efsane rustemova

“Müharibə ARZUları” – “NATAMAM”

Baxış sayı: 304

“İki aydı başıma sığal çəkən yoxdu.

Anam biz uşaq olanda rəhmətə gedib, atam isə həmişə işdə! Qayğını-nəvazişi tanıdığım yaş 21 olub. O vaxta qədər başıaşağı ancaq universitetə gedib-gəlmişəm. Biz indiki qızlar kimi deyildik. Sosial həyatımız yox idi. Bir gün qızlar mənə dedilər ki, bir az gözüaçıq ol, yaşın keçir, hələ bir sevgilin yoxdur. Düzü, utandım bir az. Ondan sonra ətrafa göz atmağa qərar verdim. Sonra bir oğlan diqqətimi çəkdi. Görüntü olaraq əsla istədiyim kimi deyildi, ancaq sürətlə ona qarşı marağım artırdı. Anlamırdım, düzü, səbəbini. Amma xoşuma da gəlirdi bu duyğu. Bəlkə də onun həyatında kim isə var idi, amma bu mənə maraqlı deyildi. Bir az izlədim onu. Hər gün də eyni yerdə və eyni saatda görürdüm. Bir gün evə tək qayıdanda arxadan kiminsə mənə yaxınlaşdığını hiss edib qorxdum. Addımlarımı daha sürətli atmağa başlamışdım ki, biri mənə “Qorxma!” dedi. Arxaya döndüm, o idi. Düşündüm yəqin yolu soruşacaq. Gülümsəyib salamlaşdım.

Evlənəndən sonra danışır ki, 4 il hər gün səninlə o yolu elə getmişəm ki, sənin ruhun da duymayıb. Sadəcə əmin olmaq istəyirdim sənə qarşı duyğularımdan, səni incitmək və aldatmaq istəməzdim. Sonra gördüm, səni görmədiyim günlər çox depressiv oluram. Necəsə sənə özümü hiss etdirməyə başlamalıydım. Rəfiqələrindən biri ilə ortaq tanış tapdım. Dedim ki, o qıza deyin başın yerdən qaldırsın. Çünki bilirdim ki, başını qaldırsan görəcəyin adam mən olacaqdım.(çoxbilmiş).

Deyir, etiraf elə ki, sənə qəfil yaxınlaşsaydım indiki qədər şansım olmayacaqdı. Və ara-sıra mənə özümün də unutduğum hadisələri xəbər verərək bağladı məni özünə. “Yadındadır, bir dəfə Səməd Vurğun bağının aşağısında bacınla taksi gözləyirdin. Sonra MUM-a getdiniz. Orda bir üzük taxıb baxdın.” Qəfil gözüm əlimdəki evlilik üzüyümə sataşdı. Və mən onun boynun qucaqlayıb ağladım. Məni heç ailəm bu qədər hiss edə bilməyib, ay Əli. Amma əlbəttə ki, bu deyildi aramızdaki əsas aparıcı duyğu. Salamlaşmağa başlayandqn sonra bir az söhbətləşdik. Anasını itirdiyini və qadınlardakı sədaqət duyğusunun zədələndiyini dedi. O danışdıqca içimdən onu qucaqlamaq gəlirdi. Amma öz-özümə deyirdim: “Arzu sakit ol, hələ uşağı indi tanımısan. Bu qədər ac olduğunu hiss elətdirmə. Qucaqlamaq nədi?! Özünə gəl!” 4 il arxamca gəzməyinin səbəbi də beləcə aydınlaşdı özlüyündə. Yəni biz bu qədər (mənim üçün) ani bir duyğu ilə başladıq münasibətə. Bu qədər eşq ilə. Heç bir ili tamam olmamış Səfərbərlik oldu və o da getdi. Bir aydır ki, nazımı çəkən, qayğıma qalan, məni güldürmək üçün çabalayan yoxdur. Düzdü, o orda da olsa məni təəccübləndirməyi bacarır. Amma mən onu hiss etmək istəyirəm. Bilirəm ki, onun mənim nəvazişimə ehtiyacı var. Amma müharibə bitmədən necə gəlsin axı?! Sizin də yanınıza ona görə gəlmişəm. Mən necə davam edim həyatıma?! Hər gələn ŞƏHİD xəbərində ürəyim ağzıma gəlir. Hər kimsə ağlayanda elə bilirəm ki, bizim qapıdadır o bağırtı. dəli olacam bu gedişlə.. ”

Bizim üçün canından keçənlərin öz canları nə haldadır- onu səndə gördüm Arzu. Biz məsələnin ancaq digər tərəflərin görə bilmişik bu günə qədər. Heç Arzular nə haldadır düşünməmişik. Düşünə bilməmişik. İndiki hissiyyatını sənin qədər yanğı ilə anlaya bilmərəm əlbət. Amma əmin ol ki, o sənin bu dərəcədə narahat olduğunu hiss etdikcə fikri daha da dağılır. Səndən arxayın olmalıdır ki, qələbəyə qatqısı olsun. Onu özündən və balacadan narahat buraxma. Əli qayıdanda oğlunu sənin qucağında xoşbəxt görmək istəyər. Amma indi sənin yaşadığın bu gərginliyi uşaq da içəridə hiss edib gərginləşir. Bilirəm, çətindir. Amma səbrli ol. Yaxşı olması üçün dua elə. Sənin duan düşmən gülləsindən daha sərrasdır. Gələn dəfə üçünüzü birgə qarşılayıb ailə konsultasiyası etmək istəyirəm (gülümsəyir). İndi get ona bir mesaj yaz. İçində bol qucaqlama olan. Həm darıxdığını bilsin, həm sakitləşdiyini. Belə eləsən, bu güclə 5 kəndi eyni gündə alar. Yol da qısa olar, həsrət də. Sən ağıllı qızsan, Arzu.  Özündən muğayət ol. Əlinin əmanətinə görə özünü qoru. O da övladın qoxlaya bilmək üçün salamat gəlməyə çalışacaq…

 

Psixoloq Əfsanə Rüstəmova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir