qadin-kisi

Cəmiyyətimizdə qadınları narahat edən sosial və psixoloji məqamlar nədən qaynaqlanır?

Baxış sayı: 453

Dünyanın hər yerində qadınları narahat edən sosial problemlər Azərbaycan qadınından da yan keçməyib. Maddi-məişət problemləri ailənin yaşayış tərzi ilə bağlı meydana çıxan müxtəlif çətinlikləri özündə əks etdirir. Yaşayış şəraitinin ağırlığı, tərəf-müqabillərindən birinin ailəni idarə etmək istəməməsi və ya bunu bacarmaması və digər problemlər ailələrin dağılmasına səbəb olan mənfi amillərdən sayılır. Problemlərin davamlı xarakter alması maddi-mənəvi sıxıntılar doğurur.

Bu vəziyyət son nəticədə ailədə ciddi fikir ayrılığının və kəskin münaqişələrin yaranmasına, ailənin ciddi böhran yaşamasına və bəzən intiharların baş verməsinə gətirib çıxarıb. Bəziləri bu böhrandan çıxış yolu taparaq ailə həyatını məcrasına qaytarmağa nail olsalar da, digərləri bunu bacarmır.

Son illər yaranmış stresli vəziyyətin və neqativ proseslərin təsiri altında ölkədə, xüsusilə qadınlar arasında sosial-psixoloji problemlərin artması müşahidə olunur. Məişət problemləri, işsizlik, kasıblıq da bu prosesə birbaşa təsir edir. Bu da zorakılıq və intihar hallarının artmasına səbəb olur.

Gender bərabərliyi qadın dünyasının, onun ictimaiyyətdə rolunun və cəmiyyətdə tutduğu mövqeyini tənzimləyən amillərdən ən önəmlisidir. Qadınların cəmiyyətdə rolunu yüksəltmək üçün müxtəlif qanunlar qəbul olunsa da, yenə qadın hüquqları pozulmaqda davam edir. Azərbaycan konstitusiyasında cinsindən, dinindən, irqindən asılı olmayaraq hər kəs eyni hüquqa malikdir. Qanuna görə, qadın və kişi tutduğu ictimai, siyasi və digər vəzifədə işləməsindən asılı olmayaraq bərabər hüquqa malikdir.

Bəs cəmiyyətimizdə qadınları narahat edən sosial və psixoloji məqamlar nədən qaynaqlanır? Problemin həlli üçün nə kimi tədbirlər görülməlidir?

Suallar çox olsa da, cavab tapmaq olduqca çətindir. Çünki bu gün məişətdə, ictimai nəqliyyatda, küçədə, tanıdıqlarımız insanlar arasında, bir sözlə, hər yerdə qadınların əksəriyyətinin simasında yorğunluq, çətinliklərdən keçmiş və hələ də keçməkdə davam edən, təzyiqlərə məruz qalan bir obraz görürük. Cəmiyyətdə mental dəyərləri nümunə gətirib “qadın eyni zamanda anadı, bütün çətinliklərdən keçməyə borcludur, hər nə olur olsun, həyat yoldaşına tabe olmalıdır” – deyib bu yanaşmanın bir zaman faciələr doğuracağını düşünməyənlər var. Acı həqiqətlərdən biri də budur ki, insanların əksəriyyəti qadına bir fərd, şəxsiyyət kimi deyil, əşya kimi baxır. Düzdür, hazırda cəmiyyətimizdə əsaslı dəyişikliklər, müəyyən sosiallaşma prosesi olsa da, problem tam olaraq həllini tapmayıb. Yenə də “qadın insan içinə çıxa bilməz”, “qadın işləməz”, “sosiallaşa bilməz”- deyən kişilər var. Problemin kökü də məhz burdan gəlir. Ailədə maddi sıxıntılar olan zaman bu, hər kəsdən öncə qadını düşündürür. Niyə? Bayaq dediyimiz kimi, “qadın eyni zamanda anadı”… Maddi sıxıntıların olması onun övladını istədiyi kimi yetişdirə bilməməsi deməkdir. İşləmək istəyi, ailəyə və övladına dəstək olmaq arzusu bu gün bir çox Azərbaycan qadınının əlindən alınır.

 

Azərbaycan kişisi özünü inkişaf etdirməlidir…

Psixoloq Elnur Rüstəmov hər gün bu cür situasiyalarla rastlaşdığımızı bildirib. Onun sözlərinə görə, qadınların cəmiyyətdə sosial statusu əvvəlki illərlə müqayisədə daha çox artıb: “Bu tək bizdə deyil, dünyada gedən qlobal proseslərlə bağlı bir məsələdir. Bizdə konkret olaraq keçən əsrin 90-cı illərində bu proses geniş vüsət almağa başladı. Çünki inkişaf etmiş ölkələr – ABŞ-ın özü bu mərhələni keçib və belə bir mərhələdə çox böyük çətinliklərlə üzləşiblər. Dünənə qədər bizdə gender bərabərliyi deyilərkən, bu, “feminizm” kimi başa düşülürdü. Ancaq bu gün gender bərabərliyi konkret olaraq kişi-qadın hüquqlarının eyni olması kimi qəbul edilir. Düzdür, bu gün də bu istiqamətdə basqılar var, bəzən zorakılıqlar eşidirik və yaxud digər kriminal halların şahidi oluruq, ailədaxili münasibətlərin pozulması baş verir. Bu hal bir müddətdən sonra tənzimlənəcək. Bu gün Azərbaycan kişisi də artıq qəbul edir ki, Azərbaycan xanımı əvvəlki kimi deyil. Düzdür, Azərbaycan kişisi yenə də Azərbaycan xanımını əvvəlki kimi görmək istəyir, ancaq reallıq deyilən bir şey var. Azərbaycan kişisi daha çox öz üzərinə yatırım etməlidir, özünü inkişaf etdirməlidir, bəzi məsələlərə tolerant yanaşmağı qəbul etməlidir, qadına əşya kimi yox, bir insan kimi, fərd və şəxsiyyət kimi yanaşmağı bacarmalıdır. Çünki bu faktdır, bunun qabağını hansısa yollarla almaq bir qədər çətindir. Qəbul edək ki, hazırda işləyən xanımlarımız var. Həmçinin əvvəlki illərlə müqayisədə zərərli vərdişlərdən də asılı olan xanımlarımız çoxdur.

Məsələn, adi boşanma statistikasına baxaq, görək ən çox boşanma ərizəsini kim verir. Bu gün xanımlar boşanmaya daha çox müraciət edirlər, nəinki kişilər.

Bu da sosial-psixoloji bir problemdir – boşananlar əsasən xanımlardır, kişilər deyil. Xanım fikirləşir ki, “əgər mən işləyirəmsə və bunun müqabilində diqqət və hörmət görmürəmsə, o ailədə niyə qalmalıyam?”. Əlbəttə, müxtəlif formalarda biz bu etirazları görürük. Etirazlardan biri də gec ailə qurmaqdır, ailədə uşaq sayının az olmasıdır. Bir sözlə, müxtəlif formalarda etirazlar görürük. Bütün bunlar kişilərimizdən daha anlayışlı və çevik olmalarını, onların belə prosesə dözümlü yanaşmalarını tələb edir. Bu gün əvvəlki illərlə müqayisədə ailələrdə uşaq sayı azdı.

Tutaq ki, qadın işdən evə gəlir və iş xanımından ev xanımına keçir. Bu obrazların zaman-zaman dəyişməsinin özü psixoloji gərginliyə, narahatçılığa səbəb olur. Bu məsələ kiçik bir problem kimi dəyərləndirilə bilməz”.

Elnur Rustemov

E.Rüstəmovun fikrincə, problemin həlli üçün maarifləndirmə işinin aparılması vacibdir:

“Əgər bu sahədə xüsusilə kişilərin maariflənməsi olarsa, bir müddətdən sonra artıq bu proses özü tənzimlənəcək. Məsələyə birtərəfli yanaşmaq olmaz. Qabaqlar qız nişanlı olurdusa və nişanı qayıdırdısa, onun yenidən ailə qurmağında problemlər olurdu. Lakin indi qadınların 2-3 dəfə ailəli olması problem deyil. Həmçinin əvvəlki illərdə xanımların işləməyini az qala faciə kimi qəbul edirdilər. Ya da xanım avtomobil idarə edirdisə, kimsə deyirdi ki, “bu nədi, bu bizim nəslimiz üçün uyğun deyil”. Amma artıq o nəsil bunu qəbul edib. Bütün bu mərhələləri keçmişik. 2-ci dəfə ailə quran xanım fikirləşirdi ki, insanlara nə deyəcəm? Artıq bu problem əvvəlki kimi aktual deyil”.

 Mehriban Zeynalova

Mental davranışlar üstünlük təşkil edir…

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova isə cəmiyyətin əsas bəlası kimi stereotipləri qeyd edib. O bildirib ki, qanunlar yenilənsə də, insanlar müəyyən stereotipləri qıra bilmirlər: “Bizim fəaliyyətimizdə stereotiplər, mental davranışlar üstünlük təşkil edir. Bu gün insanlarda ən çox rast gəlinən sosial-psixoloji problemlərdir. Bu problemləri cinsə görə təsnifləşdirmək mümkün deyil. Bəlkə də bu problemlər bizim müharibə dövründə yaşamağımızla əlaqədar olub. Bəlkə də hələ 90-cı illərdə ana bətnində olan körpələrin narahatlıq, stres keçirməsi bugünkü bəlamızın nəticəsidir. Keçid dövrü də bu cür problemlərin yaranmasına səbəb olan amillər sırasındadır. 90-cı illərin ortasında ölkədə bir keçid dövrü oldu. Lakin təəssüflər olsun ki, ailələr bu keçid dövrünü tamamlaya bilmədi”.

M.Zeynalovanın sözlərinə görə, qadın hüquqlarının qorunmaması da cəmiyyətdəki problemlərin say artımına təsir edir. Bundan başqa, beyinlərin kifayət qədər informasiya ilə yüklənməsi də mənfi tendensiyalardandır: “Biz informasiyanı kifayət qədər qəbul edirik. Bu səbəbdən bir çoxları deyir ki, qadınlar televiziyaya baxıb, serial izləyib dəyişdilər. Bəzi qadınlar qısa ətəyi azadlıq hesab etdi. Həmçinin sosial rolların dəyişməsi də ailədaxili problemlərin sayını artırıb. Artıq cəmiyyətdə sosial rollar dəyişib. Sosial rolların dəyişməsi qadınların çiynində böyük yük hesab edilir. Bundan başqa, qadın həmrəyliyinin olmaması da problemlərin həlli istiqamətində maneə yaradır. Çalışmalıyıq ki, qadınları problemlərinin həllinə istiqamətləndirək”.

Image result for ZAHÄ°D ORUC

Qanımızda patrialxallıq var…

Millət vəkili Zahid Orucun fikrincə, gender bərabərliyi dünyada bütün dövlətlərin cəmiyyətdə bərqərar eləməyə çalışdığı bir siyasət, yaşam formasıdır:

“Biz sovetlər birliyi kimi bir keçmişə malikik, orada qadınlar və kişilər arasında bərabərlik qoyulmuşdu və bu, böyük yol keçmişdi. Xanımların elmdə, təhsildə, idarəetmədə çəkisi xüsusi bir səviyyəyə çatmışdı. Azərbaycan cəmiyyəti bir qədər Şərq mentallığına malikdir, yəni kişi diktatı, patrialxal sistemin özünəməxsus cəhətlərini özündə ehtiva edir. Bu, başadüşüləndir, bir sıra hallarda kişi diktatının müsbət tərəflərini inkar etmək olmaz. Qadınların kişilərə nisbətən daha üstün hüquqi təlimatı könüllü hadisə kimi təzahür edir, lakin bunun əksi də var.

Cəmiyyətimizdə zorakılıq faktları da mövcuddur. Bu hal dövlət tərəfindən ali məram kimi elan olunub, hətta ondan ötrü xüsusi bir komitə də yaradılıb. Düşünürəm ki, bu fonda nəzərə almalıyıq ki, istənilən halda bu gün dövlət rəhbərliyi sistemində, parlamentdə qadınlar aparıcı yer tuturlar. Elmlə, təhsillə gələcəkdəki konfiqurasiya dəyişə bilər. Yəni göründüyü kimi, biz artıq qız uşaqlarını mətbəx əşyaları ilə böyütmürük, onları fərqli ideallara sahib etməyə çalışırıq. Sovet dövləti haqqında çoxlu diskusiyalar gedir, amma diplomu cehizin ayrılmaz atributuna çevirməyin nəyi pis idi ki? Bunun arxasında həqiqətən də elm almaq istəkləri dayanırdı və ona görə də xanımlarımız təhsil baxımından nə qədər güclənəcəksə, Axundovun, Sabirin, C.Məmmədquluzadənin bir qədər ürək ağrısı, bir qədər də rişxəndlə yazdıqları hadisələr baş verməyəcək. Yoxsa Azərbaycan xanımı Dərviş Məstəli şahı çağırıb Şahbazın Avropaya gedən yolunu bağlamaq üçün cindarlıqmı etməlidir? Düşünürəm ki, Azərbaycan qadını Parisi dağıtmaq yerinə, həyat yoldaşı ilə getmək, təhsil almaq, uğurlu bir şəkildə yoldaşının yanında olmaq, cəmiyyətdə öz yerini tutmağa çalışmalıdır.

Etiraf etməliyik ki, qanımızda patrialxallıq, kişi diktatı hissi var. Bunu gizlətmək olmaz. Heç kəs ailədə bu mühüm hakimiyyətdən imtina etmək istəməz, bu elə bir yerdir ki, hamı söz sahibi olmaq istəyər”.

Qarşılıqlı hörmət əsasında ailədə həll edilməyəcək heç bir problem yoxdur. Hər iki tərəf danışıq aparmaq bacarığına, qarşı tərəflə ünsiyyət qabiliyyətinə malik olmalı, biri-birini dinləməyi bacarmalıdır. Belə olduğu halda “sağlam” ailənin mövcudluğundan danışmaq mümkündür.

 

Yeganə Bayramova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir