zorakiliq

Məişət zorakılığının qurbanına necə yardım etmək olar?

Baxış sayı: 163

Son illərdə Azərbaycanda gender əsaslı zorakılıq kimi təzahür edən məişət zorakılığı kütləvi xarakter alıb və olduqca ciddi problemə çevrilib. Nəticədə boşanmaların, uşaq cinayətkarlığının, intihar hallarının, adam öldürmələrin, müxtəlif növ xəsarətlər yetirmələrin sayı xeyli artıb. Əvvəllər məişət zorakılığının qarşısının alınmasına, bu zorakılığın qurbanlarının hüquqlarının müdafiəsinə yönələn qanunvericiliyin olmaması isə bu problemlə mübarizəni mümkünsüz edirdi. Sevindirici haldır ki, dövlət tərəfindən problemin ciddiliyi müəyyən edilib və bu istiqamətdə xeyli ciddi işlər görülüb. Ən əsası isə 01 oktaybr 2010-cu ildə nəhayət ki, “Məişət zorakılığının qarşısının alınması haqqında” Azərbaycan Respublikasının qanunu qüvvəyə minib. Qanun məişət zorakılığı ilə mübarizə sahəsində yeni və əvvəllərdə ölkə praktikasında tətbiq olunmayan qaydalar, prosedurlar müəyyən edib.

Qanuna əsasən məişət zorakılığında cinayətin tərkibi olmadıqda müvafiq icra hakimiyyəti orqanına müəyyən səlahiyyətləri var: Zərərçəkmiş şəxsə qısamüddətli mühafizə orderi vermək, uzunmüddətli mühafizə orderinin verilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək, məişət zorakılığı törətmiş şəxsin qanunvericiliklə müəyyən olunmuş qaydada valideynlik hüququndan məhrum edilməsi və ya valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmək, zərərçəkmiş şəxsi yardım mərkəzində sığınacaqla təmin etmək…

Bəs “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunun icra mexanizmi varmı? Mühafizə orderi Azərbaycan ailəsini qoruya bilirmi?

zorakiliq

Problemlər…

Vəkil Sevinc Əliyeva bildirir ki, bu qanuna əsasən məişət zorakılığından əziyyət çəkən şəxs ona qarşı törədilən zorakılığın ağır cinayətə çevrilməsini gözləmədən, hətta psixoloji zorakılığa məruz qaldıqda öz hüquqlarının müdafiəsinə qalxmaq imkanına malikdir: “Hazırda əsas məsələ qanunun icra mexanizminin olmamasıdır. Odur ki, gözlənilən müsbət dəyişikliklər olmadı. Çünki qanunun qəbul olunmasından 7 il keçməsinə baxmayaraq, hələ də məişət zorakılığının qarşısının almasına dair əsaslı və çoxsahəli fəaliyyət planı hələ də qəbul edilməyib. Nəticədə məişət zorakılığının qarşısının alınmasında, qurbanların müdafiəsi və onlara yardımın göstərilməsində, zorakılıq hallarının təqib edilməsi və cəzalandırılmasında problemlər var.

Dirgər problem isə odur ki, məişət zorakılığından zərərçəkmiş şəxslərin çoxu yerli icra hakimiyyəti orqanlarına müraciət etmirlər. Çünki əhali yerli icra hakimiyyəti orqanlarının məişət zorakılığı ilə mübarizə sahəsində geniş səlahiyyətlərə malik olmasından məlumatsızdır”.

“Məişət zorakılığının qarşısını alınması haqqında” qanununa əsasən məişət zorakılığından zərərçəkmiş şəxsin müdafiəsini təmin edən əsas mexanizm – mühafizə orderidir.

Vəkil deyir ki, mühafizə orderi barəsində nəinki əhalinin, səlahiyyəti yerli icra hakimiyyətinin əksər nümayəndələrinin, hətta bəzi hüquqşünasların da məlumatı yoxdur: “Ona görə də ötən 7 il ərzində məişət zorakılığından zərərçəkmişlərə verilən qısamüddətli və uzunmüddətli mühafizə orderinin sayı olduqca azdır. Yerli icra hakimiyyətinə qısamüddətli mühafizə orderinin verilməsi üçün müraciət edərkən məlum olur ki məmur söhbətin nədən getməsindən məlumatsızdır. Eyni problem məhkəmədə də olub. Belə ki, ilk dəfə uzunmüddətli mühafizə orderi ilə bağlı qərarı verən Yasamal rayon Məhkəməsi işə 1 ay ərzində baxıb. Qaydaya görə bu işə 3 gün ərzində baxılıb qərar verilməlidir”.

Qadina zorakiliq

Vəkilin tövsiyyələri…

Sevinc Əliyeva qanunvericiliklə nəzərdə tutulmuş mexanizmlərin işə düşməsi üçün bunları tövsiyyə etdi: “Məişət zorakılığı qurbanları ilə işləyən müvafiq icra hakimiyətlərinin və hüquq-mühafizə orqanlarının əməkdaşlarına, məhkəmə, tibb və sosial sahənin işçilərinə təlimlər keçirilməlidir. Qurbanların qorunması və təhlükəsizliyinin təmin edilməsi üçün xüsusi qaynar xətt fəaliyyət göstərməlidir. Mühafizə orderlərinin verilməsi ilə bağlı qanunvericilik normaları yerli icra hakimiyyəti orqanları və məhkəmələr tərəfindən aktiv qaydada tətbiq edilməli, həmçinin qanunvericilikdə mühafizə orderlərində zərər çəkmiş şəxsin müdafiəsinə yönələn tədbirlər genişləndirilməlidir. Yardım mərkəzləri yaradılmalı, həmçinin qeyri-dövlət yardım mərkəzlərinin yaradılması dəstəklənməlidir. Bütün bu tədbirlərin görülməsi üçün isə milli fəaliyyət planının qəbul edilməsinə və bu sahədə dövlət koordinasiya orqanının yaradılmasına ehtiyac var”.

Vəkil qanunvericiliyin təkmilləşdirilməsinə də ehtiyac olduğunu bildirdi: “Hesab edirəm ki, məişət zorakılığı ilə mübarizədə polisin səlahiyyətləri genişləndirilməlidir. Zorakılığın ağırlığından asılı olmayaraq polisin hadisə yerinə gəlməsi, hadisəni qeydə alması və şikayətlə bağlı araşdırmanın aparılmasının hansı orqanın səlahiyyətinə aid olmasından asılı olmayaraq zərər çəkmiş şəxsin təhlükəsizliyini təmin etməli olması “Məişət zorakılığının qarşısının alınması haqqında” qanunda və ya “Polis haqqında” qanunda birbaşa olaraq öz əksini tapmalıdır. Cinayət tərkibli məişət zorakılığı törədildiyi halda qısamüddətli mühafizə orderinin verilməsi, onun icrasının təmin edilməsi, həmçinin uzunmüddətli mühafizə orderinin verilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməsi səlahiyyətləri qanunvericiliklə cinayət təqibini həyata keçirən orqana verilməlidir.

Məişət zorakılığından zərər çəkmiş şəxslərin yüksək keyfiyyəli hüquqi yardım almaq hüququnu təmin etmək məqsədilə “Vəkillər və vəkillik fəaliyyəti haqqında” qanuna məişət zorakılığından zərər çəkmiş şəxslərin onların maddi vəziyyətindən asılı olmayaraq həm məhkəmədə, həm də məhkəməyə qədər araşdırmada, o cümlədən araşdırma cinayət tərkibi yaratmayan zorakılıqla bağlı aparıldıqda dövlət hesabına pulsuz hüquqi yardımla təmin edilməsi barədə müddəa əlavə edilməlidir”.

zorakiliq

QHT-nin münasibəti…

“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayeva deyir ki, ötən 7 il ərzində davamlı olmasa da, məişət zorakılığına qarşı mübarizə sahəsində müəyyən fəaliyyət olub: “Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi beynəxalq təşkilatlarla birlikdə bu qanunun tətbiq olunması istiqamətində layihələr və təlimlər, qeyri-hökumət təşkilatları da maarifləndirmə tədbirləri həyata keçirib. Komitə tərəfindən yerlərdə monitorinq qrupları yaradılıb. Bu qrupa yerli icra qurumları tabedir. Yerli icra hakimiyyətinin başçısının müavini bu qrupa rəhbərlik edir. Qaydaya görə onlar da iki aydan bir yığıncaq keçirməlidir. Sumqayıt şəhər İcra Hakimiyyətində keçirilən yığıncaqda mən təklif etdim ki, erkən nikahların qarşısının alınması üçün direktorlar məktəbə gəlməyən qız şagirdləri ilə bağlı monitorinq qrupuna məlumat versin. İcra hakimiyyəti də Komitəni məlumatlandırsın. Təəssüf olsun ki indiyə qədər məişət zorakılığına dair məlumat bankını yaratmaq mümkün olmayıb. Bu isə mütəmadi olaraq tendensiyaların dəyərləndirilməsində, məlumatların müqayisə edilməsində, monitorinqlərin aparılmasında çətinliklər törədir”.

Z.Mustafeyava vuruğlayır ki, qanunun icra olunması üçün mütləq milli fəaliyyət planı qəbul edilməlidir: “Sözügedən qanun qeyri-hökumət təşkilatı olaraq bizi qane edir. Hazırda problem qanunun icra olunmamasındadır. Milli fəaliyyət planının qəbul edilməməsinin və bu sahədə dövlət koordinasiya orqanının yaradılmamasının nəticəsidir ki, bu gün ölkədə məişət zorakılığı kütləvi xarakter alıb. Həyacan siqnalının verilməsinin zamanıdır. Məişət zorakılığı qurbanına ödənişsiz hüquqi, tibbi və psixoloji məsləhətlər verilməli və yardımın göstərilməli, qaynar telefon xətti və sığınacaqlarla təmin edilməlidir”.

Z.Mustafayeva deyir ki, media bu prosesdən kənarda qalmamalıdır: “Cəmiyyətə gender bərabərliyinin nə qədər əhəmiyyətli olduğunu göstərmək üçün jurnalistlərin araşdırma materialları hazırlayıb təqdim etməsinə ehtiyac var. Maarifləndirmə işi ilə yanaşı məktəb psixoloqlarının da işi gücləndirilməlidir. Bir sözlə dövlət qurumları arasında, eləcə də onlarla qeyri-hökumət təşkilatları və media arasında fəaliyyət zəncirvari olmalıdır”.

ZORAKILIQ

Psixoloq rəyi…

Psixoloq-psixoterapevt Fərqanə Mehmanqızı bildirir ki, qurbanlar mütləq psixoterapevt qəbulunda olmalıdır: “Zorakılığa məruz qalmaları nəticəsində onlar xüsusi aqressiyası, cəmiyyətə qarşı kin-nifrət olur. Bu hal onları intihara və ya cinayətkarlığa sövq edə bilər. Çünki psixologiyası pozulmuş şəxslər mənfi hadisələrdə özlərini və ya ətrafını günahlandırır. Məişət zorakılığı hadisəsinin uşaqlara da çox böyük təsiri var. Bu onların gələcəkdə şəxsiyyətin formalaşmasına təsir edən arzuolunmaz haldır.

Yaxşı olardı ki, psixoloji və fiziki zorakılığa məruz qalmış şəxslər müəyyən müalicə proseslərindən keçsin. Onlar psixoloji müalicə alandan sonra cəmiyyətə sağlam şəkildə qayıda bilərlər. Fəsadlar qalmamalıdır ki, onların həyata baxışı tamam başqa yöndən inkişaf etməyə başlasın. Ətrafın da onlara baxışı dəyişməlidir. Təəssüf ki hazırda cəmiyyətimizdə məişət zorakılığına məruz qalmış insanlara mənfi münasibət var. Onlar ətrafın mənfi baxışından azad olmaq istəyirlər. Bu problemlərin olmaması üçün stereotiplərdən uzaqlaşmaq lazımdır”.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir