aile

Ailə daxilində bıçağa və ya silaha əl atılmasına nələr səbəb olur?

Baxış sayı: 33
Bir neçə gün öncə Qəbələ rayonunda üç uşaq anasının xüsusi amansızlıqla qətlə yetirilməsi tez-tez baş verən bu qəbil cinayətlərə etiraz fonunda sosial şəbəkə istifadəçilərini bir kampaniya ətrafında birləşməyə sövq etdi. “Qadın qətllərinə son”, “Qadınlara qarşı zorakılığa yox deyək” kimi statuslar paylaşıldı, bu statuslara çoxsaylı şərhlər yazılmağa başlandı. Şübhəsiz ki, artan silsilə ilə gedən bu tip cinayətlərə qarşı hər hansı ictimai qınağın eşidilməsi müsbət haldır. Yəni geniş mənada olmasa da, bir şəbəkə çərçivəsində cəmiyyətin şiddətə etiraz formasının səsləndirilməsidır. Ancaq bu məsələnin bir, həm də sual doğuran tərəfidir: sosial şəbəkə çərçivəsində səslənən etiraz və qınaqlardan ibarət kampaniya ilə bu cür cinayətlərin qarşısını almaq mümkündürmü? Ailə daxilində və ya xaricində baş verən qətl hadisələri Facebook istifadəçilərinin “qətllərə son!” çağırışları ilə kəsilə bilərmi? Bir az qlobal yanaşsaq, ümumiyyətlə, bu tip cinayətlərin baş verməsinin səbəbini necə üzə çıxarmaq olar? Niyə qadınlar kişilər tərəfindən, bəzən də kişilər əks cins tərəfindən şiddətə məruz qalırlar? Uzun illər bir dam altında yaşayan, böyütdüyü körpələrin başına birgə sığal çəkən cütlüklər niyə birdən bıçağa və ya silaha əl atırlar?
Nəzərə alsaq ki, qadınlara qarşı zorakılıq halları, xüsusən qətl hadisələri bütün dünya ölkələrində baş verir, onda vəziyyətin nə qədər mürəkkəb olduğunu təsəvvür etmək çətin deyil. Cənub-Şərqi Asiya və Avropa ölkələri, İsrail, ABŞ, Cənubi Koreya, Avstraliya kimi ölkələrdə hətta, rifah halı yüksək olan ailələrdə belə, zorakılıq halları yaşanır. Ailə üzvləri arasında fiziki, emosional, psixoloji zorakılıq halları, təhqirlər, alçaldılmalar var. Hətta vəziyyət o yerə gəlib çatıb ki, insanlar sakitcə bir-birindən ayrılmağı az qala toy-bayram kimi qələmə verirlər. Qətl hadisələri amansızcasına çoxalır. Qadınların öldürülməsi hallarının çoxu onların partnyorları, həyat yoldaşları, vətəndaş nikahında yaşadıqları insanlar və ya sevgililəri tərəfindən baş verir.  Avropada baş verən bu cür cinayətlər Avropa Komissiyasını bütün Avropa İttifaqı ölkələrində insan haqları üzrə vahid tədqiqatlara başlamağa məcbur edib. Təəssüf doğuran hal budur ki, xüsusən son 10 il ərzində zorakılıq halları və qətl hadisələri özünün pik nöqtəsinə çatıb. Sosioloqlar, psixoloqlar çaşbaş qalıblar.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatları da qadınlara qarşı zorakılıq hallarının planetin hər bir bucağında baş verdiyini və get-gedə artığını deyir. Yəni qadına nifrət edən kişinin kasıblığı və varlılığı, Şimalda və ya Cənubda yaşaması problemin yaranmasında rol oynamır. Şiddəti və ya qətli törədənlər nə xüsusi millətə, nə də inama malik deyillər – onlar hamı kimi cəmiyyətlərin adi insanlarıdır.
Əgər hansısa bir ailədə bu hadisə baş veribsə…
Sosioloqlar, psixoloqlar, ekspertlər və ziyalılar narahatlıqlarını ifadə edərək artıq cəmiyyətdə SOS siqnalı verməyin zamanı çatdığını bildirirlər. Yəni əgər cəmiyyətdə bu cür hadisələr baş verirsə, onda vəziyyət psixoloji, sosioloji, iqtisadi cəhətdən diqqətlə öyrənilməlidir. Elmi-tədqiqat institutları, sosioloji mərkəzlər bu məsələ ilə məşğul olmalıdır.
Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin üzvü Sahibə Qafarova qadın hüquqlarının qanunvericiliklə qorunduğunu deyir: «Təbii ki, üç uşaq anasının qətlə yetirilməsi sıradan bir hadisə deyil, vəhşicəsinə baş verən cinayətdir. Bizim cəmiyyətimizdə bu cür hadisələrin baş verməsi düzgün deyil. Baş verən cinayətlə bağlı hüquq-mühafizə orqanları araşdırma aparır. Əgər hansısa bir ailədə bu hadisə baş veribsə, onu bütün insanların ayağına yazmaq düzgün deyil. Cəmiyyətin mədəni səviyyəsinin artması, qadınların öz hüquqlarını bilməsi çox vacibdir». Azərbaycanda ailələrin qorunması istiqamətində mühüm addımların atıldığını qeyd edən millət vəkili bəzən bu cür cinayətlərin baş verdiyini də təəssüflə bildirir. Belə ki, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ölkənin bütün regionlarında kampaniyalara qoşulur, «Ailə günü» keçirir, Azərbaycanın ailə modelindən danışır: “Ancaq bəzən bu cür hadisələr də baş verir. Bir milyondan, ya yüz mindən bir nəfər bu hadisəni törədir, amma həmin bir nəfər ölkəmizdə görülən bütün yaxşı işlərə kölgə salır».
Xüsusi müalicə lazımdır
 
Professor Əjdər Ağayev qadın qətlləri ilə bağlı sosial şəbəkələrdə aparılan kampaniyanın problemi həll edə biləcəyinə inanmasa da, bunu müsbət hal kimi dəyərləndirir: «Düzdür, internetdə, sosial şəbəkələrdə ayrı-ayrı insanların qadın qətllərinə etiraz etməsi mənfi hal deyil. Bəlkə kimlərsə bu statusları oxuyub düşünəcək və ictimai qınağı qəbul edəcək. Ancaq ictimai qınaq bu məsələdə həlledici deyil. İlk növbədə bu hadisələrin törənməsi səbəbi meydana çıxmalı, diaqnoz qoyulmalı və profilaktik tədbirlər görülməlidir. Bu məsələ ilk növbədə hökumətin diqqətində olmalı, ictimai təşkilatlar, vətəndaş cəmiyyəti bununla bağlı müəyyən təsir göstərməlidirlər. Kimisə öldürən insanların sosial şəbəkələrdə aparılan kampaniyadan xəbərləri yoxdur. Çünki onlar başqa dünyanın insanlarıdır». Ekspert hesab edir ki, qətl baş verən ərazidə həmin rayonun rəhbərliyi, fəaliyyətdə olan təşkilatlar hadisənin başvermə təfərrüatlarını öyrənməlidirlər: «Niyə mənim rayonumda və ya məhəlləmdə bu hadisə baş verir?» – deyə narahatlıq keçirməlidirlər. Bu hadisənin müxtəlif xarakterik xüsusiyyətləri və səbəbləri olmalıdır. Bu səbəbləri bilmədən hadisənin nədən törəndiyi haqda mülahizə yürütmək və ya «Qətllərə yox!» deməklə bu tip hadisələri dayandırmaq mümkün deyil. Sadəcə, «yox» demək də ictimai qınaqdır və bunun da təsiri ola bilər. Amma cinayətin aradan qaldırılması xüsusi müalicə tələb edir. Bunun üçün də qeyri-hökumət təşkilatları birləşərək diaqnozu tapmalı və lazımi proqramla hərəkət etməlidirlər».
Sosioloq Əhməd Qəşəmoğlunun fikrincə, sosial şəbəkələrdə keçirilən bu tip kampaniyalarla belə cinayətlərin qarşısını almaq mümkün deyil. Belə ki, cəmiyyətin, sosial proseslərin öz qanunauyğunluğu var: «Mən hələ 10 il bundan əvvəl mətbuata müsahibələrimdə “hansı cəmiyyətdə get-gedə maddi dəyərlər daha aktiv rol oynamağa başlayır, orada mütləq gərginliklər yaranır və çoxalır” deyirdim. Cəmiyyətdə o zaman rahatlıq yaranır ki, orada mənəvi dəyərlər önə keçir. Əgər bu, cəmiyyətin qanunauyğunluğudursa, hər hansı kampaniya ilə bu problemin həllində heç bir iş görmək olmaz. Bıçağı çıxarıb həyat yoldaşını qətlə yetirən insana kampaniya nə təsir edəcək? Sadəcə bu cür məsələlərin həllində cəmiyyətin özündə dəyişiklik olmalıdır. Bunun üçün cəmiyyətdə mənəvi dəyərlər get-gedə daha fəallaşmalı, önə keçməlidir”. Sosioloq sovet cəmiyyətini xatırlayaraq o zaman çoxlu çətinliklərin olmasına baxmayaraq, insanlar arasında bu cür qətl hadisələrinin baş vermədiyini deyir: “İndi cəmiyyət get-gedə mürəkkəbləşir. Biz sosial şəbəkələrdə, cəmiyyətdə, hadisə baş verməzdən öncə psixologiyamızda immunitet rolunu oynaya biləcək işlər həyata keçirməyə məcburuq. Bunun üçün də yeganə yol bu işləri fəhmlə yox, elmi metodla həyata keçirməkdir».
Şiddət dünən də vardı, bu gün də var
 
Psixoloq Elnur Rüstəmov də hesab edir ki, bu cür cinayət hadisələrinin həlli sosial şəbəkələrdə çözülmür: “Çünki sosial şəbəkələrdəki müzakirələrə nəzər salsaq, görərik ki, onlar müzakirə yox, ittihamlardır: «Problem belə həll olunmur. Çünki problemə yanaşma tərzi var: nədən qaynaqlanır, hansı səbəbdən baş verir. Sosial şəbəkələrdə kimə necə sərf edirsə, o cür də rəy yazır. Bu məsələ gender bərabərliyi çərçivəsində deyil, sırf feministik yanaşma tərzində həll edilir. Bu da tərəflərin münasibətini düzəltməyəcək, əksinə, daha da dərinləşdirəcək». Psixoloqun fikrincə, bu cür hadisələrə qarşı mübarizə aparmaq üçün dəyirmi masalar, seminarlar, treninqlər təşkil olunmalıdır: «Sosial şəbəkə istifadəçilərindən kimsə gedib o ailəyə baş çəkibmi, kimsə uşaqlarla söhbət edibmi? Kim kimdən nə eşidirsə, onu müzakirəyə çıxarır. Bu, etik deyil. Şiddət dünən də vardı, bu gün də var. Zorakılıq təkcə fiziki zorakılıqla məhdudlaşmır, eyni zamanda, psixoloji, hüquqi zorakılıqlara məruz qalanlar da var. Məgər Azərbaycan kişisi qadın tərəfindən şiddətə məruz qalmır? Sadəcə, bizdə əgər bir hadisəni kişi törədirsə, ona fərqli yanaşma var. Ancaq məsələ bu cür həll olunmur. Boşanmalarla bağlı statistikaya nəzər salın. Boşanmaq istəyənlərin 60-70 faizi qadınlardır. Niyə bunları müzakirəyə çıxarmırlar?” Psixoloq hesab edir ki, məişət zəminində baş verən zorakılıqlar pislənməlidir, ancaq bu hadisələrin kütləvi şəkildə müzakirə olunması da yaxşı hal deyil: “Sadəcə, təbliğatı məsələlər gücləndirilməlidir. KİV-də bununla bağlı materiallar çoxalmalı, sosial çarxlar hazırlanmalıdır».
Ekspertlər, sosioloqlar, psixoloqların məsələyə münasibətdə fikirləri birmənalı səslənsə də, əslində çıxış yolu kimi söylənən təkliflər o qədər effektli görünmür. Cəmiyyəti deqradasiyadan qorumaq üçün ciddi islahatlara ehtiyac var. Bir halda ki, bu cür zorakılıqlar dünyanın problemidir, onda təhlükə kifayət qədər böyükdür. “Qətllərə son” isə bu vəziyyətdə hələ ki yalnız çağırış ola bilər…
Kaspi.az



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir