yoqa kishi

“İşə getməmişdən qabaq 10 dəqiqəlik yüngül yoqa məşqləri etsinlər” – YOQA USTASI İLƏ MÜSAHİBƏ

Baxış sayı: 1. 838

Qədim və ali Şərq fəlsəfəsinin bəşəriyyətə verdiyi hədiyyələrdən, düşüncə sistemlərindən biri də yoqadır. Birbaşa insanın şüuruna, ruhuna ünvanlanan bu sistem bir neçə üsulla praktiki şəkildə həyata keçirilir. Hər bir insan gün ərzində fərqinə varmadan yoqa ilə məşğul olur. Amma XXI əsrdə sürətlə inkişaf edən texnologiyanın tənbəlləşdirdiyi insanının yoqa sisteminə tələbatı günü-gündən artır.

Modern.az saytı yoqa terapevt və psixoloqu Eldəniz Gözəlovla müsahibədə bu məsələlərə toxunub. Yoqa mütəxəssisi bəzi praktiki tövsiyələrini də verib:

– Yoqanın ümumi mahiyyəti, fəlsəfəsi, eləcə də ötürdüyü mesaj nədən ibarətdir?

– Yoqanın mahiyyəti insana fiziki sağlamlıq bəxş etmək, fərdin öz daxili aləmi ilə təbiət arasında sağlam harmoniya yaratmaq, insanı pozitiv bir fərd kimi formalaşdırmaqdan ibarətdir. Əgər bütün bunlar varsa, deməli, fərd sağlam yetişə biləcək. Yoqanın mahiyyəti sağlam şəxsiyyət formalaşdırmaq və insanlıq yolunda onun rolunu artırmaqdır. Yoqa idman deyil, din deyil. Ona yarızarafatla kosmik idman, kainat idmanı deyirlər. Burada, sadəcə, fiziki hərəkətlərdən istifadə olunmur, burada həm psixoloji, həm energetik, həm də fiziki bioloji məsələlər var. Elə bioloji məsələlərin özü də bir neçə yerə bölünür ki, təlimlər zamanı onlar açıqlanır.

yoqa

 – Yoqa insan şüuru ilə qarşılıqlı əlaqədə olan bir sistemdir. Yoqa terapevti kimi sizin üçün şüur nə deməkdir?

– Materialist tərəfdən yanaşsaq, şüur maddi beynin məhsuludur. İdealist yöndən yanaşsaq, deyə bilərik ki,  şüur yalnız beyin məhsulu deyil. Beyin, ümumiyyətlə, şüur deyil, o, sadəcə olaraq bir ötürücü mexanizmdir. Beyin-informasiyanı almaq, analiz etmək, emal etmək və ötürmək üçün bir mexanizmdir. Şüur isə beyindən kənar bir məfhumdur. Biz özümüzü həmin o məfhumun özü hesab edə bilərik.  Dini baxımdan yanaşsaq, buna ruh demək olar. Metafizik yöndən yanaşanda isə itməyən kosmik enerji adlandıra bilərik. Sırf yoqa prizmasından nəzər salsaq, bu eyni zamanda həm ruh, həm də kosmik enerjidir. İnsan şüuru insanın varlığında, daxili aləmində müxtəlif mərhələlərə bölünür. İnsan bu etapları adladıqca, kamilliyə doğru can atır.

– Yoqa hansı metodlarla insan şüuruna müsbət təsir edə bilir?


– Məsələn, nəfəsalma metodları ilə şüura necə müsbət təsir etmək olar?
– Yoqanın fiziksəl, qidalanma nəfəs, mediativ və özünü təkmilləşdirmə-psixoloji metodları var. Yoqa insan şüuruna bu metodların hər biri ilə təsir edə bilər

– Yoqada istifadə edilən və şüura müsbət təsir göstərən, onun genişlənməsinə kömək edən,  insanda pozitiv aura yaradan texnikalardan biri də pronoyama, yəni sinə-nəfəs texnikalarıdır. İnsanı psixoloji cəhətdən də dirçəldir. Psixologiyada, yoqa terapiyada da belə bir deyim var: təşvişli nəfəs təşvişli şüurun əlamətidir. Yoqada belə bir şey var – insan nəfəsini tənzimləməyi, onu yönləndirməyi, düzgün idarə etməyi öyrənərsə, deməli, şüuru da o səviyyədə yüksələcək. Bu zaman insan beyni rahatlaşacaq və  şüurun idarə edilməsində imkanlar artacaq. Bu nəfəs texnikaları ilə şüurunu tam yüksək səviyyədə çatdıra bilər. Bunun üçün gün ərzində, xüsusən də səhər gözəl nəfəs texnikalarını yerinə yetirmək lazımdır?

– Zəhmət olmasa, həmin texnikalardan bir-iki nümunə deyə bilərsiniz?

– İnsan sinə ilə nəfəs alanda ağciyərləri tam olaraq nəfəslə dola bilmir. Ağ ciyərlərin hər tərəfi nəfəslə onun aldığı enerji ilə qidalanmır. Bunun üçün də yoqada məsləhət görülür ki, diafraqma və qarınla olan nəfəs sistemləri də tətbiq edilsin. Sinə ilə aldığımız kimi, qarın ilə də nəfəs almağı öyrənməliyik. Bu zaman təbii ki, nəfəs qarına getmir, sadəcə, qarının hərəkəti diafraqma və ağ ciyərlərin nəfəslə düzgün qidalanmasına kömək edir. Bir növ özümüzü həmin texnika ilə nəfəsi doya-doya almağa yönləndiririk. Biz heç  də hamımız nəfəsi tamlıqla yerinə yetirə bilmirik. Adi insanlara baxıram, onlar çox səhv nəfəs alırlar. Fəsadlar da bundan sonra başlayır. Bir dəqiqə ərzində nəfəs alıb verməni xüsusi texnikalarla azalda bilsək, o zaman həm sağlamlığımıza, həm şüurumuza kömək edərik, həm də özümüzü pozitiv hiss edəcəyik. Təbiətə baxaq: heyvanlar instinktlə bunlara qeyri-ixtiyari əməl edirlər. Məsələn, tısbağalar bir dəqiqədə bir-iki, yaxud üç dəfə nəfəs alıb verirlər. Bunların bir çoxu  üç-beş yüz il yaşayırlar.  Onlar çox az qidalanır və az hərəkət edirlər. Amma aldıqları nəfəs onları enerji ilə təmin edir,

yoqa

– Eldəniz müəllim, deyək ki, adi bir adama düzgün nəfəs almağı öyrətdiniz. Bəs, o düzgün nəfəs hansı mexanizmlə şüur və orqanizmə müsbət təsir edir?

– Əvvəlcə, düzgün nəfəs alma zamanı oksigen insan bədəninə  çox gedəcək. Bundan əlavə, bütün qan və bədən oksigendən aldığı enerji ilə doyunca qidalanacaq. Ağ ciyərlər daha geniş sürətdə ürək, qan-damar sisteminin sağalmasına gətirib çıxaracaq.  Çünki düzgün nəfəs alma adi vəziyyətdən fərqli olaraq qan-damar sistemində aktivliyi inkişaf etdirir. Ürəyin isə daha sağlam fəaliyyətini bərpa  edir. Demək olar ki, bütün enerji ilə tam olaraq bərpa edilir.

– Yoqada ən çox istifadə olunan terminlərdən biri də auradır. O nədir, necə kiçilir və necə böyüyür?

– Aura – insan bədənində elektromaqnit dalğalarının işığıdır. Ümumiyyətlə, hər bir var olanın özünə məxsus aurası olur. İnsanda isə canlı auradır və bu titrəşimlər şəkilində daim özünü göstərir. Çünki bədənimizdə bütün hüceyrələr hər zaman hərəkətdədir. O hərəkət zamanı da auranın titrəyişi yaranır və işıq dalğaları kimi ətrafa yayılır.

– Zədələnən, kiçildilən auranı yenidən bərpa etməyin hansı üsulları var?

– Aura insanın psixoloji və bioloji vəziyyətindən asılı olaraq dəyişə, yəni böyüyə və kiçilə bilər. Tündləşə, sola, sağlam və qeyri-sağlam ola bilər. Aura yeddi insanın yeddi etapının (fiziki, efir, astral, mental, kauzal,  uthit və nevranik) hər birində təsadüf edilir. Bunların hamısının birlikdə titrəyişi zamanı auramız ətrafa yayılır.

O ki qaldı, kiçildilmiş auranı bərpa etməyə, bəli, bu mümkündür. Yoqada bəzi meditasiyalar auranın bərpa edilməsi üçündür…

– Məsələn…

– Əvvəlcə, onu deyək ki,  nəinki yoqada, ümumiyyətlə, bu kimi başqa sistemlə məşğul olanda mütləq peşəkar mütəxəssislə bərabər çalışmaq lazımdır. Təkbaşına etdikdə çox az effekt verər, yaxud, ümumiyyətlə, heç bir faydası olmaz.  Sadəcə,  yüngül formada demək olar: rahat bir otaq seçin. Açıq təbiət olsa, daha yaxşıdır. Musiqi ola da bilər, olmaya da bilər. Əgər gərginlik çoxdursa, onda musiqiyə də gərək yoxdur. Rahat yerdə oturun, əllərinizi dizlərinizin üzərinə sərbəst şəkildə qoyun. Qamət bacardığınız qədər düz olmalıdır, əgər bu gərginlik verirsə, bir qədər boşaldıb yenidən düz qalmağa çalışın. Bir neçə dəfə dərindən nəfəs alıb buraxın. Birinci nəfəs elə belə olacaq, ikinci nəfəs daha diqqətli olacaq, üçüncü nəfəsdə isə “bütün problemləri boşaldıram” deyib fikirləşsinlər. Mənə elə gəlir ki, bu cür də davam edəcək. Üç-beş dəqiqə də olsa, özünüzü  azad olmuş kimi hiss edin. Gözlərinizi yumub heç bir şey düşünməyin. Düzdür, bu cümləni deyərkən belə düşüncələr gəlir. Amma çalışıb düşüncələri qəbul etməməyə çalışın, sadəcə, seyr edin. Düşüncələr, fikirlər sürətli kino lenti kimi gəlib keçəcək, amma onlara aludə olmamaq lazımdır. Adətən, belə olur: düşüncələrə aludə oluruq və bir də görürük ki, artıq keçmiş zamandayıq. Bunu bir neçə dəfə təkrar edin, bir də görəcəksiniz ki, həmin fikir axını get-gedə azalıb. Bunlar üçün tək olmalısınız və sakit otaq lazımdır.

 

– Təsəvvür edək ki, mən bir pasient kimi sizə müraciət etmişəm. Mənim ətrafa ötürdüyüm mənfi enerjini müəyyən edib bunları aradan qaldırmağın yollarını göstərə bilərsiniz?

– Məsələn, siz müsbət emosiyalı bir insansız. Amma mən həm psixoloq, həm də yoqaterapevt kimi deməliyəm ki, həyatın çətinlikləri səbəbindən mənfi enerji ilə yüklənmisiniz. Bu mənfi enerjinin aradan qaldırmağın – auranın təmizlənməsinin yolları çoxdur. Əgər bir ünsiyyət zamanı xoş münasibət qura biləriksə, bir-birimizə mənən dəstək ola biliriksə, onda qarşıdakı adamda yüklənmiş mənfi enerjini azalda bilərik. Yox, əgər ünsiyyət qurub bir-birimizə qarşı çıxırıqsa, neqativ hallara yol veririksə, razılaşmırıqsa, onda mənfinin üzərinə elə mənfi gələr. Auranı təmizləmək üçün, sadəcə, pozitiv əhval-ruhiyyədə olmaq, pozitiv danışmaq çox xeyirlidir. Ən əsası budur. Amma auranın təmizləməyin bir çox üsulları var: təbiətlə təmasda olmaq, meditasiyaya köklənmək, musiqi dinləmək, duş qəbul etmək, düzgün qida və fəaliyyət rejimindən istifadə etmək və s. Amma bir şərtlə, bu proseslər müsbət əhvalda, yəni nikbin ovqatda olanda baş verməlidir. Məsələn, biz bir-birimizlə xoş olmayan ünsiyyətdən sonra dərhal gedib duş qəbil etsək, yaxud təbiətdə gəzsək, bu o demək deyil ki, mütləq müsbət istiqamətə nə isə dəyişəcək. Bunların hamısı yalnız nikbin əhvalın bünövrəsində həyata keçirilir. İki insan bir-biri ilə xoş əhvalda olan zaman özlərində olan mənfi enerjiləri yuyub aparırlar.

– Bu gün insanların əksəriyyətinin iş rejimi oturaq şəkildə, kompüter qarşısında keçir. Bu da onlarda müəyyən fəsadlar yaradır. Bir yoqa mütəxəssisi kimi onlara nə kimi məsləhətləriniz ola bilər?

– Bu cür şəraitdə çalışanlar üçün təklif olunan metodlar çoxdur. İş saatlarını kompüter qarşısında keçirən insanlar hər gün işə getməmişdən qabaq evdə 10 dəqiqəlik yüngül yoqa məşqləri etsinlər. Nəfəs temrinlərini həyata keçirsinlər. Biz onsuz da bu on dəqiqəni telefonla, yaxud başqa nə iləsə boşa veririk.

– Konkret hansı metodlar həyata keçirilməlidir?

– Vaxt tapın və bu 10 dəqiqəni özünüzə həsr edin. Telefonu özünüzdən uzaq tutun. Əgər masa üstündən uzaqlaşmaq imkanınız yoxdursa, onda faydalı qidalar yoqasına üstünlük verin. Bitkilərdən yararlanın. Çünki bitki çayları kompüterdən aldığımız radiasiyanı, şüanı azaldır. Qara çayı içmək xeyirlidir. Çünki o şüanı öldürür. Yaşıl çay  qara çaydan da faydalıdır. Amma kompüter qarşısında, masa arxasında yoqa hərəkətləri etməkdənsə, heç etməmək daha gərəkli olar. Çünki tam effektsiz olacaq.  Bu zaman adam yenə də kompüterin ötürdüyü psixoloji atmosferdə olacaq. Odur ki, 10 dəqiqəlik də olsa kompüterdən ayrılıb sakitliyə varmaq lazımdır.

– Ən çox istifadə etdiyiniz elementlərdən biri də musiqidir. Musiqi vasitəsilə yoqanın nə kimi faydaları var?

– Musiqi çox dərin terapevtik gücə malik bir məfhumdur. Muğam sözü çox mənalara yozulur. Amma əsas mənası “məqam” deməkdir. İki il bundan öncə televiziya kanallarının birində Rafiq Təhməzov adlı bir tibb professoru ilə tanış oldum. O muğam terapiyada çox kəşflərə imza atıb. Muğamı dinlətməklə insanın göstərdiyi reaksiyadan çıxış edərək güclü və zəif tərəflərini müəyyənləşdirir. Musiqi çox güclü bir amildir.  Musiqi elə bir canlı enerjidir ki, onun sərhədləri yoxdur. O bütün aləmlərdə ola bilir. Təbii ki, bunun əskinə olaraq mənfi enerjili insanları aktivləşdirə bilən “musiqilər” də var. İnciməsinlər, mən heç onları musiqi saymıram. Musiqi muğamdır, klassik musiqidir, ney səsidir. İnsana hər bir halı ilə müsbət təsir edən bir meyar musiqidir. Yoqada da musiqilərdən istifadə olunur ki, insan daha rahat meditasiyaya düşə bilsin, Beyin dalğaları daha yaxşı hərəkət etsin və insan şüuru dincəlsin.

Elmin NURİ