Nura Suri

Nura Suri: “Kişiyə ehtiyacım yoxdur” – MÜSAHİBƏ

Baxış sayı: 137

Müğənni Nura Suri Aile.lent.az-ın suallarını cavablandırıb. “Gencaile.az” həmin müsahibəni təqdim edir:

Bildiyim qədər ev işləri ilə özünüz məşğul olursunuz, yeməklər bişirirsiniz. Üstəlik səhnəyə çıxır,müxtəlif layihələrdə iştirak edirsiniz. Bu, sizin özünüzə vaxt ayırmanıza mane olmur?

– Bütün işləri özüm görürəm. Dünyada mənim üçün övladlarımdan əziz heç kim yoxdur, ola da bilməz. Onlar üçün nəsə edəndə özümü xoşbəxt hiss edirəm. Bəziləri deyir yük altına girirsən. Bu, pis sözdür. İnsan öz ailəsi haqqında yük, ağır, əzab-əziyyət sözünü işlətməz. Əksinə, Allaha minnətdaram ki, bunları mənə yetirib və mən onların qayğısına qalmalıyam. Mənim üçün uşaq böyütmək, gecə yuxusuz qalmaq elə bir ləzzətdir ki, onu sözlə ifadə edə bilmərəm. Əksinə, uşaq böyüdükdən sonra adam o günlər üçün darıxır.

– Demək, sizin üçün mənəvi zövq daha yüksək yerdədir…

– Həyat bumeranqdır. Sən həyata nə verirsənsə, onu da alırsan. Əgər həyatında qara xətt varsa, işlərin alınmırsa, deməli, nəyisə düz etməmisən. Allah da bunu bizə bir işarə olaraq göndərir ki, nəyi düz etmədiyimizi bilək. Mənim həyatımda belə hallar olub. Lazımsız insanlara qayğı göstərmişəm, yaxşılıq etmişəm. O isə “çox sağ ol” demək əvəzinə bəlkə də gileylənib ki, niyə mənim əlimə baxır?!

Yaxşılığın əvəzi olaraq pislik görmüsünüz?

– Elə insanlar var ki, onlar öz həyatını yaşamır, ancaq pis işlərlə məşğul olurlar. Mənim üçün pis iş başqasına ziyan yetirmək, qeybət etmək, şər-böhtan atmaq, kimisə gözdən salmaq, nüfuzuna xələl yetirməkdir. Nə peşənin sahibi olursan ol, insan olmaq vacibdir. Şəxsən mən utanmıram, kiməsə yaxınlaşıb deyirəm nə gözəlsiniz. Səhnədə oxuyanda qarşımda oynayan xanıma əlimlə işarə edirəm ki, paltarın üçün ürəyim getdi. Ya da barmağımla göstərirəm ki, ayaqqabıların qəşəngdir. O da bu sözdən ləzzət alır.

– Uşaqlarınıza dayə baxıb, yoxsa üçü ilə də özünüz məşğul olmusunuz?

– Dayəmiz olub, lakin yalnız mən evdə olmayanda uşaqlara baxıb. Uşaqlarıma özüm qulluq etmişəm. Bundan da zövq almışam. 6 ay onlara ana südü vermişəm. Həmin dövrlərdə də yaxınıma çox adam buraxmamışam. Davidin indi 8 yaşı var. Hamı da bilir ki, bütün konsertlərə qucağımda uşaq getmişəm. Rayonlara tədbirlərə gedirdik, mən də süd verirdim deyə, məcbur idim uşağı özümlə aparım. Qucağımda uşaqla rayonlarda dövlət tədbirlərini gəzmişəm. Uşağı yedizdirmişəm, özüm geyinib, bəzənib-düzənib çıxıb səhnədə oxumuşam, gecə ilə qayıtmışam evə, uşağı çimizdirib, dəyişdirib, yedizdirib yatızdırmışam. Dayəni də ona görə saxlamışam ki, mən səhnəyə çıxanda uşağı qucağında saxlasın. Xarici ölkələrə gedəndə də uşaqlarımı aparıram, dayə ilə getmirik. Evdə olanda uşağımı özüm çimizdirirəm, dırnaqlarını tuturam. Hər işi özüm edirəm – evin bazarlığına qədər. Məndən yaxşı evimə kim bazarlıq edə bilər?! Bilirəm ətin hansını, nəyi, necə almaq lazımdır. Evin həm kişisi, həm qadınıyam.

– Sizə bu sualı çox verirlər necə olur belə gözəl qadın subay qalır?

– Bu qədər işin içində kiməsə ayırmağa vaxtım qalmır. Heç buna ehtiyacım da yoxdur. Bütün qadınların missiyası ailə qurmaq, uşaq dünyaya gətirməkdir. Mən bu missiyanı yerinə yetirmişəm. Bundan sonra fikirləşmirəm ki, yanımda kimsə olsun. Heç bir kişiyə ehtiyacım yoxdur. Heç sevgiyə də ehtiyacım yoxdur. Məni övladlarım sevir, ətrafımda məni sevən insanlar, dostlarım var. Yəni diqqətdən kənar deyiləm.

Amma yəqin ki, evlilik təklif edənlər olub?

– Deyim ki, dərdimdən ölənlər, xəbər yollayanlar var, yox. Saatlarla telefonuma nə mesaj gələr, nə də zəng. Neçə saatdı burada birlikdəyik, baxın görün mən kiminləsə danışmışam, ya da sms yazmışam? Mənə zəng edib “hardasan, nə edirsən?” soruşan yoxdur. Mənə gündə 3 dəfə zəng vurub “hardasan?”, – deyə soruşsalar, ürəyim partlayar. Deyərəm, başa düşmədim, sən məni yoxlayırsan, nəzarətdə saxlayırsan? Belə çıxır ki, indiyədək həyatımı səhv yaşamışam? Mən belə şeyləri qəbul etmirəm. İstər həyat yoldaşın olsun, istəyir sevdiyin insan, istər valideynin – heç kimin səni yoxlamağa, nəzarət etməyə ixtiyarı yoxdur. Yoxlayırsa, demək, sənə güvənmir.

Bəlkə qayğınıza qalmaq, diqqət göstərmək istəyir?

– Qayğıya bu cür qalmırlar. Qayğıya qalan adam qadının hər halına şərik çıxmağı bacarmalıdır. Sən deməməlisən mənə filan şey lazımdır. O insan özü sənə nə lazım olduğunu bilməlidir. Şəxsən mənə kimsə bu dəqiqə gəlib səni sevirəm desə, ona inanmaram.

Niyə?

– Çünki bunu mənə məşhur olduğum üçün deyə bilər. Maraqlıdır, mən adi mağazada satıcı olsaydım, həmin adam mənimlə maraqlanıb, sevgisini bildirərdi? Bu fikir kiməsə inanıb, münasibət qurmağıma mane olur.

– Onda bir kişi sizə sevgisini necə sübut edə bilər?

– Bu barədə düşünməmişəm. Hər zaman bu sözü misal çəkirəm, övladlarıma da deyirəm, kişi kişiliyini başqa yerdə göstərməlidir. Qadın ucaldıqca kişi də onunla ucalmalıdır. Ona deməməlidir, işləmə, qəşəng görünmə, saçlarını rəngləmə. Bu, sənin xanımındır, sənin yanında ən yüksək, ən hörmətli qadın olmalıdır. Bunun üçün də ilk növbədə sən ona qiymət verməli, diqqət yetirməli, qarşısında baş əyməlisən ki, hamı da sizin qarşınızda baş əysin. Bunu etməyən kişi, deməli, hələ də özünü tapa bilməyib, onun kompleksləri var, gücü yalnız qadına, ona əl qaldırmağa çatır. Ümumiyyətlə,  qadına əl qaldırmaq, zorakılıq etmək, ağır söz demək ən böyük tərbiyəsizlik, nakişilikdir.

Burada ailə tərbiyəsi də böyük rol oynayır.

– Düşünürəm ki, hər bir ana oğlan övladını özü yanında görmək istədiyi kişi kimi böyütməlidir. Səhv bizdədir, çünki övladlara tərbiyəni analar verir. Qadınlar çalışmalıdırlar övladlarına elə tərbiyə versinlər ki, gəlin-qayınana söhbəti olmasın. Bu söhbət olduqca qadınlara da hörmətsizlik olacaq.

– Siz də qayınana olacaqsınız. Özünüzü buna hazır hiss edirsiniz?

– Mən heç vaxt oğlumun seçiminə qarşı çıxmaram, onun evlənəcəyi xanımdan xoşum gəlsə də, gəlməsə də. Böyük oğlum artıq seçimini edib. İki ildir görüşdüyü qız var, ikisi də İngiltərədə təhsil alır. Oğlumdan da 3-4 yaş böyük rus qızıdır. Dedim özün bilərsən, universiteti bitir, pul qazan, evlənməyə hazır olanda evlənərsən. Mən onun işinə qarışa bilmərəm. Bilirəm ki, bir-birlərini sevirlər. Londona gedəndə qız üçün hədiyyə alıram, görüşürük, restorana gedirik, onun qayğısına qalıram, üzünə gülürəm. O qızı hansısa valideyn böyüdüb. O da mənim oğlumu sevir, mən buna görə ona minnətdar olmalıyam. Mənim zövqümə uyğun deyil deyə, onu pisləməliyəm?! Elə şey ola bilməz.

Sizin ilk evliliyiniz gənc yaşınızda olub. Bu, çılğın sevginin nəticəsi idi, yoxsa ailə məsləhəti?

– Özüm istədim. Ətrafımdakı qızların çoxu model oldu. Mənim də fiziki görünüşüm, bədən quruluşum buna imkan verirdi. Amma nə model olmaq istəyirdim, nə də karyera qurmaq. Qızlara deyirdim ailə qurmaq istəyirəm və ailə quracağım insan çox varlı olmalıdır. Çünki istəyirəm iki oğlum olsun və xaricdə təhsil alsın. Uşaqlıqdan öz arzularım var idi və bunları həyata keçirdim. Üçüncü oğlum uzun illər sonra dünyaya gəldi. Buna görə Allahıma şükür edirəm.

İstədiyiniz kimi varlı insanla ailə qurdunuz?

– Bəli. Həyat yoldaşım özümdən 3 yaş böyük idi. O da uşaq idi, mən də. Hətta mənim ağlım onunkundan üstün idi. Çünki oğlanlarda həyata yanaşma, kitab oxuma həvəsi fərqlidir. 18 yaşımda artıq dünyanın bir çox məşhur yazıçılarının kitablarını oxumuşdum. Dayım Rasim Mirzəyev professor olub, böyük kitabxanası vardı. O, mənim üçün hər zaman örnək olub. Anam iki institut bitirib. Bizim ailədə hamı müəllim və hərbçidir. Tam fərqli bir ailədə böyümüşəm. Babam da ədəbiyyatçı idi. Buna görə kitab oxumaq bizim həyat tərzimizə çevrilmişdi. Hansısa kitabı oxumamısansa, sənə pis baxırdılar. Elə kitablar vardı ki, uşaq vaxtı oxuyurdum, ancaq başa düşmürdüm. Artıq yaşa dolanda başa düşdüm ki, məsələn, Dostayevskini düzgün vaxtda oxumamışam, əslində indən sonra oxumalıyam. Amma həyat yoldaşımın kitaba marağı olmayıb.

Bu fərq ailənizin uzunmüddətli olmasına imkan vermədi?

– Həyat yoldaşım varlı ailədə doğulub. Atası ona elə şərait yaratmşdı ki, öz biznesi vardı, gənc yaşlarından pul qazanırdı. Valideynlərimiz başqa ölkələrdə, bizsə başqa ölkədə yaşayırdıq. Tam sərbəst idik. Yol göstərənimiz yox idi, nə pulumuzu düzgün xərcləyirdik, nə münasibətimizi düz qurmuşduq. Heç nəyimiz düz getmədi. Düz getsəydi, valideynlərimiz olan şəhərdə yaşasaydıq, tək, özbaşına olmasaydıq, belə olmazdı bəlkə də. Gənc vaxtı, 22-23 yaşına qədər adama elə gəlir ki, hamıdan ağıllıdır. Biz də həmin vaxta düşdük. Elə bilirdik hamıdan ağıllıyıq. Belə olmasaydı, bəlkə də indi ailəm dağılmazdı…

Xanımlara məsləhət görürəm, ailələrində problem olanda dərhal riskə gedib boşanmasınlar. Fikirləşməsinlər ki, ikinci dəfə ailə quranda hər şey yaxşı olacaq. Bu, bir şansdır, lotereyadır, ola da bilər, olmaya da. Onsuz da günahların hamısı bir tərəfdə olmur. Nəsə oldusa, demək, hər iki tərəfdə günah var. Sən nəyisə udmursan, güzəştə getmirsən, o da getmir, nəticədə dava-qırğın düşür və qadın döyülür. Sonra da “məni döydü, boşanıram” deyirlər.

– Yəni qadın səbrli davranmalıdır.

– Ailədə gərgin anlar olanda kənardan baxmalısan ki, güzəştə gedə bilərsən, ya yox? Lap kişinin köynəyində pomada ləkəsi var, bunu görməzdən gəlin. Əksinə, ona yaxşı davranın, qoy utansın ki, mənim belə arvadım var, amma başqasının yanına getmişəm. Təəssüf ki, insanın ağlı başına sonradan gəlir. İndi yalnız məsləhət verə bilərəm. Boşanmaq istəyən xanımlar olub. Məsləhət görməmişəm, demişəm çalış ailəni qoru. Düzdür, bir çox hallarda günah kişidə olur. Amma yenə də kənardan insanların məsləhəti rol oynayır. Ona görə də gərək insanın yanında həyat təcrübəsi olan ağıllı biri olsun. Amma əgər 3-cü şəxs ailəyə mane olursa, yəni kişi başqa bir qadını sevirsə, artıq boşanmaqdan başqa yol yoxdur. Çünki kişilər bu baxımdan qadınlardan zəif olurlar. Misal üçün, qadın sevmədiyi bir insanla ömrünün sonuna qədər yaşaya bilər, amma kişi yox. Kişi kənarda kimisə sevdisə, artıq bitdi. Öz övladını da atıb yadına salmaz. Hətta sevdiyi qadının əvvəlki həyat yoldaşından olan övladına da atalıq edə, sevə bilər. Bu da ondan irəli gəlir ki, onlar valideyn olmağı bizim qədər duymurlar. Biz körpəni 9 ay bətnimizdə daşıyırıq, onunla əlaqəmiz başqa cür olur. Ümumiyyətlə, qadınların uşağa, ailəyə, həyat yoldaşına münasibəti tam fərqlidir. Kişilər isə daha soyuqdurlar. Hadisələrə soyuq başla yanaşırlar.

– Bayaq dediniz qadınlar düşünməsinlər ki, ikinci dəfə ailə quranda hər şey yaxşı olacaq. Sizdə necə oldu bəs?

– Adam ikincidə səhv axtarır. Başlayırsan birinci ilə müqayisə etməyə. Mən də bunu yaşamışam deyə bilirəm. Birinci dəfə ailə dağılanda insanda kompleks, inamsızlıq yaranır. Bəzi şeylərə görə sınmısan, qırılmısan, səni aldadıb deyə ikincidə qanamayan yerdən qan çıxarmağa başlayırsan. Çünki artıq inamın itib. Sənə elə gəlir ki, bu da eynisini edir. Yazıq heç bəlkə də etmir. Qadın bir az yola verməyi bacarmalıdır. O da məndə yoxdur. Mən yalnız övladlarımla yolagəlimli ola bilirəm, onların qarşısında zəifəm, hər dediklərini edirəm. Onların ağzından çıxan, fikrindən keçən hər bir şeyi reallaşdırmaq üçün canımdan da keçərəm.

Güclü və özgüvəni olan qadınların kişiyə ehtiyacı olmur deyirlər. Sizi də bu sıraya aid etmək olar?

– Əslində kişilərin bizə daha çox ehtiyacı var. Amma ana olmaq özü bir vəzifədir. Gözəl valideyn olmaq üçün sən övladlarına daha çox vaxt ayırmalısan ki, onlara tərbiyə verəsən, həyatları ilə maraqlanasan, yoldaşına qulluq edə biləsən. Bunun üçün də kişi qazanıb gətirməlidir, sən problem fikirləşməməlisən, özünə, ərinə, evinə, uşaqlarına baxmalısan. Amma bir qadın ki, həm pul qazanır, həm evin bazarlığını edir, həm problemləri həll edir, həm uşağın tərbiyəsi ilə məşğul olur, ona diqqət ayırır, əlbəttə ki, onda kişiyə ehtiyac qalmaz.




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir