evdarliq

Evdar qadınlara müavinətlər verilə bilər

Baxış sayı: 952
Ölkəmizdə evdar qadınlara pul verilə bilər. Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Yeni Azərbaycan Partiyasının qərargahında keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, son 2 ildə dövlət başçısının təşəbbüsü ilə sosial məsələlərə böyük vəsait ayrılıb:

“Hələ də bir çox qadınlar işləmir. Bir çox ölkələr evdar qadınların əməyini daha yüksək qiymətləndirmək üçün xüsusi vəsait ayırır. Biz hazırda bu məsələni qaldırırıq. Yəni uşaqları böyüdən qadınlara dəstək verilsə, bu, ailəyə də dəstək olar. Bu istiqamətdə çalışırıq”.

Həm bu, həm də uzun müddətdir müzakirələri aparılan uşaq pulu məsələsi, əslində, eyni məqsəd daşıyır – ailələrin sosial vəziyyətini yaxşılaşdırmaq. Xeyli qadın var ki, heç bir yerdə işləmir, yalnız övladına, ailəsinə qulluq etməklə məşğuldur. Bu da ailənin ehtiyaclarının bir nəfər – ata tərəfindən ödənilməsi deməkdir. Əlbəttə, bir adamın gəliri ilə 3-4 nəfərlik (1 və ya 2 övlad olduğunu nəzərə alsaq. Halbuki, 3 uşaqlı və daha artıq ailə tərkibi olanlarda var – red.) ailəni dolandırmaq xeyli çətindir. Bu mənada evdar qadınlara müavinət ayrılması təbii ki, ailənin maddi gəlirlərinin artmasına gətirib çıxarar.

 

Sosioloq Lalə Mehralı Dövlət Komitəsinin təklifini dəstəklədiyini bildirdi:

– Bilirsiniz ki, bir müddətdir uşaq pullarının verilməsi müzakirəsi aparılır. Valideynlər uşaqlara sosial müavinətlərin ödənməsinin bərpa ediləcəyinə ümidlidir. Belə söhbətlər vardı ki, uşaq pulları 3 yaşadək uşaqlarla bağlı tətbiq edilsin. Əlbəttə, çox yaxşı olar ki, sosial müavinətlər uşaqlar yetkinlik yaşına çatana qədər ödənsin. Başlanğıc üçün 3 yaşadək uşaqlara müavinətin ödənməsinin reallaşması da ailələrə böyük dəstək olar. Biz də istəyirik ki, dövlət övladlarımızın böyüdülməsində yardımçımız olsun. Əgər evdar xanımlara müavinət ayrılacaqsa, bu, övladların böyüdülməsində analara böyük dəstək olacaq. Yeni doğulan uşaqlara görə birdəfəlik yardımların məbləği artırılaraq 200 manata çatdırılıb. Əvvəlcə məbləğ 100 manata çatmırdı. Bunun özü də ailəyə hardasa yardımdır, dəstəkdir. Həm də valideyn dövləti yanında hiss edir. Görür ki, dövlət onu tək buraxmayıb, daha bir vətəndaşının dünyaya gəlməsini nəyləsə alqışlayır. Düşünürəm ki, evdar qadınlara müavinətlər ilk zamanlarda minimum məbləğ də ola bilər. Bu məbləğin hesablanmasında vətəndaşın gündəlik tələbatı öyrənilməılidir və müavinətin səviyyəsi buna uyğun təyin edilməlidir. Elə məbləğ olmalıdır ki, insan gedib bankomatdan çıxarmağa utanmasın. Normal müavinət ayrılacaqsa ailələrin maddi təminatına əsaslı kömək edəcək. Dövlətimiz çox uşaqlı ailələrə, qayğıya ehtiyacı olanlara müavinət ödəyir. Amma axı ölkədə çox uşaqlı ailələr o qədər də çox deyil. Çox uşaqlı ailə hesab edilməsi üçün uşaqların sayı 5-dən artıq olmalıdır. Belə ailələr bəlkə də barmaqla sayılasıdır. Əksər ailələr 2 uşaqla kifayətlənir. Nadir hallarda ailədə 3 və daha artıq uşağa rast gəlinir. Siz gəzintiyə çıxsanız, dənizkənarı parka getsəniz, bunun şahidi olarsınız. Valideynlər bir və ya iki körpə ilə gəzir. Ailələr 2, 3 yşaq dünyaya gətirməkdən çəkinir, qorxurlar. Maddi problemlərlə üz-üzə qalacaqlarını düşünürlər. Düzdü, bizdə demoqrafik problem yoxdur. Amma hələ ki, yoxdur. İrəlidə belə bir problemin yaşanmaması üçün düşünmək lazımdır. Məsələn, Rusiyada 3-cü uşağa görə ailələrə mənzil hədiyyə edilir, torpaq sahəsi ayrılır. Doğrudur, bizim demoqrafik vəziyyət Rusiya ilə müqayisə oluna bilməz. Amma məncə, biz də irəlini, gələcəyi düşünməliyik. Son zamanlar biz əmək haqlarının, pensiyaların artımını müşahidə edirik. Bunlar hamısı dövlət büdcəsi hesabınadır. Başa düşürük, amma biz anaları da düşünsələr yaxşı olar. Minimum məbləğdə müavinətlər olsa, hansısa tələbatların ödənməsində evdar xanımlara dəstək olar.

 

Məlahət Rzayeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir