yemeye ne var

Bayram süfrəsinə yaraşan yemək reseptləri – “YEMƏYƏ NƏ VAR?”

Baxış sayı: 344

Yeni ilə sayılı günlər qalıb, xoş bir təlaş içində olduğunuzu bilirik. Bəlkə də bu bayram böyük qonaqlığa ev sahibi olmaq üçün sizin növbənizdir. Bunun üçün Yeni il süfrəsini ziyafətə çevirəcək reseptlər axtarışındasınız? Ləzzəti damaqda qalan və hamı tərəfindən tərif alan Yeni il təamları hazırlayıb sevdiklərinlə gözəl bir axşam keçirmək istəyirsniz? Doğru yerdəsiniz, sizin üçün möhtəşəm yeməklər seçmişik və “Gencaile.az” saytının “Yeməyə nə var?” rubrikasında onları sizə təqdim edəcəyik.

 

İçi düyü və şabalıdlı sobada toyuq


Bayram süfrələrinin əvəzolunmaz ləzzətinə öz imzamızı ataq dedik. Sobada toyuğu demək olar hər kəs sevir, bu dəfə onu düyü və şabalıdla dadlandırmağa nə deyirsiniz? Bunun üçün sizə lazımdır:

5 kq toyuq;

1 soğan;

1 kök;

1 kərəviz;

2 dəfnə yarpağı;

8 diş sarımsaq;

2 yemək qaşığı kərə yağı.

Sous üçün:

2 yemək qaşığı soya sousu;

2 yemək qaşığı zeytun yağı;

Yarım çay stəkanı bal;

3 yemək qaşığı bibər pastası;

Təzə kəklikotu;

4 diş sarımsaq.

Plov üçün:

500 qram düyü;

2 soğan;

70 qram qoz;

120 qram kərə yağı;

1 yemək qaşığı darçın;

1 yemək qaşığı şəkər tozu;

Duz;

Qara istiot.

Böyük bir qazanda bol su ilə toyuq, doğranmış soğan, kök, kərəviz və dəfnə yarpağını 2 saat parçalanmadan qaynadın. Toyuğu boşqaba, suyunu isə kənara qoyun. Bir qabda sous üçün inqrediyentləri qarışdır. Sousu qaynadılmış toyuğun üzərinə və içinə yayın. Əzilmiş sarımsaq və kərə yağını toyuğun dərisinə yaxın. Plov üçün düyünü ilıq suda 30 dəqiqə isladıb yuyun. Doğranmış soğanı qozla qovurun. Soğanın rəngi dəyişməyə başlayanda düyü əlavə edin. 7-8 dəqiqə qovurduqdan sonra ədviyyatları əlavə edin. Toyuğu qaynatdığın su ilə aşağı istilikdə 10 dəqiqə bişirin. Daha sonra dəmlənməsini gözləyin. Sobada şabalıdları bişirib plova əlavə edin və toyuğun içinə doldurun. 190 dərəcədə isidilmiş sobada üzərini örtüb 3 saat bişirin. Sobadan götürdükdən sonra servis üçün 15-20 dəqiqə gözləyin. İndidən nuş olsun!

 

Sobada quzu budu


Ağızda əriyən, ətə doyduran bir ləzzətə hazırsınız? Yanında nə servis etsəniz, yaraşan bu yemək üçün lazım olan ərzaqlar:

2 ədəd quzu budu;

5 yemək qaşığı zeytun yağı;

1 yemək qaşığı kərə yağı;

100 qram hövsan soğanı;

4 diş sarımsaq;

2 kartof;

2 kök;

1 kərəviz sapı;

4 stəkan qaynar su;

1 dəfnə yarpağı;

Duz;

İstiot.

Soyulmuş kartofu yarıya, kök və kərəviz sapını böyük hissələrə bölün. Zeytun yağını dərin qazana tökün, qızandan sonra quzu ətlərini diqqətlə tavaya qoyun. İki tərəfini də azı 3 dəqiqə möhürləyin. Daha sonra ətlərə soğan və sarımsağı əlavə edin. Doğranmış kartof, kök və kərəviz sapları ilə şirəsi çıxana qədər bişirin. Qızardılmış ət və tərəvəzləri qaba yerləşdirib sobaya qoyun. Qaynar suyu üzərinə tökün. Bulyona ləzzət vermək üçün dəfnə yarpağı, ədviyyatlar və yağ əlavə edin. Yeməyin üzərinə yağlı kağız qoyun. 190 dərəcədə isidilmiş sobada 60 dəqiqə bişirin. Hazır olandan sonra quzu ətini tərəvəzlər və yeməyin öz şirəsi ilə servis edin. Sevdiklərinizlə paylaşmağa hazırdır.

 

Beşamel sousu ilə bişmiş gül kələm


Belə ləzzətli təamlar arasında vegetarianlar üçün də seçim olmalıdır deyə düşündük. Gül kələmi bayrama yaraşan ləzzət halına gətirmək üçün beşamel sousu ilə dadlandırmaq qərarına gəldik. Bu ərzaqları al və yeməyi hazırlamağa başlayın:

Orta ölçülü gül kələm;

5 stəkan qaynar su;

2 yemək qaşığı kərə yağı;

2 yemək qaşığı un;

2 stəkan soyuq süd;

1,5 çay qaşığı duz;

1/4 çay qaşığı rəndələnmiş muskat qozu;

1 stəkan rəndələnmiş çeddar pendiri.

Gül kələmin kök hissəsini kəsib xırda-xırda hissələrə ayırın, bol suda yu və qazana boşaldın. 10 dəqiqə qaynadın, daha sonra qaynadılmış gül kələmi soyuq suda saxlayın və süzün. Beşamel sousu üçün bir qabda kərə yağını əridib un əlavə edin və 2-3 dəqiqə qovurun. Soyuq südü az-az əlavə edib çırpan qaşıq ilə topaqlar qalmayacaq şəkildə qarışdırın. Duz və rəndələnmiş muskat qozunu əlavə edin, sous qatılaşanda hazırdır. Sobaya yerləşdirəcəyin gül kələmləri dərin qaba yerləşdirin, üstünə beşamel sousunu tök və rəndələnmiş çeddar pendirini əlavə edin. 180 dərəcədə isidilmiş sobada 25 dəqiqə bişirin. İsti-isti servis edin ki, hamı ləzzətinə heyran qalsın.

 

Təqdim etdi: Məsudə Sultan




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir