genetika

Genetika və qohum nikahları

Baxış sayı: 845

Genetika elmi kimi böyük bir elmi qısa bir yazıya sığışdırmağımız əlbəttə ki, mümkün deyil. Lakin genetika elmi haqqında qısa da olsa, məlumat sahibi olmağımız hər birimiz üçün önəmlidir. Qulaqdandolma məlumatlar əvəzinə gəlin elmi əsası olan informasiyaları oxuyaq.

Genetika elmi sayəsində günlük həyatımıza təsir edən bir çox yeniliklər daxil olmuşdur. Məsələn, genetik xəstəliklərin hələ uşaq ana bətnində olarkən aşkarlanması, tibbi ekspertiza ilə mübahisəli mövzuların aşkarlanması, kənd təsərrüfatı və heyvandarlığın kimi bir çox sahələrdə genetika elminin bizə verdiyi imkanlardan istifadə edilir.

Genetika canlılarda irsi xüsusiyyətlərin nəsildən-nəslə ötürülməsini araşdıran elmdir. Həmçinin, genetika genlərin quruluşu, orqanizmdə rolu və genlərdə əmələ gələn dəyişiklikləri izah edən elmdir.

Hər bir canlı kimi biz də öz bioloji valideynlərinizin xüsusiyyətlərini daşıyırıq. İnsan nümunəsinə baxsaq, bizim gözlə görünən genetik xüsusiyyətlərimizə xarici görünüşümüz, saç, qaş, göz rəngimiz, boyumuz və s. bu xüsusiyyətlərə aiddir. Bunun paralelində genlərimiz vasitəsiylə bizə ötürülən başqa özəlliklərimiz də var. Məsələn, hansısa bir sahəyə olan marağımız, istedadımız, hər hansı bir xəstəlik və s.

Genetika elmi uzaq genlərin birləşməsindən dünyaya gələn nəslin daha güclü olduğu fikrini müdafiə edir. Elm izah edir ki, eyni xüsusiyyətləri daşıyan, yəni yaxın genlərə sahib iki insanın evliliyindən dünyaya gələn uşaqda valideynlərin genetik xüsusiyyətlərinin ortaya çıxma ehtimalı çox yüksəkdir. Eyni genetik xəstəliklərin daşıyıcısı olan iki insanın evliliyindən dünyaya gələn uşaq, həmin genetik xəstəliklə doğula bilər və ya həmin xəstəliyin daşıyıcısı ola bilər.

Bu o deməkdir ki, iki qohum şəxsin evliliyindən dünyaya gələn övladda həmin nəsildə olan hər hansı bir xəstəliyin dünyaya gələn uşaqda olma ehtimalı çox yüksək olur.

Odur ki, qohum nikahlarından dünyaya gələn uşaqlarda ürək-damar və qan xəstəlikləri, zəka geriliyi, göz zəifliyi, altzeymer, xərçəng, şizofreniya və s. kimi xəstəliklərə rast gəlinməsi ehtimalı yüksəkdir. Həmçinin, ailə quran şəxslərin valideynləri də qohum evliliyi ilə ailə qurublarsa, bu şəxslər ailə quran zaman iki dəfə düşünməlidir. Çünki qeyd etdiyimiz xəstəliklərin ortaya çıxma ehtimalı daha da yüksəlir. Eyni zamanda sonrakı nəsillərin zəifləməsinə səbəb ola bilir.

Bunun bərabərində genetika elmi izah edir ki, uzaq genlərin birləşməsindən yaranan nəslin sağlam və güclü olma ehtimalı daha yüksəkdir. Məsələn, genetika elmi iddia edir ki, bir çox dahi şəxslər, xüsusi istedadı olan insanlar uzaq genlərin birləşməsindən dünyaya gələn insanlar olur. Gen uzaqlaşdıqca sağlam olma ehtimalı və müxtəlif güclü genleri özündə birləşdirmə ehtimalı da yüksək olur.

Təbii ki, biz ehtimallar üzərindən danışırıq. Bunların heç biri baş verməyə və tamamilə sağlam uşaqlar dünyaya gələ bilər. Bunu isə təcrübə etmək risklidir.

Qısaca desək, hər bir insanın genində zəif bir xüsusiyyət vardır. Qohum evliliklərində tərəflər yaxın genlərə sahib olduqları üçün bu zəif tərəflər üst-üstə düşür və gendə olan həmin o zəif xüsusiyyətin üzə çıxma ehtimalı daha yüksək olur.

Qohun nikahlarının bu fəsadları tarix boyu müşahidə edilmişdir. Qohum evlilikləri genetik xəstəliklərin epidemiologiyasına təsir edən vacib məqamlardan biridir. Bu səbəbdən din, əxlaq və hüquq müstəvilərində yaxın qohum nikahları qadağan edilmişdir. Buna baxmayaraq ölkəmizdə qohum nikahlarının sayı çoxdur. Dünyada doğulan uşaqların 8-9 %-i qohum nikahlarından doğulan uşaqlardır. Əsasən qapalı cəmiyyətlərdə çox rast gəlinən bu hallar inkişaf etmiş cəmiyyətlərdə də az deyildir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir