melekxanim eyyubova

Mələkxanım Əyyubova: “Bizə deyirdilər ki, o sizin nəvənizdir” – MÜSAHİBƏ

Baxış sayı: 163

Bu dəfəki rubrikamızda anaları deyil, nənələri danışdırmaq qərarına gəldik. Hər zaman qəzetimiz vasitəsilə “Mənim balam” deyən anaların əvəzinə, indi nənələr “Mənim nəvəm” deyəcəklər. Zamanında ana olan xanım incəsənət xadimlərimiz indi nənədirlər. Düzdür, “nənə” adı bir az ağır səslənir. Çünki xanımlarımızın daxilində bir qorxu olur, yaşlanmaq qorxusu. Ancaq mənim müsahibim – xalq artisti, sevilən xanəndə Mələkxanım Əyyubova o nənələrdən deyil. İki nəvəsi var, ikisini də ən azı övladları qədər sevir və onlar üçün narahatlıq hissi keçirir. Deyir ki, bala şirindir, ancaq balanın balası daha da şirindir.

– Nənə olmaq necə hissdir?
– Nənə olmaq xoşbəxtlikdir. Əvvəla, ana olursan, onun dadını bilirsən. Ana olmağın da öz gözəlliyi var. Allah-təala bu var-dövləti də hər adama nəsib etmir. Ana olandan sonra qayınana və nənə olmaq arzusu ilə yaşayırsan. Bu arzuna da çatanda özünü xoşbəxtlərin xoşbəxti hesab edirsən. İndi mən o hissi yaşayıram. Bu hissi dadmağı bütün analara arzu edirəm. Sözlə ifadə edilməyən bir duyğudur. Gərək onu yaşayasan.

– Bala şirindir, yoxsa nəvə?
– Deyirlər ki, nənə nəvəsini öz doğma övladından belə çox istəyir. Mənim üçün övladım da, nəvəm də çox dəyərlidir. Hərəsinin ayrı gözəlliyi və ayrı şirinliyi var. Mənim 4 övladım var. Axırıncı övladım o biri uşaqlarımdan çox kiçikdir. Yeri gələndə, o nəvə yerində idi. Bizə deyirdilər ki, o sizin nəvənizdir. Hamımız onu əzizləyirdik. Nəvələrim olandan sonra artıq onları əzizləməyə başladıq (gülür). Övladlarımız dünyaya gələndə çox gənc oluruq. Övladla məşğul olmağa vaxtımız çox olmur, yalnız uşağın tərbiyəsi və digər qayğıları ilə məşğul oluruq. Onu oynatmağa, danışdırmağa o qədər də çox vaxtımız qalmır. Ev qayğısı, iş, uşaq ananın başını çox qatır. Ancaq nəvədə bütün bu yüklərlə valideynlər məşğul olur. Sən də elə bir yaş həddində olursan ki, nəvə ilə oynamağa vaxtın çox olur, bütün günü əzizləyirsən. Nəvə nənənin, babanın sərbəst vaxtına düşür. Nəvələrimi bəlkə övladlarımdan da çox istəyirəm.

– Nəvənizə nağıl danışırsınızmı?
– Kiçik nəvəm hələ 1 yaş 3 aylıqdır. O biri nəvəm nağıl dinləyəcək yaşdadır. Sənətimlə bağlı işlərim çox olur, ancaq bacardığım qədər onların yanında olmağa çalışıram. Əvvəllər nənə-baba nəvələri ilə bir yerdə yaşayırdı. Bir-birilərini çox görürdülər. İndi nəvə uşaqlıqdan məşğul olur. Onların xüsusi rejimləri var. Belə ki, uşaqların bəlli yemək, gəzmək və yatmaq rejimləri olur. Vaxtım olanda gedib onları görürəm, əzizləyirəm.

– Övladlarınız sizi nəvələrinizə qısqanırmı?
– Xeyr, qısqanmırlar. Onlar da hərəsi bir xala, əmi, dayıdırlar. Böyük qızımın bir oğlu var, oğlum evlənib bir qızı var. Əksinə, övladlarım bir-birlərinə çox bağlıdırlar.

– İstəyirsinizmi, nəvələriniz sizin sənətinizi davam etdirsinlər?
– Bunu zaman göstərər. Heç mənim övladlarım sənətimi davam etdirmədilər. Onlar böyüdükdən sonra seçim edəcəklər. İndi elə bir dövrdür ki, uşaqlar zamana görə öz istəyinin ardınca gedir. Mənim övladlarım hərəsi başqa-başqa ixtisasları seçdilər, öz arzularının dalınca qaçdılar, bizim sənətimizin ardınca getmədilər. O vaxtkı zəmanə idi, həkimin oğlu həkim, müəllimin övladı müəllim olmalı idi.  İndi elə deyil. Biz uşağa deyə bilmərik ki, sən mütləq bu sənəti seçməlisən. Seçim onların özünə məxsus olacaq. Bizə də düşən odur ki, onların seçdikləri bu yolda yanlarında olaq, onlara dəstək duraq. Əsas odur ki, ürəkləri istəyən ixtisası seçsinlər.

– Çox zaman gözə gəlməsin deyə, uşaqların şəklini paylaşmırlar. Siz necə, gözə-nəzərə inanırsınızmı?
– İnanclarımıza inamım böyükdür. Ancaq belə şeyləri özümdən uzaqlaşdırmağa çalışıram. O hissləri nə qədər beyninə həkk edirsənsə, sənin başına gəlir. Nəvələrimin şəkillərini mən paylaşmasam belə, ailə üzvlərinin digərləri paylaşacaq. Əvvəl-axır kimsə görəcək bu uşağın üzünü. Gözə gəlmələrindən qorxmuram, pis fikirləri özümə yaxınlaşdırmaq istəmirəm. Hamının balası da var, nəvəsi də. Burda gizlədiləsi heç nə yoxdur. Hər şey Allahın əlindədir. O nə istəsə, o da olacaq. Allah balalarımızı, nəvələrimizi pis gözdən, pis nəfsdən qorusun.

– Nəvələrinizə mahnı həsr etmisiniz?
– Kiçik nəvəmə mənim adımı qoyublar. İndiyə qədər nəvələrimə heç bir mahnı yazdırmamışam. Elə bir layihəm yoxdur. Mən ifa etdiyim bütün mahnılarımı nəvələrimə həsr edirəm. Nəvəyə mahnı həsr etmək heç də planlı şəkildə olmur. Təsadüfən elə bir şey alınır ki, bir mahnı yaranır. Ancaq “Mələk” adlı bir türk mahnısı var, lazım olanda övladlarım onu səsləndirirlər.

– Balaca Mələk xanım sizə bənzəyirmi?
– Mən onu daha çox anasına oxşadıram. Ola bilsin ki, müəyyən cizgiləri də mənə oxşayır. Allah onu və bütün nəvələri gözdən, bəd-nəzərdən qorusun. Onların xeyirlərini görmək bizə qismət olsun. (Kaspi.az)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir