onlayn ders

Onlayn tədris effekt verirmi?

Baxış sayı: 1. 330

“Məhəmməd, necəsən? Lap darıxdım sənin üçün. Dünən axşam istəyirdim sənə mesaj yazım ki, ev tapşırığını niyə göndərməmisən? Səsli mesajın da gəlməyib. Bu gün səhər baxdım ki, yazmısan, mən görməmişəm”.

Bu, dərsi başa düşmədiyi üçün mesaj yazan, gözlədiyi vaxtda cavab ala bilməyəndə küsən şagirdin könlünü almaq üçün müəllimin ona yazdığı mesajdır. Düzdür, bu, gündəmə gələn mesajlardan deyil, amma gündəmdə olan mövzuyla – məktəblərdə tədrisin onlayn aparılması ilə bağlıdır. Burda şagird küsüb, amma hətta müəllimin də şagirdlərindən inciyib dərs keçməkdən imtina etməsi kimi hal da sosial şəbəkədə müzakirə mövzusu olmuşdu. Bir valideyn bununla bağlı paylaşım etmişdi: “Hər gün saat 5-də sinif rəhbəri uşaqlara onlayn dərs keçirdi. Bu gün sinfidəki oğlanlardan hansısa müəllimə “qoca kaftar” deyib. Müəllim eşidib, ancaq kimin dediyini bilməyib deyə, bütün uşaqlara onlayn dərs keçməkdən imtina edib. Onlayn dərs başlayan gündən deyirəm ki, valideynlər, məsuliyyətli olun, dərs zamanı uşağınızın yanında oturun, nəzarət edin”.

Koronavirus pandemiyası ilə əlaqədar martın 3-dən təhsil müəssisələrində dərslər dayandırılıb. Qısa müddətdə televiziyada tədris proqramlarına uyğun olaraq məktəblilər üçün dərslər keçirilməsinə başlandı. Bununla yanaşı, müəllimlərə tövsiyə olundu ki, onlayn formada dərs keçsinlər. Məcburi olmasa da, bunu edən müəllim çox oldu. Ancaq onlayn təhsil müzakirə olunur, razı və narazılığa səbəb olan fərqli fikirlər səsləndirilir.

 

Uşaq dərsin ortasında gəlir ki…

Valideynlərin onlayn dərslərlə bağlı yanaşmaları fərqlidir. Jalə Həkimovanın övladı birinci sinifdə oxuyur. Jalə onlayn təhsilin keyfiyyətindən razıdır: “Oğlumun müəllimi hər gün 2-3 saat onlayn dərs keçir. Tapşırıqları video, yaxud şəkil formasında müəllimə göndəririk. Uşaq evdə çox boş qalırdı, dərslərin belə formada olması evdəki vaxtı doğru dəyərləndirməsinə kömək edir. Düzdür, uşaqların onlayn sistemə öyrəşməsi çətin oldu. İnternet itir, ya zəif olur, kiminsə səsi gəlir, kiminsə yox. Buna baxmayaraq, müəllim həvəsdən düşmür, davam edir”.

Emin Nəbili deyir ki, onlayn tədrisin müsbət və mənfi tərəfləri var: “Karantin dövründə uşaqlar təhsildən geri qalmır, dərsin keyfiyyəti ilə bağlı problem yoxdur. Ancaq interneti olmayanlar dərsə qoşulmur, internetinin sürəti zəif olanlar isə dərsin bir hissəsini eşidirlər, bir hissəsini yox. İnternetin sürəti yaxşı olan uşaqlar dərsi yaxşı eşidir, cavab verir”.

Pərvanə Əhədova onlayn tədrisin məktəblilər üçün o qədər də effektli olmadığını düşünür: “İki övladım var. Biri 6-cı sinifdə oxuyur, o biri 2-də. 6-cı sinifdə oxuyan üçün müəyyən qədər alışmaq rahat oldu, amma balaca öyrəşə bilmir. Həm də fikir verirəm ki, bəzi müəllimlər dərsi izah edirlər, ancaq uşağa tapşırıq vermirlər. Yaxud tapşırıq verənlərin bir qismi sonra nəticə ilə bağlı heç bir fikir demirlər. Düzdür, yoxlayıb, uşaqlara qiymət yazanlar da var. Müəllimləri də başa düşürəm. Amma ümumilikdə qarışıqlıq olur”.

Çimnaz Ağakişiyevanın sözlərinə görə, onlayn üsul ibtidai sinif şagirdləri üçün uğurlu metod deyil: “Mənim bir övladım 5-ci sinifdə oxuyur, o biri ibtidai sinifdir. Uşaqların dərslərini nəzarətdə saxlayıram. Düşünürəm ki, 9-11-ci siniflərdə onlayn tədris daha effektli olardı. Aşağı siniflər bu dərslərlə bağlı o qədər də məsuliyyət hiss etmirlər. Uşaq dərsin ortasında gəlir ki, yeməyə, yaxud içməyə nəsə ver. İzah edirəm ki, dərs vaxtıdır”.

Ç.Ağakişiyeva bildirdi ki, onlayn tədris uşaqları telefon və kompüterdən asılı olmasına gətirib çıxara bilir: “Müəllimlər uşaqların tədrisdən yayınmasından narahatdırlar. Şagirdlərin evdə vaxtlarını boşuna keçirmələrini istəmirlər. Ona görə onlayn testlər göndərirlər. Bu, yaxşı haldır, amma uşaqlar onları da kompüter, yaxud telefona baxaraq həll edirlər. Bu da istər-istəməz uşaqları yorur. Səhərdən axşama telefon uşağın əlində olur. Mən uşaqları telefondan uzaq tutmuşam. Karantində telefon verdim, evə internet çəkdirdim”.

Ç.Ağakişiyeva qeyd edir ki, müəllimlər üçün onlayn tədris ağır yükdür: “Uşaqlarımın müəllimləri çox həssasdırlar. Vaxtaşırı maraqlanırlar, uşaqları motivasiya edirlər. Ancaq o fikirdəyəm ki, məcburiyyət qarşısında buna getmək olar. Sinif tədrisi başqadır. İndi heç də bütün şagirdlər dərsə qoşula bilmir. 35 şagirddən 10-15-i qoşulur. Hamının evində internet yoxdur. Bu üsul bütün şagirdlərə təhsil imkanı vermir. Təsəvvür edin ki, 35 uşaq dərsdə iştirak etsə, hərəsi 7-8 tapşırıq şəkli göndərsə, onları yoxlamaq müəllimin bütün gününü alar”.

 

Onlayn tədrisin sinifdəkini əvəz etməməsi ilə bağlı fikirlər çoxdur. Bəs mütəxəssislər nə düşünürlər?

Artıq özlərini məktəbdə zənn edirlər

Şəmkir rayonunun Düyərli kəndində ibtidai sinif müəllimi işləyən Aysel Əlizadə 1-ci siniflərdə tədris aparır. Deyir ki, ilk vaxtlar bu, çox çətin olsa da, sonradan şagirdləri yeni rejimə alışıblar: “Mənim üçün onlayn tədris problem olmadı. Çünki valideynlər də maraqlı oldular, övladlarının təhsildən geri qalmaması üçün çabalarını gördüm. Məndə 1-ci sinifdir, ona görə onlayn tədris vacib idi. 10-15 gün dərsdən uzaqlaşsalar, unutqanlıq yarana bilər. Ancaq deyim ki, 1-ci siniflərə onlayn dərs keçmək çox çətindir. İlk vaxtlar danışmaqdan boğazım ağrıyırdı, səsimi çatdıra bilmirdim. Sonra öyrəşirdilər. Artıq özlərini məktəbdə zənn edirlər. Dərsdən kənar hansısa bir iş görmək istəyəndə icazə alırlar”.

Müəllim bildirir ki, şagirdlərinin onlayn dərslərə maraq göstərməsi üçün əlindən gələni edir: “Şagirdlərə motivasiya vermək üçün onlayn formada yarışlar təşkil edirəm. Günün, həftənin qaliblərini seçirəm. Qiymətləndirməni “stiker”lər vasitəsilə aparıram. Onlar üçün dərslərdə iştirakla bağlı sertifikatlar hazırlayıram. Bütün bunlar stimul yaradır. Daha çox vaxt, əmək sərf edirik, daha çox yoruluruq, amma tam olaraq əyani dərsin nəticəsini almaq mümkün deyil. Ümumilikdə vəziyyəti qənaətbəxş hesab edirəm”.

A.Əlizadə deyir ki, şagirdlərinin çoxu onlayn dərsdə iştirak edir: “Sinfimdə 23 şagird var, onlardan 21-i “Zoom” proqramı vasitəsilə dərslərə qatılır. 2 nəfər üçün isə “Whatsapp” vasitəsilə səsli mesajla izah edirəm, tapşırıqlarını yoxlayıram. Mən işlədiyim kənddə çox ailənin internetə çıxış imkanı var. Ona görə, bütün şagirdlərimə dərs keçə bilirəm. Ucqar kəndlərdə işləyən müəllimlərlə söhbət edəndə görürəm ki, heç də bütün şagirdlər onlayn tədrisdən yararlana bilmir. Bakı məktəblərində dərs keçən müəllim tanışlar deyirlər ki, bəzi valideynlərin internet imkanı olsa da, onlayn dərsə qoşulmağa maraq göstərmirlər. Ancaq deyim ki, iki gündür ölkədə internet problemi var. Bu səbəbdən mən də bütün müəllimlər kimi onlayn dərsləri keçməkdə çətinlik çəkirəm. Düşünürəm ki, bütün bu səbəblərdən dolayı, bir çox şagirdlərdə geriləmə yaranacaq”.

A.Əlizadə bildirir ki, onlayn tədrisdə valideynlər övladlarının ev tapşırıqlarına müdaxilə edirlər: “Bir çox şagird tapşırığı səhvsiz yazıb göndərir. Bu, mənə uşaqların dərsi hansı dərəcədə mənimsədiyini müəyyən etməkdə çətinlik yaradır. Yaxud valideynlər səbirsiz davranırlar, dərs prosesinə müdaxilə edirlər”.

Ailədə 2-3 uşaq məktəblidirsə…

Binəqədi rayonu 314 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Asif Salmanovun sözlərinə görə, internet problemi heç də bütün şagirdlərə onlayn təhsil almaq imkanı yaratmır: “Bir çox uşaqlar bayramla bağlı rayona getdilər, sonra qayıda bilmədilər. Orda da internet çoxunda yoxdur, dərsə qoşula bilmirlər. Bakıda da internet problemi olduğu üçün qoşula bilməyənlər var. Biz valideynlərə təklif etdik ki, qonşuların da olsa internetinə qoşulsunlar ki, uşaqlar tədrisdən geri qalmasın. Qonşular köməklik edirlər, ancaq qonşu interneti zəif ola bilir. Sual verirsən, cavab alana qədər çox vaxt gedir. İki siniflə onlayn dərs keçirəm. Birində 29 şagirddən 22-23-ü, o birində isə 25-dən 15-16-sı ilə dərslərə qoşula bilirik. İnternet problem yaradır. Bəlkə də şəhərin mərkəzi hissələrində yaşayan ailələrin internet problemi olmaz, amma bir az kənar ərazilərdə var. Üstəlik, 2-3 uşaq məktəbli olan ailələrdə problem yaşanır. Onlayn dərslər üst-üstə düşəndə, biri dərsdə iştirak edə bilir, o biriləri yox. Çünki ailələrdə hər bir uşağı təmin edəcək dərəcədə kompüter, telefon olmur”.

A.Salmanov deyir ki, auditoriyadakı dərslə distant təhsilin fərqi olacaq. Ancaq o, onlayn təhsilin effektsiz olduğunu düşünmür: “Müəllim onlayn dərsdə işini düzgün qursa, şagirdlər də mütəmadi olaraq hazırlıqlı qoşulsalar, nəticə əldə etmək olur. Auditoriyada 80-90 faiz istədiyimizə nail olurduqsa, indi bu 60-70 faiz olur. Məktəbdəki metodikamı tətbiq edirəm. Dərsi izah edirəm, hər birindən dərsi soruşuram. Onlayn sınaq hazırladım, nəticələr demək olar ki, sinifdəkinə uyğun oldu. Amma vaxt alır. Sinifdə 45 dəqiqədə bitirdiyimiz dərs onlaynda 2 saatdan çox vaxt aparır”.

Narazılığının əsas səbəbi işin sistemsizliyidir

Təhsil mütəxəssisi Qoşqar Məhərrəmov onlayn tədrisin effektli olması üçün müəllim, şagird və valideynin üzərinə düşən məsələlərə toxundu: “Müəllim dərs prosesində uşağın kompüter arxasında nə işlə məşğul olduğunu tam olaraq görməyə bilər. Bu mənada valideynlər, onlayn dərslərdə xüsusilə kiçik yaşlı övladlarının yanında olmalıdırlar. Övladı böyükdürsə, kənardan da olsa, nəzarət etməli, motivasiya verməlidir.

Müəllim interaktivliyi təmin etməlidir. Dərsi daha fərqli keçməli, videolar göstərməli, izahları praktik etməli, tez-tez şagirdlərə sual verməli, onları prosesə qoşmalıdır. Müəllim şagirdləri görməyə çalışmalıdır. Şagirdlərin görünürlüyünü və mövcudluğunu onlara hiss etdirməlidir.

Şagirdlər isə həvəs göstərməli, dərsdə passiv iştirakçı olmamalı, müəllimin ünvanladığı sualları cavablandırmalı, ona özü sual verməlidir. Dərs zamanı sosial şəbəkə və oyunlardan uzaq durmalıdırlar. Fikir dərsdə olmalıdır.

Q.Məhərrəmov bildirdi ki, hazırda onlayn üsul auditoriyadakı dərsi əvəz edə bilmir: “Onlayn dərs yuxarı yaşlarda daha yaxşı effekt verir. Çünki o siniflərdəki şagirdlərin özləri öyrənmə motivasiyaları yüksək olur. Onlayn tədris qarışdırılmış təhsilin bir hissəsi olaraq daha yaxşıdır. Yəni dərsin bir qisminin, xüsusilə mühazirə hissəsinin onlayn, praktiki hissələrinin isə üz-üzə olması tövsiyə olunur. Hazırkı dövrdə onlayn tədris üz-üzə olanın effektini vermədi. Başqa məkanda, başqa zamanda, başqa nəsil üçün bəlkə də heç fərqi olmayacaq”.

Mütəxəssis deyir ki, onlayn dərslərlə bağlı narazılığının əsas səbəbi işin sistemsizliyidir: “İnternet problemi yaşayanlar olur. Düzdür, müəllimlər bu dərsi keçməyə məcbur deyillər, ancaq keçsələr də, diqqətsiz yanaşanlar oldu, valideynlərlə vaxt cəhətdən uyğunlaşmadılar. Sabit vaxt təyin edilmədi. Könüllü təşəbbüslərə qaldığı üçün problem yarandı. Özəl məktəblər bu işin öhdəsindən daha yaxşı gəldi”.

Q.Məhərrəmov qeyd etdi ki, müəllimlər müasir texnologiyanın imkanlarından istifadə edərək dərsi maraqlı hala gətirə bilərlər: “Onlaydır deyib yola vermək, sadəcə izah etmək yetərli deyil. Onlayn dərsi maraqlı etmək üçün kifayət qədər proqramlar var. Onlayn tapşırıqlar, imtahanlar etmək olar. Müəllim bunları bilmirsə, sadəcə olaraq dərsi izah etməklə kifayətlənəcək, bu da mühazirə tipli olacaq və maraq yaratmayacaq”.

Onlayn tədris şagird, müəllim və valideynlər üçün yeni bir sistemdir. Qısa müddətdə keçid oldu və heç biri buna hazır deyildi. Ancaq ümid edirik ki, bugünkü məhdudiyyətlər müvəqqətidir və dərslərin siniflərdə, parta arxasında davam edəcəyi günlərə qısa müddətdə dönəcəyik.

 

Aygün Asimqızı




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir