sagirdler

Məktəb həkimləri şagirdlərlə niyə maraqlanmır?

Baxış sayı: 154

Bu günlərdə 67 saylı məktəbdə ikinci sinif şagirdi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib. Belə ki, o, içərisində sosiska olan çörək yeyən zaman boğulmağa başlayıb. Məktəbin işçiləri təcili tibbi yardım briqadasını çağırsalar da, həkimlərin gəlişinə qədər uşaq artıq keçinib.

Verilən məlumatlara görə, uşaq sosiskalı çörək yeyərkən boğulma hiss edib və bu haqda məktəb həkiminə deyib. Uşağın dili qatlanmağa başladıqda isə məktəbin tibb bacısı ona ilkin yardım göstərə bilməyib. Hadisə iştirakçıları onu da deyirlər ki, uşağın yüksək qızdırması olub.

Baş verən hadisə məktəblərdə tibb məntəqəsinin fəaliyyətini düzgün yerinə yetirməsi vacibliyini ortaya qoyur.

 

Təhsil Xidmətləri Araşdırma Mərkəzinin rəhbəri, təhsil eksperti Kamran Əsədov bildirir ki, orta məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər var: “Aradabir məktəblərdə baş verən bədbəxt hadisələr bunu deməyə əsas verir”.

Əsədov əlavə edir ki, ilin artıq payız ayları başlayır, uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır: “Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Amma danılmaz faktdır ki, şagirdlərin qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 6-7 dərs saatı ərzində onların normal qidalanmaması şagirdlərin fiziki zəifləməsi ilə nəticələnir. Düzdür, qanunvericilik aktlarına əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsümi xarakter daşıyan xəstəliklərə yoluxma şagirdlərin dərsə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz. Lakin qrip və bu kimi xəstəlik daşıyıcısı olan şagirdlərin məktəbə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir”.

Müsahibimiz deyir ki, məktəb rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitoriq aparmalı, əgər sinifdə oxuyan şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq birinci partada yox, sonuncu partada əyləşməlidir. Onun dediyinə görə, sinif rəhbəri virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirməlidir: “Məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir”.

Bundan başqa, hər hansı bir bədbəxt hadisə zamanı yerində ilkin tibbi yardımın göstərilməsi üçün orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu, qanunvericilik aktlarında da nəzərdə tutulur. “Amma baş verən hadisələr onu göstərir ki, orta məktəblərdə təkcə təhsilin səviyyəsi aşağı deyil, eyni zamanda tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var. Əgər bir şagird məktəbin ərazisində hansısa bir hadisə nəticəsində vəfat edirsə, bu, həmin məktəbdə fəaliyyətin düzgün təşkil olunmaması deməkdir. İbtidai sinif şagirdləri ciddi nəzarət tələb edən yaş həddindədir. Onlar nə sinifdə, nə də tənəffüs vaxtı nəzarətsiz qala bilməz. Onlara ciddi şəkildə nəzarət etmək lazımdır”.

K.Əsədovun sözlərinə görə, valideynlər də övladlarına qida məhsulları qoyanda mütləq şəkildə nəzarət etməlidirlər ki, o qidalar rahat həzm olunsun. “Şagirdlər məktəbdə normal şərait olmadığı üçün təkbaşına evdən gətirdikləri qidaları nəzarətsiz yeyirlər. Halbuki, məktəb bufetlərində onlar üçün normal şərait yaradılmalıdır”.

 

Tibbi ekspert Adil Qeybulla bildirir ki, məktəblərdə tibbi işçi şagirdlərə vaxtında ilkin tibbi yardım göstərməyi bacarmalıdır: “Sonra dərhal ehtiyac varsa, uşaq yaxınlıqdakı tibb məntəqəsinə aparılmalıdır. Məktəblərdə həkimlər yaraların sarğısıyla bağlı işlər görə bilərlər. Bundan artıq onlar dərin tibbi prosedurlar apara bilməzlər. Ali məktəblərdə olan tibb məntəqələrinin də əsas mahiyyəti tələbələrə arayış vermək, həkimə göndərməkdir. Bunlar dövlət xəstəxanaları kateqoriyasına aiddir. Dövlət xəstəxanaları necədirsə, dövlət qurumlarındakı tibbi məntəqələrin də durumu o şəkildədir. Lazimi tibbi ləvazimatları belə çatışmır”.

Bu günlərdə məktəbdə sosiska yeyərkən ölən uşaqla bağlı A.Qeybulla bildirib ki, çox güman, bu, zəhərlənmə olub: “Qida toksiki infeksiyası olub. Botulizm ani ölümə də gətirib çıxarır. Ona görə də qida məhsullarına qarşı diqqətli olmaq lazımdır. Hesab edirəm ki, həmin ərzaq məhsulunun tərkibini analiz etmək, araşdırmaq lazımdır ki, nə üçün bu hadisə baş verib”.

Dediyinə görə, məktəblərdə boğulmalar, asfiksiyalar, müxtəlif digər yaralanmalar, qanaxmaların dayandırılması kimi hallarla bağlı ilkin yardım göstərmək iqtidarında olan tibb işçisi olmalıdır. Məktəb həkimi bunları bacarmalıdır.

Həmsöhbətimiz əlavə edib ki, ümumiyyətlə, qızdırması, infeksiyası olan, vəziyyəti ağırlaşan uşaqları məktəbə buraxmaq lazım deyil, onlar tibb müəssisələrinə yönləndirilməlidir.

Təhsil eksperti Elşən Qafarov bildirir ki, məktəblərdə tibbi xidmətin təşkili ilə bağlı Nazirlər Kabinetinin 20 noyabr 2010-cu il tarixli 218 nömrəli qərarı var. Həmin qərara əsasən, hər bir ərazidə yerləşən səhiyyə müəssisəsi həmin ərazidə yerləşən bütün dövlət qurumları olduğu kimi, ümumtəhsil məktəblərində də tibbi xidməti təşkil etməlidir. Təhsil Nazirliyi məktəblərdə tibbi xidməti təşkil etmək üçün infrastrukturla təmin edir. İnfrastruktur deyərkən, tibb otaqları, həmin otaqlarda olan inventarlar nəzərdə tutulur. Dərman, tibbi avadanlıq və kadrla isə Səhiyyə Nazirliyi təmin edir. Məktəbin yerləşdiyi ərazidə olan poliklinika həmin məktəb üçün bir tibb bacısı ştatı ayırır. Məktəb bir növbəlidirsə bir tibb bacısı ştatı, yox, iki növbəlidirsə, bu zaman məktəb iki tibb bacısı ştatı və yaxud ştat yarım ayrılır. İnternat məktəblərində isə növbəlilik sistemi olduğuna görə, orada iki tibb bacısı və iki həkim ştatı ayrılır. Onlar növbəlilik sistemilə tibbi xidməti həyata keçirirlər. Tibb işçilərinin əmək haqqısı razılaşdırılmış tabellə buraxılır.

“Bu gün məktəblərimizdə 4472 məktəbin böyük bir hissəsində tibbi xidmət təşkil olunmayıb, yox səviyyəsindədir”,- deyən Qafarov bildirir ki, hətta bir çox məktəblərə təyin olunan tibb bacılarının elementar praktikası yoxdur, lazım olduqda onlar hətta ilk müdaxiləni belə edə bilmirlər. “Qanunvericiliyə görə ölkədə icbari tibbi müayinənin keçirilməsilə bağlı məktəblərdə müəyyən tədbirlər keçirilir. Təhsil alanlar, müəllimlər bir çox məktəblərdə tibbi müayinədən keçirilirlər. Amma bu heç də tam olaraq tətbiq olunmur”.

Onun sözlərinə görə, ibtidai sinif müəllimlərinə ilkin tibbi yardımla bağlı təlimlər təşkil olunmalıdır: “Məktəblərdə 1000-4000 şagird var, bir və iki tibb bacısı, sahə həkimi istəsələr də, tibbi xidməti tam təşkil etmələri fiziki cəhətdən mümkün olmaz. Ən çox problemlər də ibtidai siniflərlə bağlı yaranır. İldə bir dəfə olmaqla ibtidai sinif müəllimləri uşaqlara tibbi yardım göstərməklə bağlı xüsusi kurslardan keçməlidir”.

 

Aynurə Məmmədova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir