toy

Məhbusların bəy libası, 99999 qızılgül, buz iqamətgah… – MARAQLI

Baxış sayı: 421

İnsan həyatında toy ən yaddaqalan hadisələrdən biridir. Hər bir gənc həyatını dəyişəcək bu əlamətdar hadisəni gözləyir və arzulayır. Elə cütlüklər də var ki, onlar ailə həyatı quranda qeyri-adi toyları ilə uzun illər yaddaşlarda qalırlar.

“Gencaile.az” “Modern.az”-a istinadən mövzu ilə bağlı yazını təqdim edir.

 

Çinin Çuntsin şəhərində ailə həyatı quran Syao Lyu və Syao Van öz toy mərasimlərində qonaqları çiçəklərlə təəccübləndiriblər. Toyun keçiriləcəyi məkanda bəy öz gələcək həyat yoldaşına 99999 qızılgül bağışlayıb. Bu güllərin alınması üçün o bir illik qazancını sərf edib. Gülləri toy yerinə gətirmək üçün isə otuz maşın lazım olub. Güllərin sayının 99999 olması da təsadüfi deyil. Çində bu rəqəm xöşbəxtliyi ifadə edir.

Çinlilərin daha bir qeyri-adi toyu da yaddaqalan olub. Evlənmək qərarına gələn Li Venxua və Yan Qonsya qeyri-adi toy libasları ilə fərqləniblər. Onların hər birinin üst geyiminin üstündə on mindən artıq arı olub. Belə ki, ailə həyatı quran cütlüyün hər ikisi iyirmi ildən artıq arıçılıqla məşğul olduqlarından sevdikləri peşəni qonaqlara nümayiş etdirmək qərarına gəliblər.

Amerikalı Maykl Karri və Eypril Pinyataro öz toy mərasimlərini tamam başqa bir məkanda keçirməyə qərar veriblər. İri həcmli akvarium hovuzda xoşbəxt tarixlərini qeyd edən cütlüyün nikah şahidləri balıqlar olub. Qonaqlar isə bu qeyri-adi mərasimə yalnız şüşənin arxasından tamaşa ediblər. Bəy və gəlin suyun altında olsalar da, əsl toy libası geyiniblər. Bununla yanaşı onlar hidrokostyumlardan da istifadə ediblər.

Alman cütlüyü Anita Bolik və Klaus Qryunenberq isə öz nikahlarını daha soyuq şəraitdə qeyd ediblər. Söhbət münasibətlərin soyuqluğundan getmir. Onlar toy mərasimini Avstriyanın kurort şəhəri olan Kitsbyueldə buz ibadətgahda keçiriblər. Bəy öz xanımını təəcübləndirmək üçün buz ibadətgahı şəxsən özü düzəldib. Öz toylarından sonra isə onlar yaz aylarına qədər sevgililəri bu “saray”da nikah mərasimi keçirməyə dəvət ediblər.

Toy mərasimi elə bir əlamətdar hadisədir ki, hətta bu hadisə insanlarda mərhəmət hissi də yaradır. Manila şəhərindəki türmələrin birində on dörd məhbusun evlənmək arzusunu nəzərə alan həbsxana rəhbərliyi məhbus bəylərə toy etmək üçün bir günlük azadlığa buraxıblar. Məhbuslar onlara verilən vaxtdan səmərəli istifadə edərək öz sevgililəri ilə ailə həyatı qurublar və bir neçə saatlıq olsa da, türmə paltarında yox, bəy libasında toylarını qeyd ediblər.

Krasnoyarskda ailə həyatı qurmağa qərar verən Sergey Kaunov və İrina Kuzmenko toy şənliklərini keçirmək üçün şadlıq saraylarına, restoranlara yox, Yenisey çayının sahillərinə üz tutublar. Cütlük təbrikə gəlmiş qonaqları da çaya atılmağa məcbur edib.

Samaradan olan gənclər isə öz toy mərasimlərini qeyri-adi keçirmək üçün velosipedlərdən istifadə etməyə üstünlük veriblər. Şənliyə qatılmaq istəyənlərdən velosiped sürməyi bacarmayanlar toyda iştirakdan məhrum olublar.

Dünyanın bir çox ölkələrində qeyri-adi toylarla yanaşı adi toy qaydasında da evlənmiş cütlüklər öz toy yubileylərini aşağıdakı adlarla qeyd edirlər:

Çit toy-1 il

Taxta toy-5 il

Qalay toy-10 il

Şüşə toy-15 il

Çini toy-20 il

Gümüş toy-25 il

Mirvari toy-30 il

Yaqut toy-35 il

Zümrüd toy-40 il

Al-qırmızı toy-45 il

Qızıl toy-50 il

Brilyant toy-60 il

Dəmir toy-65 il

Platin toy-70 il

Taclı toy-75 il

Palıd toy-80 il

Biz isə subay azərbaycanlı gənclərimizə milli adət-ənənələrimizə uyğun toy arzulayırıq.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir