qizilca

Nəsib Quliyev həyəcan təbili çaldı: Qızılcanın yayılmasının qarşısı alınmasa…

Baxış sayı: 310

Azərbaycanda qızılcaya yoluxmanın qarşısını almaq üçün peyvənd olunmayan uşaqlar təcili immunizasiyaya cəlb olunmalı, qızılcanın yayıldığı məktəblərdə karantin tətbiq edilməlidir. Bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev söyləyir.

O, bildirir ki, xəstəliyin alovlandığı dövrdə karantin tətbiq olunmalı, yoluxmanın çox yayıldığı məktəblərdə siniflər bağlanmalıdır. Çünki, təmas zamanı yoluxma indeksi sürətlə artır.

 

Peyvəndin yan təsirləri varmı?

N.Quliyev Qızılca-Parotit-Məxmərək peyvəndinin yan təsirləri barədə bildirib ki, qızılca və məxmərəyə qarşı tətbiq olunan üçvalentli vaksin yüksək texnologiya ilə hazırlanır. Bu peyvəndin fəsadı çox cüzi olur. Peyvənddən sonra səthi qızılca əlamətləri görünür və tez keçir. Qızılcadan qorunmaq üçün yeganə üsul peyvənddir.

“Epidemiyalar zamanı qızılcaya yoluxan uşaqların 8 faizi tələf olurdu” – mütəxəssis deyir.

N.Quliyevin sözlərinə görə, pandemiya dövründə qızılcaya qarşı peyvəndlə əhatə azaldığından bu fəsadlar üzə çıxıb.

“Burada həm valideynlərin, həm də tibb işçilərinin günahı var. Vaxtında həyəcan təbili çalınmalı idi ki, peyvənd olunmayan uşaqlar yaxın illərdə kütləvi qızılcaya yoluxacaq. Bundan sonra da yoluxmaların artacağı gözlənilir. Ona görə də, nə qədər gec deyil, kütləvi vaksinasiya tədbirləri həyata keçirilməlidir”.

Kafedra müdirinin dediyinə görə, qızılca elə xəstəlikdir ki, 100 uşaq içərisində 1-i yoluxubsa, digər uşaqların xəstəliyə qarşı immuniteti yoxdursa, həmin uşaqların 96-sı da bu virusa yoluxacaq. Ona görə də, yayılmanın qarşısını almaq üçün peyvəndləmə sürətləndirilməli, digər tərəfdən də valideynlərlə maarifləndirmə işləri aparılmalıdır.

 

Ölüm riski var!

N.Quliyev bildirib ki, qızılcaya yoluxma ölümə səbəb ola bilər:

“Qızılca xəstəliyinin ağır fəsadları olur. Uşaq orqanizmində intoksikasiya baş verir. Ağır pnevmoniya, neyroinfeksiya, meningitlər əmələ gətirir. Bunun nəticəsində ölüm hadisələri baş verə bilir”.

Qeyd edək ki, ölkəmizdə son iki həftədir ki, qızılca xəstəliyinə yoluxma sürətlə artır.

 

Zülfiyyə Quluyeva




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir