XESTELİK

Payızın mövsümi xəstəlikləri: ən çox nəyə diqqət etməli?

Baxış sayı: 154

Payız fəsli artıq qapımızdadır. Havaların birdən-birə soyuması, yağan yağışlar artıq payızın ilkin nəfəsini hiss etdirir. Payız fəslinin gəlişi ilə bir sıra xəstəliklər, xüsusən də mədə-bağırsaq, revmatik və başqa xəstəliklər baş qaldırır. Bu cür havalarda hər bir detala, geyimə, qidaya diqqət etmək lazım gəlir. 

Bəs bu cür havalarda nələrə diqqət etməliyik ki, mövsümü xəstəliklər bizdən uzaq olsun? Tibb elmləri doktoru, professor Adil Qeybulla payız aylarının xüsusilə də mədə-bağırsaq xəstəliklərinin fəallaşması, həmçinin mədə xorasının kəskinləşməsi ilə müşahidə olunduğunu dedi: “Həmin dövrdə havada, iqlimdə olan təlatümlər, dəyişmələr insanların adaptasiyasını ortaya çıxaran situasiyalar, xəstəliklərdir. Payız vaxtı mədə-bağırsaq xəstəliklərinin fəallaşması, mədə xorasının kəskinləşməsi müşahidə olunur. Bu, əslində bioloji stressdir ki, orqanizm keçirir. Yeni dövrə adaptasiya olunur və həmin adaptasiya prosesləri özünü bəzi xəstəliklərinin kəskinləşməsi ilə ortaya qoyur.

Payız vaxtı havada olan kəskin dəyişmələr zamanı insanların geyimlərini düzgün seçməməsi də soyuqdəymə xəstəliklərinə səbəb olur. Ən əsası qan təzyiqi, bronxial astması, şəkərli diabeti, bəzi yanaşı ağır xəstəlikləri olan xəstələr belə fəsil dəyişmələrində mütləq öz həkimləri ilə məsləhətləşməlidirlər ki, lazımi dərmanları ala bilsinlər, müayinədən keçsinlər. Bu, çox vacibdir. Çünki aparılan müşahidələr göstərir ki, müəyyən xəstəliklərin ağırlaşmalarına məhz fəsil dəyişmələrində daha çox təsadüf olunur. Nəzərə alaq ki, payız qışa doğru gedir və soyuq havalar başlayır. Buna görə də soyuqdəymə xəstəlikləri başlayır. İnsanlar bunu nəzərə almalıdır və insanlar öz sağlamlıqlarının qayğısına qalmalıdırlar. İnsanlar idmanla məşğul olmalı, qidalanma tərzini düzgün seçməli, təmiz havada çox gəzməlidir. Geyim forması da düzgün seçilməlidir. Bütün bunlar şərtdir”.

Payız mövsümündə qidalanmaya gəlincə isə A.Qeybulla hər mövsümün özünə uyğun qidası olduğunu dedi: “Hər dövrün mövsümi qidalarından istifadə olunması daha yaxşı olar. İnsanlar bəzən süni qidalara və yaxud saxlanılan və mövsümə aid olmayan qidalara üstünlük verirlər. Texniki imkanlar artdıqca ərzaqları il boyunca saxlamaq da olur. Amma düşünürəm ki, mövsümi qidalardan istifadə etmək lazımdır. Payız mövsümünün də öz meyvələri, vitaminli qidaları var ki, onlarla qidalanmaq lazımdır. Qışda tədricən vitamin çatışmazlığı olur. Ona görə də indi bol-bol vitaminli qidalar qəbul etmək lazımdır ki, bədən qışa hazır olsun”.

Mütəxəssislər qrip və soyuqdəymə hallarının qarşısını almaq üçün payızda lazımlı qidalardan kifayət qədər istifadə olunmasını vacib sayırlar. Onlar payız mövsümündə qidalanma ilə bağlı aşağıdakı məsləhətləri verirlər. Payız aylarında immuniteti qoruyaraq, daha da gücləndirmək üçün təsiredici vasitələrdən biri yetərincə və planlı qidalanmaqdır. Xüsusilə, infeksiyalara qarşı daha həssas olan uşaqlar, hamilə qadınlar, süd verən analar və qocalar üçün düzgün qidalanma daha çox önəmlidir. Bədənin vitamin və mineral ehtiyacını ödəyin.

Düzgün qidalanma gün ərzində hər növ qidadan kifayət qədər qəbul etməklə mümkündür. Beləliklə, ehtiyacımız olan zülal, karbohidrat, yağ, vitamin və mineralları da qəbul etmiş oluruq.

Xatırladaq ki, A və C vitaminləri antioksidant effekti göstərirlər və bu vitaminlər həzm sistemini gücləndirərək xəstəliklərlə mübarizədə bədənə güc verir. Kök, yaşıl bibər, naringi, keşniş, şüyüd kimi göyərtilər vitaminlərlə zəngindir. Lakin unutmayın ki, meyvələr şirəsi çəkildikdən sonra qısa müddətdə içilməlidir. Meyvə şirəsi saxlanıldıqda tərkibindəki C vitamini itir. Çünki bu vitaminə işıq və isti tez təsir edir. Bundan əlavə çay və qəhvə yerinə bitki çayları və ya C vitamini ilə zəngin olan itburnu çayına üstünlük verin. Yemək zamanı və ya yemək arası çoxlu miqdarda salat yemək də bizi ehtiyacımız olan vitaminlərlə təmin edəcək. Tərkibindəki C vitamini itməsin deyə salatları da meyvə şirəsi kimi hazırlandıqdan sonra tez zaman ərzində qəbul edin. Düzgün qidalanmada digər bir şərt kifayət qədər zülal qəbul etməkdir. Xüsusilə süd, qatıq, pendir, yumurta, ət, toyuq və balıq kimi qidalar zülalın ən yaxşı mənbəyidir. Sözügedən məsləhətlərə əməl etməklə immun sisteminizi gücləndirib, xəstəliklərdən qoruna bilərsiniz.

Payızın gəlişi ilə bağlı insanların psixologiyasında da müəyyən problemlər yaranır ki, bunu da payız depressiyası adlandırılar. Payız depressiyası psixi qərarsızlıq vəziyyətidir, əhval-ruhiyyənin tez-tez dəyişməsi, həvəssizlik, qıcıqlanma, süstlük, məyusluq, dilxorluq kimi vəziyyətlərlə xarakterizə olunan psixi emosionallıq fonudur. Depressiyanın səbəbi bu fəsildə gündüzlərin qısalması, yağışlı tutqun hava, tünd rəngli geyimlərin çox olmasıdır. Günəşin daha az görünməsi ilə orqanizmdə melatonin hormonu artır, “xoşbəxtlik hormonu” sayılan seratonin isə azalır. Payız depressiyasının əlamətləri səhər yuxudan oyanmaqda çətinlik çəkmə, həddən artıq yatma istəyi, ümumi yorğunluq, iştahasızlıq, hər şeyə marağın itməsidir.

Psixoloq Dəyanət Rzayev bunun bir qisim insanda baş verdiyini və tez keçib getdiyini dedi: “Mən deməzdim ki, payız, yaz depressiyası var. Sadəcə, havanın dəyişməsinə insanın adaptasiyası kimdəsə gec, kimdəsə tez gedir. Hava əhval-ruhiyyəyə ciddi təsir göstərir. Əgər bir insan yayda dənizə getməyə, əylənməyə gedib öyrəşibsə, payızda artıq bunu edə bilmir. Ona görə də insanın əhval-ruhiyyəsində dəyişiklik olur. Amma bütövlükdə ciddi mənfi təsir göstərmir. Payız depressiyası bir qisim insanda baş verə bilər və bu da tez keçib gedir”. (musavat.com)




Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir