krem

Dəri çatlarının bərpasında kremlər acizdir

Baxış sayı: 2. 097

İnsan dərisi onu qoruyan qalxan kimidir. Havanın istisindən, soyuğundan, ətraf mühitdən gələn müxtəlif mənfi təsirlərdən və s. qoruyan dəri təbəqəsi zaman-zaman qulluq tələb edir. Müxtəlif dəri xəstəliklərini nəzərə almasaq, demək olar ki, insan orqanizminin ən güclü və ən dəyişkən hissəsi elə dəridir.

Dəri düzgün qulluq edilmədikdə tezliklə sıradan çıxır. Adətən özü-özünü yeniləməyə meylli olan insan dərisi bəzən elə təsirlərlə üz-üzə qalır ki, artıq özünü bərpa sistemi yenidən dəri qatını bərpa edə bilmir. Belə olan halda alınan heç bir krem və edilən heç bir qulluq işə yaramır.

Dərinin ən bərpa olunmaz problemlərindən biri də dəridə yaranan çatlardır. “Gravidarum” adlandırılan dəri çatları əslində hər yaş təbəqəsi üçün xarakterikdirvə bundan daha çox qadınlar əziyyət çəkirlər. Xəstəliyin qadınların ayağına yazılmasının ilkin səbəbi ondan ibarətdir ki, qadınlar dəri mövzusunda daha həssasdır və bu çatlar əsasən hamiləlik müddətində çox qısa bir müddətdə yaranır. Kişilərdə yaranan çatları onlar çox vaxt ciddi qəbul etmir və önəmsəmirlər. Məhz bu səbəbdən dəri çatları qadın problemi olaraq hallandırılır. Əslində isə “gravidarum çatları” cins və yaş fərqi qoymur.

Dermatoloqlar bu fikirdədir ki, dəri çatlarına sahib olan insanlar yaranan çatları sonradan yox etmək üçün çalışmaq yerinə yenilərinin yaranmasının qarşısını almalıdır. Çünki yaranan çatlar gözlə görüldüyü kimi dərinin üst təbəqəsində olmadığından onunla mübarizə aparmaq da yersizdir. Bir müddət sonra bəyazlaşan çatlar dərinin alt təbəqəsində yerləşən liflərin gərilmə və yırtılması səbəbindən yarandığından sadəcə dəridə yaranan rəng fərqini az miqdarda yox etmək mümkündür. Çatlardan tamamilə qurtulmaq isə mümkün deyil. Bəs “gravidarum çatları” necə yaranır və yaranmaması üçün nələr etmək lazımdır?

Dermatoloq Sahib Rzayevin sözlərinə görə, elə bir insan tapmaq mümkün olmaz ki, onda bu çatlardan olmasın. Hətta azyaşlı uşaqlarda belə bu çatların izlərinə rast gəlindiyindən buna sadəcə qadın problemi kimi baxmaq düzgün deyil: “Kökəlmək, arıqlamaq, anidən hər hansı bir preparatın qəbulundan sonra qısa zamanda çəki artması çatların yaranması üçün kifayətdir. Dəri çatları qadın xəstəliyi deyil. Hər 10 idmançıdan 5-nin bədənində, xüsusən kürək nahiyəsində bu izlərdən aşkarlamaq mümkündür. Eləcə də çəkisi artıq olan ağbəniz insanlar dizin kənarlarında ağ cizgilər görürlərsə, bu, artıq dəri çatları hesab olunur. Hamilələrdə çəki anidən artdığı üçün yaranan çatlar çox kəskin formada və qırmızı özünü büruzə verir. Normal insanlar isə zamanla çəkini alib-verdiyi üçün çatlar az-az yaranır və yaranan qırmızılıqlar da gözəçarpmadan yox olur. Yerində incə və bəyaz cizgilər yaranır”.

İstər mexaniki, istərsə də hormonal səbəblərdən dərinin dartılması dəri altında olan kollajenlərin aralanmasına səbəb olur. Bu proses dəridə heç bir ağrıya səbəb olmadığından çox halla ciddi qəbul edilmir. Tamamilə aralanan dəri altı kollajenlər qırmızı izlər buraxdığından insan narahat olmağa başlayır ki, bu halda da artıq təbii yolla dəri çatlamasının qarşısını almaq qeyri-mümkündür. Sağlam qidalanma, çəkiyə nəzarət və idman sayəsində çatların yaranma faizi çox aşağı olduğundan bu qaydalara əməl etməyən qalan bütün insanlar risk daşıyır. Dermatoloqun fikrincə, lazımi vitaminləri qəbul etmək, bol su içmək, idman, dərinin elastikliyinə fikir vermək kifayətdir ki, dəri çatlarla üzləşməsin: “Dəri elastikliyə meyllidirsə, belə dərilərdə çatların yaranması çətindir. Dəri quruluğa meyllidirsə, kökəlmə problemi olmasa belə çatların yaranma ehtimalı var”.

Dəri çatları iynəli prosedur, vakuum, ultrasəsli müalicə yolu ilə aradan qaldırıla bilər. Preparatın seçimi və müalicə kursunun intensivliyi pasiyentin fərdi xüsusiyyətləri, çatın yaşı, diametri, sayı və s. problemlərinə əsasən həkim tərəfindən müəyyənləşdirilir. Tərkibində heyvan və bitki mənşəli hüceyrə ekstraktları olan preparatların geniş seçimindən istifadə edilir. Hüceyrələrin bölünməsi dayanmış atrofiyaya uğramış zonalara (çatlara) canlı hüceyrələr yeridilir. Bundan başqa, iynə kokteyllərinin tərkibinə vitaminlər, amin turşuları, minerallar, nuklein turşuları və kofermentlər daxildir. İynə vurulmuş hissələrdə qidalı maddələrin konsentrasiyası uzun müddətə bəs edən ehtiyat yaradır. Dəri faydalı maddələrlə zənginləşir, daha möhkəm və sağlam görünür, çatlar isə ya az görünür, ya da tam itir.

 

Günay Ramizqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir