Dost qazanmağın 6 qaydası

Baxış sayı: 2. 056

Həyatda çox vaxt özümüzü tənha hiss edirik.  Hətta çox darıxsaq belə, bir dostumuza zəng edib: “Bir çay qoyun, sizə gəlirik”, – demək cəsarətini özümüzdə tapa bilmirik. Ya da: “Bu axşam yeməyə bizə gəlin”, – deyə təklif edəndə belə sanki tərəddüdlə edirik. Həm həyatda qarşılaşdığımız fərdi və sosial problemlərimizi bölüşmək, həm də cəmiyyətdə qarşılaşdığımız problemlərdən danışmaq üçün səmimi bir dost axtarsaq belə, buna çox çətinliklə nail oluruq. Halbuki böyük olsun, ya kiçik bir şəhərdə yaşayırıq və bu şəhərdə ilk baxışdan onlarla, bəlkə də yüzlərələ qohumumuzla, qonşumuzla, dostumuzla, yoldaşımızla görüşürük. Ancaq yenə də onlarla münasibətdə ən yaxşı halda “rəsmiyyətdən” uzağa gedə bilmirik. Bəzən aramızda məsafələr, bəzən isə uçurumlar açırıq. Elə isə bütün bunların səbəbi nədir? Əslində bu sualın cavabı elə bizim insanlarla münasibətlərimizdə gizlidir. Yəni, insanları bu qədər tənhalaşdıran yenə də insanların özüdür. Həyatda insanları bir-birinə yaxınlaşdıran, onları səmimi bir dosta və ya vəfalı bir yoldaşa çevirən “qızıl qaydalar” var. Biz də bu yazımızada o qaydalardan bəhs etməyə çalışacağıq…

Birinci qayda

Qohumunuzu qonşunuzu, dostunuzu, yoldaşınızı, bir sözlə heç kimi tənqid etməyin. Çünki insanlarla münasibətdə tənqid çox təhlükəli bir qığılcımdır. Səbəbi isə budur ki, insan quru bir məntiqdən ibarət deyil. O, daha çox emosional bir məxluqdur. Yəni, insanın da qüruru, nəfsi və s. istəkləri var. Ona görə də, bu tənqid qığılcımi bir barıt çəllləyindən fərqsiz olan insan qürurunu partlada bilər. Beləliklə, ən yaxın dostlarınızı, yoldaşlarınızı, qohumlarınızı, qonşularınızı itirə bilərsiniz. İnsanlarla humanist münasibətlərdə böyük müvəffəqiyyətlər qazanmış Benyamin Franklindən bunun sirrini soruşanda o belə cavab verir: “Bəzi adamlar həmişə tənqid edirlər. Mən heç kimin qüsuru haqqında danışmıram. Hamının pis xüsusiyyətləri varsa, yaxşı xüsusiyyətləri də var. Həmişə insanların yaxşı xüsusiyyətlərindən danışıram. Müvəffəqiyyətimin sirri də elə budur”. Başqalarını tənqid etmək əvəzinə, onları başa düşməyə çalışmaq daha faydalıdır. İnsanlar arasında sarsılmaz sevgi, şəfqət, həmçinin sarsılmaz dostluq, qardaşlıq tənqidlə meydana gəlmir.

İkinci qayda

İnsanları qiymətləndirin, onlara nə qədər mühüm olduqlarını hiss etdirin. Onların yaxşı xüsusiyyətlərini dilə gətirin. Tanınmış filosof Con Dyui insanlardakı ən mühüm hisslərdən birinin sayılıb-seçilmək hissi olduğunu deyir. Təəssüf ki, bu hiss hava və ya su qədər asan təmin olunmur. Gözəl sözlərlə qiymətləndirilmək, gözəl sözlərlə mükafatlandırılmaq hissi insanın ehtiyacının bəlkə də ən şiddətlisidir. Ancaq bəzi insanlar bu arzularının əsiri olmadan həyatda öz yerlərini tapa bilirlər. Bəzi insanlar isə bu arzularının tələsinə düşür, onlara deyilən təriflərə məğlub olurlar. Halbuki nə dostlarımızı, nə də başqalarını bu şəkildə aldatmağa haqqımız yoxdur.

Yaxşı olmaq istəyən, ancaq bunun üçün “şərait əldə edə bilməyən” insanların az da olsa tərifəlayiq cəhətləri varsa, onların üzə çıxması üçün onları tərifləmək faydalıdır. Çünki bu məqamda onlara tərif demək, onlarda özünə inamı artırmaq deməkdir.

Bəzi alimlərə görə, həyatda sayılıb-seçilmək imkanı tapmayanlar, özlərinə ayrı bir dünya qururlar və o dünyada çox mühüm yerə malik olduqlarını güman edirlər.

Deyl Karnegi bir həkimə sual verir: “İnsanlar nə üçün dəli olurlar?” Həkim belə cavab verir: “Heç kim bunu tam bilmir. Dəlilərin reallıqdan qaçdıqları və xəyallarında sayılıb-seçildikləri bir dünyaya köçdükləri isə mütləqdir”…

ABŞ-da polad istehsalında daha peşəkar insanlar olduğu halda, nə üçün Çarlz Şvaba ildə bir milyon dollar maaş verirdilər? Çünki Çarlz Şvab idarəetmə sənətində usta idi. Bu barədə isə o özü belə deyirdi: “Mən hər şeydən əvvəl insanları həyəcanlandıra bilirəm. Çünki insanların qabiliyyətlərini inkişaf etdirmək onları qiymətləndirilməkdən və həvəsləndirməkdən asılıdır. İdarəçilərin tənqidləri qədər insanlarda işləmək həvəsini öldürən başqa bir şey yoxdur. İnsanlarda qüsur axtaranlara nifrət edirəm. Bəyəndiyim bir şey varsa, tərifləməkdən çəkinmirəm. Üstəlik, bundan da böyük zövq alıram. İndiyə qədər hansı işin sahibi olursa-olsun, tərif eşidən və həvəslənməyən insan görmədim”…

Üçüncü qayda

İnsanlara təbəssüm göstərin və ya gülərüz olun. Peyğəmbərimizin (s.ə.s.) tövsiyə və davranışları əslində bizə dost qazanmağın da ən sadə yollarını öyrədir. Həmişə təbəssüm edən, kədərli belə olsa, gülər üz göstərən bir Peyğəmbərə (s.ə.s.) ümmət olanlar təəssüf ki, bu gün yolda, küçədə, avtobusda və s. döyüşə hazır “döyüşçü” kimi dayanırlar.

Dördüncü qayda

Kiçik “maraqlara” aludə olub, özünüzü alçaltmayın. Səxavətlilik, əliaçıqlıq ən yaxşı xüsusiyyətləriniz olsun. Bu, əsla sizə yoxsulluq gətirməz.

Beşinci qayda

İnsanlardan salamı əsirgəməyin. Salam versəniz, salam verdiyiniz yerdə sizin haqqınızda mənfi fikirlər olsa belə, yumşalacaq.

Altıncı qayda

İnsanlara qarşı düz olun. Ancaq bu, hər şeyi üzə demək və insanların ürəyini qırmaq demək deyil. Qarşınızdakına deyəcəyiniz sözləri həm yumşaq, həm də sakit şəkildə deyin. Deyəcəyiniz sözlər qarşınızdakının qüruruna toxunacaqsa və bu, sizdə peşmanlıq doğuracaqsa, deməyin. Əgər kiminsə mənfi bir xüsusiyyətini dəyişmək istəyirsinizsə, bunu öz aranızda və xətrinə dəyməyəcək şəkildə edin.

Və nəticə…

Dostlarımızı, yoldaşlarımızı, qohumlarımızı, qonşularımızı, hətta heç kimi tənqid etməyin. İnsanlara həmişə mühüm olduqlarını, sayılıb-seçildiklərini hiss etdirin. Həmişə təbəssüm edin, gülərüz olun, səxavətli davranın, salam verməyi unutmayın. Belə olsa, ətrafımız hər şeyini bizimlə bölüşməyə hazır olan dostlarla dolar və biz onları sayıb-seçdyimiz kimi, onlar da bizi sayıb-seçər…




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir