Gili Stav

Hillarini sevən, kababı xoşlayan, rusca öyrənən İsrail səfirinin xanımı ilə MÜSAHİBƏ

Baxış sayı: 1. 389

İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Dan Stavın xanımı Gili Stavla səfirliyin binasında görüşüb söhbətləşdik. Həyat yoldaşının kabinetində baş tutan görüşdə xanım Gili ilə ölkəmizdəki yaşayış tərzi, Azərbaycanla İsrail arasındakı münasibətlər, maraq dairəsi ətrafında, o cümlədən qadınlar barədə danışdıq.

 

-Gili xanım, söhbətimizə Azərbaycandakı yaşayış tərzinizdən başlamaq istərdim. Bakıdakı həyatınız necədir, ölkəmiz barədə düşüncələrimiz nədən ibarətdir?
-Azərbaycanda özümü çox rahat hiss edirəm. Azərbaycanlılar çox istiqanlı və mehribandır. Bakı şəhərində gəzinti də gözəldir, şəhər sakitdir. Bulvarda və Bakı küçələrində rahat və sərbəst gəzintidən zövq alıram.
-Bəs adaptasiya prosesi necə keçdi?
-Adaptasiya asan oldu. Haradasa 15 ildir işlərimizlə əlaqədar xarici ölkələrdəyik. Səfirliyin yerli işçiləri çox köməklik göstərir, ona görə də heç bir problem yoxdur, yalnız dil problemi var. Mən hazırda rus dilini öyrənirəm və bu dili mənimsəmək çox çətindir. Nə üçün rus dilini seçdim? Ona görə ki, son vaxtlar İsraildə rusdilli gəlmələr çox artıb.
-Azərbaycanca hansısa söz öyrənmisiniz? “Salam” kəlməsini yəqin çox eşitmişiniz…
-Xeyr, azərbaycanca çox söz bilmirəm, “Salam” kəlməsi ərəb dilində də olduğu üçün yadımda yaxşı qalıb. Amma onu deyə bilərəm ki, yerli insanlar çox gülərüz və yardımsevərdir. Məsələn, ingiliscə bilməyən bir insana yardım üçün yaxınlaşsam, mütləq ingiliscə bilən kimisə tapıb mənə kömək etməyə çalışacaq.
-Mətbəxlə aranız necədir? Bizim yeməklərimizdən hansını bəyənirsiniz? Azərbaycanın milli təamlarından bişirməyə cəhd eləmisinizmi? 
-Özüm ətli yeməklər yeməyi xoşlayıram. Həyat yoldaşım vegetarian olduğu üçün ət yeməklərinə çox üstünlük vermirik. Azərbaycan mətbəxindən lülə kababı, dolmanı, qutabı sevirəm.
-Boş vaxtlarınızda nə ilə məşğul olursunuz? Hobbiniz nədir? 
-Oxumağı sevirəm. İsrailə gedəndə övladlarım üçün öz əllərimlə yemək bişirməyi və onlara çox vaxt ayırmağı xoşlayıram. İdmanla, xüsusilə üzgüçülüklə məşğul olmaq hobbimdir. Əcnəbi dostlarımla vaxt keçirmək xoşuma gəlir. Muzeylərə, konsertlərə çox getməyə çalışıram.
-Azərbaycan müğənnilərinin ifasını dinləmək imkanınız olubmu? Kimlərin ifalarını xoşlayırsınız?
-Səfirliklər tərəfindən təşkil olunan fyujen konsertlərdə iştirak edirəm. Bu cür proyektlər əcnəbi və azərbaycanlı ifaçıların birgə ifa etdiyi konsertlərdir. Sonuncu dəfə belə konsert İtaliyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilmişdi. Film festivallarına getməyi də həmçinin sevirəm.
-Azərbaycanda hər hansı layihə həyata keçirməyi planlaşdırırsınız? 
-Xəstə və valideyn himayəsindən məhrum uşaqlara yardım etmək istərdim. Çünki uşaqlar bizim gələcəyimizdir. Bundan başqa, Azərbaycanda İsrail film festivalı keçirmək arzusundayam.
-Övladlarınız haqda danışmanızı istərdim, dediniz ki, ikisi də hazırda İsraildədir… 
-Qızımın 25 yaşı var, vizajistdir. Oğlumun dekabrda 20 yaşı olacaq, hərbçidir, İsrail ordusunda xidmət edir. Övladlarım bizdən uzaqda olduğundan onlar üçün çox darıxıram. Hər fürsətdə İsrailə gedib onları görməyə çalışıram.
-Səfir xanımı kimi siyasət və diplomatiyaya marağınız varmı? 
-İnanın ki, siyasət və diplomatiyaya marağım yoxdur, bu sahə mənə çox yaddır (gülür).
-Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkiləri hələ də müzakirə olunmaqdadır. Qadınların bir çoxu sosial şəbəkələrdə prezidentlik uğrunda mübarizə aparan qadın namizəd Hillari Klintonun məğlubiyyətindən məyus olduqlarını dilə gətirirlər. Bəs siz seçkilərin nəticəsinə necə reaksiya verdiniz? 
– Düşünmürəm ki, Hillari Klinton uduzub, çünki o, qadındır, Hillari qadınlar üçün məğlub sayılmır, onun seçkilərdə namizəd olması özü bir qələbə hesab oluna bilər. ABŞ-da keçirilən seçkilər demokratik yolla baş tutub və buna gender bərabərsizliyi demək düzgün olmaz. Mənim baxışım daha çox demokratlara yaxındır. Respublikaçıların bəzi fikirlərini dəstəkləmirəm.
Seçkiqabağı kampaniya zamanı Donald Trampın qələbə çalacağını heç kəs gözləmirdi, çoxları onun səs toplayacağına inanmırdı. Ancaq o, təslim olmadı, sonadək mübarizə apardı.
-Belə deyim var ki, hər bir uğurlu kişinin arxasında bir qadın dayanır. Sizin qadın gücü barədə düşüncələriniz nədən ibarətdir? 
-Hesab edirəm ki, kişi və qadınların hüquqları bərabər olmalıdır. Bir qadına qadın olduğuna görə fərqli yanaşmaq yalnışdır. Qadın həm ana ola, həm də uğurlu karyera qura bilər.
-Gili xanım, qadınlar kişilərə nisbətən daha həssasdır, dünyanın istənilən ölkəsində müharibə haqda eşidəndə daha çox kədərlənir. Biz onillərdir İsraillə Fələstin arasında olan konflikt barədə eşidirik. Bir qadın və ana kimi bu münaqişə barədə nə düşünürsünüz, çözüm necə olmalıdır? 
-Müharibə mənim üçün ağrılı mövzudur. 1967-ci ildə qardaşımı müharibədə itirmişəm, müharibə dəhşətlərini yaşayan bir ailədə böyümüşəm. Oğlu hərbçi olan ana, qadın, bacı kimi müharibə çox çətindir. Gənclərin ölümünü, anaların gözü yaşlı qalmasını istəmirəm.
-Bəs Dağlıq Qarabağ münaqişəsi haqda eşitmisiniz? 
-Əlbəttə, eşitmişəm. Ümid edirəm ki, işğal olunmuş Azərbaycan torpaqları sülh yolu ilə geri qayıdacaq və ölkənizin ərazi bütövlüyü beynəlxalq hüquq çərçivəsində təmin olunacaq. Mən dünyaya sülh arzulayıram.
-Zaman-zaman media İsrail-Azərbaycan dostluğundan yazır. Ölkələrimiz arasındakı münasibətlər barədə nə deyə bilərsiniz?
-Azərbaycanda özümü evimdəki kimi hiss edirəm. Doğrudan da İsraillə Azərbaycan dost ölkələrdir. İnanıram ki, ölkələrimiz arasında ikitərəfli münasibətlər bundan sonra da inkişaf edəcək.
Gili xanım, söhbətimizin bu yerində otağa daxil olan həyat yoldaşı səfir Dan Stavı göstərib deyir ki, hər şeyi, o cümlədən karyerasını güzəştə gedib: “Bayaq dediyim kimi diplomatiya və siyasətə marağım yoxdur. Həyat yoldaşım bu peşəni ikimizin yerinə seçib”. Deyir və gülür… 
Öz növbəsində cənab səfir xanımının peşəkar hüquqşünas olduğunu söylədi: “Xanım Gili İsraildə hüquqşünas kimi çalışıb. Mən də hüquqşünaslıq peşəsi haqda heç nə bilmirəm. Çox maraqlı və spesifik bir peşədir”.  
Xanım Gili İsraildə ikən polis zorakılığa qarşı mübarizə aparmaq üçün insanlara yardım etdiyini dilə gətirdi: “Həyat yoldaşımın işi ilə əlaqədar artıq o hansı ölkəyə gedirsə, mən də onu müşayiət edirəm, indi isə gördüyünüz kimi Bakıdayam”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir