pese

İxtisas, yaxud peşə seçərkən mütləq xarakterimizi nəzərə almalıyıqmı? – MÜTƏXƏSSİS RƏYİ

Baxış sayı: 162

“Mən xarakterimi nəzərə almadan indiki işimə qovuşdum. Bu iş məni yalnız müsbət tərəfə dəyişdi. Mənim üçün çox məsələnin mahiyyəti açıldı. Həkim kimi çox qısa müddət çalışdım. 21 ildir ki jurnalistikadayam. Özümdən nəsə kəsb edirəmsə, xarakterimin müəyyən uyğunluğu yardım edib demək ki…”.
Bu sözləri bizimlə söhbətində “Antenn” FM-in aparıcısı, CBC Sport kanalında futbol şərhçisi Doktor Ziya bildirdi. Qeyd edək ki, müsahibimiz Tibb Universitetinin uşaq psixonevroloqu ixtisasını bitirib. Qısa müddət Uşaq Psixonevroloji Dispanserində işləyəndən sonra özünü bu sahədə narahat hiss etdiyinə görə həkimliyə biryolluq “əlvida” deyib və televiziya, radio sahəsində işləməyə başlayıb. Düşünür ki, bəlkə də həkim kimi işləmək ona cansıxıcı gələ bilərdi. Çünki indi daha dinamik işlə məşğuldur.
Yəqin ətrafınızda çox adam tanıyırsınız ki, dörd il, hətta magistraturanı da bura əlavə etsək, 6 il hansısa ixtisas üzrə ali təhsil alır, sonra ya bu sahədə işləyəndə, ya da heç işə başlamamış, deyir ki, “bu iş mənlik deyil” və illərlə əziyyət çəkib öyrəndiyi ixtisasın üzərindən xətt çəkərək tamamilə başqa səmtə yönəlir. Xarakter doğrudanmı peşə seçimimizdə rol oynayır, ixtisas, peşə seçərkən mütləq xarakterimizi nəzərə almalıyıqmı? Suallarımızı mütəxəssislər cavablandırdı.

“Sizcə, mən necə insanam?”

Psixoloq, ixtisas.az layihəsinin rəhbəri Orxan Oruc deyir ki, xarakter insanın həyatı boyu onun qərarlarına, seçimlərinə, münasibətlərinə, ünsiyyət formasına, hadisələrə yanaşmasına və s. ciddi şəkildə təsir edə bilir: “Bunlardan ən vaciblərindən biri xarakterin peşə və ya ixtisas seçiminə təsiridir. Bildiyiniz kimi, ixtisas seçimi insan həyatının ən vacib qərarlarından biridir. Uşaqlıq və yeniyetməlik dövründə gələcəklə bağlı xəyallar qurarkən, sözsüz ki, hər kəs xoşbəxt, uğurlu ola biləcəyi bir həyatı təsəvvür edir. Ancaq çox təəssüf ki, əksər uşaq və ya yeniyetmələr xəyallar qurarkən hansı ixtisasın sahibi olacağını düşünə bilmir və ya düşünmək istəmir. Bu isə kənarın təsiri ilə ixtisas seçimi qərarının verilməsinə səbəb olur. Kənarın təsiri ilə olan ixtisas seçimi qərarında isə ən vacib bir məqam gözdən qaçır. Bu ixtisasın həmin şəxsin xarakterinə, psixoloji xüsusiyyətlərinə uyğun olub-olmaması nəzərə alınmır”.
Psixoloqun fikirncə, insanın özünü tanıması, öz xarakterinə, psixoloji xüsusiyyətlərinə bələd olması onun gələcək həyatının xoşbəxt və uğurlu olmasını şərtləndirir: “Lakin cəmiyyətimizdə çox az yeniyetmə, gənc və hətta yetkin şəxs var ki, öz xarakterlərini ciddi şəkildə analiz edib, özlərini tanımağa çalışırlar. Biz psixoloqlara tez-tez verilən bir sual var: “Sizcə, mən necə insanam?” Düşünürəm ki, bu sualın arxasında insanların özlərini analiz edə bilməməsindən irəli gələn özünü tanıma tələbatı durur. Və ya insanlar özlərini tanıyırlar, amma cəmiyyətdə real obrazlarına uyğun olmayan başqa bir obraz təqdim edirlər və maraqlı olur ki, görəsən, mən kənardan necə görünürəm.  İnsanın öz xarakterinə bələd olub, ixtisas seçimi qərarı verməsi halları çox az baş verir və belə insanların cəmiyyətin uğurlu üzvü olmaq ehtimalı çoxalır. Ancaq özünü tanımadan ixtisas seçib uğurlu olan insanlar da kifayət qədərdir. Bu, o halda baş verir ki, təsadüfən seçilmiş ixtisas həmin insanın xarakterinə uyğun gəlir və həmin şəxsi öz ixtisası üzrə peşəkara çevirir”.
O.Orucun fikrincə, orta məktəbdən başlayaraq, özünü tanıma müzakirələri, psixoloji dərslər, müəyyən peşələrlə yaxından tanışlıq xarakterli görüş və tədbirlərin keçirilməsi, mütəxəssislərlə şagirdlərin görüşlərinin təşkili və s. kimi tədbirlərin həyata keçirilməsi yeniyetmə və gənclərin ixtisas seçimi zamanı düzgün qərar vermələrinə kömək etmiş olar.

Xarakter 7 yaşına qədər formalaşır
 
Azinka HR şirkətində işçi seçimi üzrə mütəxəssis Vüsal Qasımov da düşünür ki, orta məktəblərdə mütləq şagirdlərə hansısa formada istiqamət verilməlidir: “Şagirdlərə, hətta onların valideynlərinə izah olunmalı və əyani olaraq göstərilməlidir ki, övladlarının potensialı nəyə çatır, xarakterlərinə uyğun hansı ixtisası seçsələr, uğurlu mütəxəssis olarlar. Məktəblərdə peşəkarlar xüsusən də 9, 10 və 11-ci sinif şagirdləri ilə  işləməlidir. Çünki xarakterinə uyğun ixtisasda təhsil alan gənc bir müddət sonra seçdiyi ixtisasa və universiteti bitirdikdən sonra isə işə görə peşman olmayacaq. Araşdırmalar göstərir ki, xarakterinə uyğun işdə çalışanlar digərlərinə nisbətdə çalışdığı sahədə daha uzun müddətli və daha xoşbəxtdirlər. Holland xarakter tipinə əsasən, insanlar öz xarakterlərinə uyğun işlərə daha meyİlli və bu işlərdə daha uğurlu, xoşbəxt olurlar”.
V.Qasımovun dediyinə görə, xarakter nəzərə alınaraq ixtisas seçildikdə uğurun təməlini əvvəlcədən qoymuş olursan: “Əlbəttə, bəzi davranışları, məsələyə yanaşma tərzini sonradan dəyişmək mümkündür. Ancaq unutmamaq lazımdır ki, xarakter dediyimiz qavram 7 yaşına qədər formalaşır. Sonradan müəyyən şeylərin dəyişdirilməsi daha böyük güc və enerji tələb edir. Bəzən isə tamamilə dəyişdirmək mümkün olmaya bilər”.

Sabançı Universitetində tələbələrin 80 faizi sonradan ixtisasını dəyişib

“Araz” Supermarketlər Şəbəkəsinin İnsan resursları departamentinin direktoru Xaqani Səfərov mövzuyla bağlı maraqlı bir faktı bizimlə bölüşdü: “Türkiyənin Sabançı Universiteti bir neçə il əvvəl tələbələrinə belə bir şans vermişdi: kim istəyir ixtisasını, fakültəsini dəyişsin. Səhv etmirəmsə, tələbələrin 80 faizi ixtisasını dəyişmişdi. Daha sonra unversitet rəhbərliyi qərara aldı ki, tələbələrə  ilk iki il özünü tanıma və nə istədiyini ortaya çıxarmaqla bağlı dərslər keçirilsin. İki ildən sonra tələbə sərbəst ixtisas seçir və sonrakı iki ili sırf ixtisasla bağlı oxuyur. Bu, çox yaxşı effekt verir. Hazırda da Sabançı Universitetində bu qayda qalmaqdadır”.
Azərbaycanda da bu təcrübənin tətbiqinin yaxşı nəticə verəcəyini deyən müsahibimiz insanları iki qrupa bölür: xarakterini mühitin formalaşdırdığı və xarakterini özü formalaşdıran insanlar. X.Səfərov insanların təxminən 95 faizinin birincilərə aid olduğunu deyir: “Bu adamların xarakterlərini mühit formalaşdırır. Məsələn, uşaqlıqdan utancaq, yaxud tez əsəbiləşən insanlar həyatlarının sonuna qədər belə qalırlar. Ömrünün axırına qədər “mən bir az tənbələm, mənimlə gərək ciddi olasan ki, iş görüm”, “mən bir az hövsələsizəm, mən bir az səbrsizəm” deyən insanlar var. Belə insanlar, ümumiyyətlə, təkcə ixtisas seçimində deyil,  bütün seçimlərində xarakterlərini nəzərə almalıdırlar”.
X.Səfərovun sözlərinə görə, ikinci qrupa aid insanlar xarakterlərini özləri müəyyənləşdirir: “Bu cür insanlar xarakterlərində istənilən düzəliş edə bilirlər. “Tənbələm” deyirsə, öz üzərində işləyib çalışqan olur, yaxud utancaqdırsa, bu xüsusiyyətini aradan qaldırır. Belə insanlar  ixtisas seçimi zamanı xarakteri yox, həvəslərini, daxili istəklərini nəzərə almalıdırlar”.

Dəri mühəndisi maliyyəçi olur

Eldar Cəbrayılov hazırda “Bank Standard”ın Pərakəndə satış şəbəkələrinin inkişafı şöbəsinin rəisidir. Amma orta məktəbi bitirəndə o, Türkiyədə dəri mühəndisliyi ixtisası üzrə təhsil alıb. Deyir ki, məktəbi bitirdikdə, yəni 16-17 yaşlarımızda ideal seçim etmək real görünmür: “Mən də dəri mühəndisliyində oxuyanda artıq iqtisadiyyat və biznesin idarə edilməsi sahəsinə marağım yaranmışdı. Bununla yanaşı, tələbə yoldaşlarımın sosiologiya və psixologiya dərslərinə qatılmağı xoşlayırdım. Son olaraq təhsilimi beynəlxalq menecment üzrə davam etdirdim və maliyyə sektoruna qədəm qoydum və bu sahədə uğur əldə etdim”.
Müsahibimiz düşünür ki, iş həyatında öz yerini tapmaq və karyeranın inkişafı üçün şəxsi keyfiyyətlər önəmlidir: “Dediyim kimi, əvvəlcədən düzgün seçim etmək heç də hamıya qismət olmur. Yaxşı olar ki, insan mütəxəssisləri dinləyib, özünü kənardan incələyib xarakteri, alışqanlıqları və bacarıqlarını ortaya çıxarsın. İnsanlar qeyd etdiyim məqamlara nəzər salsa və hansı xüsusiyyətlərinin  güclü olduğunu müəyyən edə bilsə, ixtisas seçimində daha uğurlu addım atmış olar”.
Psixoloq Hüseyn Xəlilovun fikrincə, ixtisas, peşə seçimində şəxsiyyət olaraq fərdin temperament tipi böyük rol oynayır: “Məsələyə realistcəsinə yanaşdıqda ünsiyyət qurmağı bacarmayan adamın psixoloq, satış nümayəndəsi ola bilməyəcəyini deyirik. Amma bu, həmişə belə olmur. Çünki insan sosial varlıqdır və zamanla müəyyən tədbirlərə, sosial fəaliyyətlərə qatılaraq müəyyən biliklər əldə edir”.

Xarakter qismətdir?

Peşəkar idarəçi Fəxri Ağayev də xarakterin insanın peşə seçimində rol oynadığı fikrindədir. O, qeyd edir ki, insanın xarakteri həm də onun seçdiyi, yaxud onun üçün seçilən peşədə nə qədər uğurlu olub- olmayacağına təsir edir: “Bir insanın ünsiyyət qurmaq bacarığı zəifdirsə, təbii ki, bu insan satış və ya idarəçilik sahəsində işləyə bilməz. Çünki onun uğuru satışda müştərilər, idarəçilikdə isə tabeçiliyində olan əməkdaşlarla ünsiyyətin doğru və effektiv qurulmasına bağlıdır”.
Xarakterin insanın qazandığı keyfiyyətlər toplusu olduğunu deyən müsahibimiz əlavə etdi ki, bu keyfiyyətlər toplusunu böyük istək və zəhmət olduqdan sonra dəyişmək mümkündür: “Xarakteri dəyişmək üçün böyük zəhmət tələb edildiyinə görə insanlar xarakteri “bu artıq belədir, qismətdir” kimi qəbul edirlər. Ölkəmizdə və xaricdə şəxsən yüzlərlə müvəffəqiyyətli insan tanıyıram ki, peşəkar həyatına qədər ünsiyyət qabiliyyəti zəif, özünə qapalı, insanlar qarşısında çıxış etmə bacarıqları sıfır olub. Komanda içində çalışmanı tələb edən dinamik iş həyatında bir neçə il keçirdikdən və müvəffəqiyyət qazana bilmədikdən sonra özlərini məcbur edərək böyük zəhmət və əzmkarlıqla dəyişiblər”.

F.Ağayev hesab edir ki, xarakter insanın peşə seçiminə və peşəkar uğurlarına təsir edir: “Amma bu, heç bir zaman müvəffəqiyyətsizlik üçün bəhanə olmamalıdır”. (“Kaspi.az”)



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir