Ev tapşırıqlarının şagirdlər üzərində nə kimi təsirləri olur?

Baxış sayı: 1. 495

Öyrənmə qabiliyyəti insanda anadan olduğu andan formalaşır. Ətrafda baş verən hadisələr bizə elə körpəlikdən bəzi vərdişlərə yiyələnməyi öyrədir. Əslində öyrənmə vərdişinə məktəbə getməzdən əvvəl başlayırıq. Təhsil almağa başladığımız andan etibarən öyrənilən yeni biliklərin yaddaqalan olması üçün dərsdən sonra da planlı şəkildə hazırlaşmaq lazımdır.

Mütəxəssislər qeyd edir ki, uşaqların böyüklərə nisbətən daha tez diqqətləri dağılır. Dərs hazırlayarkən müəyyən müddət fasilə vermək və həmin vaxt ərzində uşaqla müxtəlif oyunlar oynamaq daha səmərəli olar.

Uşaqlarda yuxu və yemək saatlarına nəzarət edilməlidir. Məktəbdən gəldikdən sonra yeməyini yeyib bir neçə saat dincəldikdən sonra dərslərini hazırlaya bilər.

Psixoloqlar ev tapşırıqlarının uşağın zəkasının inkişafında mühüm rol oynadığını bildirirlər. Xüsusilə, heç kəsdən kömək almadan tapşırığı özü həll etməsi onlad məsuliyyət duyğusunun formalaşmasına yardım edir. Eyni zamanda, yeni məlumatlar öyrənən uşaqda beynin iş görmə qabiliyyəti artır və özü özünün düşüncə tərzini formalaşdırır. Buna görə də uşağın dərs hazırlama şəraiti öz istəyinə uyğun olmalıdır. Dərs hazırlayarkən səs, işıq, otağındakı mebelin tərtibatı, istilik və s. kimi faktorlar onun rahat olacağı şəkildə təşkil olunmalıdır.

Ev tapşırıqlarını hazırlayarkən valideyn dəstəyi önəmli amillərdən biridir. Belə ki, onu tamamilə dərsləri ilə baş-başa buraxmaq uşaqda ehtiyacı olduğu anda köməksiz qalacağı hissini oyandırır. Burada məqsəd uşaq yorulduqda onun yerinə dərslərini yazmaq deyil. Ev tapşırıqlarını necə həll edəcəyi yöndə istiqamət verə bilərsiniz. Beləliklə də, uşağa həm məsuliyyət hissini, həm də valideynlərinin ondan dəstəyini əsirgəmədiklərini öyrədə bilərsiniz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir