rena bayramova

Disbakterioz nədir? – PEDİATR YAZIR

Baxış sayı: 216

Əvvəlcə onu qeyd eləmək lazımdır ki, disbakterioz özü-özlüyündə xəstəlik deyil, amma hansısa xəstəliyin simptomu və ya nəticəsi ola bilər. Disbioz dedikdə, bağırsaq mikroflorasının tərkibində disbalans və pozuntu nəzərdə tutulur.

Körpədə disbakteriozun simptomları :

✓     Qarın nahiyəsində ağrı. Yeni doğulmuş körpə dayanmadan ağlaya, ayaqlarını bükə, təpik ata bilər.

✓     Mütəmadi gəyirmələr, hətta qusma.

✓     Bağırsaqların funksiyasında pozuntu.

✓     Bayıra çıxmanın azalması ya da daha tez-tez olması, nəcisin yaşıl rəngə çalması, həzm olunmamış qida qalıqlarının və xoşagəlməz turş qoxunun yaranması.

✓     Qarnın köpməsi.

✓     Yüksək meteorizm – qarında qaz əmələ gəlməsi.

✓     Ağzın selikli qişasında süd yarasının, dildə ağ ərpin yaranması.

✓     Ağızdan gələn xoşagəlməz qoxu.

✓     İştahanın küsməsi, çəki artımının ləngiməsi.

✓     Qida allergiyası, atopik dermatit, dəridə səpmələr.

✓     Halsızlıq, yorulma, ağlağanlıq, yuxusuzluq.

 

HEKIM

Oxşar simptomları olduğundan bağırsaq disbiozunu uşaqda qarın sancıları və ya digər mədə-bağırsaq xəstəlikləri ilə səhv salırlar. Doğru müalicə vasitəsini seçmək üçün diaqnozun dəqiq qoyulması çox vacibdir. Körpədə məhz mikroblu disbalansın olduğunu aşkar etmək üçün həkim nəcisin əkilməsi və disbakterioz analizlərinin verilməsini təyin edir (nəsicin bakterioloji və biokimyəvi tədqiqi önəmlidir)

 

Körpədə disbakteriozu yaradan səbəblər hansılardır?

1) Bağırsaqda həzm funksiyasının fizioloji geriliyi.

2) Vaxtından əvvəl doğulmuş, zəif körpələr disbioza daha çox məruz qalır. Axı onların həzm sistemi stabil iş üçün tam hazır olmur.

3) Süd verməni gecikdirmək.

4) Ana döşünə gələn ilk süd damcıları ilə körpənin bağırsağına faydalı bifidogen maddələr düşür. Onlar doğuş zamanı əmələ gələn bifidobakteriyaların böyüməsinə və inkişafına səbəb olur. Beləliklə, bağırsaqların normal mikroflorasının formalaşmasının təməli qoyulur. İlk ana südünün (ağuz südü) tərkibində körpənin immunitetini artıran, ananın həyatı boyu keçirdiyi bütün xəstəliklərdən qoruyan immunoqlobulinlər var.

5) Süni qidalar.

Həkimlər belə qənaətə gəlib ki, gec əmizdirilən (doğulandan sonra bir neçə saat və ya gün sonra) və daimi süni qidalarla bəslənən körpələr disbioza daha çox meyllidirlər. Bu, körpələrin ilk günlərində doğuş zamanı anadan keçən faydalı mikrobların bədəndən sıxışdırılıb çıxarılması ilə əlaqədardır. Südəmər körpənin həzm sistemində patogen mikroorqanizmlər məskən salır, normal mikrofloranın formalaşması ləngiyir.

Statistikaya görə ana südü ilə qidalanmayan körpələr müxtəlif bağırsaq infeksiyalarından daha çox əziyyət çəkir

6) Səhv qidalanma.

Yemək rasionu körpənin yaşına görə müəyyənləşdirilməlidir. Vaxtından əvvəl başlanılan əlavə qida, uyğun olmayan qarışıq yaxud onların tez-tez dəyişdirilməsi, allergenlərin tətbiqi mikroflora balansının pozulmasına səbəb olur!

7) Erkən süddən kəsmə.

Körpənin vaxtından tez süddən kəsmək bağırsaq mikroflorasında disbalans yaradır. Bu isə normal bakterial floranın əmələ gəlməsinə mənfi təsir göstərir. Qidalanmada yanlış, kəskin dəyişikliklər qısa zaman ərzində bağırsaqların mikroflorasında fəsadlar yaradır – disbakterioz əmələ gəlir.

8) Dərman preparatlarının qəbulu.

Hər hansı bir xəstəliyin müalicəsi əsnasında disbioz yarana bilər. Bu hal adətən antibiotiklərin qəbulundan (uşaq və ya süd verən ana tərəfindən) sonra baş verir.

hekim 1

Körpələrdə disbakteriozun müalicəsi

Əgər səbəb yoluxucu xəstəlik, zəhərlənmə və ya qəbul edilən antibiotiklərdirsə, ilk növbədə əsas səbəbi müəyyən edib, onu aradan qaldırmaq məsləhət görülür. Yeni doğulmuş körpələrin disbakteriozu, xüsusən, xoşagəlməz simptomları varsa, daimi nəzarətdə saxlanılmalıdır.

Bütün pediatrlar analara övladlarını ən azı 1 yaşına qədər əmizdirməyi məsləhət görür. Çünki ana südü körpəni müxtəlif xəstəliklərdən, həmçinin, bağırsaqlarda yaranan patogen mikroorqanizmlərdən müdafiə edir. Ana südü olmadıqda isə müalicəvi hazır qidalara üstünlük verilməlidir.

Körpələrdə bağırsaq mikroflorasının disbalansını müalicə edən dərmanlar müxtəlif cürdür:

9) Bakteriofaqlar – disbiozu hərəkətə gətirən bakteriyaların məhv edilməsi üçün;

10) Probiotiklər – bağırsaqlarda süni yolla faydalı floranı yaradan canlı mikroorqanizmlər;

11) Prebiotiklər – bağırsaqların hərəkətedici funksiyasının stimullaşdırılması üçün laktulozanı, sellülozu və həzm olmayan maddələri;

12) Həzm fermentləri – qidanın parçalanmasını və həzmi yaxşılaşdıran preparatlar.

 

Disbakteriozun ən yaxşı müalicəsi – onun profilaktikasıdır ‼️Xəstəliyin simptomlarının aradan qaldırılması yetərli deyil, onun yaranma səbəblərinin aradan qaldırılmasına maksimum diqqət yetirilməlidir. Disbakteriozun vaxtında müalicə olunmaması ağır fəsadlara gərib çıxara bilər, onların əks-sədası uşağı ömür boyu narahat edəcək.

 

Rəna Bayramova

MayoMed klinikasının pediatr və kliniki dietoloqu 

               

(Həkimlə əlaqə saxlamaq istəyənlər Əhməd Rəcəbli 207-də yerləşən MayoMed klinikasına müraciət edə və ya 055 254 05 03,  +970 567 874 745 whatsapp nömrəsi ilə birbaşa Rəna Bayramova ilə kontakt qura bilərlər)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir