ilahe resulova

İcma əsaslı məktəbəqədər təhsil qrupları faydalı model kimi

Baxış sayı: 295

Məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılması məqsədilə hazırda ölkəmizin bır sıra şəhər və rayonlarında İcma əsaslı məktəbəqədər təhsil qrupları fəaliyyət göstərir.

Heydər Əliyev Fondu, Avropa İttifaqı və UNICEF-in dəstəyi ilə Azərbaycan Respublikasının Təhsil İnstitutu tərəfindən həyata keçirilən layihə uşaqların dil, sosial bacarıqları və ümumi bilik sahəsində inkişaflarını təmin etməklə bərabər valideynlərin erkən uşaq inkişafı ilə bağlı maarifləndirilməsinə dəstək olur. Layihə 3-5 yaşlı uşaqların dörd inkişaf sahəsini əhatə edən bacarıqların artırılmasını, icma əsaslı məktəbəqədər təhsil mərkəzlərinin yaradılmasını, valideyn birliklərinin formalaşdırılmasını və məktəblə birgə əməkdaşlıq nəticəsində ibtidai təhsilin keyfiyyətinin yaxşılaşdırılmasını hədəfləyir.

Azərbaycan Respublikası Təhsil İnstitutunun layıihə meneceri İlahə Rəsulova layihə barədə “Kaspi”nin suallarımızı cavablandırdı.

 

– İcma əsaslı məktəbəqədər təhsil qrupu hansı məqsədlə yaradılıb? Bu qrup ilk dəfə hansı məktəbdə fəaliyyətə başlayıb?

– Araşdırmalara görə 0-5 yaş uşaqların həyatının ən önəmli dövrüdür. Bu dövrdə uşaqların beyni sürətlə inkişaf edir və onların həyat boyu öyrənmə, sağlamlığı və davranışının bünövrəsi qoyulur. Bu bünövrənin sağlam olması üçün ətraf mühitlə müsbət münasibət, təcrübələr, sevgi və qayğının böyük əhəmiyyəti var. Bu müsbət yanaşmalar uşaqların sosial-emosional, nitq, fiziki bacarıqlarının və zehninin daha sağlam inkişafına səbəb olur. Uşaqların erkən yaşda əylənərək öyrənməsi həm evdə, həm də uşaq bağçalarında, uşaq inkişaf mərkəzlərində də baş verir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə ölkə üzrə 1840 məktəbəqədər təhsil müəssisələri var və burada çox az sayda məktəbəqədər yaş qrup uşaqları əhatə olunur. Bu məqsədlə daha çox sayda bu yaşda olan uşaqları əhatə etmək, həmçinin məktəbəqədər inkişafın uşaqların akademik və həyatı üçün əhəmiyyətini nəzərə alaraq 2018-ci ildən UNİCEF və Avropa İttifaqının maliyyə dəstəyi və 2019-cu ildən Təhsil Nazirliyinin dəstəyi ilə “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsi Təhsil İnstitutu tərəfindən icra edilməyə başlanılır. İlk olaraq 10 region (Quba, Xaçmaz, Goranboy, Ağcabədi, Salyan, Biləsuvar, Masallı, Cəlilabad, Şəmkir, Sabirabad) və 50 kənd və rayon mərkəzində ümumtəhsil məktəblərinin nəzdində icma əsaslı məktəbəqədər təhsil mərkəzləri yaradılır. Bu mərkəzlər erkən yaş qrupu üçün uyğun avadanlıqlarla, öyrənmə ləvazimatları, fiziki inkişaf üçün alətlərlə təmin olunur. Mərkəzlərdə kiçik kitabxanalar uşaqlar üçün rəngarəng maraqlı kitablarla təmin olunur. 3-4 yaşlı 20 uşaq həftədə 4 dəfə, 2-2.5 saat yerli standartlar əsasında eston və yerli mütəxəssislər tərəfindən hazırlanmış proqram əsasında məşğələlərə qatılırlar. Oyun əsasında qurulan maarifləndirici məşğələlər uşaqların inkişaf sahələrinə yönəlib. Bundan başqa, uşaqların inkişaf dinamikasını ölçmək üçün müşahidə əsaslı qiymətləndirmə alətləri də hazırlanıb. Bu alətlər uşaqların inkişaf sahələrinin ilkin, proses və son nəticələri haqqında məlumatlar verir. Layihənin önəmli komponentlərindən biri də valideynlərin öyrənmə prosesinə cəlb olunmasıdır. Onlar, tərbiyəçi-müəllimlərlə birlikdə mərkəzlərdə öyrənmə prosesində birbaşa iştirak edir, məktəbəqədər yaşla bağlı maariflənir və evdə də uşaqların inkişaf prosesinə daha maariflənmiş şəkildə yanaşırlar.

 

– Layihə ümumilikdə nə qədər rayonu və məktəbi əhatə edir? Saylarının artırılması və bütün ölkə məktəblərini əhatə etməsi hədəfdirmi?

-Hal-hazırda 50 rayonu əhatə edən 500 icma əsaslı məktəbəqədər qrup fəaliyyət göstərir. Bu qruplar əsasən uşaq bağçaları olmayan yerlərdə açılır və iqtisadi baxımdan faydalı bir modeldir. Bəzi yerlərdə tələb çox olduğundan hətta ikinci qruplar fəaliyyət göstərir. 500 qrupa 9373 uşaq (3-4 yaşlı) cəlb olunur. Onların 4959 oğlan, 4414-ü qızlardır. Yeni tədris ili üçün ümumiyyətlə 3-4 yaşlı 15000 uşağı əhatə edəcək yeni icma əsaslı məktəbəqədər qrupların açılması planlaşdırılır. Bir bağça binalarının tikilməsi və onun saxlanılması daha çox maliyyə tələb edir. Məktəbəqədər yaş dövrünün əhəmiyyətini, bu modelin iqtisadi baxımdan faydalılığını və daha çox 3-4 yaşlı uşaqları əhatə etdiyi üçün layihə uğurlu sayılır.

 

– Təcrübədə layihə məktəbəqədər və ibtidai təhsilin yaxşılaşdırılmasında hansı rolu oynayıb? Gözlənilən nəticə alınıbmı?

– 2018-ci ildə ilkin qiymətləndirmə və 2019-cu ildə dəyişikliyi ölçmək məqsədilə 755 valideynin (87.9% qadın; 12.1% kişi) iştirakı ilə sorğular keçirilib. Sorğuların nəticələri uşaqların dil, sosial və motor bacarıqları və ümumi bilik sahəsində inkişaflarını göstərib. Bundan başqa, 2018-ci ilə nisbətən 2019-cu ildə bir sıra dəyişikliklərin də olmasının şahidi olduq. Məsələn, əvvələ baxanda valideynlərin uşaqlar üçün daha çox kitab oxuduğu, onlarla birlikdə evdə daha

çox oynadığı, öyrənməyə xidmət edən fəaliyyətlərdə iştirakı müşahidə olunub. Bundan başqa, valideynlərin uşaqların təhsili ilə bağlı gözləntiləri də yüksək olub.

 

– İcma qruplarında çalışan müəllimlər necə seçilir? Onlara ayrıca təlimlər keçirilirmi?

– Tərbiyəçi-müəllimlərin seçimi region koordinatorları vasitəsilə təşkil edilir. Onlar əsasən mərkəzlər açılacaq yerlərdə elanları yayırlar. Bundan başqa ARTİ-nin və layihənin internet səhifələrində işə qəbulla bağlı elan yerləşdirilir. Namizədlər iki mərhələ üzrə seçilir. İlkin mərhələdə psixoloji test və 3 açıq sual olan müsabiqə keçirilir. Bu test namizədlərin kiçik uşaqlarla emosional olaraq işləməyə hazır olduqlarını yoxlamaq üçün çox vacibdir. Bu müsabiqədən müsbət cavab almış namizədlər artıq müsahibələrə dəvət olunur. Uğurlu namizədlər il ərzində 30 saat üzbəüz təlimlərə və 30 saat online təlimlərə cəlb olunur. Bundan başqa, keyfiyyəti artırmaq məqsədi ilə, daha təcrübəli tərbiyəçi-müəllimlər arasından seçilmiş mentorlar komandası daim olaraq mərkəzlərə səfər edir və metodik tövsiyələr verərək öz həmkarlarına yardım edir.

 

– Bu qruplarda oxuyan uşaqların yaşıdları ilə müqayisədə fərqləri və ya üstünlükləri nədən ibarətdir?

– İcma qruplarına gələn uşaqlar birbaşa evdən məktəbə qədəm qoyan uşaqlardan çox fərqlənir. Mərkəzlərə gələn uşaqlar sosial-emosional, kiçik və böyük motorika, ümumi bilik baxımından öz yaşıdlarından çox fərqlənirlər. Onların həm davranışları, həm də ümumi bilik baxımından çox irəlidədirlər ki, bu akademik göstəricilərə müsbət təsir edir. Şifahi müzakirələr nəticəsində məktəb müəllimləri və direktorları istər 5 yaşlıların məktəbə hazırlıq qruplarında, istərsə də 1-ci sinifdə icma əsaslı məktəbəqədər mərkəzlərə gəlmiş uşaqların ümumiyyətlə, bağçaya gəlməyən uşaqlardan özünü düzgün aparmaq, sosiallaşma, ümumi bilik səviyyəsinə görə çox fərqləndiyini qeyd edirlər.

 

– Valideynləri maarifləndirmək üçün “İlk beş il platforması” nəzərdə tutulub. Bunun əhəmiyyəti nədir?

– Layihənin növbəti komponentlərindən biri də valideynləri erkən uşaq inkişafı ilə bağlı maarifləndirməkdir. Bu, bir çox istiqamətlərdə aparılır. Əvvəla, çox böyük “ilk 5 il platforması” yaradılıb. Bu, həm ağıllı telefonlarda (İOS və Android) tətbiq kimi, həm də internet səhifə kimi aktivdir. Burada nağıllardan tutmuş, məktəbəqədər yaş qruplar üçün digər lazımlı məlumatlara qədər geniş bir dairə əhatə olunur. Bundan başqa, valideynlər üçün “Bilmək istərdim ki” kiçik videolar

və ayda iki dəfə onlar üçün hər dəfə müxtəlif mütəxəssislərin iştirakı ilə canlı seminarlar keçirilir ki, onlar da bu platformada yerləşdirilir. Tətbiq həftəlik yenilənir və bu haqda dərhal telefonlara xəbərdarlıq mesajı gəlir. Bu da valideynlər üçün rahatlıq yaradır. Həm də Azərbaycan dilində bu yaş qrupu üçün məlumatlara əlçatanlıq da ilk 5 ilin faydalılığından xəbər verir.

 

– Pandemiya dövründə İcma əsaslı qruplarla iş necə həyata keçirilir və effekti necədir?

– Pandemiya bütün sahələrdə olduğu kimi məktəbəqədər qruplara da təsir edir. Bu yaşda olan uşaqların daha çox sevgi, qayğı və emosional münasibətə ehtiyacı var və onların yaşı online məşğələ üçün çox da yararlı deyil. Amma bütün tədris müəssisəsində olduğu kimi, bu sahədə də uyğunlaşmağa çalışırıq. Tərbiyəçi-müəllimlər öz təşəbbüsləri ilə sosial şəbəkələrdən istifadə edərək uşaqlarla ünsiyyət qurmağa və onlarla əyləncəli məlumatlandırıcı məşğələlər keçməyə çalışırlar. Sözsüz ki, valideynlər burada ən böyük köməkçi olurlar. Hal-hazırda regionlarda ümumtəhsil məktəblərinin əksəriyyəti ənənəvi şəkildə fəaliyyət göstərdiyi üçün qaydalara uyğun olaraq uşaqlar növbəli şəkildə məşğələlərə qatılırlar. Lakin COVİD-19-a görə fəaliyyət göstərməyən və internet və ağıllı telefon və digər avadanlığı olmayan uşaqları da əhatə etmək üçün keçən il UNİCEF maliyyə dəstəyi ilə “Oynayırıq və öyrənirik” adlı 24 veriliş çəkildi və TV kanallarında nümayiş edildi. Bu ildən başlayaraq “Nazlı və dostları” adlı yeni əyləncəli maarifləndirici verilişlər çəkilir və artıq bir aydır ki, ARB Günəş və Mədəniyyət kanallarında nümayiş edilir. TV hər evə çatdığı üçün məktəbəqədər müəssisələrin bağlı olduğu və ya olmadığı yerlərdə uşaqlar bundan bəhrələnirlər. Bununla yanaşı, audio nağıllar hazırlanır ki, bu da pandemiya dövründə valideynlər üçün dəstəkləyici bir vasitə olacaq ki, bu yaşda olan uşaqlarla daha faydalı vaxt keçirsinlər.

 

Söhbətləşdi: Təranə Məhərrəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir