DAYE

İnternet elanlarındakı dayələrin iş prinsipləri və qiymətləri

Baxış sayı: 180

Son vaxtlar internet resurslarında dayə olmaq istəyən xanımlarla bağlı elanlara tez-tez rast gəlirik. Qeyd edək ki, Azərbaycanda dayə və xidmətçiləri bir neçə yolla tapmaq mümkündür. Məsələn, www.birja-vdv.az saytında belə elanlara rast gəlmək mümkündür. Mövzunun aktuallığını nəzərə alaraq, dayə olmaq üçün elan verən xanımlarla əlaqə saxlayıb iş prinsipləri və qiymətlərlə maraqlandıq.

Ali təhsilli müəllimə Təranə xanım(45 yaş) uşağa baxmaqla yanaşı onu məktəbə aparıb gətirməyi, həm də dərsləri ilə məşğul olmağı təklif edir. Qiyməti isə saatından və vaxtından asılıdır. Orta qiymət kimi ayda 300-400 manata işlədiyini deyir: “8 illik dayəlik təcrübəm var. Mən ancaq uşağa aid işləri görürəm. Ev işləri mənlik deyil. İstərdim alicənab bir ailənin uşağına baxım”.

Ailəli olmadığını söyləyən 38 yaşlı Xatun xanım isə Maliyyə Kredit Kollecinin mühasibat uçotu fakültəsini bitirdiyini və bir neçə il mühasib vəzifəsində çalışdığını bildirdi. “Şöbə bağlandıqdan sonra evdə 5 il kiçik yaşlı qardaşımın uşağına baxmışam. Öz evimdə 1-7 yaşa qədər uşağa baxa bilərəm. Uşaq saxlamaqda çox səbirliyəm və bu işdən zövq alıram” deyə o əlavə etdi. O, 250-300 manata xidmət etdiyini bildirdi.

Hazırda vəzifəli şəxslərin əkiz uşaqlarına dayəlik etdiyini və adının çəkilməməsini istəyən xanım isə bu xidməti üçün ayda 3 min manat aldığını dedi: “Məndən başqa bir dayə də var. Biz İtaliyada dayəlik kursu keçmişik. Uşaqla necə davranmaq lazımdırsa onu bilirik. Gün ərzində 8-9 saat uşağa baxırıq, onu gəzintiyə də aparırıq”.

daye

Azərbaycanda kişi dayələr də var, amma…

Dayəliklə bağlı internetdə kifayət qədər elana rast gəlmək olar. Hətta onlardan bəziləri uşağa baxmaqla yanaşı, sonda “xəstəyə də baxa bilərəm” yazıblar. Bir elanda deyilir: “Təcrübəli dayəyəm. Uşaqlarınızı təslim edə bilərsiniz. Öz evimdə də baxa bilərəm. Hər cür şəraitim var. Uzun müddət bağçada çalışmışam”. Digər bir elanda isə ali təhsilli, 60 yaşında bir qadın yaşından asılı olmayaraq bütün uşaqlara baxa biləcəyini yazıb. Başqa bir elanda da 55 yaşlı qadın həm uşağa, həm də xəstəyə baxa biləcəyini göstərib: “Öz evimdə də uşağa baxa bilərəm. 24 saat ərzində də mümkündür. Tibb sahəsindən anlayışım var. Rus dilini də bilirəm”. Daha diqqətçəkən bir elan: “Təcrübəli dayəyəm. Xahiş edirəm kişilər narahat etməsin”. Bu elanı yazan isə özü kişidir. Əlaqə nömrəsinə zəng edib, danışırıq. Özünü Qənimət kimi təqdim edən müsahibimiz iş şərtlərini belə açıqladı: “Tərbiyəli, səxavətli, alicənab bir ailədə dayəlik etmək istəyirəm. 48 yaşım var, 12 il səriştəm var, işimdə dürüst və səliqəliyəm. 7 il imkanlı bir ailənin uşağına baxmışam. Sonra onlar xaricə köçüb getdi. Orta təbəqədən olan ailələrin uşaqlarına da dayəlik etmişəm. Maaşım isə 500 manatdan aşağı olmayıb”. Əlaqə saxladığımız digər bir kişi dayə isə Anar bəy oldu. 36 yaşı olduğunu bildirən kişi dayə orta təhsilli və 3 illik təcrübəsinin olduğunu dedi: “Uşaqlarla davranmaq psixologiyasını çox gözəl bilirəm. Ancaq Azərbaycanda əksər ailələr qadın dayələrə üstünlük verirlər. Mənim qadın dayədən nəyim əskikdir ki?! Əksinə, kişilər uşağa daha yaxşı baxa bilərlər. Şəxsən mən yaş fərqi olmadan bütün uşaqlara gözəl tərbiyə verə bilərəm”. Xidmət haqqı üçün 350-400 manat istədiyini deyən Anar bəy mədəni ailənin övladına dayəlik etmək istədiyini də gizlətmədi. Araşdırmamız nəticəsində məlum oldu ki, demək olar ki, dayələrin əksəriyyəti aylıq 200-300 manata xidmət edirlər. Təbii ki, qiymətlər iş saatından, uşağın yaşından, onların gəzdirilməsindən asılı olaraq azalıb-çoxala da bilər.

daye

Aktual peşədir, lakin şikayətlər çoxdur

İşədüzəltmə bürolarından isə bildirirlər ki, hazırda daha çox müraciət edənlərin yarısı dayəlik etmək istəyir. Bunların arasında ibtidai sinif və bağça müəllimləri, kitabxanaçılar da var. Belələri ixtisaslarına uyğun iş tapa bilmədikləri üçün dayəliyə üstünlük verirlər. Araşdırmalar göstərir ki, hazırda dayəlik fəaliyyəti ilə məşğul olanların 45 faizi ali məktəbi bitirməyib, uşaqlarla iş təcrübəsi yoxdur. Azərbaycan Uşaqlar Birliyindən verilən məlumata görə, dayələrin psixoloji durumu, uşaqlarla iş təcrübəsi, davranışı, bilik səviyyəsi ilə bağlı keçirilən sorğu və monitorinqlər zamanı məlum olub ki, valideynlər dayə seçərkən keyfiyyətə yox, kəmiyyətə üstünlük verirlər. AUB-un sədri Kəmalə Ağayevanın fikrincə, hər yerindən duran insanın dayəlik etmək istəyi cəmiyyətin problemidir: “Valideynlər seçim etməlidirlər ki, uşağı kimə etibar eləmək olar, kimə yox. Uşaqla işləyən dayənin mütləq pedaqoji təhsili olmalıdır. Əgər təhsili yoxdursa, heç olmasa sosial işçi statusu olmalıdır. Uşaqların təlim-tərbiyəsi ilə məşğul olmaq bacarığı vacibdir”.

Psixoloq Dəyanət Rzayev “hər övlad sahibi olan ana başqasının övladına dayəlik edə bilər” fikri ilə razılaşmır: “Hər ailənin öz ənənəsi və tərbiyə mühiti var. Ona görə də dayəlik məktəbi lazımdır. Orada insanların psixoloji durumu yoxlanılmalıdır. Həmin şəxs başqa insanları tərbiyə etməyi bacarmalıdır. Dayənin ən azından pedoqoji bilikləri olmalıdır”.

Türkiyədə də dayəlik kursları mövcuddur. Bu kursları bitirənlər şirkətlər tərəfindən işə cəlb olunurlar. Onlarla əmək müqaviləsi bağlanır, şirkət ailəyə zəmanət verir, məsuliyyəti öz üzərinə götürür. Ancaq Azərbaycanda dayə peşəsi üzrə xüsusi məktəblər yoxdur.

Keçmişdə xan, bəy, zadəgana övladları da dayələrə – xüsusi mürəbbiyələrə həvalə olunarmış. Bu adət indi də Qərb ölkələrində qorunub saxlanır. Məsələn, İngiltərədə dayələr üçün xüsusi məktəblər var. Xarici ölkələrdə agentlik vasitəsilə çağırılan dayələr xüsusi kurs keçmiş olurlar. Məsələn, Moskvada valideyn dayəni özü tapırsa, gününü 2-3 dollarla razılaşır. Əgər uzaqdan gəlirsə, qiymət qalxır. Moskvada dayə hazırlayan agentlikdə isə qiymətlər günü 5-10 dollar arasında dəyişir.

Dayə ilə valideynlər arasında əmək müqaviləsi imzalanmadıqda isə dayə uşağa qarşı hansısa zor, yaxud kobudluq tətbiq edərsə, onlar barəsində hüquqi ölçü götürmək çox vaxt mümkün olmur. Dayələrin qeyri-rəsmi əməyə cəlb olunduğunu deyən Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədovun fikrincə də, dayənin əmək müqaviləsi olmur və o, dövlətdən də heç bir müavinət ala bilmir. Hətta qocalığa görə də pensiya almır: “Xarici ölkələrdə xüsusi ixtisaslaşmış firmalar, şirkətlər var ki, kimə dayə lazım olsa, həmin şirkətlərə müraciət edir. O şirkətlər dayələrlə əmək müqaviləsi bağlayırlar. Onun hüquqlarını təmin edirlər. Həmçinin də həmin şirkət ailə qarşısında məsuliyyət daşıyır”.

Bax belə. İndi seçim valideynlərə qalır. Bircə onu deyək ki, ailənizə buraxdığınız “ikinci anan”ın kimliyini araşdırmağınız məsləhətdir.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir