MASIN

Elektrik və hibrid avtomobillərə niyə maraq göstərmirik?

Baxış sayı: 190

Bu gün Azərbaycanda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 400 mindir. Onların 75%-dən çoxunun buraxılış ili 2005-ci ildən o tərəfədir. Yəni ölkədəki avtomobil parkının 75 faizinin yaşı 15 ildən artıqdır. Qonşu Gürcüstanda isə artıq benzin, dizel, sıxılmış qazla işləyən maşınlara o qədər də həvəs göstərilmir. Səbəb odur ki, elektrik və hibrid avtomobillərinin istifadəsi dəb halını alıb. Bu avtomobillər ekologiyanı çirkləndirmir, çox az xərc tələb edir.

 

Bəs Azərbaycanda belə nəqliyyat vasitələrinə maraq niyə nəzərəçarpacaq dərəcədə deyil?

Belə aydın olur ki, ötən il Azərbaycanda yol hərəkətinin təhlükəsizliyinə dair “2019-2023-cü illər üçün Dövlət Proqramı” qəbul edilib və həmin proqramda ekoloji cəhətdən təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması məsələləri öz əksini tapıb. Bəs ötən 1 ildə hansı işlər görülüb?

Apardığımız araşdırma zamanı məlum oldu ki, bu istiqamətdə heç bir iş görülməyib. Sadəcə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi özünün timsalında ekologiyaya ziyan vurmamaq xəttinə sadiqlik nümayiş etdirib və nazirliyin avtomobil parkının hibrid mühərrikli avtomobillər hesabına yenilənməsi üçün tender elan edib. Qalib şirkət nazirliyə ilk hibrid avtomobili bu ilin oktyabrında çatdırmalıdır.

“Nəqliyyat vasitələrinin ətraf mühitə mənfi təsirinin azaldılması yollarından biri ekoloji cəhətdən təmiz avtomobillərdən istifadənin genişləndirilməsidir. Artıq dünya ölkələrində bu məqsədlə elektrik və hibrid avtomobillərinə üstünlük verilir”. Bu sözləri “Report”a ekologiya və təbii sərvətlər nazirinin müavini Rauf Hacıyev bildirib. O deyib ki, ətraf mühitə daha az ziyan vuran elektrik və hibrid avtomobillərinin istifadəsinin stimullaşdırılması ətraf mühitin qorunmasında vacib rol oynayır.

Onun fikrincə, Azərbaycanda da elektrik və hibrid avtomobillərinin istifadəsinin tətbiqi və təşviqi nəticəsində ətraf mühitə atılan zərərli maddələrin həcmini əhəmiyyətli dərəcədə azaltmaq olar: “Çünki hazırda ölkədə və paytaxtda atmosfer havasına atılan çirkləndirici maddələrin əksəriyyəti avtonəqliyyatın payına düşür və bu səbəbdən ölkədə avtoparkın yenilənməsinə ehtiyac var. Bu avtomobillər ekoloji cəhətdən təmiz olmaqla yanaşı, onların yanacaq sərfiyyatı da azdır”.

R.Hacıyevin sözlərinə görə, Azərbaycan Paris İqlim Sazişinin tələblərinə uyğun olaraq, 2030-cu ilə qədər istixana qazlarının emissiyalarının səviyyəsinin 35 faiz azaldılmasını hədəf kimi götürüb və bu hədəfə nail olmağın yollarından biri kimi ekoloji cəhətdən təmiz nəqliyyat növlərinin istifadəsi göstərilib.

“Avtostop” verilişinin aparıcısı Tural Yusifov bildirir ki, 2025-ci ildən etibarən dünyanın iri avtomobil istehsalçıları benzin və dizellə işləyən nəqliyyat vasitələrinin istehsalını dayandırır: “Bir çox istehsalçılar artıq bu gün avtomobil model sırasını yalnız və yalnız hibrid edir. ”Toyota” “Honda”, “Lexus”, “Ford”, “Porcshe” hibrid mühərrikli model sırasını genişləndirməkdədir. Bu gün dünyada benzin və dizel mühərrikli avtomobillərdən imtina edilir, əvəzinə elektromobillər, hibrid mühərrikli maşınlara üstünlük verilir. Azərbaycanda isə bu gün 1 milyon 400 minlik avtomobil parkında vur-tut 50-yə yaxın elektromobil var. Azərbaycanda su ilə işləyən, yəni hidrogen mühərrikli avtomobil yoxdur”.

Tural Yusifov Azərbaycanda hibrid və elektromobillərə böyük maraq olduğunu, lakin belə avtomobillərin ölkəyə gətirilməsinin çox baha başa gəldiyini deyir: “Ötən il Vergilər Məcəlləsinə edilən dəyişikliyə qədər elektromobillərə görə 35 faiz ƏDV alınırdı. Həmin ƏDV ləğv olundu. Amma 15 faiz idxal rüsumu saxlanıldı. Elektromobillərin təzəsinin qiyməti 35 min avrodan başlayır. Həmin məbləğin 15 faizini gömrük rüsumu olaraq alırlar. Bu isə bir avtomobilə görə alınan çox böyük məbləğdir. Halbuki bütün dünyada elektromobillərin alınmasını dövlətlər subsidiyalaşdırır. Məsələn, Çində elektromobillərin dəyərinin 25 faizini dövlət ödəyir. ABŞ-da və digər Avropa ölkələrində də belədir. Azərbaycanda isə gömrük rəsmiləri deyirlər ki, əgər rüsum azaldılsa, bu, digər avtomobilləri ölkəyə gətirənlərə ziyan vurar. Azərbaycanda elektromobillərə görə elə rüsum alınır ki, kimsə belə maşın almaq fikrini özünə yaxın buraxmaq istəmir. İlk növbədə hər şeyi pulla ölçmək lazım deyil. Bu gün Azərbaycan onkoloji xəstələrin sayına görə rekord vurur. Ekologiya Nazirliyinin verdiyi açıqlamaya görə, bu il Azərbaycanda hava çirklənməsinin səviyyəsi 80 faiz avtomobillərə görədir. Həm də bu il üçün havaya atılan tullantı qazlarının səviyyəsi 2-3 dəfə çoxdur”.

Tural Yusifov ile ilgili görsel sonucu

Tural Yusifov deyir ki, Azərbaycana Gürcüstandan texniki baxışdan keçə bilməyən avtomobillər gətirilir: “Buna göz yumurlar, amma ekologiyanın dostu olan hibrid və elektrik avtomobillərə, elektrik motoskletlərinə böyük məbləğdə rüsum alınır. Dövlət proqramı qəbul olunub, amma stimullaşdırma sıfırdır”.

Onun sözlərinə görə, elektromobil və hibrid istehsalçıları özləri ölkə ərazisində həm xidmət stansiyalarının quraşdırılmasına maraqlıdırlar, həm də bunu pulsuz etməyə hazırdırlar: “İnfrastruktur problemi artıq dünyada həllini tapıb. Hibrid, elektromobil istehsalçılarına şərait yaratmaq lazımdır ki, Azərbaycanda da bu infrastrukturu yaratsınlar. Hibrid avtomobilləri, elektrik avtomiobilləri, motoskletləri üçün gömrük rüsumu, ƏDV yığışdırılsın. Bu gün Azərbaycanda Gürcüstan nömrə nişanlı, ili köhnə maşınların daşınması məhz bu cür problemlərlə əlaqəlidir. Halbuki hibrid avtomobilləri ekologiyanı digəriləri kimi korlamır, sahibinin də məsrəflərinin yarıdan çox azalmasına səbəb olur”.

Müqayisə üçün qeyd edək ki, 1500 kub metr həcmli benzinlə çalışan mühərriklə təchiz olunmuş nəqliyyat vasitəsi hər 100 kilometrə 7-8 litr yanacaq sərf edir. Nəqliyyat vasitəsinin buraxılış ili köhnəldikcə, sərfiyat da 8-9 litrə qədər artır. Belə nəqliyyat vasitələrinin benzin çəni adətən 40 litr tutuma malik olur. Litri 90 qəpiyə olan benzinlə çənin doldurulması 38 manat edir. 38 manatlıq benzinlə nəqliyyat vasitəsi qarışıq rejimdə 450 kilometrə yaxın hərəkət edə bilir. Əgər nəqliyyat vasitəsi  həftədə 450 kilometr yol qət edərsə, aylıq benzin xərci 160 manata yaxın olacaq. Hibrid mühərrikli avtomobil üçünsə yanacaq sərfiyyatı 60 manata yaxın olacaq. Üstəlik, ekologiyaya ziyan da vurulmayacaq, vətəndaşlar onkoloji və tənəffüs yollarının digər ağır xəstəliklərinə səbəb olan mühitdən uzaqlaşacaqlar. Bu gün tərəzinin bir gözündə vətəndaşın sağlamlığı, cibinə qənaət, respublikada ekoloji durumun yaxşılaşması, digərində isə rüsumlardır.

Müvafiq qurumlar bunu “SOS” siqnalı kimi də qəbul edə bilərlər.

 

E.MƏMMƏDƏLİYEV




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir