boy

Boyumuz niyə cılızlaşır?

Baxış sayı: 1. 789

“Bu uşaq nə vaxt boy atacaq?”, “Özümə oxşayıb, boy atmaq istəmir”, “Həkim, turnikdə dartınsam, boyum uzanar?”, “Bu uşaq uzana-uzana hara gedir?”, “Hansı vitamini qəbul edim ki, boyum uzansın?” Bunlar cavabını tapmadığımız əsas suallar olmasa da, yeniyetmələr və gənclər üçün böyük önəm daşıyır.

Kompleksli millət olduğumuzdan deyə bilərik ki, “boy” bizim üçün önəmli faktorlardandır. Hətta o dərəcədə önəmlidir ki, Napoleon, Hitler, Çarli Çaplin kimi ünlü bəstəboyların şöhrəti belə təsəllimiz olmur. Qamətli görünmək üçün min bir əzabla üstündə yeridiyimiz dikdabanlardan da əl çəkmirik…

Boy irsi, genetik məsələdir. Əgər ananın 156 sm, atanın 164 sm boyu varsa, çətin ki, onların uşağı ucaboylu olsun, yaxud həkim onun boyunu “dartıb” uzada bilsin.

Boy artımı qızlarda əsasən 15-16, oğlanlarda isə 18 yaşınadək baş verir. Nəzərə almaq lazımdır ki, ata və ananın boyu uşağın boyuna təsir edən faktorlardan biridir. Uşaq boyunun artması üçün normal bəslənməli, vitamin və minerallarla düzgün təmin edilməli, idmanla (xüsusilə üzgüçülük, voleybol, basketbol) məşğul olmalıdır.

Mütəxəssislər bildirirlər ki, boyun artmasında qidalar böyük üstünlük təşkil edir. Kalsiumun bu mənada böyük rolu var. Bu, mineral sümüyü inkişaf etdirir. Odur ki, kalsiumu, eləcə də proteini bol olan məhsullarla yaxşı bəslənmək lazımdır. Balıq, qatıq, yoqurt, süd məhsulları, pendir, kələm, kök, gül kələmi, yaşıl noxud, ispanaq, bütün yaşıl tərəvəzlər, badam, qoz, fıstıq, qurudulmuş meyvə bu qəbildən olan qidalardır.

Mütəxəssislərə görə, duz, çay və şəkərin boy uzanmasına mənfi təsiri var.

Bütün bunları nəzərə alsaq, əminliklə deyə bilərik ki, azərbaycanlıların orta boy göstəriciləri olduqca aşağı düşüb. Bunu Dövlət Statistika Komitəsinin 2014-cü ildə əhalinin cins və yaş qrupları üzrə orta boy statistikasına dair rəsmi açıqlaması da sübut edir.

Komitənin məlumatların yayılması şöbəsinin müdiri Rafael Süleymanov “modern.az”ın sorğusuna cavab olaraq bildirib ki, 2014-cü ildə ölkə üzrə 15 yaşdan yuxarı əhalinin orta boyu 168,2 santimetr olub. Bu rəqəm kişilərdə 171,9 sm, qadınlarda isə 164, 3 sm-dir: “15-19 yaş arası əhalinin orta boyu ölkə üzrə 162 santimetr olub. Bu göstərici kişilərdə 163,7 sm, qadınlarda 160,2 sm qeydə alınıb”.

Komitə rəsmisi əlavə edib ki, 20-44 yaş arası əhalinin orta boyu 168,9 sm-dir – kişilərdə 172,5 sm, qadınlarda 164,7 sm.

45-64 yaş arası əhalinin orta boyu isə 168,9 sm-dir – kişilərdə 172,9 sm, qadınlarda 165 sm.

Azərbaycanda 60 yaşdan yuxarı əhalinin orta boyu 166,8 sm olub. Kişilərdə 170,8 sm, qadınlarda isə 163,4 sm olaraq rəsmiləşib.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir