqabaq şirniyyatı bişirmək üçün lazım olan ərzaqlar:

1 kiloqram qabığı soyulmuş balqabaq,

500 qram şəkər tozu,

1 stəkan qoz ləpəsi.

Zövqə və istəyə görə qaymağı və ya krem.

Bir neçə ədəd mixək.

Şirniyyatın hazırlanma qaydası:

Əvvəlcə iki barmaq qalınlığında doğranmış balqabağı yuyuruq. Sonra onu geniş bir qazana düzür və üzərini örtəcək qədər şəkər tökürük. Qazan böyük deyilsə, balqabaq və şəkəri üst-üstə sıralamaqla da düzə bilərik. Sonda üzərinə mixək dənələrini töküb qazanın qapağını örtürük.

Balqabağın sulanıb şəkərin əriməsi üçün onu ən az 4 saat, mümkünsə gecədən səhərə qədər otaq temperaturunda saxlamaq yaxşı olar. Ertəsi gün balqabağı zəif odda təxminən 50-55 dəqiqə bişirmək lazımdır.

Bişən balqabaq soyuduqdan sonra nimçələrə düzürük. Əgər qaymağı seviriksə, üzərinə bir az qaymaq (ya krem) töküb qoz ləpəsi səpirik. Beləliklə, balqabaq şirniyyatı tam hazırdır və süfrəyə gətirə bilərik.

Nuş olsun!




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir