BOSANMA

Boşananların mal-mülk davası necə həll edilməlidir? – HÜQUQŞÜNAS RƏYİ

Baxış sayı: 197

Bu ilin 6 ayı ərzində Azərbaycanda 6 min 300 boşanma qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə,  2016-cı ilin ilk 6 ayı ərzində qeydiyyat şöbələri tərəfindən 29,8 min nikah və 6,3 min boşanma halı qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə nikahların sayı 6,2, boşanmaların sayı isə 1,3 olub.

Qeyd edək ki, 2015-ci ilin 6 ayı ərzində Azərbaycanda 38 min 600 nikah bağlanıb, 6 min 400 ailə isə boşanıb. Mütəxəssislərə görə, boşanmadan sonra tərəflər arasında əsasən əmlak məsələləri problemləri yaşanır.

Müsahibimiz Təranə Səmədovanın sözlərinə görə, 2 illik ailə həyatından sonra boşanmaq məcburiyyətində qalıb: “Sevərək ailə həyatı qurmuşduq. Yoldaşım evin tək oğlu olduğu üçün qayınanamla bir evdə yaşamaq məcburiyyətində idim. Bir il sonra hamilə qaldım və analizlər zamanı mənim talassemiya daşıyıcısı olduğum məlum oldu. Övladımızı həkimlərin məsləhəti ilə tələf etdim. Çünki yoldaşım da talassemiya xəstəsi idi”.

Səmədovanın talassemiya daşıyıcısı olduğunu bilən həyat yoldaşı evdə tez-tez mübahisələr salır, ondan boşanmaq istədiyini deyir. Qadın isə həyat yoldaşının ondan ayrılacağına inanmadığı üçün son mübahisədən sonra atasının evinə qayıdır: “Mübahisələrimiz əvvəl də olurdu. Küsüb atamın evinə gedirdim, gəlirdi, barışırdıq, qayıdırdım evimə. Düşünürdüm ki, yenə elə olacaq. Bütün qiymətli əşyalarım, paltarlarlarım qaldı onun evində. Aradan bir il keçib, artıq rəsmi boşanmışıq. Amma mən nə pal-paltarımı, nə də qızıllarımı geri ala bildim. Heç nəyimi vermədilər”.

Hüquqşünas Asif Abdullayevin sözlərinə görə, boşanmış şəxslər arasında qızıl və digər əşyaların tələbi ilə bağlı mübahisələr daha çox yaşanır: “Tez-tez rast gəlinən məhkəmə çəkişmələrindən biri də keçmiş ər-arvadın əmlak tələbi ilə bağlı olur. Bura daha çox xanımın qızıl və digər qiymətli əşyalar barədə tələblərini aid etmək olar”.

Hüquqşünas qeyd edir ki, bəzi hallarda gəlinlər yaşadıqları evi dava-dalaş şəraitində tərk edirlər və nəticədə də özləri ilə ər evindən qiymətli əşyalarını götürə bilmirlər. Dediyinə görə, Azərbaycanda uzun illər boyunca formalaşmış adətlərə əsasən, gəlin köçən xanım, özünə məxsus və ona hədiyyə edilən qymətli əşyaları ər evində (köçdüyü ev, ərin valideynlərinin evi və sair) saxlayır. Bu səbəbdən də, xanıma aid olan qızıl və digər qiymətli əşyaların ər evində saxlanıldığına məhkəmədə inam yaranır. “Belə olan halda, artıq keçmiş ər sübut etmək məcburiyyətində qalır ki, onun keçmiş həyat yoldaşı, həqiqətən də, özünəməxsus qiymətli əşyaları evdən gedərkən götürüb. Əks halda, həmin əşyaların qaytarılması barədə məhkəmə qətnamə qəbul edə bilər. Bu barədə vahid məhkəmə təcrübəsi olmasa da, bəzi hakimlər məsələnin həllinə məhz bu cür yanaşır”.

Qeyd edək ki, əgər qadının qiymətli əşyaları həyat yoldaşının evində qalıbsa, bunu sübut edərək məhkəmə yolu ilə geri almaq mümkündür.

İradə CƏLİL




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir