cizgi filmi

Cizgi filmlərinin uşaqların həyatında açdığı cizgilər

Baxış sayı: 160

Danılmaz faktdır ki, uşaqların həyatında cizgi filmlərinin rolu böyükdür. Cizgi filmlərinin uşaqların psixoloji durumuna da təsiri az deyil. Bu baxımdan da uşaqların baxdığı cizgi filmlərinin psixo-pedaqoji mahiyyətini bilmək vacibdir.

Psixoloq Günel Ağayevanın sözlərinə görə, düzgün seçilən cizgi filmləri uşaqların inkişafına müsbət təsir edir: “Lakin elə səviyyəsiz cizgi filmləri var ki, uşağın tərbiyəsinə mənfi təsir göstərə bilər. Belə ki, xüsusilə də müasir cizgi filmlərində zorakılıq və aqressiya əlamətlərinə çox tez-tez rast gəlinir. Bu səbəbdən də valideynlər uşaqları üçün cizgi filmi seçərkən ehtiyatlı olmalı, bəzi məqamlara diqqət yetirməlidirlər”.

G.Ağayeva bildirib ki, cizgi filminin konkret süjeti olmalıdır: “Təəssüf ki, müasir cizgi filmlərinin əksəriyyətinin heç bir süjeti yoxdur. Adətən cizgi filminin qəhrəmanlarından biri qovur, digəri isə ondan qaçır. Bu cür görüntü və dinamika uşaqları cəlb etsə də, cizgi filminin heç bir mənası yoxdur. Bu cür cizgi filmləri uşaqlara heç nə öyrətmir, heç nəyi onlara izah etmir, uşaqların əqli inkişafına da müsbət təsir göstərmir”.

Həmsöhbətimizin dediyinə görə, cizgi filmində dəqiq və məntiqli sonluq olmalıdır. Bu gün əksər cizgi filmlərində bu yoxdur. Belə ki, bir seriyada cizgi filmi qəhrəmanının başına ütü düşür, odda yanır, amma elə həmin seriyanın digər hissəsində həmin qəhrəman salamat olur. Bu isə uşaqlarda təhlükəli fəsadlar yaradır.

Onun sözlərinə görə, çox vaxt cizgi filmləri məntiqə əsaslanmır: “Fikir vermisizsə, əksər cizgi filmlərində qəhrəmanların geyimləri bir seriyada bir neçə dəfə dəyişir. Bu tip cizgi filmi izləyən uşaqlarda məkan qavrayışı formalaşmır. Belə ki, həmin uşaqlar harda gəldi, necə gəldi davranırlar. Dükanda, həyətdə, maşında və digər yerlərdə davranış qaydalarını pozmağa meylli olurlar.

Cizgi filmləri uşağın psixologiyasına mənfi təsir göstərməməli, onu sakitləşdirməli və maarifləndirməlidir. Cizgi filmlərində mənasız dinamik hərəkətlər əvəzinə öyrədici süjetlər olmalıdır. Sevindirici haldır ki, uşaqların biliyini, dünya görüşünü artıran cizgi filmləri də kifayət qədər var. Valideyn də çalışmalıdır ki, məhz bu cür faydalı cizgi filmlərini seçib övladlarına göstərsinlər. Çox vaxt isə valideynlər buna ciddi əhəmiyyət vermir. Və uşaq sakit dursun deyə televiziyada uşaqlar üçün nəzərdə tutulan, bir-birinin ardınca müxtəlif növ cizgi filmlərinin verildiyi kanalları qoşurlar”.

Ağayeva cizgi filmlərində hədsiz aqressiyanın nümayiş olunmasını arzuolunmaz sayır: “Cizgi filmləri aqressiyanı deyil, mehribanlığı, insansevərliyi tərənnüm etməlidir. Lakin hal-hazırda yayımlanan əksər cizgi filmlərində bunun tamamilə əksi nümayiş olunur. Bir-birilərini vuran, döyən, incidən cizgi filmi qəhrəmanları uşaqlar üçün çox pis nümunədir. Biz uşaqlarımıza nəyə görə belə cizgi filmlərini göstərməliyik?”

Cizgi filmi düzgün seçilsə belə uşaqlara uzun müddət televizorun qarşısında oturmaq məsləhət deyil. Psixoloq bildirib ki, cizgi filmlərinin müddəti uşaqların yaşlarına uyğun olmalıdır. Uşaqların televizoru izləmə müddəti hər yaşa görə müxtəlifdir. Uşaq televizora baxarkən valideyn mütləq bunu nəzərə almalıdır. Belə ki, 3 yaşa qədər uşaqlara televizora çoz az baxmaq olar. 3 yaşında isə uşaqlar artıq 20-30 dəqiqə olmaqla gündə 2 dəfə və ya gündə 3 dəfə cizgi filminə baxa bilərlər. Bu zaman uşaq televizora hər dəfə 10 dəqiqə baxmalıdır. 4 yaşında isə uşaqlar 30-40 dəqiqə olmaqla gündə 3 və ya 4 dəfə, hər dəfə də 10 dəqiqə olmaqla cizgi filminə baxa bilər. 5 yaşında uşaq artıq 1 saat ərzində televizora baxa bilər. Hər dəfə 20 dəqiqə olmaqla gün ərzində 3 dəfə, 6 yaşında 1 saat – 1 saat 30 dəqiqə ərzində televizora baxa bilər. Bu zaman fikir verin ki, hər dəfə 30 dəqiqə olmaqla uşaq gündə 2 və ya 3 dəfə televizora baxmalıdır. Sonrakı illərdə isə 2 saata qədər baxa bilər. Yaxşı olar ki, uşaq televizora baxarkən valideynlərdən də kimsə uşağın yanında durub ona nəyin baş verdiyini anlatsın.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir