sonsuzluq

Gec ailə qurmaq həqiqətənmi sonsuzluğa gətirib çıxarır?

Baxış sayı: 1. 316

Hamiləlik bir çox qadının arzusu olsa da, bəzi sağlamlıq problemləri bu möhtəşəm duyğuya gedən yolu əngəlləyir. “Sonsuzluq” adlandırdığımız bu problem kişilər və qadınlarda eyni nisbətdə yaşanır. Hər il təxminən cütlüklərin 15 faizi hamiləliyin baş tutmaması səbəbindən müalicəyə ehtiyac duyaraq həkimlərə müraciət edir. Belə qadınlardan biri olan Nuranə Quliyeva (ad şərtidir –A.Ə.) deyir ki, 10 il uşaq həsrətində olub. Hətta ailəsi dağılmaq vəziyyətinə gəlib çıxıb: “2001-də ailə qurdum. 2 il gözlədik, amma uşağım olmadı.  Həyat yoldaşımla hər cür müalicə qəbul etsək də heç bir faydası olmurdu. 10 il gözlədik. Ayrılmaq istədim, çox stress keçirirdim, həyata küskün idim. O da ata olmağı çox arzu edirdi, amma məni incitməsin deyə, həmişə “heç nə olmaz, mənim üçün əsas sənsən” kimi sözlərlə dəstək olurdu. Nəhayət, süni mayalanmaya müraciət etmək qərarına gəldik. İndi əkiz övladlarımız var. Şükür bu günə!”.

Nuranə kimi eyni problemləri yaşayan qadınlar çoxdur. Sirr deyil ki, bir çox boşanmalar da məhz sonsuzluq səbəbindən yaşanır. Bəs Azərbaycanda sonsuzluğun müalicəsi üçün hansı addımlar atılır  və texnologiyanın, tibbin inkişafı bu sahəyə hansı yenilikləri gətirib?

“Azərbaycanda sonsuzluq səviyyəsi 15%-ə çatıb”

 

Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi, mama-ginekoloq Leyla Məmmədova bizimlə söhbətində bildirdi ki, Azərbaycanda sonsuzluq səviyyəsinin 15%-ə çatması səhiyyə, cəmiyyət və dövlət üçün ciddi məsələ kimi qəbul olunmalıdır: “Tədqiqatlara görə, sonsuzluq problemi ilə üzləşən insanlarda depressiya, narahatlıq, özünü günahlandırma, əsəbiliyə yüksək tezliklə rast gəlinir. Bütün ölkələrdə olduğu kimi, sonsuzluğun diaqnostikası və müalicəsi üzrə dünyada tətbiq olunan bütün müayinə və müalicə üsulları Azərbaycanda da mövcuddur. Sonsuzluğun profilaktikası mühüm məsələlərdən biridir. Reproduktiv sağlamlığın qorunması uşaq yaşlarından diqqət mərkəzində olmalıdır. Yeniyetməlik dövründən başlayaraq reproduktiv sağlamlıqla bağlı problemlərə ciddi diqqət göstərilməlidir. Eyni zamanda, yeniyetmə və gənclər arasında maarifləndirmə işinin aparılması vacib məqamlardan biridir. Azərbaycanda da sonsuzluğun diaqnostikasına, müalicəsinə həsr olunmuş elmi-tədqiqat işləri aparılır”.

 

“Sonsuzluq reproduktiv sağlamlığa etinasız münasibətlə əlaqəlidir”

L.Məmmədova deyir ki, sonsuzluğa, xüsusilə boru-peritoneal mənşəli sonsuzluğa gətirən əsas səbəblərdən biri cinsi yolla yoluxan infeksiyalardır: “Erkən cinsi həyat, əmək miqrasiyası, reproduktiv sağlamlıq məsələləri, o cümlədən cinsi yolla yoluxan infeksiyalara dair məlumatlılıq səviyyəsinin aşağı olması və digər səbəblər infeksiyaların tezliyinə ciddi təsir göstərir. Kiçik çanaq üzvlərinin xroniki iltihabi xəstəlikləri, yumurtalıqların kistaları, uşaqlığın mioması, endometrioz kimi ginekoloji xəstəliklər, abortların nəticələri, zərərli vərdişlər də sonsuzluğa gətirən amillərdəndir. İstənilən halda, sonsuzluq probleminin əsasını insanların öz reproduktiv sağlamlığına etinasız münasibəti təşkil edir. Cinsi yolla yoluxan infeksiyalar həm kişi sonsuzluğuna, həm də qadınlarda boru-peritoneal mənşəli sonsuzluğa gətirən əsas səbəblərdəndir. Yeniyetmə qızlarda reproduktiv sistemin pozğunluqlarına diqqət verilməməsi nəticədə endokrin mənşəli sonsuzluğa gətirir”.

Həkimin sözlərinə görə, Azərbaycanda qadın sonsuzluğu 45%, kişi sonsuzluğu 40%, müştərək sonsuzluq, yəni həm qadında, həm də kişidə reproduktiv sistemlə əlaqəli pozğunluqların olması – 15% təşkil edir: “Rəsmi statistikaya əsasən, kişi sonsuzluğu diaqnozunun sayının qadın sonsuzluğuna nisbətən az olması heç də onlarda sonsuzluq probleminin az olmasına dəlalət etmir. Təəssüf ki, bir çox hallarda sonsuzluq problemi ilə üzləşən ailə ilk olaraq qadının müayinə olunmasını məqsədəuyğun hesab edir. Qadının həyat yoldaşının müayinədən keçməkdən imtina etdiyi hallar da olur. Məhz buna görə rəsmi statistikaya əsasən qadın sonsuzluğu diaqnozu sayca üstünlük təşkil edir. Qadınlarda əsasən boru-peritoneal mənşəli sonsuzluq – uşaqlıq borularının keçiriciliyinin üzvi və ya funksional pozğunluğu, endokrin mənşəli pozğunluq – ovulyator pozğunluqlar, uşaqlıq mənşəli sonsuzluq – endometriumun patologiyaları, uşaqlığın mioması, uşaqlığın inkişaf qüsurları, servikal faktorla əlaqəli sonsuzluq ayırd edilir. Qadının yaşı 35-dən çox olduğu halda 6 aydan sonra müayinələrə başlanmalıdır”.

 

Süni mayalanmaya nə vaxt müraciət edə bilər?

L.Məmmədova hesab edir ki, ilkin olaraq 3-6 ay ərzində sonsuzluğun səbəbi müəyyən olunmalıdır: ” Sonsuzluq üçün köməkçi reproduktiv texnologiyaların tətbiqinə göstərişlərə mütləq boru sonsuzluğu, yəni uşaqlıq borularının olmaması və ya keçməməzliyi, naməlum mənşəli sonsuzluq, immunoloji sonsuzluq, kişi sonsuzluğu, yumurtalıqların polikistozu sindromu, endometrioz aid edilir. Sonsuzluğun səbəbi müəyyən edildikdən sonra aparılan müalicə fonunda 9-12 ay ərzində hamiləlik baş vermədiyi halda köməkçi reproduktiv texnologiyalara müraciət etmək məsləhət görülür. Əgər boru mənşəli, müalicəyə tabe olmayan kişi sonsuzluğu müəyyən olunarsa, köməkçi reproduktiv texnologiyalara vaxt itirmədən müraciət etmək məqsədəuyğundur: “Əhalinin sağlamlığının qorunması haqqında” qanunda da qeyd edilib ki, “yetkinlik yaşına çatan hər bir qadının süni mayalanma və ona embrionun implantasiyası hüququ vardır. Süni mayalanma və embrionun implantasiyası ər və arvadın (tənha qadının) rəsmi razılığı olduqda aparılır. Süni mayalanma, embrionun implantasiyası, eləcə də donorun şəxsiyyəti həkim sirridir. Qadın süni mayalanmanın, embrionun implantasiyasının tibbi və hüquqi nəticələri, tibbi-genetik müayinə, donorun milliyyəti, xarici görkəmi barədə məlumat almaq hüququna malikdir və bu məlumat tibbi müdaxilə aparan həkim tərəfindən verilir. Qanunsuz süni mayalanmada və embrionun implantasiyasında təqsiri olan şəxslər qanunvericilikdə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar”.

 

Süni mayalanmaya tələbat artıb 

Azərbaycanda süni mayalanma üzrə məşhur mütəxəssis, GENOKS-un (genetik xəstəliklərin diqnostikası) Azərbaycanda rəsmi nümayəndəsi Ersadık Turan bildirir ki,  son illər süni mayalanmaya tələbat artıb və artıq insanların bu barədə bilikləri, maraqları artır: “Əvvəllər sonsuzluğa qismət, tale deyirdilər, “uşağım olmur”, – deyib küsürdülər, illərlə gözləyənlər də vardı, ya da ən pis halda ailələri dağılırdı. Amma indi belə bir müalicə olduğunu bilirlər. Müasir zamanda xanımlar daha gec yaşda ailə qurmağa başlayırlar. Bu da yumurta sayının azalmasına gətirib çıxarır. Kişilərdə də yaş artdıqca spermaların sayı azalır. Son illər gec ailə qurmalar sonsuzluğa gətirib çıxarır. Azərbaycanda süni mayalanma ilə doğulan uşaqların sayı artıb. 12 yaşında, 9 yaşında olan uşaqlar var. Bəhrəsini gördükcə insanlar süni mayalanmaya daha çox inanmağa başlayır. Əgər qadının ürək, böyrək qüsuru, beyni ilə bağlı, yüksək təzyiq kimi problemi yoxdursa, süni mayalanmanın da yaş həddi yoxdur. Ancaq qadınlar süni mayalanma üçün 38 yaşını ötürməməlidirlər. Süni mayalanma 100 adamdan 60-da birinci dəfədən tutur. 40-ı ikinci dəfə gəlir. Onlardan da 24-də ikinci dəfə tutur. 16-sı üçüncü dəfə cəhd edir. Mənim bir xəstəm vardı – 8 il ərzində 10 dəfə süni mayalanma ilə embrion köçürdük ona. 10-cu dəfə alındı – əkiz qızı və oğlu oldu. Və bütün əziyyətimizə dəydi. Xəstələrə tövsiyəm odur ki, cəhd etsinlər, alınmasa, küsməsinlər. Bir neçə ay bədənlərinə dinclik versinlər, sonra yenidən edə bilərlər. Bir az səbrli olmaq lazımdır”.  (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir