ders

Müəllimlərin maaşı artdı, təhsilin keyfiyyəti necə, yüksələcəkmi?

Baxış sayı: 727

Dövlət başçısının sərəncamı ilə müəllimlərin əməkhaqlarının artırılmasından sonra əsas müzakirə mövzularından biri bu artımın təhsilin keyfiyyətinə təsiri ilə bağlıdır. Elə sosial platformada da müəllimlərin əməkhaqlarının artırılmasından sonra təhsilin keyfiyyətində hansı dəyişikliyin olacağı sual yaradıb. Sputnik Azərbaycan müəllimlərin əməkhaqlarının artırılmasının təhsilin keyfiyyətinə təsirini araşdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü Nadir İsrafilov bildirir ki, müəllimlərin əməkhaqlarının artırılmasının təhsilin keyfiyyətinə birmənalı şəkildə təsir edəcəyini söyləmək düzgün deyil. Ekspert bildirir ki, iş keyfiyyətinin yüksək olmasında maddiyyat önəmli olsa da, bunu təhsilin keyfiyyətinə təsiri ilə əlaqələndirmək düzgün mövqe deyil:

“Müəllimlərin maaşının artırılması bu sektora dövlət başçısının qayğısının təzahürüdür. Amma demək olmaz ki, əməkhaqları artan kimi təhsilin keyfiyyəti də yüksələcək. Çünki təhsilin keyfiyyəti bir sıra amillərlə bağlıdır.

nadir israfilov

Ən vacib məqam müəllim adını daşıyanların vicdanı ilə bağlıdır. Müəllimin özünün şəxsiyyəti keyfiyyətli olsun. Əvvəllər müəllimlər az əməkhaqqına da öz işlərini vicdanla yerinə yetiriblər. Bu, əsas məqamdır.

Müəllim adı daim uca tutulmalıdır. Müəllimin nüfuzunun artırılması təhsillə bağlı müvafiq strategiyada da öz əksini tapıb. Sözsüz ki, bu artım müəllimlərin sosial, mədəni həyatına öz təsirini göstərəcək. Amma keyfiyyət məsələsində digər faktorlar nəzərə alınmalıdır”.

N.İsrafilov deyir ki, təhsilin keyfiyyətinin artırılması üçün müəllim seçiminə diqqətlə yanaşılmalıdır: “Müəllimlərin İşə Qəbul (MİQ) müsabiqəsi şərtlərində müəyyən dəyişikliklər olunmalıdır. Müəllimlərin bu peşəyə mənəvi və psixoloji hazırlığı da yoxlanılmalıdır. Təəssüf ki, hazırki MİQ imtahanları zamanı müəllim olmaq istəyənlərin bu keyfiyyətini üzə çıxartmaq mümkün deyil. Ona görə də işə qəbulda test imtahanı yenidən işlənilməli, dəyişdirilməlidir”.

 

Aşağı bal toplayanları regionlara göndərmək doğru deyil

Təhsil eksperti deyir ki, bu gün müəllimlərin işə qəbulu zamanı aşağı bal toplayanların regionlara yönəldilməsi təhsilin keyfiyyətinə təsir göstərən amildir: “60 bal toplayan müəllimləri Bakıya, bir qədər aşağı bal toplayan müəllimləri regionlara yönəltmək doğru deyil. Bu məsələ regional şəkildə həll olunmalıdır.

Vaxt vardı, bizim ən tanınmış elm-mədəniyyət xadimləri regionlarda yetişirdilər. İndi biz aşağı bal toplayan müəllimləri regionlara yönəltməklə bunun qarşısını almış oluruq. Bu həmçinin regionların inkişafı ilə bağlı prezident sərəncamlarına da ziddir. Regionların inkişafı təkcə rayonlara yol çəkib park salmaqla bitmir. Regionlarda təhsil və səhiyyə sahəsi də inkişaf etməlidir”.

Kamran Esedov

Müəllimlərin maaşı vergi yükündən azad edilməlidir

Təhsil üzrə ekspert Kamran Əsədov isə bildirir ki, müəllimlərin əməkhaqqının artırılması onların sosial rifahına qismən təsir etsə də, birbaşa təhsilin keyfiyyətinə təsir göstərməyəcək.

“Hazırkı maaş artımı müəllimləri sevindirəcək qərardır. Amma müəllimin sosial vəziyyətinə o qədər də təsir etməyəcək. Biz maaş artımının müəllimlərin rifahına əhəmiyyətli təsiri üçün müəllimlərin maaşını vergi yükündən azad etməliyik. Bu gün müəllimlərin dərs “stavka”sı 18 saatdır. Bu rəqəm 18-dən 12 saata endirilməlidir. Həkim, polis vahid maaş alsa da, bu, müəllimə şamil olunmur. Müəllimlər də vahid maaş almalıdırlar. 12 saatdan artıq dərs onlara əlavə maaş kimi hesablanmalıdır”.

K.Əsədov deyir ki, 18 saat dərs yükü olan müəllim artımla 515 manat əməkhaqqı alacaqsa, vergi və digər sosial tutumlardan sonra onun kartına 460 manat əməkhaqqı köçəcək. 18 il stajı olan müəllimlər isə artımdan sonra 714 manat maaşdan əllərinə 650 manat ala biləcəklər”.

Ekspert bildirir ki, Bakıda hazırda çalışan 28 min müəllimin 6 mini 1000 manatdan yuxarı maaş alır: “Maaş artımı daha çox olmalıdır. Əgər müəllim aya 1500 manat alarsa, o zaman təhsilin keyfiyyətinə təsiri hiss edə bilərik”.

K.Əsədov həmçinin təhsilin keyfiyyətinin də monitorinqinin aparılmalı olduğunu söyləyir. Onun sözlərinə görə, təhsilin keyfiyyəti ilə bağlı müəllimlərin üzərinə də öhdəlik qoyulmalıdır.

 

Əməkhaqqı yüksək olduqda əhval-ruhiyyəyə də təsir göstərir

Cəbrayıl rayon 3 nömrəli tam orta məktəbin tarix müəllimi Nərgiz Əliyeva isə maaş artımının təhsilin keyfiyyətindən yan keçməyəcəyi qənaətindədir. O deyir ki, müəllim əməkhaqqı məbləğinə baxmayaraq, öyrətmək vəzifəsini həmişə vicdanla yerinə yetirməlidir.

Bununla belə o, maaş artımının müəllimlərin əhval-ruhiyyəsinə təsir göstərəcəyini söyləyir: “Əməkhaqqı yüksək olduqda əhval-ruhiyyəyə də təsir göstərir. Müəllimin də sosial problemləri var. Müəllim sosial problemlər məngənəsində olduqda bu onun işinə də təsir göstərir. Sağ olsun prezidentimiz ki, Qarabağda bərpa işlərinin külli məbləğdə vəsait tələb etdiyi bir dövrdə biz müəllimlərdən diqqətini əsirgəmədi”.

N.Əliyeva deyir ki, yeni artımla müəllimlər hər 100 manata 20 manat əlavə alacaqlar. Bu isə ümumi əməkhaqqında 100 manatdan çox artım deməkdir.

 

Hansı müəllimlərin maaşı artır?

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidenti ötən həftə dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, o cümlədən həmin müəssisələrin direktor və direktor müavinlərinin, habelə gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin əməkhaqlarının artırılması haqqında Sərəncam imzalayıb. Sərəncamda bildirilir:

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 16 oktyabr tarixli 2965 nömrəli Sərəncamının icrası ilə əlaqədar qərara alıram.

2022-ci il yanvarın 1-dən Azərbaycan Respublikasının dövlət büdcəsindən maliyyələşən dövlət ümumi təhsil müəssisələrində çalışan, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin aylıq vəzifə maaşları orta hesabla 20 faiz, gənclərin çağırışaqədərki hazırlıq rəhbərlərinin aylıq vəzifə maaşları orta hesabla 40 faiz artırılsın.

Təhsil işçilərinin maaşı ən son sabiq baş nazir Novruz Məmmədovun qərarı ilə 11.09.2019 tarixində artırılıb. Həmin qərarla Nazirlər Kabineti “Dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin, həmin müəssisələrin direktor və direktor müavinlərinin vəzifə maaşları sxeminin və məbləğlərinin, vəzifə maaşlarına əlavələrin məbləğlərinin təsdiq edilməsi haqqında” qərara dəyişiklikləri təsdiqləyib.

Qərara əsasən, dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış müəllimlərin aylıq vəzifə maaşı bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış müəllimlərin aylıq vəzifə maaşından 25 faiz aşağı, bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmamış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşı isə bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılmış gənclərin çağırışaqədərki hazırlığı rəhbərlərinin aylıq vəzifə maaşından 10 faiz aşağı müəyyən edilib.

 

Zülfiyyə Quliyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir