qumru E

Narkomaniya qurbanları – “VƏKİL BÜROSU”

Baxış sayı: 959

Son zamanlar narkomaniya ilə bağlı cinayətlərin kütləvi şəkildə yer almasının şahidi oluruq. Cəmiyyətimizdə “ağ ölüm” kimi tanınan narkomaniya  insan həyatında  fəsadlar yaradan, bəşəriyyət üçün dövründə böyük fəsadlar verən, irqindən, yaşından, dinindən asılı olmayaraq, bütün xalqları, millətləri düşündürən ən ağrılı problemlərdən biridir. Lakin bunun əsas səbəbləri hardan qaynaqlanır, cəmiyyət, yoxsa ailə günahkardır suallarına cavab vermək çox hallarda çətinlik yaradır. Narkotik vasitətələrin istifadəçiləri yetkinlik yaşına çatmayanlar olanda, bu cəmiyyətin bir fəlakəti kimi qiymətləndirilə bilər. Ölkəmizdə də son illər bu xəstəliyin geniş yayılması səbəbindən onun qarşısının alınması istiqamətində həm ölkə daxilində, həm də beynəlxalq təşkilatlar tərəfindən müxtəlif tədbirlər həyata keçirilir. Hazırda dünyada 2 milyondan artıq narkoman var ki, onların bir qismini kişilər və qadınlar, digər qismini isə gənclər və uşaqlar təşkil edir.

 

Narkotik vasitələrin istifadə edilməsinin əsas səbəbləri haradan qaynaqlanır?

Bu xəstəliyin səbəbləri müxtəlif ola bilər. Belə ki, həm uşaqlara, həm də yetkinlik yaşına çatmış şəxsə yaşadığı ailə, düşdüyü ortam, dostlar, universitet və işlədiyi müəssisədəki həmkarların təziqi ola bilər, yəni cinsiyyət, yaş, sosial mühit, təhsil və bir sıra amillərin burada rolu ola bilər. Bu xəstəlik xüsusən erkən yetkinlik dövrünə təsadüf etdiyindən, həmin yaşda olan şəxslərin davranışlarına xüsusi önəm vermək lazımdır. Ümumiyyətlə zərərli vərdişlərə aludəçilik yarandıqda, yeniyetmələrin həmin narkotik vasitələrdən istifadə etdikcə onlarda kimyəvi və qeyri-kimyəvi asılılıq yaranır. Statistika göstərir  ki, zərərli vərdişlərə aludəçilik nöqteyi-nəzərindən 17-18 yaşarası uşaqlar çox həssas təbəqələr sayılırlar və onları narkomaniyaya cəlb etmək daha rahat və asan olur. Bu işdə ailə və sosial mühitin rolu son dərəcə mühümdür. Bu səbəbdən orta məktəblərdə narkotiklərlə bağlı maarifləndirmə işinin həssas müstəvidə aparılmasının vacibliyini nəin ki narkoloqlar, həmçinin həkimlər, psixoloqlar və bu iş üzrə mütəxəssislər də bildirirlər. Bəşəriyyət üçün ən təhlükəli bəla olan narkomaniya ilə bağlı problemləri dünya ictimaiyyətinin diqqətində saxlamaq məqsədi ilə BMT iyunun 26-nı “Narkomaniyaya və Narkobiznesə qarşı Beynəlxalq Mübarizə Günü”  elan edib. Məhz həmin gün narkomaniya ilə mübarizə ilə bağlı atılan addımların hesabatı kimi dəyərləndirilir. Görülən işlər öz müsbət nəticəsini verdikdə gələcək üçün nəzərdə tutulan perspektivlərin müəyyənləşdirilməsi üçün vəzifələr bəlli olur, daha səylə çalışmaq üçün stimul yaranır.

 

Qanunvericilik bu cür cinayətləri törətmiş şəxslərə qarşı hansı cəza tədbirləri tətbiq edir?

Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən, satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma – 1 ildən 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Həmçinin, həmin əməlin külli miqdarda törədilməsi – 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Qeyd edim ki, qüvvədə olan Cinayət Məcəlləsinə əsasən, narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını könüllü surətdə təhvil verən və ya narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi ilə bağlı cinayətlərin açılmasında və ya qarşısının alınmasında, bu əməlləri törətmiş şəxslərin aşkar edilməsində, cinayət yolu ilə əldə edilmiş əmlakın tapılmasında fəal iştirak etmiş şəxs cinayət məsuliyyətindən azad edilir.

“Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanuna əsasən, müəyyən siyahı təsdiq edilmiş və həmin siyahıda narkotik vasitələrin adları (dərman preparatlarının beynəlxalq adları) və onların qanunla istifadə miqdarı göstərilmişdir. Həmin miqdarı aşdıqda isə, şəxsin cinayət məsuliyyətinə cəlb olunması cinayət qanunvericiliyində nəzərdə tutulur.

Müşahidə etdiyimiz bütün hallardan göründüyü kimi, narkomaniya və narkobiznes təhlükəli cinayət növlərinə aid edilir. Bu səbəbdəndir ki, bunun qarşının alınması yalnız ümummilli mübarizənin aparılması yolu ilə mümkün ola. Bu mübarizə həyatımızı, gələcəyimizi, sərvətimizi, sağlamlığımızı, dövlətçiliyimizi qorumağa xidmət edir.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir