aspaz

Ərdoğanın aşpazı: “İstədiyi yeməyi yeməsə…” – MÜSAHİBƏ

Baxış sayı: 2. 132

25 ildən çoxdur Türkiyənin hazırki prezidenti Rəcəb Tayyib Ərdoğanın şəxsi aşpazı olan Cüneyt Asan “Dünyanın ən cəld qəssabı” adına layiq görülüb. Onu “ətin professoru” da adlandırırlar. Qardaş ölkənin bir çox məşhur simaları onun məsləhət gördüyü ətləri alır və məhz onun tərtib etdiyi yeməkləri yeyirlər. Yenidən Bakıda qonaq olan məşhur qəssab-aşpaz, restoranlar şəbəkəsinin sahibi Aile.lent.az-ın suallarını cavablandırıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir.

Sizi yenidən Bakıda görməyə şadıq.

– Bakı artıq mənim ikinci evimə çevrilib. Burada bir neçə restoranım var. Heç təsadüfi deyil ki, Türkiyədən sonra ilk restoranı məhz Bakıda açdıq. Eyni zamanda burada çoxlu dostlarım var. Bakıya gəlməyəndə darıxıram. Həm dostları ziyarətə gəlirik, həm də buradakı işlərimizə nəzarət edirik.

Türkiyənin bir çox məşhur insanları sizin müştərilərinizdir. Onların yemək zövqü barədə nə deyə bilərsiniz?

– Artıq uzun illərdir adi insanlarla yanaşı Türkiyənin çox məşhur simalarına xidmət edirik. Onların arasında Bülent Ersoy, Kıvanç Tatlıtuğ, Demet Akalın, Murat Boz, Kənan İmirzalıoğlu, Şener Şen və başqaları var. Məsələn, Bülent Ersoy bu mövzuda bir çox məşhur insanlardan fərqlidir. Onun yeməkdə də özünəməxsus zövqü var. Restoran gəlməzdən əvvəl mütləq zəng edir və nə istədiyini deyir. Onun menyusunu öz damaq dadına və zövqünə uyğun hazırlayırıq. Yemək yeməyi çox sevir. Yemək yedikdə özünü xoşbəxt hiss edir, enerjisi yüksəlir, qəhqəhə çəkir, onun üçün yemək bir xoşbəxtlikdir. Ona görə də daim fərqli menyular, yeməklər istəyir. Yeməklərin onun istədiyi kimi bişirilməsini istəyir. Biz də hər dəfə ona məxsus menyu hazırlayırıq.

Daha çox nə yeyir?

– Konkret hansısa yeməyin adını çəkmək çətindir. Həmin günü ürəyi nə istəyirsə, onu yeməlidir. Məsələn, ürəyi bonfile yemək istəyirsə, elə onu da yeyəcək. Bu, dana ətindən hazırlanan yeməkdir. Ətin ən çox antrikot hissəsini bəyənir, yəni yağlı yerini. Həqiqətən də antrikot ətin ən ləzzətli yeridir. Çünki ət öz yağı ilə bişdiyi üçün çox ləzzətli olur, o da bunu çox yaxşı bilir. Məsələn, antrikot yemək istəyirsə, mütləq onu yeyəcək, başqa heç nəyi qəbul etməz. Çünki ağlında, beynində, qəlbində odur. İstədiyi yeməyi yemədikdə özünü xoşbəxt hiss etmir. Belə bir xüsusiyyəti var.

Hər zaman sizi seçən məşhurlardan biri də Murat Bozdur.

– Murat Boz çox yaxşı insandır, tərbiyəlidir, onu çox sevirəm. Əsla kaprizi yoxdur, heç vaxt problem yaratmır. Ətrafındakı hər kəslə gözəl ünsiyyət qurur. Restoranda işləyən insanlarla da münasibəti yaxşıdır, personal onu çox istəyir. Murat Boz da ət yeməyi çox sevir. Sənətçilərin çoxu idmanla məşğul olduqları üçün daha çox ət yeyirlər. İdman və ət onlar üçün çox önəmlidir. Əzələlərin inkişafı, enerji, güc toplamaq üçün ət mütləqdir. Demet Akalın da ət sevən məşhurlardandır. Daha çox kababa üstünlük verir. Siz lülə kababı deyirsiniz, həmin kabab növünü çox sevir. O da qətiyyən problemli müştəri deyil. Yaxşı, təmiz, düzgün, gözəl bişmiş ət olsa, heç vaxt problem yaratmaz.

Bəs məşhurlar arasında problemli müştəriniz var?

– Bunu deməsək, daha yaxşı olar. Çünki bu mövzu bizə narahatlıq yarada bilər. Əslində bizim üçün heç bir problem yoxdur. Bizə heç kapriz də etmirlər. Çünki onlar bizim nə istədiyimizi bilir, biz də onlar üçün nə edə biləcəyimizi bilirik. Başqa yerə gedəndə kapriz edə bilərlər, amma bizim restoranlara gəldikdə etmirlər. Çünki bizə inanırlar.

Masadan qalxdıqdan sonra adətən ofisianta bəxşiş verirlər. Sirr deyilsə, ən əliaçıq məşhur kimdir?

– Hamısı əliaçıqdır. Həqiqətən belədir. Kimisə müqayisə etmək düzgün olmaz. Amma Bülent Ersoy gəlibsə və özünü xoşbəxt hiss edirsə, nəinki personaldakı insanlara, restorandan çıxdıqdan sonra qarşısına çıxan hər kəsə pul verir.

Sizin Bakıdakı restoranlara da azərbaycanlı məşhurlar tez-tez gəlir. İki ölkənin məşhurları arasında yemək zövqü baxımından fərq varmı?

– Türkiyə və Azərbaycan nə qədər çox oxşar olsa da, yemək tərzi baxımından bir az fərqliliklər var. Hər iki ölkənin özünəməxsus yemək vərdişləri mövcuddur. Hərəsinin öz vərdişləri olduğu üçün də buna uyğun yemək zövqləri var.

Məsələn…

– Məsələn, Türkiyədə məşhurların hamısı evdən kənarda, yəni restoranlarda yemək yeyirlər. Restoranlara gəlmədikdə isə evlərində barbekü etdirirlər. Biz onların evlərinə gedirik. Manqal və barbeküləri, ətləri, lazım olan qidaları evlərinə aparırıq, bağçalarında hazırlayırıq. Türk məşhurlarının belə bir tərzi var. Onların qonaqları da çox olur, bir-birini qonaq çağırırlar, birlikdə yemək yeməyi sevirlər. Əgər restorana gəlmirlərsə, ayda bir dəfə yığışırlar. Amma Bakıda çox olmadığım üçün azərbaycanlı məşhurları müşahidə edə bilməmişəm.

Siz insana baxanda onun daha çox nə yediyini, necə qidalandığını təyin edə bilirsiniz?

– İnsanın üzünə baxanda onun hansı yeməyi sevdiyini bilmək çox da asan deyil. Amma fiziki baxımdan dəyərləndirsək, güclü, sağlam, idmançı kimi görünən, gözlərində işıq və enerji olan, yanaqları parlayan insanların ət yeməklərini sevdiyini anlaya bilirəm.

Türkiyə və Azərbaycanda restoranların sayı çoxdur. Bu halda insanların, xüsusən də məşhurların seçimimüxtəlifdir. Siz məşhurları özünüzə necə cəlb etmisiniz?

– Bizim restoranlar 46 illik markadır. Mən 10 yaşından bu işin içindəyəm. Qəssab kimi başladım, sonra restoran işinə keçdim. Hazırda həm qəssablıq, həm restoran işini birlikdə davam etdirirəm. Uzun illərdir bu işi gördüyüm üçün insanlar məni çoxdan tanıyırlar. Keyfiyyətli iş gördüyümü, düzgün, əxlaqlı olduğumu, işimi sevgi ilə etdiyimi bilirlər. Buna görə də hər zaman bizə üstünlük verirlər. Biz yaxşı, keyfiyyətli iş təqdim etməyə davam etsək, onlar da gəlməyə davam edəcəklər, əgər pis işləsək, başqa yerə üz tutacaqlar.

– Yəqin ki, bu işin bir sirri də var.

– Birinci sirr – etdiyin işi yaxşı bilməlisən və mütləq yaxşı komandan olmalıdır. Keyfiyyət standartını pozmadan işini davam etdirməlisən. Restoranı qurdunuz, işlər yaxşı gedir, sonra keyfiyyəti, standartları aşağı salsanız, itirən siz olacaqsınız. Ən yaxşı qulluğu göstərsəniz, ən yaxşı məhsulu versəniz və hər zaman sayqılı, tərbiyəli olsanız, qazanarsınız. Təbii ki, çox çalışmaq, daim yenilik arxasınca qaçmaq, özünü yeniləmək də lazımdır. Bütün sirr bundadır.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir