is gorusmesi

Eyni iş, fərqli maaş

Baxış sayı: 206

Beynəlxalq Əmək Təşkilatı dünyada qadın və kişilərin məşğulluğu, aldıqları əməkhaqqı ilə bağlı növbəti hesabatını açıqlayıb. Hesabata əsasən, dünyada əmək qabiliyyətli qadınların 15 faizi, kişilərin isə 10,5 faizi işsizdir. İnkişaf etməkdə olan ölkələrdə bu rəqəmlər müvafiq olaraq 24,9 və 16,6 faiz təşkil edib. Həmçinin qlobal miqyasda kişilərin əmək haqqından qazandığı hər 1 dollarla müqayisədə qadınlar 51 sent qazanır.

 

Dünyada 80, Azərbaycanda 63 faiz

Bəs ölkəmizdə bu sahədə vəziyyət necədir? Qadınlarla kişilərin orta aylıq əməkhaqqı nominalında nə qədər fərq mövcuddur?

Sözügedən məsələ ilə bağlı bir müddət əvvəl mövcud vəziyyəti açıqlayan Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyevin sözlərinə görə, bu gün dünyada təxminən eyni vəzifədə çalışan bir qadının aldığı əmək haqqı, kişinin əmək haqqının 80 faizini təşkil edir. Azərbaycanda isə bu göstərici cəmi 63 faizdir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva isə bildirib ki, “2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda dinamik, inklüziv cəmiyyətdə sosial ədalətin təmin olunması üçün qadın əməyinin düzgün qiymətləndirilməsi əsas hədəflərdən biri kimi müəyyən edilib. Həmin strategiyaya əsasən, 2026-cı ilə qədər Azərbaycanda qadınların orta aylıq əmək haqqının kişilərin orta aylıq əmək haqqına nisbətinin minimum 80 faizə çatdırılması nəzərdə tutulub.

“Qanunvericilikdə belə bir tələb yoxdur”

Mövzu ilə bağlı Milli Məclisin deputatı Jalə Əliyeva bildirdi ki, Azərbaycanda cinsə görə ayrı-seçkilik yoxdur. Yəni qanunvericilikdə belə bir tələb mövcud deyil: “Bizim qanunvericiliyə əsasən, qadınlar və kişilər bütün məsələlərlə bərabər hüquqludur. Bu, əmək haqqı məsələsində də belədir. Yəni əməkhaqqı cins fərqinə görə ödənilmir. Bəlkə dünyanın hansısa ölkəsində belə bir vəziyyət var. Əlbəttə ki, düzgün yanaşma deyil”.

Cinsə görə fərq qoymaq məsuliyyət yaradır

Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov dedi ki, yerli qanunvericiliyə, həm də tərəfdaş çıxdığımız beynəlxalq normalara görə “bərabər əməyə görə bərabər ödəniş sistemi” tətbiq edilir. Yəni bir şəxs hansısa peşə, ixtisas, sahə üzrə işləyirsə, burada cinsə görə fərq qoymaq qadağandır: “Bu, məsuliyyət yaradır. Amma ümumi götürüləndə qadınlarla kişilərin əməkhaqqı arasında fərqlər mövcuddur. Çünki kişilər daha yüksək əməkhaqqı ödənilən sahələrdə işləyir. Məsələn, deyək ki, maşınqayırma, tikinti, emal sənayesi, hasilat sənayesi. Bu sahələrdə işləyənlərin əksəriyyəti kişilərdir və burada əməkhaqqı daha yüksəkdir. Amma qadınlar harada işləyir? Sovet dövründə qadınlar fabriklərdə işləyirdi və bu sahə yüngül sənaye sayılırdı. İndi isə daha çox büdcə təşkilatlarında çalışırlar. Məsələn, müəllimlərin, həkimlərin, mədəniyyət işçilərinin 70-80 faizi qadınlardır. Yuxarıda qeyd etdiyim kimi, kişilərin işlədiyi sektora nisbətən bu sahələrdə çalışan qadınların əməkhaqqı azdır. Yaxud qadınlar aqrar sektorda işləyir ki, burada da əməkhaqqı kifayət qədər aşağıdır. Ona görə də belə bir fərq yaranır. Yəni əsas səbəb bundan ibarətdir ki, qadınların işlədiyi sahələrdə əməkhaqqı kişilərin işlədiyi sahələrə nisbətən daha aşağıdır”.

“Azərbaycanda belə addımlar atılmır”

S.Məmmədov qeyd etdi ki, dünyanın hər yerində vəziyyət belədir və buna təbii baxmaq lazımdır: “İstənilən inkişaf etmiş dövləti misal gətirə bilərik. Orada neft platformalarında kimlər işləyir? Əsasən kişilər. Ən ağır işlərdə yenə kişilər işləyir. Düzdür, bəzi ölkələr bunu balanslaşdırmaq üçün müəyyən tədbirlər görürlər, qadınların əməkhaqqının artırılması üçün hansısa vergi güzəştləri tətbiq edilir. Misal üçün, yüngül sənaye sahəsində qadınlar çox işləyir. Belə sahələrdə vergi yükünü azaldırlar və onu məqsədli şəkildə qadınların əməkhaqqına yönəldirlər. Belə tədbirləri çox az dövlətlər edir. Azərbaycanda isə belə addımlar atılmır və gözlənilmir”.

Kişilərin karyera yüksəlişi daha asandır

“Təmiz Dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova bildirdi ki, Azərbaycanda əmək hüquqlarına görə əməkhaqqı məsələsində cinsə görə fərqlər yoxdur: “Amma ola bilər ki, özəl sektorda bu hal baş versin. Belə fərqlər qeyri-hökumət təşkilatlarında da yoxdur. Müəyyən edilmiş standartlar və iş gününə görə əməkhaqqı verilir. Dünyanın bir çox yerində fərqlər var, o cümlədən əvvəllər Azərbaycanda belə bir yanaşma var idi. Amma qanunvericilik kifayət qədər bunun qarşısını aldı. Ola bilər ki, hansısa iş yerində vəzifə pilləsində bacarıq və qabiliyyətinə görə kişiyə üstünlük verilir, amma qadın kənarda qalır. Bunu hesaba alsaq görə bilərik ki, qadınlar kişilərdən az əməkhaqqı alır. Baxmayaraq ki, eyni formada qadın da əmək sərf edir. Lakin qadının karyera pilləsində irəliləməsi kişiyə nisbətdə daha aşağı səviyyədə gedir. Bu da onun əməkhaqqına öz təsirini göstərir. O ki qaldı özəl sektora, bu sahə də qanunvericiliklə tənzimlənir. Bir sıra hallarda hansısa özəl şirkət öz standartlarını müəyyən edir. Əgər qadın əməyinin müqabilində kişilərlə müqayisədə aşağı səviyyədə ödəniş edildiyini görürsə, məhkəməyə müraciət etməlidir”.

 

Bəxtiyar Məmmədli 




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir