komputer

Gələcəyimizi təhdid edən “yenilik”lər

Baxış sayı: 61

Gələcək nəslin təhsili və tərbiyəsi bütün zamanlar üçün ən aktual məsələdir. Xüsusən indiki çağda bu məsələyə ciddi yanaşmaq vacibdir. Övladlarımızın tərbiyəsində adətən mükəmməl hesab etdiyimiz təcrübələrə, eyni zamanda ənənələrə və valideyinlərimizdən, bizdən öncəki nəsildən görüb-götürdüklərimizə əsaslanırıq. Modern dünyada peşəkar psixoloq və pedaqoqlara müraciət edənlər, hər şeyi “kitabına uyğun” qurmağa çalışanlar da az deyil. Elə bizdə də övladının təlim-tərbiyəsində peşəkar uşaq psixoloqları məsləhətləşənlər, dünya miqyasında özünü doğrultmuş müəlliflərin kitablarına müraciət edənlər az deyil.

İnkişaf etmiş ölkələr təbii olaraq, bu məsələdə bizdən daha həssas və deyərdim ki, daha uğurludur. Bunun da çox ciddi iqtisadi, sosial səbəbləri var və bu barədə başqa bir yazıda daha ətraflı polemika açmaq mümkündür.

Heç kəsə sirr deyil ki, cəmiyyətimizdə valideyin-övlad münasibətlərində ciddi problemlər var. Xüsusilə yeniyetmə yaş dövründə mental dəyərlər, ənənəvi tərbiyə üsulları ucbatından valideyn-övlad münasibətində qopan bağlar övladlarımızın həyatında ciddi boşluqlar yaradır. Ənənəvi tərbiyə metodları, mentalitetə söykənən və “öyüd-nəsihət” janrından o tərəfə keçməyən münasibətlər övlad tərbiyəsində ciddi problemlərə səbəb olur.

 

***

Yaşıdlarım təsdiq edərlər, bizim nəslin uşaqlığı kifayət qədər ağır, çətin dövrə təsadüf etsə də, biz daha xoşbəxt, daha bəxtiyar idik. Oxuduğumuz kitablar, oynadığımız oyunlar, qurduğumuz dostluqlar bu gün də həyatımıza öz müsbət təsirini göstərir. Bizim kitablardan tanıdığımız, bənzəmək istədiyimiz qəhrəmanlar vardı, o qəhrəmanlar ki, bizim gələcək seçimlərimizə, formalaşmağımıza yön verirdi. Biz həyatı kitablardan öyrənir, dünyanı kitablarla tanıyırdıq. Valideynlərimizdən gördüyümüz nümunə bu idi. Evlərdə kitab rəfləri, vərəqləri solmuş, oxunmaqdan yıpranmış kitablar, dərgilər, qəzetlər olardı. Axşamlar valideynlərimiz neft lampasının işığında belə kitab oxuyurdularsa, artıq bizə “kitab oxu” deməyə ehtiyac qalmırdı. Sözsüz ki, dəcəlliklərimiz, yaramazlıqlarımız da olurdu. Bizi də cəzalandırır, müəyyən qadağalar qoyurdular. Ancaq uşaqlığımızı doya-doya, zövq alaraq, xoşbəxt yaşayırdıq. Ehtiyaclar, sıxıntılar, problemlər bizim ürəkdən gülməyimizə, müxtəlif oyunlar kəşf edib oynamağımıza, coşğunluğumuza mane olmurdu.

Bizim xəyalını qura bilməyəcəyimiz yeniliklər indiki nəsil üçün əlçatandır. İndiki uşaqlar dünyanı ağıllı telefonlardan, planşetlərdən, oyun konsollarından, bilgisayarlardan öyrənirlər. Bunun nə qədər müsbət tərəfləri olsa da, bir o qədər də mənfi, təhlükəli tərəfləri var. Valideyn nəzarətini minimuma endirən bu müasir kəşflər övladlarımız üçün hazırda ən böyük təhlükə mənbəyidir. Xüsusilə də pandemiya dönəmi, virtual təhsil bu müasir kəşfləri övladlarımız üçün daha da əlçatan etdi. Övladlarımıza qoyduğumuz qadağaları məcburən yumuşaltdıq. Çünki artıq təhsil üçün də qadağa qoyduğumuz telefonlara, planşetlərə ehtiyac yarandı.

 

***

Bizim bənzəmək istədiyimiz nağıl, hekayə, roman, film qəhrəmanları vardı, övladlarımız “TikTok” fenomenlərinə, yutuberlərə, vaynerlərə bənzəməyə çalışırlar.

Ağlllı telefonların əlçatan və populyar tətbiqləri, bu tətbiqlər və sosial platformalar vasitəsilə məşhur olan beyinsizlər övladlarımızın kumirinə, qəhrəmanına çevrilirlər.

Aylar öncə 12 yaşlı oğlumun milyonlarla izləyicisi olan türkiyəli yutuberə heyranlıqla məktublar, şərhlər yazdığını öyrənəndə ciddi narahatlıq keçirmişdim. Heç bir müsbət keyfiyyəti olmayan, mənasız və məzmunsuz, yüngülməcaz videoları ilə məşhurlaşan, adını çəkmək istəmədiyim türkiyəli gəncin ölkəmizdə də onminlərlə izləyicisi varmış. Və bunun böyük hissəsi uşaqlardır. Oğlum artıq yutuber olmağı, gələcəkdə bu yolla məşhurlaşmağı, şöhrət qazanmağı arzulayırdı. Hətta özünə sosial şəbəkələrdə həmin yutuberin fanatı kimi səhifələr açmışdı. “TikTok” videoları çəkməyə yenicə başlamışdı ki, prosesdən xəbərdar oldum. İllərdir çəkdiyim əziyyətlər, elmə, oxumağa təşviq edən yazılarım, kitablarım, tənqidi çıxışlarım kino lenti kimi gözümün qarşısından keçdi. Necə böyük təhlükə ilə üz-üzə qaldığımı dərk edəndə üşəndim, qorxdum.

Hələ səkkiz yaşında həvəslə kitabxanaya gedən oğluma sərt qadağa qoymağım, ona nəzarət etməyim mümkün olmadığı üçün, onu yenidən kitab oxumağa təşviq etməyə başladım. Oxumağa təşviq etdiyim kitablar, hədiyyə etdiyim gitara, sosial şəbəkələr, trendlər, fenomenlər haqda etdiyim söhbətlər yavaş-yavaş öz bəhrəsini verməyə başladı…

 

***

Şübhəsiz ki, övladım üçün təhlükənin tamamilə ötüb keçdiyini düşünmürəm. Ancaq dəqiq bilirəm ki, övladlarımıza mümkün olduğu qədər faydalı vərdişlər aşılamalı, onların müasir kəşflərdən daha faydalı məqsədlər üçün istifadə etməyinə çalışmalıyıq.

Valideynlərimiz bizi küçədəki, tindəki təhlükələrdən qorumağa çalışırdılar. Məsələn, bizim üçün zərərli hesab edilən şey xəlvəti siqaret çəkmək idisə, övladlarımız üçün “TikTok” videosu çəkməkdir. Övladlarımızı təhdid edən təhlükələr, bizi təhdid edən təhlükələrdən tamamilə fərqlidir. İnternetin imkanları sayəsində “tiktokerlər”, yutuberlər düz evimizin içinə “soxulur”, gözümüzün qarşısında övladlarımıza ciddi təhlükə yaradırlar.

Anlayıram ki, müasir inkişafın, bu cür təhlükəli “yenilik”lərin qarşısını almaq, ona qarşı çıxmaq mümkün deyil. Övladlarımızı bu təhlükədən qorumaq üçün şəxsi nümunə göstərməli, onları zərərli məşğuliyyətlərdən çəkindirmək üçün onlara doğru olanı tövsiyə etməliyik.

İndi gələcəyimizi təhdid edən “müasirlik”dir – ucuz, səviyyəsiz, qarşısıalınmaz internet bəlası, sosial şəbəkə fenomenləri, “Youtube” trendləri və “tiktokerlər”. Övladlarımızı bu zombilərdən qorumaq üçün daha diqqətli olmalı, onları daha ciddi mənbələrlə tanış etməliyik. Və şübhəsiz ki, onları oxumağa təşviq etməli, kitabı sevdirməliyik.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir