qumru E

Ölkəyə idxal etdiyimiz mallara dair nəyi bilmirik? – “VƏKİL BÜROSU”

Baxış sayı: 410

İstənilən ölkənin nəqliyyat sisteminin səmərəli işləməsi qanunvericilikdən (xüsusilə gömrük sahəsində) asılıdır. Məhz qanunvericiliklə tətbiq edilən müddəlar  nəqliyyat infrastrukturunun inkişafına, təchiz olunmuş sərhəd-keçid məntəqələrinin səviyyəsinə, beynəlxalq standartlara uyğun müasir sənəd dövriyyəsi sistemlərinə və s.nəzarət etməlidir. Malların ölkə sərhədlərindən keçirilməsi normalarına və sisteminə ciddi əməl olunması vacibdir.

Azərbaycan Respublikasında fiziki şəxslər tərəfindən ölkəyə idxal edilən malların hansı qaydada və limitdə idxalına icazə verilməsinə dair qaydalar müəyyən edilmişdir. Belə ki, “Fiziki şəxslər tərəfindən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların gömrük sərhədindən keçirilməsinin güzəştli və sadələşdirilmiş Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli Qərarına əsasən təsdiq edilmiş Qaydalarda göstərilir ki, Fiziki şəxs tərəfindən gömrük sərhədindən keçirilən eyni və (və ya) eynicinsli malların miqdarı 2-dən çox olduqda, güzəştli qaydada (gömrük ödənişləri ödəmədən) gömrük sərhədindən keçiriləcək malların 2-dən çox olan miqdarı bu bənddə göstərilən xüsusiyyətlər əsasında gömrük orqanları tərəfindən müəyyən edilir və müəyyən edilmiş miqdardan artıq keçirilən eyni və (və ya) eynicinsli mallara görə 800 ABŞ dollar və 300 ABŞ dolları nəzərə alınmadan gömrük ödənişləri ödənilir.

 

Bəs fiziki şəxslər tərəfindən hansı mallar gömrükdən keçirilə bilər?

Yuxarıda göstərilən Qaydalara əsasən, fiziki şəxslər tərəfindən təyinatı istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan hesab edilmiş aşağıda göstərilən mallar (aksizli mallar və avtonəqliyyat vasitələri istisna olmaqla) güzəştli qaydada (gömrük ödənişlərini ödəmədən) gömrük sərhədindən keçirilə bilər:

  • səfər zamanı fiziki şəxsin zəruri ehtiyaclarının ödənilməsi üçün nəzərdə tutulan şəxsi əşyalar;
  • Qaydalarda göstərilən mallar istisna olmaqla, Azərbaycan Respublikasının gömrük ərazisinə (bundan sonra – gömrük ərazisi) hər təqvim ayı ərzində bir dəfə gətirilən, ümumi gömrük dəyəri 800 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;
  • Qaydalarda göstərilən məhdudiyyət nəzərə alınmaqla, gömrük ərazisindən aparılan mallar;
  • beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə eyni fiziki şəxsin adına hər təqvim ayı ərzində gömrük ərazisinə bir dəfə gətirilən, ümumi gömrük dəyəri 300 ABŞ dollarının ekvivalenti məbləğindən artıq olmayan mallar;
  • Qaydalarda göstərilən məhdudiyyət nəzərə alınmaqla, beynəlxalq poçt göndərişləri və ya daşıyıcı şirkət vasitəsilə gömrük ərazisindən göndərilən mallar;
  • avtomobilin konstruksiyasında nəzərdə tutulmuş yanacaq bakının tutumu həcmində yanacaq;
  • Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələri də daxil olmaqla, şəxsi istifadə üçün zəruri olan miqdarda dərman vasitələri;
  • müvəqqəti qalma müddətində, istehsal və kommersiya məqsədləri üçün idxal olunmuş istənilən mal istisna olmaqla, mədəniyyət, turizm, idman, peşəkar görüşlər, səhiyyə, tədris və sair məqsədlərlə səyahətin bütün şərtləri nəzərə alınmaqla, səyahət boyu xarici səyahətçinin şəxsi istifadəsi üçün 800 ABŞ dollarından artıq müvəqqəti keçirilən mallar;
  • Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən edilmiş qaydada açılmış vərəsəlik hüququ əsasında əldə edilmiş əşyalar (müvafiq təsdiqedici sənəd təqdim edilməklə);
  • Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 188.1.1-ci maddəsi ilə müəyyən olunmuş aksiz vergisindən azadolmalar nəzərə alınmaqla, hər təqvim ayı ərzində bir dəfə 18 yaşına çatmış hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz;
  • hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisinə gətirilən 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsulları;
  • hər təqvim ayı ərzində bir dəfə gömrük ərazisindən aparılan 5 kiloqrama qədər nərə cinsli balıq və 125 qrama qədər nərə cinsli balıq kürüsü;
  • əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər.

 

Əlavə olaraq qeyd edək ki, yuxarıda sadalanan malların hər tədim ayı ərzində keçirilməsi nəzərdə tutulan 800 ABŞ dolarında olan mallar və hər bir fiziki şəxs tərəfindən şəxsi istifadə üçün gömrük ərazisinə gətirilən 1,5 litr alkoqollu içki, 200 ədəd siqaret və 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz və 30 kiloqrama qədər müxtəlif növ ərzaq məhsullara dair nəzərdə tutulan müddətlə bağlı məhdudiyyətlər hava nəqliyyatı vasitəsilə gömrük sərhədindən keçirilən müşayiət olunan baqaja şamil edilmir. Lakin, buna baxmayaraq, bu mallar Qaydalarda qeyd olunan həddləri keçməməlidir.

 

Sərhəd zonasında “Yaşıl kanal“ və “Qırmızı kanal“ nə deməkdir?

Qaydalara əsasən, fiziki şəxslərin gömrük sərhədindən keçirilən malların bəyan edilməsinin güzəştli və sadələşdirilmiş qaydasından istifadə etməsi üçün gömrük sərhəd buraxılış məntəqələrində “Yaşıl kanal“ və “Qırmızı kanal“ buraxılış sistemləri tətbiq olunur. “Yaşıl kanal“ buraxılış sistemi fiziki şəxslər tərəfindən malların (müşayiət olunmayan baqajda keçirilən və poçt göndərişlərində göndərilən mallar istisna olmaqla) şifahi formada gömrük orqanlarına bəyan edilməsi üçün nəzərdə tutulur. “Qırmızı kanal“ buraxılış sistemi gömrük orqanlarına Qaydaların 1 nömrəli əlavəsində göstərilən mallara dair bəyannamə təqdim edilməklə, onların gömrük sərhədinə gətirilənədək əvvəlcədən elektron formada və ya gömrük sərhədinə gətirildikdən sonra yazılı (kağız üzərində və ya elektron) formada bəyan olunması üçün nəzərdə tutulur. Bəyannamə yetkinlik yaşına çatmış fiziki şəxs tərəfindən doldurulur. “Qırmızı kanal“dan mallar yetkinlik yaşına çatmamış fiziki şəxslər tərəfindən keçirildikdə, həmin mallar onu müşayiət edən şəxs tərəfindən bəyan edilir.

 

Hansı hallarda fiziki şəxslər xaricdən gətirdiyi mallara dair mütləq şəkildə yazılı surətdə bəyan etməlidirlər?

Fiziki şəxslər tərəfindən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən yazılı formada bəyan edilməli olan mallar aşağıdakılardır:

1) Qaydalarda müəyyən edilmiş hədlərdən artıq və Qaydaların şərtlərinə uyğun olmayan mallar.

2) Müşayiət olunmayan baqajla və daşıyıcı tərəfindən göndərilən mallar.

3) 800 ABŞ dollardan artıq müvəqqəti keçirilən mallar.

4) Avtonəqliyyat vasitələri.

5) Müəyyən edilmiş həddlərdən artıq olan qiymətli metallar və qiymətli daşlar (20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaz).

6) 10000 (on min) ABŞ dolları ekvivalentindən artıq xarici valyuta və qiymətli kağızlar.

7) Gömrük sərhədindən keçirilməsinə görə lisenziya, icazə sənədi tələb olunan mallar.

8) 20000 (iyirmi min) manat və ondan yuxarı məbləğdə olan nağd milli valyuta (kağız və metal pul nişanları) və milli valyutada ifadə olunan qiymətli kağızlar.

9) Səfər zamanı fiziki şəxslər tərəfindən, həmçinin poçt göndərişləri ilə ölkə ərazisinə gətirilən mobil telefon və digər simsiz rabitə avadanlıqları.

 

 Bəs gömrük rüsumlardan hansı mallar azad edilir?

Gömrük tarifi haqqında Azərbaycan Respublikasının Qanununa əsasən, aşağıdakılar gömrük rüsumlarından azad edilirlər:

1) yüklərin, baqajın və sərnişinlərin beynəlxalq daşımalarını həyata keçirən nəqliyyat vasitələri, habelə onların yolboyu, dayanacaqlararası məntəqələrdə normal istismarı üçün zəruri olan və ya həmin nəqliyyat vasitələrinin qəzasının (sınmasının) nəticələrini aradan qaldırmaq məqsədi ilə xaricdən alınmış maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq, dərman vasitələri və digər əmlak;

2) dənizdə balıq və digər su bioresurslarının ovunu həyata keçirən Azərbaycan Respublikası gəmilərinin və Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən icarəyə (fraxta) götürülmüş gəmilərin fəaliyyətini təmin etmək üçün gömrük ərazisindən çıxarılan maddi-texniki təchizat və tədarük malları, yanacaq, ərzaq, dərman vasitələri və digər əmlak, habelə həmin gəmilərdə gömrük ərazisinə gətirilən vətəgəçilik məhsulları;

3) xarici dövlətlərin nümayəndəlikləri və onların əməkdaşları, habelə digər qeyri-rezidentlər üçün Gömrük Məcəlləsində müəyyən edilmiş gömrük güzəştləri çərçivəsində gömrük sərhədindən keçirilən mallar;

4) gömrük ərazisindən çıxarılan və bu əraziyə gətirilən Azərbaycan Respublikasının milli valyutası, xarici valyuta və qiymətli kağızlar;

5) qanunla müəyyən edilmiş hallarda dövlətin mülkiyyətinə keçirilməli olan mallar;

6) yardım yükü kimi gətirilən, təbii fəlakət zonalarında zərərçəkmiş əhaliyə yardım göstərilməsi üçün göndərilən ərzaq məhsulları, mallar və nəqliyyat vasitələri, habelə müvafiq orqanların təbii fəlakətin nəticələrinin ləğvi ilə məşğul olan şəxsi heyəti üçün nəzərdə tutulmuş avadanlıq, xüsusi nəqliyyat vasitələri, ehtiyat hissələri, şəxsi əşyalar və digər mallar, habelə məktəblər, məktəbəqədər təhsil müəssisələri və müalicə ocaqları üçün pulsuz dərs vəsaitləri;

7) texniki yardım da daxil olmaqla, təmənnasız yardım və xeyriyyəçilik məqsədi ilə dövlətlərin və ya beynəlxalq təşkilatların xətti ilə gömrük ərazisinə gətirilən və ya bu ərazidən aparılan mallar, habelə qrant haqqında müqaviləyə və ya qərara əsasən qrant kimi alınan pul və (və ya) digər maddi yardımlar;

8) üçüncü ölkələr üçün nəzərdə tutulan və gömrük ərazisindən gömrük nəzarəti ilə tranzit xüsusi gömrük proseduru altında keçən mallar;

9) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada fiziki şəxslər tərəfindən gömrük sərhədindən keçirilən istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallar;

10) gömrük ərazisinə qaytarılan milli mədəniyyət sərvətləri;

11) yığma idman komandaların hazırlığı ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən ölkəyə gətirilən idman avadanlığı və malları;

12) əcnəbi əməkçi miqrant Azərbaycan Respublikasında, Azərbaycan Respublikasının vətəndaşı olan əməkçi miqrant xarici ölkədə əmək fəaliyyətinə başlamaq və əmək fəaliyyətini başa vurduqdan sonra qayıtmaq üçün gömrük sərhədini keçərkən onun şəxsi əşyaları, məişət avadanlıqları, əmək fəaliyyəti üçün zəruri olan alətlər;

13) mallar (aksizli mallar istisna olmaqla) gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal edildikdə, habelə gömrük ərazisi xaricindən xüsusi iqtisadi zonaya idxal olunmuş mallar xüsusi iqtisadi zonadan gömrük ərazisi xaricinə ixrac edildikdə;

14) xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar gömrük ərazisi xaricinə ixrac edildikdə, xüsusi iqtisadi zonada istehsal və ya emal olunmuş mallar təmir, yekun-tamamlama işləri, nümunələrin sərgisi və digər bu kimi məqsədlərlə gömrük ərazisinə müvəqqəti idxal edildikdə;

15) gömrük ərazisində mallar xüsusi iqtisadi zonalar arasında idxal və ixrac edildikdə;

16) Gömrük Məcəlləsi ilə müəyyən edilmiş müvafiq gömrük prosedurlarına əsasən gömrük rüsumundan azad və ya qismən azad olunmuş mallar;

17) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — investisiya təşviqi sənədinin alındığı tarixdən 7 il müddətinə;

18) müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarının infrastrukturunun, istehsal sahələrinin yaradılması və tikintisi, habelə elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının idarəedici təşkilatı və ya operatoru tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı;

19) müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye, yaxud texnologiyalar parklarında istehsal sahələrinin tikintisi, elmi-tədqiqat və təcrübə-konstruktor işlərinin görülməsi və istehsal məqsədi ilə sənaye, yaxud texnologiyalar parklarının rezidenti olan hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı — rezidentin sənaye, yaxud texnologiyalar parklarında qeydiyyata alındığı tarixdən 10 il müddətinə;

20) müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 10 il müddətinə;

21) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinin, habelə müharibə və hərbi əməliyyatların təsirinə məruz qalmış digər ərazilərin minalardan və partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi çərçivəsində bütün növ texnikanın, avadanlıqların, texniki vasitələrin və qurğuların, onların ehtiyat hissələrinin, fərdi zirehli qoruyucu geyimlərin, alətlərin, minaaxtaran itlərin, partlayıcı və pirotexniki vasitələrin idxalı – 2021-ci il oktyabrın 15-dən 5 il müddətinə;

22) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazilərin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş iqtisadi fəaliyyət sahələri və mal nomenklaturaları üzrə texnikanın, texnoloji avadanlıqların və qurğuların, habelə xammal və materialların idxalı – 2023-cü il yanvarın 1-dən 10 il müddətinə;

23) siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunmuş avadanlıq, cihaz, qurğu və təhsil fəaliyyəti məqsədilə digər vasitələrin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiqedici sənədi əsasında dövlət ümumi təhsil müəssisələri tərəfindən idxalı – 2023-cü il yanvarın 1-dən 2 il müddətinə.

 

Gömrük qaydalarının pozulmasına görə hansı məsuliyyt nəzərdə tutulur?

Gömrük qaydalarının pozulmasına görə tətbiq edilən cəza növləri İnzibati Xətalar Məcəlləsində 37 ci fəsildə müəyyən edilmişdir. Malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar keçirilməsinə (gizlədilməklə, aldatma yolu ilə istifadə etməklə keçirilməsi və ya bəyan edilməməsi və ya düzgün bəyan edilməməsi), yəni müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi yerlərdən kənar yerdən və ya gömrük rəsmiləşdirilməsi icraatının müəyyən edilmiş vaxtından kənar vaxtda keçirilməsinə görə, bu az miqdarda olduqda – inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin 40%-dən 60%-dək məbləğdə cərimə edilir. Bu halda “Az miqdar dedikdə” əlli min manatadək olan məbləğ başa düşülür.

 

Vəkillər Kollegiyasının üzvü, vəkil Qumru Eyvazova




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir