toy

Camaatın canı toylardan qurtarır: Keçmiş adət-ənənələrə qayıdış…

Baxış sayı: 466

Toyların sayı kəskin azalıb. Toy industriyasına daxil olan sahibkarlıq və biznes subyektləri ciddi problemlərlə üzləşib. Vaxtı ilə sırf toy-nişan, əyləncə məclislərinə hesablanmış biznes layihələrinin çoxu batıb. Sosial şəbəkədə yayılmış bu xəbər, əslində, çoxunun ürəyindən xəbər verir. O səbəbdən ki, toy biznesi şadlıq sarayları sahiblərinə “paracıqlar” qazandırsa da, vətəndaşların soyulmasıyla – dərisinin yox, pul vəsaitlərinin – nəticələnir (hərçənd pul baxımından soyulan adam özünü elə dərisi soyulmuş hesab edir – M.R. ) Burada Məşədi İbadın “mən soyuldum, bunun hələ bir aləm toy xərci var!..” etirazı yada düşür. Yazıq Məşədi İbadı Rüstəm bəy divara qısnamışdı, 2 əsr sonra toy biznesi ailələri az qala ağlar günə salır.

İqtisadçı Fuad İbrahimov məsələyə fərqli yöndən yanaşdığını dedi:

– Mən məsələyə başqa cür yanaşardım. Əgər belədirsə, camaatın canı qurtarır toy sahibkarlarından. Bizdə, məlum məsələdir, toylar böyük biabırçılığa çevrilib. Nə qədər izafi xərclər tələb edilir. Məşədi İbadın müsibəti bizimkilərin yanında daha heç nədi. Məşədi İbad indi baş verənləri kənardan görsə, öünə də, dövrünə min şükür edər. Toyda pul – nəmər yazdırnağın mənası nədi, nə məqsəd daşıyır? Yəni, hansı məqsəd daşımalıdı? Əlbəttə ki yeni evlənənlərə maddi dəstək olmaq. Elədirmi? Amma bizim toylarda belə deyil. Valideynlər də bilir ki, onsuz da toydan gəlir, qazzanc əldə edə bilməyəcəklər, toplanan məbləği elə ordaca qoyub çıxacaqlar. Ailələrin istəyi, arzusu bilirsiz nədi? Ziyana düşməmək heç olmasa. Əllərini üzürlər toyda qazanc əldə etməkdən, ziyana düşməməyi düşünürlər. Bu da çoxuna nəsib olmur. Yığılan pulun üstünə əlavə də edib toyun xərcini, şadlıq sarayının pulunu ödəyib çıxırlar. Nəyə görə, çünki birincisi şadlıq sarayları əlavə, izafi məsələlərə xərc tələb edir. Xınayaxdı, nikah mərasimini şadlıq sarayında keçirənlər var, bu da əlavə və böyük xərcdir. Zalın bəzədilməsi, fişəng, işıqlar, şarlar, gəlin maşını, foyedə furşet, əlavə müğənni, rəqqasələr, foto, foto-sessiya, foto-albom… Və gəlirik menyuya. Masaya 10 cür soyuqəlyanaltı düzülür. Deyirsən, filan salatı, filan yeməyi istəmirəm, israr edirlər ki, yox, bu menyuya daxildi. Bunlar olmasa masa boş görünəcək. Yüz faiz əminəm ki, kimsə toyda nə dil yeyir, nə oxotniçiy kolbasa. Nə də pendir. Pendir yeməyə getməyib axı toya. Pendiri evdə də yeyər, ondan da yaxşısını. Meyvələri aparırlar guya doğramağa, geri gətirdikləri -3-4 dilim meyvə olur. Bütün toylarda demək olar eyni menyudur. Çox bahalı şadlıq sarayları var, hansılarda ki müəyyən fərqli yeməklər təklif olunur.  Amma ümumən əksər şadlıq saraylarında menyu eynidir. Və bu qiymətlər həqəqətən də çox bahadır.  Və bu qədər yeməyi bir insan yeyib bitirmək gücündə deyil. İnsanın mədəsi nə boydadır ki, hər yeməkdən yeyə bilsin?!  Bu, faktiki qeyri-mümkündür. Ancaq bunlar hamısı masaya düzülür, masaya gətirilir və külli miqdarda xərc tələb edir. Yeməyi qoyaq bir kənara. Zalın bəzədilməsinə niyə əlavə xərc tələb olunmalıdır? Bura şadlıq sarayıdırsa, bəzədilmiş halda olmalıdır.  Sovet vaxtı “İntirust”, “Abşeron” mehmanxanaları vardı, xüsusi zallarında toy mərasimləri də keçirilirdi. Məsələn, “Güzgülü” zal vardı, çox məşhur idi. “Şərq” zalı vardı. Bu zalda döşəməyə xalılar döşənmişdi. Və bu xalı döşənməsinə görə kimdənsə əlavə ödəniş tələb etmirdillər.  Çünki bu xalılar o zala məxsus idi. İndi isə deyirlər, zalın bəzədilməsinə filan qədər əlavə ödəniş etməlisiniz. Niyə axı? Mən  bu şadlıq sarayında toy mırasimi keçirirəmsə, onun imkanlarından da faydalanmalıyam. Bunu ona görə edirlər ki, bir az da çox gəlir əldə etsinlər. Ziyan yenə toy sahibinə dəyir.

İqtisadçı bildirdi ki, toy biznesinin yavaş-yavaş çökməsinin əsas səbəblərindən biri, insanların artıq şadlıq saraylarına əlavə xərc çəkmək istəməməsidir:

– Mən tərəfdarıyam, valideynlər övladlarının toy mərasimini əvvəlki qaydalarla keçirsinlər.  Bu gedişlə insanlar mağar toylarına qayıdacaqlar. Çünki görəcəklər, belə daha sərfəlidir.  Əlbəttə, imkanlı şəxslər toylarını yenə şadlıq saraylarında eədəcək. Amma orta, kiçik imkanlara sahib insanlar gəlir-çıxarlarını düzgün hesablamalıdırlar.  Bir çox ailələr də toyları artıq birləşdirir. Əvvəllər qız evo ayrı toy edirdi, sonra oğlan evi ilə bilrikdə toy olurdu. Son zamanlar bu dəb artıq yığışdırılıb. İndi çox adam bir toy edir. Bu da toyların sayının azalmasına səbb olub. Çünki ailələr əlavə xərec çəkmək istəmir, düz də edirlər. Xərclərin sayı-hesabı yoxdu. Bütün bunlar yeni dövrün yeni xərcləridi. Hesab edirəm ki, şadlıq sarayları əsas çətinliyi pandemiya dövründə yaşadılar, təftiş aparıldı şadlıq sarayları ilə bağlı, o zaman əsas çətinlik oldu.

toy

 

İqtisadçı qeyd etdi ki, şadlıq saraylarının təklif  etdiyi qiymətlər reallıqda vətəndaşın büdcəsinə uyğun deyil:

– Heç kim də bunun qarşısını almağı düşünmür. İstəmirəm kimsə işsiz-gücsüz qalsın, amma hər şeyin bir ölçüsü, əndazəsi olmalıdır. Sahibkar da qazanmalıdır, biznesini genişləndirməlidir, amma bunu başqalarını soymaqla etmək, bu, artıq  iş deyil. Soyğunçuluqdur. Ona görə də mən tərəfdarıyam ki köhnə adət-ənənələr bərpa edilsin.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir