Elsen Hacibabayev

“Oğlan evi”nin İsisi: “Elə bilir ki, məni ələ salırlar, əsəbləşib qışqırır” – MÜSAHİBƏ

Baxış sayı: 1. 181

Bir çox serial, film və tamaşada rol almasına baxmayaraq, “Oğlan evi” filmində canlandırdığı İsi obraz ilə diqqətləri üzərinə çəkən, Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru Elşən Hacıbabayevlə rol aldığı ekran işlərindən, şəxsi həyatından və gələcək planlarından danışdıq:

 

– Onlarla film, serial və tamaşada rol almısınız. Amma tamaşaçıların çoxu sizi İsi obrazı ilə tanıdı. Bu obraz sanki karyeranızda bir tramplin rolunu oynadı…

– Kino və seriallarda rol almışam. Amma daha çox teatrda səhnəyə çıxmışam. Bizim vaxtımızda hələ filmlər çəkilmirdi. Əsasən tamaşalarda rol alırdıq. İsi obrazı karyerama tam başqa hava gətirdi, daha çox tanındım.

 

– Bu obraz həyatınızda daha nəyi dəyişdi?

– Çox şey dəyişdi, dostlarım artdı. O obraz yaradıcılığımda yenilikdir. Mənə o cür obraz verən olmamışdı. Elşəni tamaşaçılar fərqli ampuladan gördü və bəyəndi. Bu məni sevindirdi.

 

– Filmdə aktyorluq qabiliyyətinizlə yanaşı mimikalarınız da xüsusi diqqət çəkir. İsi obrazı ilə Elşən arasında bağlılıq, oxşarlıq varmı?

– Mimikalarım çoxunun diqqətini çəkib, bu haqda mənə sosial şəbəkələrdə də yazırlar. O mimikalardan gündəlik həyatda da istifadə edirəm. Bəziləri sırf film üçün idi, bəziləri isə daim istifadə etdiyim mimikalardır. Onu da deyim ki, Isi ilə aramızda xasiyyətcə oxşarlıq yoxdur.

 

– Bəs ”Oğlan evi” filminə dəvət necə gəldi?

– İlham Qasımovla tanışlığım 2009-cu ilə təsadüf edir. Yeni ailə qurmuşdum, uşağım dünyaya gəlmişdi, vəziyyətim ağır idi. Mənə zəng gəldi ki, sizi reklama çəkmək istəyirik. Dedim, saçımı qırxdırmağa gedirəm. Zəng edənin kim olduğunu bilmirdim, elə zəng edib, sonra imtina edənlər çox olurdu. Dedi ki, saçını qırxdırma, gəlirəm. İlham Qasımov maşınla gəldi, tez şəkillərimi çəkdi. Səhəri çəkilişə çağırdı, “Qarant Sığorta”nın reklamına çəkildim. Reklam mənə populyarlıq gətirdi. O zaman da İlham Qasımov həyatımda dəyişiklik etmişdi. “Oğlan evi” üçün isə məni kastinqə dəvət etdi. Dedi ki, belə bir rol var, gəl görək necə alınır. Kastinqin səhəri günü zəng gəldi ki, rolunuz təsdiq edildi. Çəkilişlərə gəlin. Seçilməyim kastinqlə oldu, tanışlıqla olmayıb.

 

– Bəzi aktyorlar isə kastinqə qatılmağı özünə rəva bilmir. Deyirlər ki, illərin aktyorudur, seçilmək üçün kiminsə qarşısında çıxış etmək istəmirlər…

– Aktyor həmişə kastinqə getməlidir, dünyada sınanmış üsuldur. Bütün məşhur dünya ulduzları kastinqə gedir. Ola bilər ki, rejissor məni o rolda görür, amma mənim o rolu necə oynacağım, bəlli deyil. Bəlkə o rolu kimsə məndən yaxşı oynayacaq. Kastinqə mütləq getmək lazımdır, tanınmaq şərt deyil. Ola bilər ki, rolu mən bəyənməyim, rolun ürəyə yatması üçün kastiqə getmək lazımdır. Bir məsələdə var, aktyoru kastinqə çağırırlar, rolun öhdəsindən gəlmir. “Rol sizə görə deyil” deyəndə də inciyirlər. Mən incimirəm. Çalışmaq lazımdır ki, iş hər iki tərəfə uğur gətirsin. Peşəkarlıq budur. Bəzən rejissor birinci filminə çəkdiyi aktyoru ikinciyə çəkmir. O zaman da aktyor inciyir ki, məni niyə çəkmədiniz? Rejissor hər dəfə bir janrda film çəkir. Səni obrazda görmür və çəkmir. Burada incimək lazım deyil.

 

– Bəzən aktyorlar rola hazırlaşmaq üçün həmin obrazın peşəsi ilə məşğul olur. Məsələn: ofisiantı canlandıracaqsa, ofisiant işləyir, həkim olacaqsa, onları izləyir. Rolu ilə bağlı filmlərə baxır. Siz rolunuza necə hazırlaşdınız?

– “Oğlan evi-1”də baş rolda olmasam da, ikincidə əsas rollardan birini ifa edirəm. Yəqin ki, bu da obrazın uğurlu olmasından irəli gəldi. Filmdə oğrunu canlandırıram. Gedib oğurluq etməyim mümkün deyil (Gülür). Universitetdə oxuyandan bəri insanları müşahidə edirəm. İnsanların davranışına, yerişinə, danışığına diqqət edirəm. Tələbə vaxtı hər kəs bir işlə məşğul olub. Müəllimlik oxuyan, gedib dönərçi, ofisiant işləyirdi. Mən də tələbə vaxtından müxtəlif işlərdə çalışmışam. Yəni ofisiant işləyə-işləyə bu yerə gəlmişik (Gülür).

 

– “Oğlan evi” son 3-4 ildə çəkilən filmlərin arasında ən çox bəyəniləndi. Sizcə, “Oğlan evi” filminin uğuru nədədir?

– Film uğurlu olması ssenaridən, montajdan, aktyor seçimindən, rejissordan asılıdır. Əsas bunlardır. Bizim filmdə də bunlar var ki, insanlar bəyənir. Filmin dramaturgiyası yaxşı olanda mənə elə gəlir ki, film yaxşı alınır.

 

– İnsan işin içində olanda artıq bilir ki, rol aldığı ekran işi hansı səviyyədədir. Filmin bu qədər seviləcəyini gözləyirdiniz?

– “Oğlan evi” filminə qədər çox filmdə çəkilmişəm, içərisində uğurluları çoxdur. Sadəcə zamanla uyğunlaşmaq məsələsi var. İlk dəfə “Bakı qatarı”na çəkiləndə kinoteatr yox idi, film 3 gün Heydər Əliyev Sarayında nümayiş olundu. Anşlaqla keçdi, bilet satışı da yaxşı idi. O vaxt kino 3-4 ildən bir çəkilirdi. İndi filmlərin də, kinoteatrların da sayı artıb. Əvvəl filmə çəkiləndən sonra 2-3 ay tanınırdın, sonra unudulurdun. İndi filmlərin uğur qazanmasının bir səbəbi də insanların kinoteatra üz tutmasıdır. “Oğlan evi” filmi ilə İlham Qasımov göstərdi ki, keyfiyyətli film çəkmək olar. Əlbəttə, uğurlu iş olacağı əvvəldən bəlli idi.

 

– Sonuncu rol aldığınız film isə “Mahmud baba”dır. Orada epizodik rolda idiniz. “Oğlan evi-2” filmində baş rollardan birini canlandıran aktyorun epizodik rola çəkilməsi insanları təəccübləndirdi.

– Mən bir filmə baxmışdım, populyar aktyorlar oynamırdı, amma sonda Arnold Şvartsenegger təyyarədən düşüb trosu dartır və film bitir. Məncə, aktyor baş rol, epizodik rol arasında fərq qoymamalıdır. Əliyağa Ağayev həmişə epizodik rollara çəkilir və hamı onu tanıyır, hamı ondan sitat gətirir. Əgər epizodik rol verirlərsə, deməli səni o rolda görürlər, oynamalısan. Mən çox seçici olan aktyorlardan deyiləm.

 

– Epizodik rol olmaqdan əlavə, “Mahmud baba” filmi “Oğlan evi”ndən qat-qat zəif idi. Hər aktyor güclü filmdən sonra zəif ekran işində rol almaz…

– “Mahmud baba” filmini çox uğursuz saymaq olmaz. Mən aktyoram, çəkilirəm, nəticənin necə olacağını bilmirəm. Samir Kərimoğlu ilə “Mən evə qayıdıram” filmində işləmişəm, Mədəniyyət Nazirliyinin işi olub, uğurlu alınıb. “Mahmud baba” kiminə görəsə zəif, kiminə görə isə güclüdür. Hər filmin öz tamaşaçısı var.

 

– Film sahəsində canlanma olsa da, çəkilən filmlərin çoxu tez unudulur. Ümumi mənzərəni necə dəyərləndirirsiniz?

– Mənzərə belə də olmalıdır. Siz bazara gedəndə bütün almaları almırsınız ki… Yaxşısını və cibinizə uyğun olanını alırsınız. Bizim sahədə hamısının qiyməti eyni olsa da, keyfiyyətləri fərqlidir. İnsanlar keyfiyyətlini axtarıb tapır, izləyir. Keyfiyyətli filmlər daim bazarda qalacaq və rejissorları yeni-yeni filmlər çəkəcək. Çox adam risk edib film çəkir, amma nəticənin necə olacağını bilmir. Hərənin əlinə bir kamera alıb film çəkməyə çalışması doğru deyil.

 

– Bəzən isə uğursuz film keyfiyyətli filmin loru dildə desək, “bazarını öldürür”. Çünki ilk baxdığı film keyfiyyətsiz olan şəxs növbətini izləmək istəmir. Düşünür ki, bu da onun tayıdır…

– O da olur, bu, insanların seçimidir. Amma biz balaca ölkədəyik. Hər şey asanlıqla yayılır. Filmin ən yaxşı reklamçısı tamaşaçıdır. Bir tamaşaçı 5 tanışına filmi tərifləyəndə artıq bu olur reklam. Həm də artıq sosial şəbəkələr var. Bir tamaşaçı fikrini sosial şəbəkədə yazanda ən az 300-500 şəxs oxuyur. Ən yaxşı reklam tamaşaçının etdiyi reklamdır.

 

– Bir də film sektorunun sponsor problemi var. Şirkətlər ya sponsor olmaq istəmir, ya da reklamını çox gözəçarpacaq dərəcədə təqdim edilməsini tələb edir. Bu da film istehsalçılarını narazı salır…

– Filmlər artıq o səviyyədə olmalıdır ki, şirkətlər özü müraciət etməlidir. Yaxşı film çəkməlisən ki, şirkətlər sənə maliyyə ayırsın, növbəti işlərinə dəstək olsunlar. İncəsənət pul tələb edən sahədir. Dünyada böyük şirkətlər filmlərdə reklam olunmaqda maraqlıdır. Onlar prodakşınları alıblar, daim maliyyəşdirirlər. İnanıram ki, bir neçə il sonra biz də o səviyyəyə çatacağıq.

 

– Hazırda yeni film təklifləri varmı?

– Təkliflər var, gözləyirəm. Fəaliyyətimi əsasən teatrda davam etdirirəm. İşlərim yaxşıdır. O gün də Ağaxan Salmanlının 75 illiyi və Yasin Qarayevin 70 illiyi oldu. “Açarını itirənlər” tamaşasında oynadım. Teatrda həmişə iş var. Mənə elə gəlir ki, aktyor üçün teatr yaxşıdır. Həftənin hər cümə, şənbə, bazar günü tamaşalarımız olur. Səhər və axşam saatlarında, böyüklər və uşaqlar üçün tamaşalarımız səhnəyə qoyulur.

 

– Teatrda fəaliyyət göstərən aktyorlar tez-tez maaşdan şikayət edir. Hətta bir neçə gün öncə maaşların 3 manat qalxmasını sosial şəbəkədə tənqid etmişdilər…

– Bu barədə çox danışmaq istəmirəm. Dünyanın hər yerində aktyor teatrdan az maaş alır. Biz bu sənəti seçəndə bilirdik ki, maaş az alacağıq. Əvvəldən bildiyim üçün gileylənmirəm. Kinolara, seriallara çəkilmək maddi durumumuzu yaxşılaşdır. Amma bu gün filmə və seriala gətirdiyim obrazların uğurlu olmasına səbəb teatrdakı fəaliyyətimdir. Tamaşaların köməyi ilə dramaturgiya görürük, öyrənirik, bacarığımızı artırırıq. Çox adam deyir ki, mütaliə etməyə vaxtım yoxdur. Mən də onlardan biriyəm. Kitab oxuya bilməsəm də, tamaşaya hazırlaşanda dünya və Azərbaycan ədəbiyyatını oxuyuram, nələri isə öyrənirəm. Rejissorlar və aktyorlarla əsərləri müzakirə edirik, fikirlərimizi bölüşürük. Teatrda çalışmayan bəzi aktyorlar isə kamera qarşısında həyəcanlanır, əsir. Biz isə canlı tamaşaçı qarşısında çıxış edən şəxslərik. Teatr bizim üçün böyük təcrübədir.

 

– Müsahibəyə hazırlaşarkən internetdə axtarış etdim, qarşıma bir müsahibəniz belə çıxmadı. Müsahibə verməmək öz seçiminizdir, yoxsa necə?

– “Oğlan evi” filmindən sonra müsahibə almaq istəyən jurnalistlər çoxdur. Amma ondan əvvəl çoxda məndən müsahibə almaq istəyən olmayıb. Demək olar ki, indiyə kimi müsahibəm olmayıb. Əsasən rol aldığım tamaşalarla bağlı xəbərlərdə adım keçib. Bir də “Wikipedia”da mənimlə bağlı məlumat var. Bir dəfə bir verilişə baxırdım, Şahrux Xanın evini göstərirdilər. Evinin ətrafında sevənləri və jurnalistlər dolu idi. Evi isə polis qoruyurdu. Şahruxa sual verildi ki, bu qədər kütlə sizi gözləyir, niyə müsahibə vermirsiniz? Dedi ki, bir-bir bunlara müsahibə verməyə başlasam, ömrüm gedəcək və yaradıcılıq işlərim kənarda qalacaq. Müsahibə verdiyimə filmə çəkilərəm, kitab oxuyaram. Çatdırmadığıma görə müsahibə vermirəm. Müsahibə verməyə də, verməməyə də səbəb lazımdır. Şahruxun işləri çox olur, vermir. Mən isə düşünürəm ki, yeni işim olmadan jurnalist qarşısına çıxmaq olmaz. Bu gün İsi var, hamı yazır. Sabah tematika olmasa, mən necə müsahibə verim? Elə adam var ki, səhər axşam haqqında yazılır, amma ortada bir iş yoxdur. Mən belə halları qəbul etmirəm.

 

– İştirak etdiyiniz bir sorğuda demişdiniz ki, istəyim “Oskar” almaqdır. Başqa hansı hədəfləriniz var?

– Hədəflərim uğurlu rollar oynamaqdır. Filmlərdə, teatrda yaxşı obrazlar canlandırmaq istəyirəm. Təqdirə layiq işlərim olmasını arzulayıram. “Oskar” məsələsinə gəldikdə isə təqdimat mərasimində yaxınlaşıb soruşdular ki, gələcək hədəfiniz nədir? Mən də dedim, “Oskar” almaqdır. Bu da bir arzudur, qismətdir. Bəlkə də, elə bir şans yaranar ki, Oskar da alaram. Adam var, deyir ki, bu yaşdan sonra “Oskar”ı nə edirsən? Elə aktyorlar var karyerasına 40 yaşında başlayıb və “Oskar” alıb. Hər şey qismətdir. Həyatdır, daim dəyişiklik olur.

 

– Elşən Hacıbalayev həyatda necə insandır?

– Sadə insanam, dostlarımla deyib-gülənəm. Ailəmlə vaxt keçirməyi sevirəm. Hər gün uşağımı məktəbə aparan atayam.

 

– Neçə övladınız var?

– 7 yaşlı bir qızım var, ikinci sinfə gedir. Allah övladı olmayan hər kəsə nəsib etsin. Yaxşı ata olmağa çalışıram.

 

– Övladınız sizi televiziyada, səhnədə görəndə necə reaksiya verir?

– Əvvəl “Üç bacı”ya çəkilirdim. Qızımdan soruşanda ki, atan harada işləyir? Deyirdi ki, “Üç bacı”da işləyir. İndi də deyir, atam “Oğlan evi”ndə işləyir. Uşağın xoşuna gəlir mənim tanınmağım. Artıq məni efirdə görməyə öyrəşib, normal qarşılayır. Bir ara xoşuna gəlmirdi. Əslində onunla teatra, kinoteatra getməyə qorxuram. Camaat mənə güləndə qızım əsəbləşir, elə bilir mənə istehza ilə gülürlər, ələ salırlar. Çox pis əsəbləşir ki, sənə niyə gülürlər? Bir dəfə tamaşaya baxıb gülən uşaqlara qışqırdı ki, atama gülməyin. Yavaş-yavaş anası ilə başa salmışıq ki, gülməkləri yaxşıdır. Deməli ata rolunu yaxşı oynayır. Hələ indi başa düşür ki, ataya gülməlidirlər.

 

– Kənardan çox sakit xarakterə sahib biri kimi görünürsünüz, daim üzünüz gülür. Necə həyat yoldaşı olduğunuzu düşünürsünüz?

– Normal həyat yoldaşıyam. Kənardan mülayim görünürəm. Ailədə hər şey dəyişir. Çalışıram ki, yaxşı ailə başçısı olum, ailəm möhkəm olsun. (Musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir