Tural Abbasov

BMT-dəki işindən imtina edib velosipedlə dünya turuna çıxan həmyerlimiz: “Dolğun və maraqlı həyat yaşadığımı hiss edirəm”

Baxış sayı: 60

Məqsədi velosipedlə dünyanı gəzməkdir. Birləşmiş Millətlər Təşkilatındakı işini tərk edib, öz arzusunun ardınca gedib. Deyir ki, nə qədər gücü və imkanı var, irəli pedallayacaq: “Bu yolda haralara qədər gedib çıxacağımı bilmirəm, amma nə qədər ki gücüm və imkanım var, irəli pedallayacam. 2014-cü ilin sentyabrında ilk velosəyahət təcrübəsi kimi Azərbaycan üzrə 600 kilometrlik yürüş etdim. 2015-ci ilin may ayının sonlarında çoxdankı arzumu – velosipedlə dünyanı dolanmaq arzusunu həyata keçirməyə başladım. 2016-cı ilin yanvarında səyahətin “Böyük İpək Yolu boyu” adlandırdığım birinci mərhələsini bitirdim. Orta Asiyadan keçməklə, Bakıdan Çinə gəlib çıxdım. Sentyabrda isə Cənub-Şərqi Asiyanı tamamladım. İndi isə macəra eşqi məni Avstraliyaya gətirib. Hazırda Avstraliyadayam. Növbəti planım ABŞ-ı və Avropanı keçib vətənə dönməkdir”.
Qeyd edək ki, müsahibimiz bu günədək 17100 kilometr məsafəni qət edib, yolda olduğu müddət isə 509 gündür. Bu müddət ərzində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Tacikistan, Qırğızıstan, Çin, Laos, Vyetnam, Kamboca, Tailand, Malayziya, Sinqapur, İndoneziya, Avstraliyanın ərazisindən velosipedlə keçib. Həmsöhbətimiz yolda yaşadığı macəraları, gördüklərini velotural.az səhifəsində təfərrüatı ilə bölüşür.

– Tural bəy, necə oldu ki, velosəyahətə çıxmaq qərarına gəldiniz? Bu istək necə yarandı?
– Velosəyahət iki sevimli məşğuliyyətimi – səyahət və velosiped sürməyi birləşdirir. Ömrün sonunadək yaddaqalan bir səyahət etmək, dünyanı görmək çoxdankı arzum idi. Özü də bunu tipik turizm rejimində deyil, məhz macəra, risk, ekstremal üslubda etmək istəyirdim. Velosəyahət bunların hamısını mənə verir.

– Velosiped sevgisi sizdə nə vaxtdan yaranıb?
– Yəqin ki hamıda olduğu kimi – uşaqlıqdan, məhəllədə “Şkolnik”, “Desna” və s. kimi sovet velosipedlərinin yəhərinə minib, bəşəriyyətin bu dahi ixtirasının bağışladığı sürət və azadlıq hisslərini duyanda velosipedi sevməyə başlamışam.

– Velosəyahət sizə mənəvi cəhətdən nə qazandırır? 
– Bu səyahət mənə yaşadığımız dünyanı daha yaxından görmək və onu daha yaxşı anlamaq imkanını qazandırır. Üzümü küləyə verib pedal çevirərkən, təbiət qoynunda düşərgəmi qurub bu planetin gözəlliklərini seyr edərkən, yad ellərin insanları ilə söhbətləşərkən, müxtəlif macəralar yaşayarkən doğrudan da dolğun və maraqlı həyat yaşadığımı hiss edirəm və nə qədər ki yoldayam, bu günlərdən maksimum zövq almağa çalışıram.

– Uzun yol qət etməyin çətinlikləri nələrdir?
– Velosəyahət əslində kənardan göründüyü kimi çətin deyil. Əgər baza sağlamlığın, kifayət qədər pulun, vaxtın, xarici dil biliyin, macəra eşqin və daxili intizam hissin varsa, burada xüsusi çətin heç nə yoxdur. Əsas istəmək, əzm və məqsəddir. Mənim kimi tək səyahət edəndə isə əsas məsələ fiziki deyil, psixoloji sınaqlara sinə gərməkdir, tənhalıqdan qorxmamaqdır. Bizim beynimiz elə işləyir ki, daim insanı komfort zonasına, sabitlik zolağına, istiyə, rahatlığa çəkir; üfüqdə bir çətinlik, riskli iş görəndə deyinməyə, həvəsdən salmağa çalışır. Ortaya min dənə bəhanə atır ki, fikrindən daşınasan və ya başladığın işi tez bitirib yenidən rahatlığa qayıdasan. Buna görə də bir çox insan uzaq səyahətlər haqda xəyal etsə də, ömür boyu əsas səyahət marşrutu elə “ev-iş-bağ evi-rayon yeri” qalır.

–  Bu da həqiqətdir ki, çıxdığınız səfər bir çox insan üçün əlçatmaz və mümkünsüzdür. Siz nədən ilhamlanırsınız?
– Çox sadə – sadəcə, çoxdan arzuladığım şeyi həyata keçirirəm. Dünyanı dolaşmaq, uzaq diyarları görmək, digər irqlərdən və millətlərdən olan insanların yaşayış tərzi, adətləri, mətbəxləri ilə tanış olmaq, xülasə, yaşadığımız bu balaca planeti özüm üçün mümkün qədər çox kəşf etmək mənim çoxdankı, demək olar, uşaqlıq arzum olub və bunu etməkdən zövq alıram. Əgər bir şeydən zövq alırsansa, burada xüsusi əlavə ilham mənbəyinə heç ehtiyac da yoxdur.

– Tura çıxarkən necə hazırlaşdınız?
– Hər şey, necə deyərlər, nəzəriyyədən başladı. Velosəyahətə aid materiallarla, səyahətçilərin kitabları və bloqları ilə tanış olmağa başladım. Sonra təqribi marşrut cızıb xəritələri, ayrı-ayrı ölkələrdəki iqlim şəraiti, viza tələbləri və s. detalları üzrə məlumat topladım. Özümlə götürəcəyim əşyaların siyahısını tutub bir-bir tədarük etməyə başladım. Son hazırlıq mərhələsi isə velosipedlə Azərbaycan üzrə sınaq veloyürüşü oldu. Ondan sonra gördüm ki, uzaq yola çıxmağa artıq hazıram.

– Tur zamanı yolda rastlaşdığınız insanların sizə münasibəti necə olur?
– İndiyə kimi əsasən xeyirxah, dostcanlı, mehriban insanlarla rastlaşmışam. Artıq bir neçə ölkədən yeni dostlar qazanmışam. Ümumiyyətlə, insanlar bizim kimi səyyahlara həmişə kömək etmək istəyir. Çox vaxt sorğu-suala tuturlar, yeməyə, ya da evdə gecələməyə dəvət edənlər də olur. Ümid edirəm, bundan sonra da belə olacaq.

– Təhlükə ilə rastlaşmısınızmı?
– Xeyr, indiyə kimi ciddi heç bir təhlükə ilə rastlaşmamışam. Ümid edirəm bundan sonra da rastlaşmayacam.

– Azərbaycanda gənclər arasında velosipedə maraq o qədər də ürəkaçan deyil. Gənclərə nə demək istərdiniz?
– Bununla qətiyyən razı deyiləm. Əksinə, Azərbaycanda gənclər arasında velosipedə maraq günü-gündən artır və bu, məni çox sevindirir. Adi internetə nəzər yetirsəniz, Bakıda neçə aktiv veloklubun olduğunu görəcəksiniz. Gənclər mütəmadi görüşlər, birgə velo yürüşlər təşkil edir. Bakıda artıq bir neçə “Critical Mass” yürüşü keçirilib. Velodükanların sayı artır. Velosiped sürən xanımların sayında da artım var. Mənə gələn məktublardan isə görürəm ki, artıq velosəyahətə də maraq göstərənlər yaranır. Ona görə ölkəmizdə velomədəniyyətin inkişafına nikbin baxıram. Əlbəttə, bir-iki ilə Hollandiya ola bilmərik, amma müsbət inkişaf tendensiyası var.

– Turun büdcəsini necə formalaşdırırsınız? Sirr deyilsə, bir tura nə qədər pul xərclənir?
– Dünya turum hələ bitməyib, ona görə siz məndən hansısa konkret rəqəm gözləyirsinizsə, hələlik bir şey deyə bilmərəm. Ümumiyyətlə, velosəyahət bəlkə də ən ucuz səyahət növüdür, çünki bir çox şeyə qənaət etmək olur. Məsələn, yeməyini özün bişirə, çadırda gecələyə bilərsən və s. Büdcənin də elə əsas maddəsi qida və yaşayış yeridir. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir